• cümə axşamı, 25 aprel, 05:15
  • Baku Bakı 19°C

“Sərhədsiz Reportyorlar”ın mövqeyi qərəzlidir

25.06.14 09:34 1133
“Sərhədsiz Reportyorlar”ın mövqeyi qərəzlidir
“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə mərkəzi Azərbaycanda çap kütləvi informasiya vasitələrinin vəziyyətinə dair növbəti məlumatını yayıb. Ənənəsinə sadiq qalan təşkilat budəfəki məlumatında da hadisələrə münasibətdə qərəzli mövqeyini gizlətməyib. “Sərhədsiz Reportyorlar” iddia edib ki, guya ölkəmizdə reklam bazarı və qəzet yayımı normal olmadığı üçün aparıcı müstəqil qəzetlər fəaliyyətini dayandırmalı olurlar, müstəqil KİV-lərin reklamçılarla əlaqə yaratmaq imkanları yoxdur, zərər və cərimələrə görə qəzetlərin fəaliyyəti dayandırılır və sair. Səsləndirilən bu kimi fikirlərin əsaslandırılması üçün isə “Azadlıq” və “Zerkalo” qəzetlərinin indiki durumu, həmçinin jurnalist Rauf Mirqədirovun həbs olunması faktı nümunə kimi göstərilib.
Beynəlxalq təşkilat adından yayılan məlumatlarla bağlı fikirlərini “Kaspi”yə bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycanda qəzetlərlə reklam bazarı arasındakı münasibətlərdə hələlik hər hansı dəyişikliyin müşahidə edilmədiyini bildirib. Qeyd edib ki, təxminən beş-altı il bundan öncə reklam bazarı ilə qəzetlər arasındakı münasibətlər nə cür idisə, indi də eyni vəziyyətdir. Onun sözlərinə görə, belə olan halda reklam bazarında baş verən dəyişikliklərlə qəzetlərin çapının dayandırılması arasında paralellik aparmaq yolverilməzdir: “Burada məntiqi sual əmələ gəlir: Əgər reklam bazarı ilə qəzetlərin münasibətlərindəki vəziyyətdə hər hansı dəyişiklik baş verməyibsə, necə olur ki, 4-5 il bundan qabaq belə şərtlər daxilində çıxan qəzetlər heç bir problemlə üzləşməyib, amma indi bəzi qəzetlərin çapı dayanıb? Deməli, bu qəzetlərin çapının dayanması tamamilə başqa səbəblərlə əlaqədardır. Reklam bazarında baş verən dəyişikliklərlə qəzetlərin çapının dayandırılmasının arasında bu cür paralellik aparmaq düzgün deyil. Çünki reklam bazarı ilə bağlı vəziyyət bir neçə il bundan qabaq olduğu kimidir. Bəli, biz də etiraf edirik ki, reklam bazarı ilə bağlı müəyyən problemlər var. Amma bu problemi təkcə 1-2 qəzet deyil, mətbuatın 99 faizi yaşayır. Hətta rəsmi dövlət qəzetlərinin özlərinin də reklam bazarı ilə bağlı problemləri var. Əgər monitorinq aparsaq görərik ki, hökumətin siyasətini müdafiə edən qəzetlərin çoxu da eyni problemi yaşayır. Ona görə də ayrı-ayrı qəzetlərin çapını dayandırmasını reklam bazarı ilə əlaqələndirmək yanlışdır”.
“Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsinə gəlincə, A.Quliyev deyib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən jurnalist barəsində aparılan araşdırma sona çatmayıb və ortada məhkəmənin hər hansı qərarı yoxdur. Baş redaktor belə bir şəraitdə jurnalistin adının siyasi və sair məqsədlərlə hallandırılmasını düzgün saymayıb: “Rauf Mirqədirovun məsələsi araşdırma mərhələsindədir. Hələlik onun həbsinin nə dərəcədə əsaslı olub-olmaması barədə qəti fikir söyləmək qeyri-mümkündür. Bir şəxsin və ya jurnalistin həbs olunması ilə hər hansı qəzetin çapının dayanması arasında da bağlılıq axtarılmasının əleyhinəyəm. Zaman-zaman Azərbaycanda elə qəzet redaktorları olub ki, illərlə həbsdə yatıblar, ancaq onun rəhbərlik etdiyi mətbu orqan fəaliyyətini dayandırmayıb. Mənim özüm bir vaxtlar qəzetin baş redaktorluğunu birbaşa icra edə bilməmişəm. Lakin bu, qəzetin çapını dayandırmayıb. Ona görə də hansısa qəzetin çapının dayanmasını tək-tək jurnalistlərin işdən uzaqlaşdırılması, həbsi ilə əlaqələndirmək düzgün yanaşma deyil”.
“Sərhədsiz Reportyorlar”ın yaydığı məlumata münasibət bildirən “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının daim Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyini bildirib. O, belə QHT-lər arasında “Sərhədsiz Reportyorlar”ın xüsusi “fəallıq” göstərdiyini vurğulayıb: “Bu təşkilatın yaydığı məlumatlara, hesabatlara baxsaq görərik ki, Azərbaycanda media sahəsində görülən müsbət işlərin heç biri burada öz əksini tapmayıb. Əksinə, həqiqətə uyğun olmayan, reallıqla səsləşməyən, subyektiv mülahizələr əsasında formalaşan yanlış məlumatların ictimaiyyətə çatdırılmasına cəhd göstərilib. Bu da sırf antiAzərbaycan qüvvələrin, daha çox isə erməni lobbisinin təsiri ilə bağlıdır. Azərbaycanda müstəqil medianın mövcudluğuna gəlincə, hazırda ölkədə istər elektron, istərsə də çap mediasında kifayət qədər müstəqillik var. Hətta onların fəaliyyətinin daha da genişlənməsi üçün dövlət tərəfindən də müəyyən addımlar atılır. Buna misal olaraq, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar. Həmin fond vasitəsilə siyasi yönümündən asılı olmayaraq, qoyulan tələblərə cavab verən bütün qəzetlərə birdəfəlik yardımlar edilir, həmçinin onların təqdim etdiyi müxtəlif layihələr maliyyələşdirilir. Bu qəzetlər siyahısına “Zerkalo” və “Azadlıq” qəzetləri də aiddir. Həmin qəzetlər aldıqları maliyyə yardımı müqabilində üzərlərinə müəyyən öhdəliklər götürmüşdülər. Lakin “Zerkalo” qəzeti fəaliyyətini dayandırmaqla, özü ilə fond arasında bağlanan müqaviləni birtərəfli qaydada pozdu. Bundan başqa, Azərbaycanda müstəqil medianın formalaşmasını göstərən ən bariz nümunələrdən biri də hakimiyyətin tənqidinə yönələn çoxsaylı qəzetlərin olmasıdır. Bunu müxalifət mediasının, o cümlədən “Azadlıq” qəzetinin timsalında aydın görmək olar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər