• çərşənbə axşamı, 16 aprel, 11:46
  • Baku Bakı 14°C

İran-Azərbaycan sərhədində atışma

12.03.19 12:37 804
İran-Azərbaycan sərhədində atışma
Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.
DSX-dən Trend-ə verilən məlumata görə, 2019-cu ilin 12 mart tarixində saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunub.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.
"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­muş və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində və­fat edib. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.
Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib. İran sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.
Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndiriliblər.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
banner

Oxşar Xəbərlər