• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

Sərhədlərimiz yaxınlığında yayılan təhlükə

16.01.18 11:30 575
Sərhədlərimiz yaxınlığında yayılan təhlükə
Türkiyənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb. Trend-in məlumatına görə, "quş qripi" virusu aşkarlanan kənddə, xəstə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib. Məlumata əsasən, "quş qripi" tez bir zamanda aşkarlandığı üçün və operativ profilaktik tədbirlər nəticəsində virusun insanlara keçmə riski qeydə alınmayıb. Hazırda ətraf kəndlərdə "quş qripi"nə qarşı analoji olaraq profilaktik tədbirlər keçirilir. Məlumat üçün qeyd edək ki, son dəfə Türkiyədə "quş qripi" 2015-ci ilin iyun ayında İstanbulda aşkarlanıb. İstanbulda "quş qripi"nin aşkarlanması faktından sonra profilaktik məqsədlərlə, ölkədə uzun müddət vəhşi quşların ovuna qadağa qoyulmuşdu. Bir müddət əvvəl isə Rusiyada da "quş qripi” virusunun aşkar olunduğu ilə bağlı məlumat yayılmışdı. Sərhədlərimizdən o tərəfdə olan təhlükənin Azərbaycanda da yayılma ehtimalı varmı? Bunun qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir?
Məsələ ilə bağlı ilk Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəliilə əlaqə saxladıq. O, qeyd etdi ki, bununla bağlı lazımi tədbirlər həyata keçirilir: "Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində Türkiyənin Mardin vilayətində toyuq və ev quşlarında virusun aşkarlanmasına dair məlumatlar yayılıb. Amma hələlik Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Türkiyənin rəsmi orqanları tərəfindən bu barədə bizə hər hansı bir məlumat daxil olmayıb. Rəsmi məlumat olmasa da, mətbuatda yayılan bu xəbərlərin vacibliyi nəzərə alınaraq, məsələ diqqətdə saxlanılır. Sözügedən ərazi nəzarətdədir. Belə ki, həmin bölgədən, yəni Mardindən ölkəmizə diri quş və quş əti, quşçuluq məhsulları gətirilmir. Hazırda "quş qripi” və digər yoluxucu xəstəliklərə görə respublikadan epizootik vəziyyət sabitdir. Bu sabitliyin qorunub saxlanması üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri həyata keçirir. Həmçinin, dekabrın axırlarında Rusiyanın Kastroma vilayətində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən "quş qripi”nin qeydə alındığına dair məlumat yayılıb. Ondan bir müddət əvvəl də Moskva və Moskva ətrafı vilayətlərdə xəstəliyin olması barədə məlumat yayılmışdı. Qeyd edim ki, həmin ərazilərdən Azərbaycana hər hansı diri quş və quş əti, quşçuluq məhsulları gətirilmir. Həmin məhdudiyyət öz qüvvəsində qalmaqdadır. Hələlik hər hansı bir narahatlığa əsas yoxdur. Ölkə tam nəzarətdə saxlanılır. Bir daha qeyd edim ki, bu istiqamətdə lazımi tədbirlər digər əlaqədar qurumlarla birgə həyata keçirilir”.
Tibb üzrə ekspert Adil Qeybulla qeyd etdi ki, virusun yayılma ehtimalı var: "Məsələ burasındadır ki, el arasında "quş qripi” adlanan xəstəlik, yəni H5N1 virusu bir neçə il öncə də Azərbaycanda yayılmışdı. Həmin vaxt infeksiya lokallaşdırıldı. Sözügedən virusun daşıyıcısı əsasən köçəri quşlardır. Ona görə də virusun yayılması sərhəd tanımır. Köçəri quşlar bir arealdan digərinə köçərkən infeksiyanı da özləri ilə daşıya bilirlər. Virus hər hansı bir ölkədə yayılıbsa, qonşu ölkələrdə də bu təhlükə aktuallaşır. Ümumiyyətlə, bir ölkədə yayılan virus təhlükəsini hər kəs ümumi olaraq qəbul etməlidir. Hər bir dövlət bu zaman profilaktik tədbirlər həyata keçirməlidir. Bu zaman gigiyenik və epidemik vəziyyət nəzarət altına alınmalıdır, lazımi karantin tədbirlər mütləq həyata keçirilməlidir. "Quş qripi” tələfatla müşahidə olunan bir patologiyadır. Burada insan amillərindən daha vacib amil köçəri quşlardır. Çünki quşlar yayda və qışda ayrı-ayrı ölkələrə köç edirlər. Bu isə xəstəliyin yayılmasını daha da təhlükəli edir. Bu baxımdan, insan faktoruna nəzarət etmək mümkündür. Sərhəd zonalarda, keçid yerlərində yoxlama aparmaq olur. Amma quşlara heç cür nəzarət etmək olmur. Ona görə də kompleks tədbirlər görülməli və vacib məqamlar nəzərə alınmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər