• çərşənbə axşamı, 23 aprel, 11:25
  • Baku Bakı 20°C

"Serbiyanın yoxsul Ermənistanla əməkdaşlığı onun nüfuzunu zəiflədə bilər"

19.03.20 23:51 682
"Serbiyanın yoxsul Ermənistanla əməkdaşlığı onun nüfuzunu zəiflədə bilər"
"Serbiyanın bir Balkan ölkəsi olaraq Ermənistanla əməkdaşlığa üstünlük verməsinin əsas səbəbi iqtisadi-ticarət maraqlarından çox, tarixi, geosiyasi amillərə söykənir. Serblər də ermənilər kimi tarixən Osmanlı imperiyasının təbəəsi olmuş, türklərə qarşı daima üsyanlar qaldırmışlar”. Bu fikirləriSİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, doğrudur, ermənilər dövlətçiliyi olmayan xalq olduqlarından orta əsrlərdə bir çox ölkələrə səpələnərək, o cümlədən Serbiyada sənətkarlıqla məşğul olublar: "Digər bir tərəfdən, Serbiya Rusiyanın Balkanlardakı forpostu, Ermənistan isə Cənubi Qafqazdakı forpost ölkəsidir. Onların bağlayıcı həlqəsi Rusiyadır. Rusiya Cənubi Avropa və Cənubi Qafqazdakı tarixi-siyasi müttəfiqlərini daima bir arada tutmağa çalışaraq, özünün mərkəzi birləşdirici hegemon dövlət statusunu qorumağa çalışır. Buraya həmçinin Yunanıstan da daxildir”.
Politoloq söyləyib ki, Serbiya həm də Cənubi Avropadakı slavyan ölkəsi olaraq Rusiya ilə yaxın münasibətlərə malikdirsə, Yunanıstan pravoslav məzhəbi nöqteyi-nəzərdən Rusiya ilə sıx bağlıdır və hər iki ölkə - Serbiya və Yunanıstan Ermənistanla hərbi əməkdaşlıq münasibətlərinə malikdirlər: "Hətta 1992-ci ildə Serbiya Ermənistanın müstəqilliyini tanısa da, iki ölkə arasında diplomatik əlaqələr Yunanıstan səfirliyi vasitəsilə həyata keçirilib. Ermənistan Serbiya ilə olan yaxın münasibətlərinə görə Kosovonun müstəqilliyini tanımır. 2019-cu ildə Serbiya Ermənistanda öz səfirliyini açdı. Ermənistan prezidenti Armen Sarkisyanın Belqrada rəsmi səfərindən sonra Serbiya Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edərək, 90 gün müddətində onların Serbiya ərazisində qalmasına icazə verdi. Serbiyanın Novi Sad şəhərində serblərin EXIT və ermənilərin "Sevan startup" festivallarının paralel keçirilməsini hətta Ermənistan prezidenti Armen Sarkisyan Əbu Dabidə Serbiya bsş naziri Ano Brnabiçlə görüşdə məmnunluqla qeyd etmişdir. Ekologiya, informasiya və yüksək texnologiyalar, süni intellekt sahəsində iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə edilsə də, şübhəsiz ki, bizi narahat edən hərbi-texniki əməkdaşlıqdır”.
N. Məmmədova vurğulayıb ki, nə Serbiya, nə Ermənistan böyük hərbi gücü olan ölkələr deyil, onlar Rusiyanın yardımları sayəsində bu sahəni inkişaf etdirməyə çalışırlar: "Serbiya NATO qarşısında öhdəlikləri olan, lakin heç bir hüququ olmayan ölkədir. Ölkə Skupşinası - silahlı qüvvələrin statusuna dair SOFA adlanan məxfi əməkdaşlıq sənədini ratifikasiya etməklə Alyans qarşısında öhdəliklər götürmüşdür. Serbiya yerləşdiyi regionda ən böyük silah idxalatçısıdır və Avropada Rusiyadan ən çox silah alan dövlətdir. Lakin ötən ilin dekabrında Belarus prezidenti Aleksandr Lukaşenkonun Belqrada səfəri zamanı Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin ümumiyyətlə silah alışından imtina edəcəyini bəyan etmişdir. Bu, yəqin ki, Serbiya və Ermənistan hərbi əməkdaşlıq əlaqələrinə də təsir göstərə bilər. Təbii ki, Serbiya özü separatizmdən zərər çəkmiş, ərazi bütövlüyü parçalanmış dövlət olaraq Azərbaycanın həssaslığını nəzərə almalıdır. Görünür, Rusiyanın təsiri burada öz sözünü deyir. Lakin bu əməkdaşlığın geniş vüsət alması inandırıcı deyil, çünki ölkə de-yurye olmasa da, de-fakto NATO üzvü sayılır, hərçənd bu, rəsmiləşməyib. NATO qarşısında öhdəlikləri olan Serbiyanın Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatının üzvü Ermənistanla hərbi əməkdaşlığı o qədər inkişaf edə bilər ki, buna Qərb icazə versin”.
O vurğulayıb ki, Serbiya həm də AB üzvlüyünə namizəddir və bunu nəzərə almalıdır: "Digər tərəfdən, Azərbaycan TANAP layihəsini Balkanlaradək genişləndirməyi bacarıb. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyaya səfər edərək, Balkan yarımadasındakı Xorvatiyanın Cənub Qaz dəhlizində iştirakını təmin edərək, beləliklə müharibədən çıxmış yoxsul cənubi-şərqi Avropa ölkəsinin inkişafına dəstək göstərib. Belə olan halda, yoxsul Ermənistanla hərbi əməkdaşlıq Serbiyanın nüfuzunu daha da zəiflədə bilər"
banner

Oxşar Xəbərlər