Sergey Yeseninin anım tədbiri keçirilib - Fotolar
XX əsrin
əvvəllərində yazıb-yaratmış, adı həmin dövrün böyük şairləri – Blok,
Mayakovski, Bryusovla bir sırada çəkilən ən lirik rus şairlərindən biri Sergey
Yesenindir. Şairin 20 iyun 1924-ci il tarixdə qələmə aldığı tərcümeyi-halından
belə məlum olur ki, o, 1895-ci il sentyabrın 21-də, yeni tarixlə isə oktyabrın
3-də Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo
kəndində anadan olub. Onun atası kəndli Aleksandr Nikitiç Yesenin, anası
Tatyana Fyodorovna olub. Oxumağı 5, şeir yazmağı 9 yaşından bacaran S.Yesenin ilk təhsilini kilsə məktəbində alıb. Oranı bitirdikdən sonra
17 yaşında ikən Moskvaya gəlib. Əvvəlcə kitab mağazasında, sonra mətbəədə
işləyib. 1913-cü ildə Moskva Şəhər Xalq Universitetinin tarix-fəlsəfə şöbəsində
azad dinləyici kimi iştirak etməyə başlayıb. Moskva həyatı Yesenini tamamilə
dəyişdirib və o, burada dövrün tanınmış yazarları ilə tanış olub. S.Yeseninin
sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı nəşr olunub.
Onun ilk kitabı – "Радуница” 1915-ci ilin noyabr ayında 1916-cı il qeydi ilə
çap olunub. Son kitabı "Персидскиемотивы” isə 1925-ci ilin may-iyun aylarında
çap olub. Bunlardan əlavə, şairin sağlığında müxtəlif mənbələrdə 25-ə yaxın
kitabın çapa hazırlanması haqqında məlumatlara rast gəlinsə də, naməlum
səbəblərdən onlar çap olunmamış qalıb.
Xatırladaq
ki, S.Yesenin 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən
məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşayıb. Təsadüfi deyil ki,
yeseninşünaslar şairin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun
yaradıcılığının "qızıl dövrü” adlandırırlar. Hətta həmin dövrü Puşkin
yaradıcılığının "Boldino payızı” ilə müqayisə edirlər. 1924-1925-ci illərdə S.Yesenin
Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 37 şeir və 2 poema daxil olmaqla
ümumilikdə 39 əsəri dərc edilib. Sevgi poeziyasında xüsusi yeri olan, S.Yeseninin
sevgi himni sayıla biləcək "İran nəğmələri” silsiləsindən bir sıra şeirlər də Bakıda
yazılıb. Beləliklə də 1924-1926-cı illərdə S.Yeseninin Bakı mətbuatında 48 seir
və 3 poema olmaqla bütövlükdə 51 əsəri dərc edilib. Onlardan 47 şeir və 3 poema
"Bakinski raboçi” qəzetində işıq üzü görüb. Bu əsərlərdən 43 şeir və 2 poema S.Yeseninin
sağlığında, 4 şeir və 1 poema şairin ölümündən sonra çap olunub. Ümumiyyətlə, "Bakinski
raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu
baxımdan ikinci sırada 1921-ci ildən etibarən Moskvada A.K.Voronskinin baş
redaktorluğu ilə çıxan "Краснаяновь” jurnalı durur. 1922-1925-ci illərdə həmin
jurnalda S.Yeseninin 30-a yaxın əsəri çap olunub. S.Yesenin Bakıya sevgisini
məşhur "Прощай, Баку" şeirində ifadə edib. Şair 28 iyul 1925-ci ildə Bakıya
son gəlişində bakılılar və Bakısız yaşaya bilmədiyini xüsusilə qeyd edib.
S.Yesenin
1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın "Anqleter” otelində
özünü asaraq intihar edib. S.Yeseninin şeirləri dünyanın 50-dən çox dilinə, o
cümlədən Azərbaycan dilinə də tərcümə edilib.S.Yeseninin Azərbaycanla
bağlılığı dövlət səviyyəsində də öz layiqli qiymətini alıb. Azərbaycan KP MK
Bürosunun 1 avqust 1974-cü il tarixli qərarı əsasında, Azərbaycan SSR Elmlər Akademiyası
Rəyasət Heyətinin 1 aprel 1975-ci il tarixli, 22 saylı sərəncamı ilə Mərdəkanda
S.Yeseninin yaşadığı evdə onun xatirə muzeyi - otaq-muzeyi yaradılıb. Muzeyin
yerləşdiyi yer 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi
bağ evi olub. Muzey 1975-ci il oktyabrın 3-də S.Yeseninin anadan olmasının 80
illiyi münasibətilə fəaliyyətə başlayıb. Muzeyin
yerləşdiyi küçə də şairin adını daşıyır. Muzey Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi,
S.Yesenin küçəsi 89 ünvanında yerləşir. Ötən
əsrin 90-cı illərdə muzeyin fəaliyyəti dayandırılıb və təxminən 8 il müddətində
muzey fəaliyyət göstərməyib. Nəhayət,Azərbaycan Elmlər Akadamiyası
Rəyasət Heyətinin 24 iyul 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə muzeyin
fəaliyyəti bərpa edilib. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin filialı sayılan bu muzey S.Yeseninin Rusiyadan kənarda fəaliyyətə
başlayan ilk rəsmi xatirə muzeyidir. Muzeydəki ekspozisiyalara, əsas etibarilə,
şairin əsərləri, onun haqqında yazılmış kitablar, qəzet məqalələri,
fotoşəkillər, ona həsr edilmiş rəsm əsərləri, şairin büstləri və sair daxildir.
Hər il oktyabrın 3-də - S.Yeseninin doğum günündə bu muzeydə yeseninsevərlər
yığışır, şairin şeirləri oxunur, böyük şair xoş sözlərlə anılır.
Bu il
oktyabrın 3-də də Mərdəkandakı muzeydə lirik rus şairi S.Yesenin anadan
olmasının 122 illiyi qeyd olunub. Bakı İdarəetmə və Texnologiya Kollecinin
(BİTKol) Rus dili müəllimələri Arzu Səfərova və Gülnarə Məmmədovanın, həmçinin
kollecin bir qrup tələbəsinin də qatıldığı tədbiri muzeyin direktoru Nəzakət
İbadova açıb. O, S.Yeseninin həyat və yaradıcılığından danışıb.
"Xəzər”
Universitetinin prorektoru, S.Yeseninin tədqiqatçısı İsaxan İsaxanlı ölməz
şairin əsərlərindən söhbət açıb. O, şairin Azərbaycanla bağlı xatirələrini,
yaradıcılığının Bakı dövründəki məhsuldarlığı tədbir iştirakçılarının diqqətinə
çatdırıb.
Tədbirdə
Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, Əməkdar mədəniyyət işçisi Rafiq
Kaşanlı, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Valentin Denisov da
çıxış edərək, ölməz şair S.Yesenin barədə öz fikirlərini bölüşüblər.
Sonda BİTKol
tələbələri lirik rus şairi S.Yeseninin şeirlərini Azərbaycan və rus dillərində
bədii qiraət ediblər. S.Yeseninin Xatirə Muzeyinin direktoru N.İbadova və
Rusiya səfirliyinin müşaviri V.Denisov ölməz şairin xatirəsini əziz tutub onun
yaradıcılığını öyrəndiyinə, həmçinin təbliğinə görə BİTKol-un müəllim və
tələbələrinə minnətdarlıqlarını bildiriblər.