• şənbə, 20 Aprel, 01:40
  • Baku Bakı 15°C

Sərgüzəşti...“Mehmanxana sahibəsi”

16.05.16 11:30 2713
Sərgüzəşti...“Mehmanxana sahibəsi”

İlk dəfə Karlo Qaldoninin "Mehmanxana sahibəsi” əsərinin televiziya tamaşasını izlərkən orta məktəbdə oxuyurdum. Yəni ki, nə teatrdan anlayışım vardı, nə də haçansa bu sahə üzrə oxuyacağımı düşünmürdüm. Ancaq izlədiyim tamaşanı çox bəyənmişdim və maraqlı məqamları ilə yadımda qalmışdı. Yazacağım yazı həmin televiziya tamaşası ilə bağlı deyil.

"Mehmanxana sahibəsi” Azərbaycanda ilk dəfə tamaşaya qoyulduqdan düz altmış dörd il sonra yenidən səhnəmizə gəldi. Xatırladım ki, bu komediya ilk dəfə 1952-ci il sentyabrın 11-də Akademik Milli Dram Teatrında Mehdi Məmmədovun quruluşunda tamaşaya qoyulub. Füsünkar Mirondalinanı isə füsunkar Barat Şəkinskaya yaradıb. İkinci dəfə isə əsər 1978-ci ildə Azərbaycan Dövlət Televiziyasında hazırlanıb. Televiziya tamaşasının rejissoru Lütfi Məmmədbəyli və Ədalət Ziyadxanov, televiziya rejissoru isə Tariyel Vəliyev olub. Tamaşaçılar bu gün də televiziya tamaşasında Mirondalina obrazını yaradan xalq artisti Zərnigar Atakişiyevanın oyununu sevə sevə izləyirlər.

Bəli, bu da sayca üçüncü "Mehmanxana sahibəsi”. Teatrda ikinci, ümumilikdə üçüncü. Cənnət Səlimovanın quruluşunda mayın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası baş tutan "Mehmanxana sahibəsi”ni hamı çox böyük maraqla gözləyirdi. Tamaşada əsas rolları Leyli Vəliyeva (Mirondalina), Nofəl Vəliyev (Fabrisio), Şövqü Hüseynov (Kavaler), Eşqin Quliyev (Nökər), Kərəm Hadızadə (Qraf), Elşən Hacıbababəyov (Markiz), Şəbnəm Hüseynova və Gülər Nəbiyeva (Qrafiniya və Baronessa) oynayırdılar.

Çoxlarına yaqin məlumdur ki, söhbət nədən gedir... Mehmanxana sahibəsi Mirondalina nə sirrdirsə mehmanxanada qalan bütün kişilərin ürəyini fəth edir, hamı onunla evlənmək istəyir. Bir yandan Qraf ona hədiyyələr alır, bir yandan Markiz onu himayə etmək istəyir, lakin Mirondalina öz namusunu həmişə qoruyur. Nazlanmasına, hədiyyələr qəbul etməsinə baxmayaraq, onunçun belə hisslər yaddır. Şıltaq Mirondalina öz azadlığını heç nəyə dəyişməz. Ancaq qadınları lənətləyən, heç vaxt ailə qurmaq haqqında düşünməyən Kavaleri dediklərinə peşiman etmək və hamı kimi onu da özünə aşiq eləmək Mirondalina üçün ayrıca zövq və əyləncədir. Sonda Kavaleri də mum kimi yumşaldaraq özünə məftun edən Mirondalina artıq qəzəblənmiş Kavalerdən qorxmağa başlayır və bu qorxunc zarafatın sonunda çıxış yolunu atasının vəsiyyət etdiyi kimi hərəkət etməkdə - sadiq qulluqçisu, onu hər kəsdən çox sevən Fabrisioya ərə getməkdə görür. Beləliklə, o, həm azad, həm də rahat yaşaya bilər.

Maarifçi ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən İtaliyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi” komediyasında da, tamaşada da əsas hadisə hər kəs tərəfindən sevilən gözəl Mirondalinayla inadkar Kavalerin kodub münasibəti və Mirondalinanın yaraşıqlı Kavalerdən aldığı qisasdan bəhs edir. Əslində tamaşa hansı yönə fırlansa da, hadisələr "məhəbbət üçbucağı”nda baş verir. Fabrisio-Mirondalina-Kavaler, Markiz-Mirondalina-Qraf və s. üçbucaqlar. Lakin bunlardan ən aktivi Fabrisio-Mirondalina-Kavaler üçbucağıdır. Bu "məhəbbət üçbucağı”nda, əlbəttə ki, sonda biri məğlub olmalıdır. Bu isə Kavalerdir. Çünki Mirondalinanın hissləri ona qarşı oyundan başqa bir şey deyildir. Bütün cəhdlərdə məqsəd birdir – mehmanxanaya gələn hər bir kişi Mirondalinaya aşiq olmalı, onunla evlənmək xülyasına düşməli və sonda ...puça çıxan istəklər...

Tamaşanı izlədikcə mən bəzən 1978-ci ilin televiziya tamaşasını xatırlayırdım. Bunu ən çox Markiz-Elşən Hacıbababəyov-İlham Namiq Kamal və Qraf-Kərəm Hadızadə-Hamlet Qurbanovun danışığında, ədalarında, maneralarında, bir sözlə, hər bir hərəkətində sezirdim. Sanki aktyorlara həmin mizanlar verilmiş, yaxud dəfələrlə o tamaşaya baxılmışdır. Ancaq iki hissəli komediyada Leyli Vəliyevanın Mirondalinası, Nofəl Vəliyevin Fabrisiosu, Şövqü Hüseynovun Kavaleri televiziya tamaşasındakı obrazlardan fərqlənirdilər. Şövqü Hüseynovun Kavaleri Rafael Dadaşovun Kavalerindən fəqrli olaraq olduqca komik verilmişdi. Hər sözündə, hərəkətində, ədasında gülüş doğururdu. Bu obraz nədənsə "Hekayəti-xırs-quldurbasan”da aktyorun yaratdığı Tarverdi obrazını xatırladırdı. Hərçənd bu kavaler komediyanı daha gülməli edirdi. Leyli Vəliyevanın Mirondalinası isə Zərnigar Atakişiyevadan çox fərqli yaradılmışdı. Televiziya tamaşasında Mirondalina hər hərəkətində incə, əzilib-büzülən, kişilərə daha çox meyl edən qadın kimi verilirdisə, Leyli Vəliyevanın Mirondalinası daha ciddi, özünü incə göstərməyə çalışsa da, daha cəld, bəzən hövsələsiz, elə əsl mehmanxana sahibəsi tipajinda, ancaq yenə də ürəyiyumşaq birisi kimi təfsirini tapmışdı. Qısa bir hissədə oynayan Baronessa və Qrafiniyanı canlandıran Şəbnəm Hüseynova və Gülər Nəbiyeva da yaddaqalan obrazlar yaratmışdılar.

Tamaşanın rəssamı Elşən Sərxanoğlu isə öz işi ilə çox maraqlı bir mehmanxana təəssüratı yarada bilmişdi. Tərtibatın çoxplanlı həlli komediya üçün vacib olan çevik mizanlara yaxşı şərait yaratmışdı. Musiqi tərtibatçısı İradə Muradovanın seçdiyi İtaliyan mahnıları isə tamaşanın daha şən, yaddaqalan, əyləncəli və ritmik alınmasında xüsusi rol oynayırdı.

Düşünürəm ki, "Mehmanxana sahibəsi” teatrın repertuarında uzun müddət qala biləcək tamaşalardan olacaq. Bu münasibətlə isə kollektivi təbrik etmək olar.

Nigar Pirimova

teatrşünas

banner

Oxşar Xəbərlər