• çərşənbə, 24 Aprel, 20:29
  • Baku Bakı 23°C

Şərəf və insani hisslərdən məhrum ölkə

30.10.20 16:10 458
Şərəf və insani hisslərdən məhrum ölkə
Ermənistan Avropa tarixində ilk dəfə olaraq ballistik raketlərlə dinc insanları atəşə tutdu


Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədən bir ay keçdi. Bu müddət ərzində işğalçı dövlətin nəzarətində olan ərazilərin böyük bir qismini müzəffər ordumuz azad edib və etməkdə davam edir. Nəticələr, tək Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə Avropa kontingenti, ola bilsin onun hüdudlarından da kənarda dramatik və heyranedicidir. Rusiyanın "Vestnik Kafkaza” nəşrində dərc edilən məqalədə bildirilir ki, hərbi əməliyyatlar erməni vəhşiliyi, vandalizmi ilə yadda qalır. Dinc şəhərlərin hədəfə alınması, insanların gecə yatdıqları yerdə qətlə yetirilməsi ermənilər üçün adi hala çevrilib. Özü də ən maraqlısı odur ki, bombardmanlar hərbi əməliyyatların aparıldığı yerdən xeyli uzaq yaşayış məntəqələrini hədəfə alır. Bərdədə baş verən vandalizm isə xüsusi seçilir. Avropa tarixində ilk dəfə Ermənistan ballistik raketlərdən dinc sakinlərə qarşı istifadə edib. Bu vandalizm aktı, eləcə də bundan əvvəl Gəncə, Tərtər, Mingəçevir, Goranboy, Ağcabədi və digər ərazilərin kaset bombaları ilə atəşə tutulması nəticəsində 70 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Beynəlxalq kütləvi informasiya vasitələri Ermənistan xarici işlər nazirinə bununla bağlı təzyiq dolu sual ünvanlayanda, o, sualdan yayınmağa çalışıb. Ermənistan prezidenti isə Avropa ölkələrinə səfər edəndə Avropa liderlərini dini hissləri ilə oynamaqdan başqa bir variant fikirləşə bilməyib. Hərbi xuntanın baş naziri isə daha uzağa gedərək bu münaqişənin diplomatik həllinin olmadığını bildirib. Azərbaycana qarşı sona kimi döyüşəcəklərini deyib. Eyni zamanda erməni-Azərbaycan münaqişəsinin "sivilizasiya” xarakteri barədə də danışmağa çalışıb. Burdan gələn nəticə aydındır – Ermənistan rəhbərliyi üçün dinc sakinlərin kütləvi qırğın silahlarından istifadə etməklə öldürülməsini təmizə çıxarmaq olar - əgər hədəfdə müsəlmanlardısa. Bəs görəsən digərləri Ermənistanın mövqeyini bölüşürlərmi? Çox güman ki, yox. Dünya liderləri bu cinayət faktlarını pisləməli və ortaya öz mövqelərini qoymalıdırlar.
Yeri gəlmişkən, ermənilərin, dinc şəhərləri, insanları hədəfə alan vandalizmi dünya mediasında diqqət çəkir. BBC yazır ki, Azərbaycan, Ermənistanı raket zərbələrilə Bərdədə 21 mülki vətəndaşı öldürməkdə ittiham edir: "Hadisə mübahisəli Dağlıq Qarabağ regionu uğrunda döyüşlərin qızğın vaxtında baş verib. Tərəflər arasında hərbi qarşıdurmanın davam etdiyi ərazidən çox da uzaqda yerləşməyən Bərdə şəhərinə zərbələr nəticəsində onlarla şəxs yaralanıb. Yerli sakin Ülviyyə Babayeva deyir ki, o, hadisə zamanı avtomobillə həmin ərazinin yaxınlığından keçirmiş. Babayevanın sözlərinə görə, həmin vaxt o, ard-arda 3 partlayış səsi eşidib və səsin gəldiyi istiqamətə yollanıb”. "Yanğın gördük... Oraya bomba düşmüşdü”, - deyə Ülviyyə Babayeva BBC-yə bildirib: "Bombalardan biri bankın yaxınlığında yerləşən avtomobilin üzərinə düşmüşdü. Hər yerdə raket qalıqları, qırılmış şüşələr var idi. Raketlərdən biri isə yanğınsöndürmə stansiyasının yaxınlığına düşübmüş. Orada da ölən və yaralananlar var. Beləliklə, regionda sentyabrın sonlarında başlamış hərbi qarşıdurma artıq genişmiqyaslı müharibəyə çevrilib. Nəticədə, günlərdir şəhərlər, rayonlar atəşə tutulur. Bu zaman qadağan edilmiş kasetli bombalardan da istifadə olunur”.
"Financial Times”, "Al-Monitor”, "Foreign Affairs”, EURACTIV də münaqişə ilə bağlı məqalələr dərc edib.
Ermənistan silahlı birləşmələrinin Bərdəyə xain hücumu və dinc əhalini hədəfə almasına gürcü mediasında da yer verilib. Bu ölkənin "report.ge", "gaxa.ge", "24news.ge", "aktual.ge" informasiya portalları erməni terrorçularının humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın Bərdə şəhərini qadağan olunmuş silahlardan atəşə tutması barədə xəbərlər yayıb. Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlədə oktyabrın 28-də Bərdədə dinc sakinlərin erməni silahlı birləşmələri tərəfindən yenidən raket atəşinə tutulduğu, sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə zərbələr endirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, nəticədə 20-dən çox dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
"Ermənistanın Azərbaycan şəhərlərinə artilleriya və raket zərbələri Bakını cavab tədbirlərinə təhrik etmək istəyi ilə bağlıdır. Nəticədə, Moskvanı münaqişəyə cəlb etmək və İrəvana dəstək verməyə məcbur etmək istəyirlər”. Bunu ABŞ dövlət katibinin sabiq müşaviri Pol Qobl "Kafkazskiy uzel"ə müsahibəsində bildirib. "Bu hadisələr Azərbaycanın Dağlıq Qarabağı geri almaqla bağlı qətiyyətini daha da möhkəmləndirir”, – o qeyd edib.
ABŞ-ın "The New York Times” qəzeti Bərdə terroru barədə geniş material hazırlayıb. Məqalənin müəllifi Şarlotta Qall bildirib ki, iki ölkə arasında münaqişə hələ 80-ci illərin sonlarında başlayıb. Belə ki, Ermənistan bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salıb, ərazi istilalarına nail olub. İndi isə Azərbaycan öz ərazilərini geri qaytarmaq üçün genişmiqyaslı əks-hücum həyata keçirir. Jurnalistin sözlərinə görə, ilk partlayış onlardan 20 metr aralıda baş verib. "İlk partlayış, bizi maşını dayandırmağa məcbur edəcək qədər güclü idi. Buna görə cəld divarın altına atıldıq və əyildik. Daha sonra anladım ki, dayanmasaydıq, yoldan 20 metr irəlidə partlayışlardan birinin ortasına girirdik”, - deyə o qeyd edib. Jurnalist bildirir ki, Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış məntəqələri, demək olar ki, gündəlik raket zərbələrinə məruz qalıb: "Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücum olunması isə gərginliyin artdığını göstərir”. "Görürsən, ermənilər bizə nə edir?!”, - deyə 55 yaşlı Kamil Kərimov soruşur. "Burada hərbçilərdən kimisə görürsən? Bunu niyə edirlər? Burda yalnız mülki insanlar görürsən. Xaos yaratmaq istəyirlər”.
Klinikanın zirzəmisində sığınacaq tapan 44 yaşlı kardioloq Yaqubiya Həmidova buranın daha təhlükəsiz olacağını düşünərək, cəbhə bölgəsindəki Tərtərdən gəldiyini söyləyib:"Xahiş edirəm, bizə kömək edin. Dünyada heç kim bizə nə olduğunu bilmir”. "New- York Times”ın əməkdaşı Bərdədə baş verən terror aktını bütün dəhşəti ilə dilə gətirib: "Bayırda, yol ayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qapısına yayılmışdı. Bombaların zərərsizləşdirilməsi üzrə zabitlər kombinezon və kaskada partladılmış döyüş sursatlarının üzərində dayanmışdılar”. Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəşrlərdən olan "New Straits Times” qəzeti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna raket hücumu barədə xəbər yayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən qeyd edilib ki, bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə əldə edilən humanitar atəşkəs razılaşdırılmasını kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. Vurğulanıb ki, Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə, Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Məlumatın sonunda cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyət qəti mövqe nümayiş etdirməyə çağırılıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər