• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

Sərhədçi general-mayor II Fəxri xiyabanda dəfn olundu

23.11.13 11:57 1675
Sərhədçi general-mayor II Fəxri xiyabanda dəfn olundu
Ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev bu gün II Fəxri xiyabanda dəfn olunub.
APA-nın məlumatına görə, generalın dəfn mərasimində DSX rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Hasan Nevzat Taşdələr, DSX, SHÇDX və digər hərbi qurumların şəxsi heyəti iştirak edib.
Hərbi qaydalara uyğun təşkil olunmuş mərasimdə DSX rəisi E. Quliyev M. Abbasquliyevin tabutu üzərinə çəkilmiş Azərbaycan bayrağını onun oğluna verib. Dəfndən sonra Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.
Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Asif Cəbrayılov M. Abbasquliyevin Sərhəd Mühafizəsinin inkişafındakı rolundan danışıb. Onun DSX şəxsi heyətinin xatirində vətənpərvər zabit, gözəl insan kimi qaldığını bildirib.
DSX rəisi, general-leytenant Elçin Quliyev isə çıxışında qeyd edib ki, M. Abbasquliyevin timsalında Azərbaycan Sərhəd Mühafizəsi peşəkar, vətənpərvər zabitini itirib: «General Məhəmməd Abbasquliyev «Hər şey vətən üçün» deyən və canını bu Vətənə fəda etməyə hazır zabitlərimizdən idi. O, DSX-də həyata keçirilən quruculuq işlərində mühüm rol oynayıb. Onun xatirəsi hər zaman yaşayacaq».
Prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev isə M. Abbasquliyevlə Naxçıvanda bir yerdə çalışdıqlarını deyib. O, mərhumun hər zaman öz peşəsinə məsuliyyətlə yanaşdığını, dövlətinə, millətinə, Ali Baş Komandana sadiq zabit olduğunu bildirib.
V. Əliyev Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də başsağlığını çatdırıb.
banner

Oxşar Xəbərlər