AZE | RUS | ENG |

“Seriala ciddi sənət kimi baxmaq düzgün deyil” - Fotolar

“Seriala ciddi sənət kimi baxmaq düzgün deyil” - Fotolar
Yazar Pərviz Seyidli: “Düşündüm ki, insanlarla işləməkdənsə, kağızla işləsəm, daha yaxşı olar”

27 yaşlı gənc yazar Pərviz Seyidli qonağımızdır. Qələm əhli onu bir yazar, dramaturq kimi daha yaxşı tanıyır. "Pişik qız” romanı, hekayələri ilə özünə kifayət qədər oxucu sevgisi qazanıb. Serial həvəskarları isə onu "Dəfnə ağacı”, "Sən olmasaydın”, "Laləli saray”, "Sarı gəlin” seriallarının ssenaristi kimi sevir.  Hazırda ARB televiziyasında  nümayiş olunan "Könül yarası” serialının ssenaristi olan müsahibim bizimlə söhbətində bir çox maraqlı məqamlara toxundu. 
 
- Yazıçı olmağa sizi nə vadar etdi? Niyə məhz ssenaristlik, dramaturgiya? Dünyada o qədər peşə var ki. 
 
- Mütəfəkkirlərimizdən biri deyib ki, biz elə bilirik, ideyaları özümüz seçirik. Ancaq əslində, ideyalar özü bizi seçir. Bu o deməkdir ki, iradəmdən əlavə, həm də qeyri-iradi şəkildə bu istiqamətə yönəlmişəm.
 
 
 
- Bu peşəni seçməyinizə oxuduğunuz kitablar necə, öz təsirini göstərə bilibmi?
 
- Ədəbiyyatçı ailəsində doğulmuşam. Evimizdə hər yer kitabla dolu olub. Hətta uşaqlığımı xatırlayanda, oyuncağımdan çox kitablarım olduğunu görürəm. Klassik ədəbiyyatı oxuyaraq böyümüşəm. 9-10 yaşımda demək olar ki, Şərq klassikasının nəhənglərinin çoxunu oxumuşdum. Elə uşaq yaşlarımdan yerli və xarici dramaturqların, yazıçıların əsərlərini oxuyurdum və hiss edirdim ki, onlar məni qane etmir. Tutaq ki, "Koroğlu” dastanını oxuyanda orada qeyd edilirdi ki, Koroğlu Toqata gedir. Deyirdim ki, o nə üçün Ağsuya, ya başqa bölgələrə gəlmir? Bunun ardını özüm qoşmağa başlayırdım. Daha sonra kinoya marağım yarandı və bu niyyətlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşdım. 
 
- Dramaturgiyaya böyük maraq göstərdiyiniz halda, "Teatr rejissorluğuna” qəbul olundunuz. 
 
- Əslində, dramaturgiya teatrın məhək daşıdır. Yaxşı bir əsər yazıb, onu kinoya çevirmək istəyirdim. Universitetə daxil olmazdan əvvəl düşünürdüm ki, orada hər tərəf kameradır və sən istədiyin ssenariyə uyğun film çəkə biləcəksən. Ancaq universitetə daxil olanda bunların yalnız xəyaldan ibarət olduğunu gördüm. Buna baxmayaraq, içimdə bir sevgi var. Tələbəlik illərimdə  getdikcə teatra öyrəşdim, dramaturgiya ilə məşğul oldum və teatr məni özünə daha çox çəkdi. O illərdə bir neçə qısa filmlər çəkdim və tamaşalar hazırladım. Qısametrajlı filmim "Ailə” film festivalında yet tutdu.
 
 
 
- Demək rejissorluq qabiliyyətiniz də var.
 
- Hazırda yazmaq mənim üçün daha əhəmiyyətlidir. Amma  kino da çəkirəm, rejissor kimi işlədiyim Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ssenarilər yazır, tamaşalar qururam. Elə şeylər olur ki, yazmaqla sakitləşə bilmirəm. Onun filmini çəkmək istəyirəm. Yazmağın sirri başqadır. Yazıda sən özünlə məşğulsan. Kinoda isə aktyorlarla çalışırsan. Düşündüm ki, insanlarla işləməkdənsə, kağızla işləsəm, daha yaxşı olar. 
 
- Kimlərin əsərləri sizə daha çox toxunur?
 
-  Dünya ədəbiyyatından Qabriel Qarsiya Markezi, Vladimir Nabokovu, Orhan Pamuku, Haruki Murakamani, Viktor Pelevini, Mustafa Məsturu (siyahını uzatmaq olar), öz ədəbiyyatımızdan Anarı, Elçini, İsa Muğannanı, müasirlərimizdən Kənan Hacını, Şərif Ağayarı, Qisməti, Təranə Vahidi və daha çox müəllimim İlqar Fəhminin əsərlərini oxuyuram. Onun yazdıqları mənə çox toxunur. Uşaq yaşlarımda Nizamini, Füzulini oxuyurdum. Ancaq onların müasir variantını, ekvivalentini tapa bilmirdim. İlqar Fəhminin şeirləri ilə tanış olduqda düşündüm ki, o, bu ənənənin davamçısıdır. Xəstəliyə tutulmuş kimi davamlı olaraq onun romanlarını oxumağa başladım.
 
 
 
- Sizcə, oxumaq bir xəstəlikdirmi?
 
- Oxumaq həyat tərzi, bir vərdişdir. Yemək yemək, su içmək kimi bir şeydir. Hər gün çantamda özümlə bərabər ən azı iki kitab gəzdirirəm. 
 
- Serialların ssenarisini yazmağa necə başladınız? 
 
- Seriallarla tanışlığım ilk dəfə ATV telekanalında yayımlanan "Dəfnə ağacı” serialı ilə başladı.  İlqar Fəhmi məni həmin seriala dəvət etdi. Mən də o zaman roman üzərində işləyirdim. Azərbaycanın səs-küy gətirən ilk gündəlik seriallarından idi. İlqar Fəhmi, Yaşar Əhmədov Reyhan İsayeva ilə birlikdə serialın süjet xəttini hazırladıq. Bu serialın da mənim həyatımda rolu böyük oldu. Açığını deyim, bu mənim serial aləmində ilk işim idi deyə çox çətinlik çəkirdim. Bayaq da qeyd etdiyim kimi, mən eyni zamanda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində çalışıram. Həmin ərəfələr isə həm orada tamaşalar hazırlayırdım, həm də bu serialın ssenarisini yazmağa başladım. Ondan sonra silsiləli şəkildə "Sən olmasaydın”, "Laləli saray”, "Sarı gəlin” seriallarının ssenarisini yazdım. Hazırda isə ARB televiziyasında  nümayiş olunan "Könül yarası” serialının ssenarisini hazırlayıram. 
 
 
 
- Tamaşaçılar seriallarımızın ssenarilərinin reallıqdan uzaq olduğunu deyir, kriminal aləmdən daha çox fraqmentlərin olmasından gileylənirlər...
 
- Ssenaristi olduğum seriallarda dava-qırğınlar, kriminal hadisələr azdır. Kütləyə başqa bir şey təqdim edəndə, buna baxmır. İnsanlar istəyir ki, öz problemlərini seriallarda görsünlər. Biz ümumi məişət problemləri üzərində ssenari qururuq, çalışırıq ki, ora başqa xətlər də daxil edək. Serialın reytinqi kütlədən asılıdır. Sən onlara fərqli nəyisə təqdim edəndə, ona baxmırlar. Çalışırıq ki, ortaya keyfiyyətli məhsul çıxaraq. 
 
- Çox zaman ssenarilər türk seriallarından götürülür. Bu da hər dəfə müzakirə olunan mövzulardandır. 
 
- Yeri gəlsə, biz türklərdən də pis süjet xətti qurmuruq. Sadəcə olaraq, serialların süjet xətti eynidir. Türklərdə də hər zaman ailə, məişət mövzusu gündəmdə olub, bizdə də. Ancaq onların maliyyələri yaxşı olduğu üçün daha böyük komanda ilə çalışırlar. Misal üçün, biz əgər hadisələri üç məkanda çəkiriksə, onlar bunu 10 məkanda çəkir. Dramaturji materiallar eyni olduğu üçün ssenarilərdə haradasa bənzərlik var. Bəzən elə olur ki, bizim serialda olan hadisələri 10 aydan sonra hər hansı bir türk serialında görürəm. Bu o demək deyil ki, türklər bunu bizdən oğurlayıb. Sizin qeyd etdiyiniz məqamlar çalışdığım "Media master” prodakşında baş verməyib.
 
 
 
- Ssenari yazarkən oxuduğunuz kitabların qəhrəmanlarından faydalanırsınızmı? Onları seriala gətirə bilirsinizmi?
 
- O qədər... Serial artıq müasir romançılıqdır. Biz bir roman danışırıq. Cəmiyyətə boş-boşuna gəlin-qayınana mübahisəsini göstərmirik. Onun altında bir ideya olmalıdır. İdeya olmasa, o süjet iflasa məhkumdur. 200 seriyada bunu qorumaq çox çətindir. Qəhrəmanlarımız Dostoyevskidən, Mövlanədən sitatlar gətirir. Bu, insanların diqqətini çəkir. Seriala ciddi ədəbiyyat və ciddi sənət kimi baxmaq düzgün deyil. Serial insanların asudə zaman keçirmələri, axşam işdən gələndə yorğunluğu çıxarmaları üçün bir əyləncə vasitəsidir. 
 
- Yazarkən gözünüzdə canlandırdığınız süjet xəttini aktyor istədiyiniz kimi canlandıra bilirmi? Serialı izləyəndə, düşündüklərinizin əslində, heç də belə olmadığının şahidi olmusunuzmu?  
 
- Yaxşı bir ssenaridən pis filmlərin çıxdığı çox olub. Biz mizanları qururuq, səhnəni yazırıq. Misal üçün, bir epizodik obrazdır, gəlib bir cümlə deməlidir, hansı ki, o cümlə ilə hər şey həll olunur. Bu epizodik obraz üçün aktyor dəvət etmirlər, kənardan bir adamı tutub obrazı ona həvalə edirlər. O da onu elə bir tərzdə deyir ki, heç deməsə, ondan yaxşıdır. Serial yaradıcılıq laboratoriyasıdır. Hamı burada məşq edir. İllər keçdikcə daha yaxşısını çəkməyə başlayırıq. Türklərin gündəlik seriallarından o qədər də seçilmirik. Bizim yaxşı aktyorlarımız da, rejissorlarımız da var. Ancaq hər şeyin başında pul dayanır. 
 
- Bir az da dramaturgiyanıza nəzər salaq. "Pişik qız” romanınız böyük marağa səbəb oldu. Bu romanı yazmağa sizi nə vadar etdi? 
 
- Bəli, bu roman çox böyük maraqla qarşılandı. Romanda əsas mövzu İncəsənət Universiteti və oradakı tələbələrin həyatı ilə bağlı idi. Kitab, düşünürəm ki, mənə çox uğur gətirdi. Qısa zaman ərzində xeyli satıldı. Xüsusilə universitetin tələbələri maraqla oxudu. Çoxlu mesajlar gəlir. Bu roman haqqında xoş sözlər eşitdim. Bu yaxınlarda ikinci bir kitabım işıq üzü görəcək.
  
- Sizin yaradıcılığınıza nəzər yetirəndə, daha çox qadından yazdığınızın şahidi oluruq. Niyə məhz qadın?
 
- Kişilər üçün qadınlar hər zaman maraqlıdır. Kişinin iztirabını mən hər zaman yaşayıram. Ona görə bu mənə maraqlı deyil. Ədəbiyyatın özünü qadına bənzədirəm. Sən onu çox makiyaj etsən, gözəlliyini itirə bilərsən. Ona görə ədəbiyyatla yaxşı rəftar etmək lazımdır.
 
- Qadından bu cür sevgi ilə bəhs edən yazar niyə indiyə kimi subaydır?
 
- Qismət olmur. Başım işlərimə qarışıb. Ssenari yazarkən o qədər gəlin, qayınana problemlərindən yazıram ki, artıq evlənmək istəmirəm (gülürük). 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946