• cümə axşamı, 28 mart, 17:20
  • Baku Bakı 16°C

Sərhədçilərin ilk və yeganə qadın pilotu - Fotolar

11.08.17 17:15 15128
Sərhədçilərin ilk və yeganə qadın pilotu - Fotolar
Heydər Əliyev adına Ali Hərbi Məktəbə sənədləri təqdim edəndə, onlar 31 qız idi. Hərbçi olmaq, vətənə xidmət etmək arzusu onları bu çətin yolun yolçusuna çevirmişdi. Ürəklərində gəncliyin min arzusu, min diləyi... 2004-2008-ci illəri əhatə edən təhsil dövründə bu ali məktəbə daxil olan qızlardan yalnız 16-sı tədrisin ağırlığına və çətinliyinə tab gətirə bildi. O kursantlardan biri də Dilarə Babayeva idi. Gələcəkdə ilk və yeganə sərhədçi pilot olacaq xanım... Raket qoşunları və artilleriya heyətində xidmət üçün idarəetmə mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alandan sonra o, zabit olmaq arzusuna çatdı. Vətənpərvərlikdən yoğrulan arzuları tam həyata keçməsə də, gənc ömrü yarıda qırılsa da, adını silahlı qüvvələrimizin çağdaş tarixinə yazdıra bildi – Sərhədçilərin ilk qadın pilotu kimi...
«Mən elə bir insan olacağam ki...”

Sumqayıt şəhərindəki ata ocağına baş çəkib, valideynlərindən gənc zabitin vətənpərvərliklə keçən qısa ömrünün hekayətini dinləyirəm. Bu həyat hekayəti kədərli olduğu qədər də, şərəflidir, qürurvericidir. "Mən qızımın hərbçi olmasını heç istəmirdim. Bu peşənin şərəfli olması xoş gəlsə də, çətinliyi məni qorxudurdu. Dilarənin həkim olmasını arzulayırdım”- deyə atası Aydın Babayev danışır: ”Hərbi iş qız üçün deyil» - deyirdim. Dilarə də hərbi həkim olmaq istəyirdi. Oxuduğu ali hərbi məktəbdə həmin sahə üzrə tədris olsa da, sonradan ləğv edildi. Dilarə də quru qoşunları sahəsi üzrə təhsil almağa başladı. O, kursant ikən bütün əziyyətlərə dözdü. Qışın soyuğunda, yayın qızmarında, payızın çiskinində Bakı ilə Sumqayıt arasındakı yollarda idi. Bu yolları demək olar ki, bir yerdə gedib gəlmişik. Hərbi təlimlər zamanı ağır silahları çiynində daşımaqdan yorulmurdu. Dəfələrlə «qızım, nə qədər gec deyil, bu peşədən uzaqlaş, özünə rəhmin gəlsin» - desəm də, yolundan dönmədi. Bir az da tərsliyi vardı. «Mən elə bir insan olacağam ki, hamı məni barmaqla göstərsin» - deyirdi. Dilarə nəyə nail oldusa öz zəhməti və bacarığı sayəsində qazandı”.

D.Babayevanın hərbi işə marağı hələ orta məktəbdə oxuduğu illərdə yaranıb. Babası müharibə iştirakçısı olub. Qohumları arasında da hərb sahəsində xidmət edənlər olduğundan gizli bir arzu onu da bu sahəyə bağlayıb. Sumqayıt şəhərindəki 13 saylı orta məktəbdə, daha sonra "Təfəkkür” liseyində oxuduğu illərdə də hərbi hazırlıq dərslərinə xüsusi marağı müəllimlərinin gözündən yayınmayıb. "Təfəkkür” liseyinin hərbi hazırlıq müəllimi Eldar Ağayev məktəb illərində tərbiyəsi və qabiliyyəti ilə fərqlənən Dilarəni həm də məğrur və vətənpərvər şagird kimi xatırlayır: «Dilarə hələ orta məktəbdə oxuyanda ali hərbi məktəbə daxil olmağı arzulayırdı. O, təsadüfən hərbi məktəbə daxil olmadı. O, məhz bu arzu ilə yaşayırdı. Qızların hərb peşəsini seçməsi nadir hallarda olur. Dilarə bu baxımdan, həmyaşıdlarından fərqlənirdi. O, istədiyi hər hansı bir sahəyə üz tuta bilər və uğur qazanardı. Yadımdadır, bir dəfə məktəbdə «Zabit olmaq şərəfdir» mövzusunda referatlar hazırlayırdıq. Dilarənin çıxışını eşidəndə onun daxilindəki vətənpərvərliyə heyran oldum. Biz belə bir şagirdimizə görə fəxr edirik. Dilarə Babayevanın həyatı gənclər üçün əsil vətənpərvərlik və hərbi peşəyə məhəbbət nümunəsidir”.
«Öz ixtisasım üzrə işləyəcəyəm»

"Təhsilini başa vurandan sonra Dilarəni Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə göndərdilər”- deyə anası Səmayə Babayeva xatırlayır: "Sonra mən avtomabil qəzası nəticəsində ayağımdan zədə aldığım üçün Dilarə işdən uzaqlaşdı. "Sənə qulluq etmək üçün evdə qalıram”- dedi. İki ilə yaxın - sağalana qədər mənə qulluq etdi. Bir gün televizorda «Sərhəd Qoşunlarına peşəkar kadrlar lazımdır» elanını eşidəndən sonra iş üçün müraciət etdi. Dövlət Sərhəd Xidmətinə qədər çox hərbi qurumlara müraciət etsə də, qəbul etməmişdilər. Sərhəd Mühafizəsinə müraciət etdikdən sonra general-polkovnik Elçin Quliyev onu qəbul etdi. İmtahandan da yaxşı keçdi. Onu çox sınadılar, məqsədindən yayındırmaq istədilər, ancaq inadından dönmədi. «Mən öz ixtisasım üzrə işləyəcəyəm» dedi. Bir ildən sonra Sərhəd Qoşunlarında xidmətə qəbul olundu. Dilarə sözün həqiqi mənasında hərbçi idi. Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev də onun qətiyyətini və fədakarlığını qiymətləndirdi. Çünki Sərhəd Mühafizəsinə Dilarə kimi bacarıqlı kadrlar lazım idi”.
"Ata, mən uçuram...”

2012-ci ildən Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsində xidmətdə olan D.Babayeva kapitan rütbəsinə qədər yüksəlir. Respublika Aviasiya Akademiyasında hərbi pilot kimi bir illik idarəetmə kursu keçərək, manqa şturmanı kimi xidmətdə olması isə onun hərbi işlə bağlı arzularına daha da qanad verir. Sonra onu Səngəçalda Sərhəd Qoşunlarının müvafiq hərbi hissəsinə xidmətə göndərirlər. Təlimlərdə iştirak edir, dəfələrlə uçuşlar keçirir: "Hərbi sirr olduğu üçün hər şeyi evdə danışmırdı. Ancaq hiss edirdim ki, işindən razıdır. Səhhətini yoxlamaq üçün hər ay həkim müayinəsindən də keçirirdilər. Dilarə işi ilə nəfəs alırdı»- deyə atası söhbətinə davam edir: "Bir gün «Ata, mən vertolyot sürmək istəyirəm» dedi. «Ay qızım, sənin göydə nə işin var» deyib, etirazımı bildirdim. Dilarə inadından dönmədi. İlk uçuşunu keçirəndə zavodda işdə idim. Yazın son günləri idi. Birdən telefon zəng çaldı: «Ata, bu gün uçmuşam» - deyə sevinclə bildirdi. Səsi hələ də qulağımdadır. Ondan sonra dəfələrlə uçuşlar keçirdi. Paraşütlə hündürlükdən tullanırdı. Qısa müddət ərzində ona baş leytenant rütbəsi verildi”.
Atası nə qədər etiraz etsə də, içindəki qürurunu gizlətmirdi. Qızı ilə fəxr edirdi. Hər dəfə Sumqayıt səmasından vertolyot ucanda göyə boylanır və "bu, mənim Dilarəmdir”- qürurla deyirdi: "Dilarənin oxuduğu məktəb onunla fəxr edir. O, işinə məsuliyyətlə yanaşırdı. Valideynlərinə layiqli övlad idi. Dilarə 12 il hərbçi kimi xidmət etdi. Səhər sübh 6-da evdən çıxır, axşam qayıdırdı. Biz onu heç doyunca görmürdük, üzünə həsrət idik. İşlədiyi müddətdə həmişə evimizə maddi cəhətdən yardım edirdi. Ailəmizin pul, ərzaq, geyim, kommunal və s. xərclərinin ödənilməsində köməklik göstərirdi. Ağır işinə və gün ərzində xidmətdə olmasına baxmayaraq, ailənin çətinliklərini o da öz üzərinə götürürdü. İstər xidmət sahəsində bacarıqlı kadr kimi, istərsə də ailədə, qohum-qonşu yanında hörmət qazanmışdı. Dilarə hamının işinə-gücünə yarayırdı. O, mərd və cəsur qız idi. Heç kimə möhtac olmaq istəmirdi. Biz ona belə tərbiyə etmişdik”.

2015-ci ildə Dilarə Babayeva nişanlanır və valideynləri onu böyük arzularla gəlin köçürürlər. «Fikirləşdik ki, ailə qurandan sonra bəlkə bir az rahatlığı olar. Tale elə gətirdi ki, gəlin köçdüyü evdən də onu son mənzilə yola saldıq» - deyə atası kövrəlir: «Gəlin köçəndən 8 ay sonra... həkimlərimizin naşılığı sayəsində hamilə qızımızı itirdik. Həm özü, həm də bətnindəki övladı tələf oldu... Vətən isə onun timsalında fədakar zabitini itirdi».
"Qələbə bayrağını özüm aparacağam”

Dilarənin ölümündən sonra hərbçi yoldaşları onun ailəsini unutmurlar. Gənc pilotun boya-başa çatdığı evə tez-tez gəlir, ata-anasına baş çəkir, vətənpərvər yoldaşlarını xatırlayır, məzarını ziyarət edirlər. Zabit yoldaşlarının diqqəti dərddən beli bükülən ata-ana üçün əsil təsəlliyə çevrilib: «O zabitlər hamısı general-polkovnik Elçin Quliyevin tərbiyə etdiyi kadrlardır. Ailədə ata yaxşı olanda övlad da yaxşı olur. Elçin Quliyev özü də iki dəfə bizim evimizə baş çəkib, vəziyyətimizlə maraqlanıb. O, Dilarəni vətənin layiqli əsgəri kimi dəyərləndirirdi”- deyə atası söyləyir: "Dilarə Vətənin övladı idi. Vətənə qulluq edirdi”.

DSX-nin Aviasiya Dəstəsinin polkovniki Xaliq Quliyev sərhədçilərin ilk qadın pilotunun ölümünü böyük itki adlandırır: "Dilarə məsuliyyətli, işini sevən və ən əsası peşəkar zabit idi. Hərb sənəti üçün lazım olan bütün keyfiyyətlər onda toplanmışdı. Qadın olsa da, hərbi işdə kişilərdən az bacarıq nümayiş etdirmirdi. Onun ölümü bizim üçün böyük itkidir. Dilarə sərhədçilərin ilk və yeganə qadın pilotu kimi xüsusi nüfuza malik idi. Həm də səmimi, mehriban iş yoldaşı idi”.
D.Babayeva ilə birlikdə DSX-nin Aviasiya dəstəsində xidmət edən mayor Vüsal Qəniyev zabit yoldaşını inadkar, bacarıqlı və cəsarətli pilot kimi xatırlayır: «Biz işə bir yerdə gedib-gəlirdik və gün boyu da bir yerdə olurduq. İnsan kimi çox dərdləşirdik. O, qadın olsa da, kişi kimi cəsarətli idi. Nəinki aviasiya dəstəsində, ümumiyyətlə, Sərhəd Qoşunlarında böyük nüfuza malik idi. Hamıya hörmətlə yanaşdığından, iş yoldaşları da ona böyük hörmət bəsləyirdi. Mənim yaddaşımda o, sadiq və səmimi bir dost kimi qalıb”. V.Qəniyev zabit yoldaşının ölümündən sarsıldığını deyir: "Dilarə hərbi işə peşəkar səviyyədə yiyələnmişdi. Onun ölüm xəbərini eşidində çox məyus olduq. Açığı, hələ də bu xəbərə inanmırıq. Daim deyib-gülən, işinə məsuliyyətlə yanaşan, cəsarətli bir hərbçinin ölümünə necə inana bilərik? Yalnız məzarı üstünə gedəndə onun yoxluğunu hiss edirik. Dilarə bizimlə çalışan yeganə pilot qadın idi. Sıralarımızda hərbiçi qadın çoxdur, ancaq pilot qadın yoxdur. O, əsil vətənpərvər idi. "Hərbi sənətini sevən vətənpərvər olmaya bilməz”- deyirdi. O, həqiqətən də vətənpərvər idi”.

Dilarə Babayevanın həyatı böyüyən gənclər üçün əsl vətənpərvərlik və hərbi peşəsini sevmək nümunəsidir. «Əgər Baş Komandan müharibə əmri versə, vertolyotla cəbhəyə birinci mən gedəcəyəm. Qələbə bayrağını özüm aparacağam. Kimin oğlu məndən artıqdır» - deyirmiş. Gənc pilotun vətən sərhədlərini daim göz bəbəyi kimi qorumaq, ölkəmizin əmin-amanlığının keşiyində ayıq-sayıq durmaq arzusu vardı. Dilarə Babayeva vətənimizi azad görmək, yağı düşməndən qorumaq arzusu ilə yaşayırdı.

Torpaqlarımızın düşmən işğalından azad olacağı, sərhədlərimizdə sakitliyin bərqərar olacağı gün fədakar pilotun da ruhu sakitlik tapacaq...
Təranə Məhərrəmova

Yazı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər