• şənbə, 20 Aprel, 00:03
  • Baku Bakı 15°C

Şərab istehsalı və ixracı artır, bəs əvvəlki şöhrət?

07.08.19 10:30 11768
Şərab istehsalı və ixracı artır, bəs əvvəlki şöhrət?
Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan "Azgranata” şirkəti bu ilin sonunadək istehsal həcmini genişləndirəcək. Bu barədə Trend-ə şirkətdən deyiblər. Mənbənin sözlərinə görə, hazırda müəssisədə bir neçə növ şərab məhsulu, o cümlədən 3 növ spirtsiz şərab istehsal olunur: "Daxili bazarda bizim məhsullarımıza böyük tələbat var, satış həcmləri ildən-ilə artır. Bu ilin əvvəlindən satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 15-20 faiz artıb, 2017-ci illə müqayisədə isə artım 25 faiz təşkil edib”.
Şirkətdən bildiriblər ki, planlara ixrac tədarükünün artırılması da daxildir: "Biz Rusiyaya şərab məhsulunun ixracını artırmağı planlaşdırırıq, çünki bu bazarda böyük tələbat var. İlk növbədə, söhbət quru marka şərabların ixracından gedir”.
Şərab istehsalının və ixracının artırılması ilə bağlı xəbərlərə son dönəmlər tez-tez rast gəlirik. Bu, onu göstərir ki, bu istiqamətdə iş gedir, müəyyən nəticələr əldə olunur. Bəs bu nəticə hansı həcmdədir? Hazırda şərabçılıq istiqamətində ölkəmizin potensialından tam olaraq istifadə edilirmi?
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov deyir ki, növbəti illərdə şərabçılıq zavodlarının, müəssisələrinin potensialından tam istifadə olunması hədəf olaraq götürülüb: "Ölkədə 16,1 min hektar üzüm bağı var. 2018-ci ildə 167 min ton üzüm, 15,7 min ton təbii üzüm şərabı və 0,6 min ton təzə üzümdən köpüklənən şərab olmaqla, cəmi 16,3 min ton şərab istehsal edilib. Bunun 6,6 min tonu ixrac edilib. 2018-ci ildə şərab ixracının həcmi 2017-ci ilin göstəricisi ilə müqayisədə 75,4 faiz yüksək olub. Hazırda bizim şərablarımız ən çox Çin və Rusiya bazarlarına ixrac edilir. 2018-ci ildə ixrac edilmiş şərabın 6,3 min tonu məhz Çin və Rusiyanın payına düşür. Şərab ixracında yerli məhsulların rəqabət üstünlüklərini və potensial bazarlarda tələbatın yüksək olmasını nəzərə alaraq ölkədə mövcud olan şərab zavodlarının potensialından tam istifadə olunması növbəti illər üçün qarşıya məqsəd qoyulub”.

Xaricdən üzüm idxalına ehtiyac yoxdur
M.Hüseynovun sözlərinə görə, ölkəmiz üzümə olan tələbatını tam olaraq ödəyir. Lakin şərab istehsalında yerli deyil, ölkədə yetişdirilən xarici üzüm sortlarından daha çox istifadə olunur. Bunun aradan qaldırılması ilə bağlı artıq işlər yekunlaşmaq üzrədir: "Şərabçılıqda ixrac məsələsi bizim üçün vacibdir. Bunun üçün şərab istehsalında əsasən, yerli üzüm sortlarımızdan istifadə olunmalıdır ki, biz milli brendlərlə dünya bazarına çıxaq. Azərbaycanın özünə məxsus qədim üzüm sortlarından şərablar istehsal edərək dünya bazarlarına çıxmaq daha məqsədəuyğundur. Çünki xarici bazarlarda istehlakçılar üçün digər bir ölkənin qədim üzüm sortundan hazırlanan şərablar daha maraqlıdır. Son illər bizdə üzüm bağlarının salınmasında əsasən xarici sortlardan istifadə olundu. Ona görə ki, ölkədə filloksera zərərvericisinə davamlı calaq üzüm əkin materialı istehsal edən müəssisə yox idi. Amma dövlətin dəstəyi ilə bu müəssisə artıq Şamaxı rayonunda tikilir. Yaxın vaxtlarda yəqin ki, açılışı olacaq. Bu müəssisə açılandan sonra Azərbaycan özü calaq ting üzüm əkin materialı istehsal edəcək. Müəyyən qədər xaricdən idxalın qarşısı alınacaq. Eyni zamanda Azərbaycanın yerli üzüm sortları qorunub saxlanılacaq, onlar əkiləcək. Fermerlər və şirkətlər bizim yerli üzüm sortlarımızı indiyə qədər ona görə əkməyə həvəsli deyildilər ki, xaricdən gələn üzüm əkin materialı calaq edilmiş formada gəlir, istehsalçılar filloksera zərərvericisinə davamlı üzüm əkin materialından istifadəyə üstün verərək bu zərərvericinin təsirindən bağlarını sığortalayırlar. Lakin özümüzdə o əkin materialı istehsal edən müəssisənin yaradılması ilə bu problem aradan qalxacaq. Onu da qeyd edim ki, hazırda xaricdən üzüm məhsulu idxalına ehtiyac yoxdur, yəni ölkə özü-özünün üzüm məhsuluna olan tələbatını ödəyir. 2018-ci ildə ölkədə üzüm ehtiyatlarının cəmi miqdarı 186.1 min ton təşkil edib. Ehtiyatların 90.1%-i və ya 167.6 min tonu ölkə daxilində istehsal olunub, 9.1%-i və ya 16.9 min tonu idxal edilib. Ümumilikdə üzüm üzrə özünütəminetmə səviyyəsi 92.5% təşkil edib. 2018-ci ildə ümumi üzüm ehtiyatlarının 41.1%-i və ya 76.6 min tonu ərzaq məhsullarının istehsalı üçün istifadə edilib. İstehsal olunan üzümün bir hissəsi şərab istehsalına yönəldilib, qalan hissə isə kişmiş, şirə, sirkə və mürəbbə istehsalına sərf olunub. Emal edilmədən ərzaq məhsulu kimi istifadə olunmuş üzümün xüsusi çəkisi 54.0 % (100.5 min ton) təşkil edib. 2018-ci ildə adambaşına 10.2 kq üzüm istehlak edilib. İstehsal edilən üzümün yalnız 2.0%-i (3.9 min ton) ixrac olunub. Quru üzüm isə idxal olunur. Son dövlər bu istiqamətdə də işlər görülür ki, ölkə özünü bu məhsullarla təmin etsin”.
127 min hektara qədər üzümlük sahəsinin azalması
M.Hüseynov qeyd etdi ki, Azərbaycan şərabının sovet vaxtındakı istehsal həcmi və şöhrətinin qaytarılması istiqamətində bu gün davamlı işlər görülür: "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icra edilməsi nəticəsində Azərbaycanda şərabçılıq və üzümçülüyün inkişafına nail olunacaq. 1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 mln. tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektara, üzüm yığımı 2,126 min tona, hektardan məhsuldarlıq isə respublikada ən yüksək həddə çataraq 99,2 sentner təşkil etdi. Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxdı. Lakin SSRİ rəhbərliyinin «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri» haqqında 1985-ci ildə qəbul olunmuş qərarından sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzümlüklər sökülməyə başlandı, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, qiymətli yerli və introduksiya olunmuş üzüm sortları məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ümumiyyətlə, respublikada bar verən üzümlüklərin sahəsi 1993-cü ildə 127 min hektara qədər azalıb, məhsul istehsalı 289 min ton təşkil edib. 1985-ci illə müqayisədə üzümlüklərin sahəsinin 2 dəfə, məhsul istehsalının 1,500 min ton, məhsuldarlığın isə 58 s/ha qədər kəskin azaldığı aydın olub. Sonralar SSRİ-nin dağılması ilə əlaqədar məhsulların ixracı ilə bağlı problemlər yaranması, ölkələr arasında münasibətlərin kəsilməsi nəticəsində Azərbaycanda üzüm bağlarının sayı kəskin şəkildə azaldı. Respublikada 1992-1993-cü illərdə mülkiyyətə münasibət məsələlərinin dəyişməsi ilə əlaqədar və eləcə də bir sıra obyektiv və subyektiv səbəblərdən ölkə iqtisadiyyatında çox mühüm yer tutan üzümçülük və şərabçılıq kompleksi yenə də zəifləməyə başlayır, bar verən üzüm bağlarının ümumi sahəsi 286 min hektardan 10 min hektara enir. Bundan başqa, 43 min hektar üzüm bağları erməni isğalı altında qalıb. Nəticədə üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düşüb. Və son illərdə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan artıq bu sahədə böyük inkişaf yolundadır”.
Potensialımızı tam olaraq istifadə etmirik
İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, ilk olaraq Azərbaycan regional bazarda əvvəlki şöhrətini qaytarmaq üçün çalışmalıdır: "Şərab istehsalı və ixracatı rəqabətli bir bazardır. Ümumiyyətlə, region və dünya bazarında kifayət qədər brend şərab istehsal edən şirkətlər və ölkələr var. Onların istehsal etdikləri məhsulları bazarda kifayət qədər ucuz qiymətə satdıqlarını nəzərə alsaq, görərik ki, bu da digər ölkələrin, həm də Azərbaycan şərabçılarının qlobal bazarda rəqabət imkanını xeyli məhdudlaşır. Regional bazar böyük bazardır. Hazırda Azərbaycan şərabçıları regional bazara çıxmağa daha çox çalışmalıdırlar. Nəzərə alsaq ki Rusiyada şəraba tələbat artıb, bu da Azərbaycan üçün yaxşı bir bazardır. Keçmiş SSRİ dövrü ilə müqayisə etsək, təbii ki, hazırda regional bazar baxışından bizim bazardakı mövqeyimiz xeyli zəifləyib. Keçmiş SSRİ dövründə ölkəmizin istehsalı olan, tanınmış şərab markaları var idi. SSRİ dağıldıqdan sonra bu sahəyə diqqətin azalması bizim həmin bazarda, xüsusilə Rusiya bazarında mövqeyimizin zəifləməsinə və nəticədə mövqeyimizi əldən verməyimizə gətirib çıxardı. Yalnız son 5 ildə Azərbaycanda şərabçılığın daha çox inkişaf etdiyini, şərabçıların regional bazarlarda mövqelərini bərpa etməyə çalışdıqlarını müşahidə edirik. Təbii ki bu da zaman tələb edir. Çünki həm Rusiya, həm də digər MDB ölkələrində şərab məhsullarının tanıdılması üçün rəqabət güclüdür. Xüsusilə, Rusiya bazarında Gürcüstan və Moldova şərabçıları ilə rəqabət aparmağa ehtiyac var. Hazırda Gürcüstanın xeyli sayda şərab məhsulları MDB bazarında brend olaraq özünə yer tapıb. O baxımdan kifayət qədər güclü rəqabət var”.
İqtisadçı bildirdi ki, şərabçılıq istehsalında potensial anlayışı adətən çox istifadə olunmur. Çünki tələb varsa, istehsalı həyata keçirilir: "Amma sözsüz, potensialımızı tam olaraq istifadə etmirik. Çünki nəticə etibarilə daxili tələb də azdır. Xüsusilə Azərbaycanda bir neçə marka var ki, onlar daxili bazarda mövqelərini gücləndiriblər, onların istehsal etdiyi məhsula daxili bazarda tələb yüksəkdir. Amma ixrac potensialımızdan çox az istifadə edirik. O baxımından məqsəd ondan ibarətdir ki, Azərbaycan şərabları və şərab növləri brend olaraq tanıdılsın və mövcud potensialdan tam istifadə edilməsinə nail olunsun”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər