Serialların ssenarisi real həyatdan götürülür, yoxsa...
Televiziya
evimizin çağırılmamış qonağıdır. Evdə asudə zaman keçirmək üçün televiziya ən
ideal vasitədir. Adətən bütün ailə üzvlərinin evə toplaşdığı zaman, kanallarımızda
serial saatları olur. Tamaşaçılar bəzən şikayət edilərlər ki, serialların ssenariləri
real həyatdan tamamilə uzaqdır. Seriallarda milli mənəvi dəyərlərimiz qorunmadığı,
maarifləndirici nüanslara az yer verildiyi barədə də iradlar eşidirik.Bu iradları nəzərə alıb, telekanallarımızda
nümayiş olunan serialların ssenaristlərinə, müstəqil ssenaristlərə,
rejissorlara müraciət etdik. Öyrənmək istədik ki, onlar ssenarini yazarkən daha
çox nələrə diqqət yetirilər. Maraqlıdır ki, fikirlər haçalandı. Ssenaristlər
gördükləri işi tərifləsələr də...
"Bəzən əhvalatı şişirtməyə məcburuq, başqa çarəmiz
yoxdur”
"Xəzər” telekanalında yayımlanan "Ata ocağı”
serialının ssenaristi Valeh Əhmədov deyir ki, serialın ssenarisini yazarkən, real
hadisələrə əsaslanmağa çalışırlar: "Nə qədər fantaziyadan istifadə edirsən et,
insanların yaşantılarından da nələrisə qeyd etməyə çalışırıq. Bizim 12 nəfərdən
ibarət yazar qrupumuz var. Onlar hekayələri axtarıb tapır və bir yerdə müzakirə
edirik. Hadisələri müəyyən istiqamətə doğru aparır və o yöndə davam edirik.
Ssenarini yazarkən xarakterlərə xüsusi önəm veririk, çünki xarakter çox
önəmlidir. Xarakter ona həvalə olunan obrazı, o yükü peşəkar səviyyədə
daşımalıdır. Nə qədər güclü ssenari yazırsan yaz, xarakterin zəif olsa, o
serial istədiyin kimi alınmayacaq. Biz davamlı olaraq aktyorlarla ünsiyyət
qururuq. Bu yöndə rejissorlar da bizə kömək edir”.
Ssenarist etiraf edir ki, bəzən mövzuları
şişirtmək məcburiyyətində qalırlar: "Təbii ki, bir insanın həyatda başına bu qədər hadisə gələ bilməz. Bəzən
əhvalatı şişirtməyə məcburuq, başqa çarəmiz yoxdur. Bir hadisə hər hansı
xarakterin üzərində cərəyan edirsə və bu məqamda yeni bir şey edirsənsə, təbii
ki, bu, bir qədər riskli olur. Ancaq bu yeniliyi oturuşmuş bir xarakter üzərindən
tamaşaçıya ötürdükdə, daha tez qəbul olunur. Tutalım, bir insanı maşın vurur,
bəxti heç bir işdə gətirmir, bütün bədbəxt hadisələr onun qabağına çıxır.
Həyatda belə bir şey olmur axı”.
Valeh Əhmədov
qeyd etdi ki, yazdıqları ssenarilərin hər bölümündə maarifləndirici nüanslar
olur. Ssenarist deyir ki, cəmiyyətə ziyan vuracaq mövzuya heç vaxt toxunmurlar:
"Dünya praktikasında bir hadisəni reytinq xətrinə şişirdirlər. Bəzi səhnələr
var ki, ailə ilə birlikdə həmin səhnələrə baxmaq olmaz. Hadisə baş verir,
filmdə hadisənin nəticəsi qeyd olunur. Biz də hadisədən çox, nəticələri
göstərməyə çalışırıq. Biz o hadisələrə də toxunmalıyıq, ancaq bəzi məqamları
çox şişirtmirik”.
Hadisələri real həyatdan götürürəm
ARB telekanalında nümayiş olunan
"Uçurum” serialının ssenaristi, yazıçı Xanım Aydın deyir ki,
serial çəkərkən əvvəlcə onun sinopsisi qurulur: "Əgər məhz
serialdan danışırıqsa, serialın ümumi skeleti, ümumi karkası olmalıdır. Yəni
ərsəyə gətiriləcək hər hansı bir serialın öncədən çəkilmiş çertyoju hazırlanır.
Amma bu çertyoj da, təbii ki, təxmini və ümumidir. Gedişat boyu dəfələrlə müəyyən
hissələri dəyişə, seriala yeni qollar
artırıla, hansılarısa ləğv oluna bilər. Bu, artıq gedişatdan asılıdır. O ki
qaldı, ssenarinin reallıqla səsləşməsinə, sinopsisin özü mənə ssenarist kimi
real və canlı görünməsə, həmin işə əl qoymaram. Yaratdığım bütün obrazları və
qurduğum bütün hadisələri, konkret olaraq, real həyatdan götürürəm. Çünki film
də, serial da, elə teatrın özü də həyatdır! Həyatın səhnəyə, ekrana köçməsidir.
Tamaşaçı efirdə gördüyünə inanmasa, baxmaz. İnanması üçün də, mütləqdir ki,
gördüyü hadisə real hadisələr əsnasında yazılsın və ən əsası, həyatdan bir
parça olsun. Hər halda, mən belə düşünürəm. Hazırda ssenaristi olduğum ARB
kanalında həftə içi hər gün tamaşaçıların görüşünə gələn "Oscar production”nın
ekranlaşdırdığı "Uçurum” serialının uğur qazanmasının səbəbini də bunda
görürəm. Gündəlik məişət hadisələri, sosial problemlər, erkən nikah, təhsil,
ailədaxili münaqişələr bu serialın özəyidir. Və aparılan sorğular, "Youtube”
kanalında yazılan minlərlə rəy bunu göstərir ki, günümüzün reallığı ilə
səsləşən serial özünü tamaşaçı qarşısında doğrulda bilib. Düşünürəm ki,
mənim ssenarist kimi uğurum, nə qədər də
yazıçı-tərcüməçi kimi təcrübəmin olmasından, geniş mütaliəmdən irəli gəlsə də,
bunun əsas səbəbi gündəlik müşahidələrimdir. Yəni real həyatı müşahidə etmədən,
onu ssenariyə gətirmədən, serialın uğurlu olacağına inanmıram”
"Reallıqdan kənara çıxmasaq, ssenari olmaz”
ATV telekanalında yayımlanan "O gecə” serialının
ssenaristi Çinarə Nüsrətli deyir ki, ssenarini yazarkən ilk növbədə ruhuna əsaslanır: "Ssenarini yazarkən içimdəki qurmaq,
yaratmaq istəyinə daha çox əsaslanıram. Mənim üçün ruhumu, dünyaya baxışımı
ifadə etmək çox əhəmiyyətlidir. Sonra da gördüklərimə və bildiklərimə
əsaslanıram. Düşünün ki bir obraz
yaradırsınız, obrazın danışıq tərzindən ta yerişinə qədər, hətta yanağındakı
xala qədər sizə məxsus olur. Obraz mənfi də, müsbət də olsa, mənim üçün çox
doğmadır. Böyük çıxmasın, bunu mən yaratmışam, mən ərsəyə gətirmişəm. Ssenari
yazarkən real həyat hadisələrindən istifadə edirəm. Belə olmasa, inandırıcı
olmaz. Amma bu o demək deyil ki, təkcə real həyat hadisəsi yazılır, reallıqdan
kənara çıxmasaq, bu, ssenari olmaz. Onda adi qəzet məqaləsinə, adi hekayə, esse
və ya sənədli yazıya bənzəyər. Hər gün xəbərlərdə o qədər hadisələr görürük,
amma ssenari hadisəni tamaşaçıya necə təqdim etməyinizdən asılıdır. Yazıya
reallıqdan yola çıxılsa da, mütləq dəyişiklik və əlavələrlə mövcud sxemə uyğunlaşdırılır.
Bir filmin və ya bir serialın ərsəyə gələ bilməsi üçün real həyat hadisəsi
kifayət etmir, əsərin fabulasından ta ki ekranlaşdırılana qədər, çox zəhmət
sərf olunur”.
Ssenarist ona ünvanladığımız suallara
cavab verərkən bildirdi ki, bəzən yazdığı ssenarini aktyor düzgün şəkildə ifadə
edə bilmir: "Ssenaridə daha çox həyatda gördüyüm, tanıdığım obrazlardan istifadə
edirəm. Amma bəzən də görmək istədiklərimdən yazıram. Təbii ki, bütün bunlar
cəmiyyət üçün bir mesajdır. Əgər ssenari
cəmiyyətə təqdim etmək üçün yazılırsa, deməli, onlara nəyisə göstərmək,
aşılamaq üçün nəzərdə tutulur. Bunun üçün də ssenaridə ən böyük rolu, obrazların
xarakterləri oynayır”.
Bu, təkcə
Azərbaycanda belə deyil
Ssenarist Arzu Soltan yeni çəkilən serialların ssenarisinin məqbul
olmadığını bildirdi: "Açığı, yeni çəkilən serialları aktiv şəkildə izləmirəm,
amma təsadüfən gördüklərim və başqalarından eşitdiklərimə görə, serialların ssenariləri
yaxşı vəziyyətdə deyil. Bu, təkcə Azərbaycanda belə deyil. Qabaqlar biz türk
seriallarını nümunə gətirirdik, onlardan öyrənməyə çalışırdıq. İndi türk
seriallarında da eniş var. Sanki mövzu reytinq naminə qoyulur, tamaşaçını cəlb
etmək üçün nələrsə edilir. Dərin məna, maraqlı süjet xətti, reallığa uyan ssenarilər
get-gedə azalır və mən buna təəssüf edirəm. Hətta, rus seriallarında da
vəziyyət belədir”.
Ssenari
sahəsində sürətli geriləmə var
Tanınmış rejissor Rövşən
İsaxqeyd edir ki, əgər ssenari pisdirsə, televiziyalar onun yayımını
dayandırmalıdır: "Ssenarist düşünür ki, əgər yazıramsa, onun nə cür olmasından
asılı olmayaraq yazdığım çəkilir və yayımlanırsa, niyə canıma cəfa verməliyəm?
Onsuz da pis-yaxşı, yazdığımı çəkən tapılır. Onda da mən özümü güclü ssenarist
hesab etməyə başlayıram. Bizdə reallıq budur. Serial sektorundan söhbət gedirsə,
aktyorlarda da, rejissorlarda da inkişaf var. Operatorlar da inkişaf edə bilib.
Amma ssenari sahəsində tam əksinə, sürətlə geriləmə var. Bu sahə bizdə iflic
olub. Nəzərə alın ki, bu gedişlə gələcəkdə bundan da ağır vəziyyətlə üz-üzə
qalarıq. Bizdə keyfiyyətə önəm verən yoxdur. İki dövlətin serial, kino
sektorunu dəqiq bilirəm. Orda müqavilə bağlanır. Bir neçə bölüm üçün müqavilə
bağlanır. Əgər reytinq vermədisə, yayım dayandırılır. Amma bizdə bu ənənə, bu təcrübə
yoxdur. Ona görə də, heç kimdə o məsuliyyət hissi yoxdur. Serial, film elə bir
yaradıcılıq sahəsidir ki, burda zəncirvari bağlılıq var. Bunun ssenarisi də
güclü olmalıdır, rejissor işi də düzgün qurulmalıdır, aktyor ifası da özünü
göstərməli, bəstəkar işi də sözünü deməlidir. Yəni kompleks şəkildə peşəkarlıq
tələb olunur”.
Xəyalə Rəis