• cümə, 29 Mart, 18:20
  • Baku Bakı 14°C

Sərhəd situasiyası

28.11.16 12:00 3595
Sərhəd situasiyası
- Dayan. Tərpənmə.
Ural Politexnik Universitetində qeyri-filosoflara fəlsəfədən dərs deyən İvan Serqeyeviç dördüncü mərtəbədən pilləkənləri sürətlə enərək yanından keçən, qaşlarınacan enmiş çeçenka papaqlı, əynində qara gödəkçə, qara əlcəkli, rəngli gözlük taxmış cavan oğlanın "Dayan, tərpənmə” əmrindən əhəng rəngi aldı. Killer bildiyi adamın bu əmrinə üzünü çevirmədən tabe oldu, titrək səslə dedi:
- Mən sizi görmədim, cavan oğlan. İnanın mənə, sizi gör-mə-dim.
"İndi məni şahid kimi öldürəcək”. Düz qabağındakı pilləkənə baxıb davam etdi:
- ...Üstəlik, fikrim Edmund Husserlin yanındaydı. Yəni, sifət cizgiləriniz zərrəcə belə yaddaşımda iz qoymadı, bir də siz pilləkənləri elə sürətlə enirdiz ki, hətta diqqət etsəydim belə, yaddaşıma həkk olunmanız mümkün deyildi. - Arxadan səs gəlmədiyindən, elə bildi ki, killerin ona rəhmi gəldi, İvan Serqeyeviç azca ürəkləndi: - Və nəhayət, qocalıq və yaddaşsızlıq! - son akkordu vururmuş kimi təntənəli şəkildə dedi. - Nəysə, siz Husserl haqda nəsə eşitmisiz, cavan oğlan?
Arxada dayanan oğlan dinmədi. Hələ Husserlə gəlib çatana qədər müəllimin beyninin sağ yarımkürəsində bu sözlər titrəşirdi. "Onsuz da tətiyə basacaq. Bircə onurğa sütunuma dəyməsin”. Son vaxtlar orası ağrıyırdı, elə bildi ki, güllə onurğa sütununu zədələsə, birdəfəlik şikəst olacaq, üstəlik, dözülməz ağrılar, ömürlük yataq xəstəsi olmaq "perspektivi” ona dəhşətli gəldi. Qəfil çönüb arxadakına təpik vurmaq fikrinin ömrü isə yarımca saniyə çəkdi, hətta bu fikrinin azömürlülüyündən üşəndi.
- Eybi yoxdu, eybi yoxdu, - İvan Serqeyeviç verdiyi suala cavab almadığından qorxusu daha da çoxaldı, - o filosofu tanımasanız da olar. Baxın, otuz ilə yaxındır "Fəlsəfə” kafedrasında dərs deyirəm, amma elmi şuradakı, üzr istəyirəm, bəzi alçaqların ucbatından doktorluq işim müdafiəyə buraxılmır. Bu adamlar gic-gic bəhanələrlə yazdığım işə süni maneələr yaradırlar, səbəbsə çox sadədir, professor olmağımı istəmirlər. İndiyə qədər mənim onlara elə bir pisliyim dəyməyib, niyə belə edirlər, heç cürə anlaya bilmirəm, - yazıq görkəm almaqçün çiyinlərini çəkib boynunu bükdü. - Məni ən çox yandıran bilirsiz kimdi? Nikolay Petroviç, dekanımız. Uxx, - hirslə yumruğunu havada yellədi. - O, burda olmalıydı, mənim yerimdə. Petroviçlə bu dörd-beş ildə aramızda cəmi bircə dəfə anlaşılmazlıq olub, elmi şuranın iclasında Haydeqerdən söhbət düşmüşdü, aqnostik Haydeqer deyəndə, yavaşca səhvini düzəltdim, dedim ki, Nikolay Petroviç, bağışlayın, o, ateist olub. Əvvəlcə soyuq baxışlarıyla mənə baxdı, sonra qəfil acı bir təbəssümlə dedi ki, oo İvan Serqeyiç, siz nə danışırsız. Boynuma alıram, səhv eləmişdim onda, - başını tərpədərək, - birincisi, mənim ağlım yox idi, çünki filoloqun Haydeqeri aqnostik bilməsi təbii şeydi. İkincisi, sonra təklikdə üzr istədim axı ondan. Sizcə, dörd il əvvəlin söhbətinə görə indiyə qədər kin saxlayarlar adamla? Şəxsən mən belə bir xırda şeyə görə heç kimdən inciməzdim. Hmm, bəlkə, ürəyindən keçirmiş ki, elmi şuranın növbəti iclasında, müəllimlərin yanında üzr istəyim ondan? Onda desin də bunu, - yenə yazıq görkəm almaqçün çiyinlərini çəkdi. - Hələ universitetimizdə başqa müəllimlər də var ki. Ayy, məni bağışlayın, cavan oğlan, mən sizə bir az əvvəl Husserldən danışırdım, az qala yadımdan çıxacaqdı, - əliylə alnına elə bir şapalaq vurdu ki, səsi blokda əks-səda verdi. - Əzizim, biləsiz ki, bu böyük filosof "Ruhun fenomenologiyasında” yazırdı ki, Həqiqət yoxdur, həqiqətlər var, - auditoriyada, tələbələrin qarşısında olduğu kimi, əlini havada yellədi. - Siz bilirsiz ki, o, ekszistensializmin parlaq nümayəndələrindən olub?... Nəysə. Hə, Husserlin həqiqət prizmasından həyata yanaşanda, görürük ki, sizin də öz həqiqətiniz var. Yəni, indiyə qədər siz həyatda nələr etmisizsə, bunun belə deyək, bir həqiqət modusu var. Modus, axı niyə mən yenə bu qəliz terminlərdən... Nəysə.. Hə, tamam yadımdan çıxmışdı, bu yəhudi alimi, üzr istəyirəm, yəhudi mənşəli alman alimi idrak prosesində hər şeydən öncə nəsnənin aydınlığını, aşkar olmasını əsas sayırdı, bunu hətta "prinsiplərin prinsipi” adlandırırdı. Alman dilində həmin termin objektivitet kimi səslənir, Husserlin istifadə etdiyi bu termin mənaca elə bizim obyektivlik sözüylə demək olar ki, eynidir.
İvan Serqeyeviç qəfil arxasındakı adamın sürətlə aşağı düşməyini, plaş materiallı gödəkçənin xışıltısını eşidəndə təlaşlandı, instinktiv tez pilləkənlərin üzərinə uzanıb, iki əliylə başının arxasından tutdu, ağlamsındı:
- Sizi görmədim, inanın mənə, görmədim sizi. Yalvarıram, Allah xatirinə, öldürməyin məni, - ömrü boyu özünü aqnostik sayan, bunu universitetdəki müəllimlərdən, tələbələrindən gizlətməyən müəllim Allahı köməyə çağırdı.
- İvan Serqeyiç! - birinci mərtəbədən səs gəldi. - Maraqlı mühazirə üçün təşəkkür! Mən idim sizin o cuhud haqqında mühazirənizə qulaq asan, Vadim Kozlov. Siz dərs deyən universitetdə üç il əvvəl məzun olmuşam. Məni imtahandan kəsdiniz, dərslərinizə gəlmirdim. İndi isə qulaq asdım mühazirənizə, maraqlıydı. Petroviçə məndən salam deyərsiz, o, yaxşı kişidir! Mən killer deyiləm! Hələlik! - Vadimin qəhqəhəli gülüşü eşidildi, blokdan qəfil çıxıb qaçmağa başladı.
Artıq ayağa durmuş müəllim üst-başının tozunu çırpa-çırpa, deyinə-deyinə aşağı enməyə başladı, üçüncü mərtəbədə blokun açıq pəncərəsinə yaxınlaşıb qışqırdı:
- Vadiiim!!! Kozlooov!!! Axı mənim mühazirəmə sona qədər qulaq asmadın!!! Geri qayıt!! - birdən səsini alçaldaraq, - Kazyol, mənə yaşatdığın bu sərhəd situasiyasına görə səni bağışlayıram. Husserl necə deyirdi? Həqiqətin nisbiliyi bərabərdi dünyanın mövcudluğunun nisbiliyinə, - sol tərəfdə ağrı hiss edib, sifətini turşuda-turşuda sinəsini ovuşdurdu. - Yoxx, birinci Husserl, sonra valakardin. Niyə yadımdan çıxdı axı o aforizm? - hirslə alnını ovuşdurdu.
Evinə çatıb, Husserlin "Kartezian düşüncələri” əsərindəki həmin aforizmi tapmaqçün pilləkənlərlə tez-tez yuxarı çıxmağa başladı. Eyni zamanda ertəsi gün işdən sonra müdiri Nikolay Petroviçi universitet yaxınlığındakı kafeyə dəvət edib, pelmen yeyə-yeyə bir şüşə "Stoliçnaya” arağını boşaltmaq ağlına gəldi. "Kozlov bəlkə düz deyir? Bəlkə, Petroviç heç də pis adam deyil? Bəlkə, heç bilmədiyim məsələyə görə mənə qarşı kin saxlayır?”
Açarla qapını açıb içəri girəndə, sol tərəfindəki ağrı keçmişdi, hələ də öz-özünə danışırdı: "Açıq danışacam, yalvarıb soruşacam ki, Petroviç, Allah xatirinə, düzünü deyin, niyə mənim bu doktorluq işimə mane olursuz?”
Alpay Azər
banner

Oxşar Xəbərlər