• cümə axşamı, 28 mart, 19:38
  • Baku Bakı 13°C

Şərait əlverişli deyil, amma yenə də ümid var

10.01.18 09:00 2673
Şərait əlverişli deyil, amma yenə də ümid var
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun müddətli danışıqlar hələlik bir nəticə vermir. Amma burada bir məqam var ki, iki tərəf arasında davam edən uzun müddətli atəşkəs dövründə Azərbaycan diplomatiyası Ermənistan üzərində üstünlüyə yiyələnib. Ermənistan isə aparılan danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmağa çalışır, irəli sürülən təkliflərdən yayınmağa çalışır. Təbii ki, burada rəsmi Yerevanın məqsədi mövcud status-kvonu saxlamaqdır. Problemin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri isə hələ ki, irəliləyişə nail ola bilməyib. Ötən 2017-ci ildə isə problemin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin, o cümlədən xarici işlər nazirlərinin görüşü keçirildi. Bəs, görəsən 2018-ci ildə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gözləntilər nədən ibarət olacaq?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı 2018-ci ildən gözləntilər çoxdur: "Bu problem kifayət qədər çox uzanıb və onun həll edilməsi artıq günün tələbidir. Bir ölkənin qonşu dövlətin torpağının bir hissəsini işğal etməsi və onun ərazi bütövlüyünü tanımaması orta əsr təfəkkürü deməkdir. Azərbaycan problemin həlli üçün bütün variantlardan istifadə edir. Bir tərəfdən dövlətimiz güclənir, beynəlxalq aləmdə nüfuzumuz var, silahlı qüvvələrimiz dünyanın ən güclü 50 ordusu siyahısındadır. Digər tərəfdən diplomatik danışıqlara üstünlük verilir. Problemlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə müzakirələr keçirilir. Dağlıq Qarabağ probleminin 2018-ci ildə həll edilməsini istəyərdik. Düzdür, Ermənistan bu məsələdə qeyri-konstruktivlik göstərir və bacardığı qədər status-kvonu saxlamağa çalışır. Amma bir məsələ var ki, problemin həlli artıq Ermənistanın nə düşünməsindən asılı deyil. Problem həll edilməlidir və bu məsələdə Azərbaycan özünün prinsipiallığını, eləcə də tələbini ortaya qoyub”.

A.Mirzəzadə əlavə etdi ki, Qarabağ probleminin həlli ilə bağlı müxtəlif proqnozlar verilir: "Amma nəyin nə olacağını reallıq göstərəcək. Ermənistanın nə düşünməsindən asılı olmayaraq, Azərbaycan bu problemin həll edilməsində israrlıdır və istəyini ortaya qoyub. Onu da qeyd edim ki, Ermənistan Azərbaycanın silahının gücünü dəfələrlə öz üzərində hiss edib və istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Ermənistan isə bunun peşmançılığını çəkəcək”.

Politoloq Qabil Hüseynli bildirdi ki, bu il həm Azərbaycan, həm Ermənistan, həm də Rusiyada seçkilər keçiriləcək: "Belə olan halda, 2018-ci ildə danışıqlar prosesi ilə əlaqədar əlverişli şəraitin olduğunu demək mümkün deyil. Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin taleyi Ermənistan və Rusiyadan daha çox asılıdır, lakin bütün bunlarla yanaşı, müsbət məqamların da olduğunu vurğulamaq olar. Belə ki, Avropa Birliyi problemin həlli ilə əlaqədar danışıqlar prosesinin sürətləndirilməsini tələb edir. ABŞ da bu mövqedə dayanır. Danışıqlarda problemin həlli ilə bağlı müsbət yanaşmaların çoxaldığının şahidiyik. Rusiya və Ermənistanın problemin həlli ilə əlaqədar müəyyən əngəllər yaratmasına baxmayaraq, dünya münaqişənin həllini tələb etməkdədir. Proses belə davam etsə, o zaman danışıqlar prosesində müsbət dinamikanın artacağını gözləmək mümkündür”.

Q. Hüseynlinin fikrincə, danışıqlarda ən zəruri məsələ razılığın əldə olunmasıdır: "Güman edirəm ki, Ermənistandakı seçkilərə, yəni mart-aprel aylarına qədər hər hansı müsbət addım gözləmək mümkün deyil. Amma seçkilərdən sonra Sarkisyan siyasi hakimiyyətdən getsə, o zaman danışıqlar prosesində dinamiklik arta bilər. Çünki Karapetyan ölkədə əsas söz sahibinə çevriləcək. Onun problemlərə yanaşması Sarkisyanın yanaşmasından müəyyən qədər fərqlənə bilər”.

Politoloq qeyd etdi ki, bu il Rusiyanın özündə də problemə yanaşma tərzində müəyyən dəyişikliklərin olacağını proqnozlaşdırmaq mümkündür: "Rusiya-Azərbaycan münasibətləri möhkəmlənir və yeni çalarlarla zənginləşir. Bu nöqteyi-nəzərdən Rusiyanın yanaşmasından müsbət nə isə gözləmək olar. Ümumiyyətlə, əksər ekspertlər, ölkələr 2018-ci ili danışıqlar üçün çox əlverişli hesab edirlər. Ona görə də, Azərbaycanın xarici siyasəti bu istiqamətdə fəallığını artırmaqdadır. Bildiyiniz kimi, yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nəzərdə tutulur. Bu görüşdə prezidentlərin görüşünü hazırlamaq əsas məqsədlərdən biridir. Ola bilsin ki, bu görüşdən danışıqlar prosesinə təkan verə biləcək nəticələr çıxsın. Sarkisyan dövrünə çox ehtiyatla yanaşmağın tərəfdarıyam. Amma hər halda, bu məsələdə müəyyən irəliləyişlərin olacağını təxmin edirəm”.

Politoloq Fikrət Sadıxov isə vurğuladı ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət qeyri-adidir: "Çünki bir çox ölkələr Ermənistanın nazı ilə oynadığı üçün düşmən ölkə beynəlxalq hüquq normalarına əməl etmir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu da buna müəyyən biganəlik nümayiş etdirir. Bütün bunlara baxmayaraq, Azərbaycan həm hərbi potensialından istifadə edir, həm də diplomatik və siyasi yollara əl atır. Torpaqlarının bir hissəsinin düşmən işğalında olmasına baxmayaraq, Azərbaycan problemin həlli istiqamətində çıxış yolları axtarmağa çalışır”.

F.Sadıxov yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini xatırladaraq, bu görüşdə müsbət gözləntilərin olmayacağını dilə gətirib: "Çünki, əsas məsələlər dövlət başçılarının görüşündə müzakirə və həll olunur. Amma xarici işlər nazirlərinin görüşü təbii ki, münaqişə ilə bağlı aparılan danışıqlarda bir addımdır. Əgər Ermənistan tərəfi bu görüşə yenə də köhnə təkliflərlə, düşüncələrlə gələcəksə, o zaman onun baş tutmaması yaxşıdır. Çünki bizə ölü təkliflər, mənasız təşəbbüslər, formal protokol naminə təşkil olunan görüş lazım deyil”.

Politoloqun fikrincə, Azərbaycan tərəfi 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hücum xarakterli diplomatik addımlar atmalıdır: "Mənə elə gəlir ki, biz addımlarımızı daha da sərtləşdirməli, vaxtaşırı hərbi potensialımızdan istifadə etməli, erməni tərəfinə öz hərbi hazırlığımızı nümayiş etdirməliyik”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər