• cümə axşamı, 28 mart, 14:28
  • Baku Bakı 16°C

Şərəfsizin milləti olmur

14.02.17 09:30 1031
Şərəfsizin milləti olmur
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan bugünkü Azərbaycan hüquqi, dünyəvi bir dövlətdir. Ölkə daxilində vətəndaşların bütün hüquqları ən yüksək səviyyədə qorunur, insanlarımıza qarşı dini, milli, irqi ayrı-seçkilik siyasəti aparılmır. Din, vicdan, söz, mətbuat, internet azadlığının təmin olunduğu ölkəmizdə vətəndaşlar yerli qanunlara söykənərək, ən müxtəlif sahələrdə çalışmaqda, öz potensiallarını nümayiş etdirməkdə, bununla da dövlətimizi daha da gücləndirməkdədirlər. Bu gün müasir və inkişaf edən Azərbaycan həm də mədəniyyəti, tolerantlığı, multikulturalizmi ilə də diqqət çəkməkdədir.
Təbii ki, bundan Azərbaycanın uğurlarını həzm etməyən qüvvələr, xüsusən də işğalçı Ermənistan, dünyadakı erməni lobbisi və onların təsiri altında olan şəxslər, təşkilatlar böyük narahatlıq keçirməkdədirlər. Ona görə də ən müxtəlif vasitələrə əl ataraq, həm Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, həm də ölkəmizin daxilində milli, dini, irqi zəmində münaqişələr yaratmağa çalışırlar. Çox təəssüflər olsun ki, bəzi hallarda xarici düşmənlərimizin bu "siyasəti” öz "bəhrəsini” verir. Sapı özümüzdən olan baltalar, şəxsi maraqlarını millət, dövlət, Vətən maraqlarından üstün tutan insancığazlarımız atdıqları addımlarla düşmən dəyirmanına su tökməyi bacarırlar.
Misal üçün, bir neçə gün bundan öncə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, bu ölkənin hökuməti Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda "müvəqqəti sığınacaq” almaq istəyi ilə bağlı müraciətini müsbət qarşılayıb. Məlumatda qeyd olunub ki, Ermənistana sığınan şəxs həm də "Tolişi Sado” qəzetinin əməkdaşı, "Talış azadlıq hərəkatının” üzvüdür. Həmin məlumat yayıldıqdan az müddət sonra "Tolışi Sədo” qəzetinin sabiq baş redaktoru Hilal Məmmədov "facebook"da bu məsələyə münasibət bildirərək qeyd edib ki, qəzetin Şahin Mirzəyev adlı jurnalisti olmayıb. "Azəri-Talış” İctimai Birliyinin sədri Mehdibəy Səfərovun hadisə haqda bəyanatında isə iddia edilib ki, o, əslən Lerik rayonun Kəlvəz kəndindəndir. Uzun müddət Müsavat Partiyasında təmsil olunub. Sonra, müəyyən narazılıqlar səbəbindən oranı tərk edib. Ş.Mirzəyevin vaxtilə Müsavatda təmsil olunub-olunmaması ilə bağlı partiyanın başqan müavini Gülağa Aslanlı suala cavab vermək istəməyib. Buna baxmayaraq, Ş.Mirzəyevin Müsavat Partiyasının üzvü olduğu ilə bağlı iddiaları bu partiyanın funksioneri Yadigar Sadıqov "Yeni Müsavat”a təsdiqləyib. Bildirib ki, o, 2014-cü ildə partiyadan çıxarılıb. Ş.Mirzəyevin Müsavat Partiyasının fəallarından olmasını onun partiyanın keçirdiyi aksiyalardakı fotoları da təsdiqləyir.
Bundan başqa, Ş.Mirzəyevin təkcə Müsavat Partiyasının üzvü deyil, həm də İsa Qəmbərin yaxın silahdaşı olması barədə məlumatlar mediada yer almaqdadır. Məlumat üçün qeyd edək ki, hər dəfə ölkədə seçkilər öncəsi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində gizli görüşlər keçirən, xarici dairələrin siyasi layihələrində yer alan isa qəmbərlər də şəxsi maraqlarını, milli-dövlətçilik maraqlarından üstün tutub, bununla düşmən dəyirmanlarına su tökməkdə ad çıxarıblar. Bütün bunlar göstərir ki, Ş.Mirzəyev də müxalifətin siyasi mühacir alverinin növbəti qəhrəmanıdır. Sadəcə, əvvəllər bu yola baş vuranlar Avropa ölkələrini seçirdilərsə, indi Ermənistana üz tuturlar və bununla da üçüncü ölkəyə getmək hüququ qazanmaq istəyirlər. Hətta Ş.Mirzəyevin qondarma talış muğan respublikasının rəhbəri, separatçı Əlikram Hümbətovun yaxın adamı kimi tanındığı barədə də məlumatlar var. Hansı ki, məhz separatçılıq əməllərinə görə Azərbaycan vətəndaşlığından məhrum edilən Ə.Hümbətovu sonradan erməni lobbisi axtarıb tapıb, cibinə pul qoyaraq onu Ermənistana göndərib, ölkəmiz əleyhinə təbliğatlarının bir parçasına çeviriblər. Ş.Mirzəyev haqqında yayılan məlumatlarda o da qeyd edilir ki, Talış Mədəniyyət Mərkəzinə qoşulan bu adam özünü separatçı adlandırmaqdan belə çəkinməyib. Onun Talış Mədəniyyət Mərkəzində fəaliyyəti əsaslı şübhələrə səbəb olub. Zaman-zaman Ş.Mirzəyevin fəallığının arxasında qara niyyətlərin durması ilə bağlı sosial şəbəkələrdə məlumatlar da paylaşılıb. Eyni zamanda, Ş.Mirzəyev Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun rəhbərlik etdiyi "Talışen Sədo” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərməsi də yayılan məlumatlarda qeyd olunub.
İndi belə bir adam qəfil Ermənistanda – düşmən ölkədə peyda olub. Ş.Mirzəyev ümumiyyətlə Azərbaycanda etnik və dini azlıqların təqib edildiyini, onların hüquqlarının kobud şəkildə pozulduğunu bildirərək, məhz bu kimi amillərə görə də ölkəni tərk etməyə "məcbur olduğunu” vurğulayıb. Təbii ki, Ş.Mirzəyevin atdığı addımın, səsləndirdiyi bəyanatın heç bir əsası yoxdur. Ona görə də Azərbaycan ictimaiyyəti, o cümlədən dövlətçiliyimizin keşiyində digər millətlərin nümayəndəsi kimi ayıq-sayıq dayanan, ərazi bütövlüyümüzün müdafiəsi üçün çoxsaylı şəhidlər verən talışlar da Ş.Mirzəyevin bu addımını ən sərt şəkildə qınayırlar. Birmənalı olaraq vurğulanır ki, satqının, xəyanətkarın, şərəfsizin Vətəni, milliyyəti olmur.
Bu hadisə sadəcə, dünyadakı erməni lobbisinin, Ermənistan dövlətinin Azərbaycanı daxildən parçalamaq, zərbə vurmaq, milli zəmində nifaq salmaq üçün atdığı növbəti uğursuz addımdır. Bundan başqa, son vaxtlar Ermənistanın bir çox tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri, eləcə də jurnalistləri Serj Sarkisyan rejiminin iç üzünü açaraq, onların xalqı aldatdığını bildirməkdə, etiraz əlaməti olaraq axın-axın Bakıya gəlmək arzularını bildirməkdədirlər. Hətta xeyli vaxt bundan öncə bir qrup erməni Bakıdakı Xocalı soyqırımının xatirəsinə ucaldılmış "Ana Fəryadı” abidəsini ziyarət edərək, Ermənistanın işğalçılıq və şovinizim siyasətinə lənətlərini bildiriblər. Ona görə də Azərbaycana xəyanət edən Ş.Mirzəyevin müxtəlif bəhanələrlə düşmən qucağına sığınması Ermənistan hakimiyyətinin ermənilərin kütləvi şəkildə qoşulmaq istədiyi Sülh Platformasının əhəmiyyətini kiçiltmək cəhdidir.
F.ABASOĞLU
banner

Oxşar Xəbərlər