• çərşənbə axşamı, 19 mart, 11:54
  • Baku Bakı 8°C

Şər heç vaxt qalib ola bilməz

18.02.19 15:00 2567
Şər heç vaxt qalib ola bilməz
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz filologiya üzrə elmlər doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dillər və ədəbiyyat kafedrasının professoru, dilçi Akif İmanlıdıdır. Akif müəllimin sevdiyi əsər Viktor Hüqonun "Səfillər” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Viktor Hüqonun "Səfillər” romanı sizin sevdiyiniz əsərdir?
– Bəlli olduğu kimi, bədii əsər bizə məlum olan həyat hadisələrinin bədii obraz, bədii təsvir və ifadə vasitələri ilə əksidir. Bir halda ki, bədii əsərlərdə təsvir olunan insanlar, hadisələr az-çox bizə tanışdırsa, onda nə ehtiyac var ki, kimsə əzablı-əziyyətli bir iş sahəsi olan yazıçılığa ömrünü sərf etsin, mətbəələr, nəşriyyatlar və s. təsis edilsin, kitablar nəşr edilərək bəlli hadisələr və insanlar yenidən, lakin bədii şəkildə bir də oxucu kütləsinə təqdim edilsin? Yalnız və yalnız insanlara tərbiyəvi təsir göstərmək, onları həyatlarını düzgün qurmağa istiqamətləndirmək və s. Məhz bu cəhətdən "Səfillər” güclü təsir qüvvəsinə malikdir, ona görə də, bu, mənim ən çox sevdiyim əsərdir.
– Viktor Hüqonun "Səfillər” romanında müəyyən dövrə aid zəngin tarixi təsvirləri və məlumatları nəzərə alsaq, əsəri tarixi roman kimi qəbul etmək olarmı?
– "Səfillər”də müəyyən dövrə aid zəngin tarixi təsvir və məlumatlar obrazların xarakterinin açılmasına, hadisələrin bir-birini tamamlamasına xidmət edir. Ona görə də, "Səfillər”i tarixi roman adlandırmaq, fikrimizcə, düzgün olmaz.
– Hüqonun müasiri, tənqidçi Küvilye Fleri deyirdi ki, "Səfillər”, əslində, roman deyil, sosial traktatdır”. Onu haqlı hesab etmək olarmı?
– "Səfillər”də Fransa cəmiyyətində kapitalizm ictimai quruluşunun törətdiyi cinayət, dilənçilik, səfillik, sadə xalqın məşəqqətli, iztirablı həyatı olduqca dolğun və təsirli şəkildə təsvir edilmişdir. Bu o demək deyil ki, "Səfillər” əslində, roman deyil, sosial traktatdır”. Mən bu fikirlə razı deyiləm. Tənqidçilərə nə var ki! "Tənqidçi kimdir? Yazıçının xətrinə dəyən oxucu” və ya "Tənqidçi öz rotasına atəş açan, yaxud düşmən tərəfinə-oxucular tərəfinə keçən əsgərdir” deyir Jül Renar.
– Romanın baş qəhrəmanı Jan Jaljan, əslində, keçmiş məhkum olan fransız iş adamı Egen Fransua Vidokun prototipidir. Halbuki əsəri oxuyarkən bu dərəcədə xeyirxah, cəsarətli, fədakar insanın mövcudluğuna inanmaq olmur. Jan Jaljanın bir qəhrəman kimi necə dəyərləndirərdiniz?
– Jan Valjan, kimin prototipi olmasından asılı olmayaraq, olduqca xeyirxah, cəsarətli, fədakar xarakterə malik bədii obrazdır. Belə xarakterə malik insanın həyatda mövcudluğuna inanıb-inanmamaq məsələsinə gəldikdə, onu deyə bilərəm ki, bu, yazıçının yüksək ideyalarından, sənətin bədii-estetik prinsiplərindən irəli gəlir, əsərin tərbiyəvi təsir qüvvəsini artırır. Jan Valjan obrazı insanlarda, xüsusilə gənclərin qəlbində özünütərbiyə rüşeymlərini inkişaf etdirmək gücündə olan bir obrazdır.
– "Səfillər”i XIX əsr Fransa cəmiyyətinə tutulmuş güzgü hesab edirlər ki, buna görə, vaxtilə Hüqo çox tənqid edilmişdi, öz ölkəsini başqa xalqların gözündən salması ilə qınanırdı. "Başqa xalq” nümayəndəsinin gözü ilə baxanda Hüqomu, tənqidçilərimi haqlıdır?
– Hüqo haqlıdır. Xalqın eyiblərini açıb göstərmək maarifçilik ideyalarından gəlirdi. Cəmiyyətdə müşahidə olunan hər cür çatışmazlıqlar, yaramazlıqlar, nöqsanlar, problemlər tənqid olunur ki, bunlar düzəlsin, insanlar islah oluna bilsinlər. Çünki ali varlıq sayılan insan və onun cəmiyyəti insan adına layiq olmalıdır.
– Hüqoya ən çox təsir edən tənqidlərdən biri dostu, yazıçı-şair Lamartinin fikirləri olub. O, əvvəlcə əsərin adını bəyənməyib, deyib ki, "Səfillər” deyil, "Günahkarlar” olmalı idi. Əslində, bununla da romanın mahiyyətini tam tutmadığını özü də bilmədən etiraf edir. Və yazıçını hadisələri, faciələri, ümumilikdə insan hisslərini şişirtməkdə qınayır. Buna münasibətiniz?
– Əsərin adının "Səfillər” yox, "Günahkarlar” adlandırılmasını o qədər də ciddi məsələ saymıram. Hər hansı bədii əsərin adı şərti də ola bilər. Milli ədəbiyyatımızda M.Hüseynin "Abşeron” romanının adı kimi. Lakin Viktor Hüqonun əsərində Fransa ictimai mühitindəki səfalət daha çox diqqəti çəkir. Ona görə də əsərin "Səfillər” adlandırılmasında təəccüb ediləcək bir şey görmürəm. Lamartin yazıçını hadisələri, faciələri, ümumilikdə, insan hisslərini şişirtməkdə qınayırsa, demək, Hüqonun ali ideallarına, məqsədinə qarşı çıxmış olur.
– "Səfillər”i ilk ələ alan oxucuya əsər yorucu gəlir. Xüsusən də, əsərin su kimi axdığı yerlərdə kəsilib hansısa tarixi hadisə, hətta kəşflər haqqında danışılır. Yazıçının detallara bu qədər varmağı haqqında nə deyərdiniz?
– "Səfillər”də oxucuya yorucu gələn, ağır oxunan hissələr, əslində, hadisələrin sonrakı inkişafına zəmin yaratmaq məqsədi güdür. Məsələn, Parisin yeraltı kanalizasiya sisteminin yorucu təsviri Mariusun başına gələn hadisələr və Jan Valjanın onu məhz həmin kanalizasiyadan çıxartması ilə əlaqədar təsvir edilmişdir.

– Ümumiyyətlə, oxucunu maarifləndirmək, kobud desək, ona dərs keçmək romantizm cərəyanının əsas xüsusiyyətlərindəndir. Bu isə günümüzün gənclərini ən çox qıcıqlandıran cəhətlərdəndir. Əl altında hər cür məlumatın bir axtarış düyməsində olduğu dövr oxucusuna "Səfillər” bu üzdən cansıxıcı gələ bilər. Bu gün "Səfillər” 30 və ya daha çox il öncəsində olduğu kimi maraqla oxunurmu?
– Bütün ədəbi cərəyanların məhsulu olan bədii əsərlərin əsas məqsədi məhz onun tərbiyəvi təsir mahiyyəti ilə izah olunur. İnsan ali varlıq olsa da, xarakteri mürəkkəb və ziddiyyətlidir. Onun ahəngdar tərbiyəsi dövrün əsas tələbi kimi meydana çıxmışdır. İnsanda geniş dünyagörüşün, müsbət əxlaqi keyfiyyətlərin formalaşmasında ədəbi əsərlərin müstəsna rolu və əhəmiyyəti vardır. Bədii əsərlər, hətta insan beynini elmi biliklərlə də zənginləşdirir. Misal üçün, V.Yanın "Finikiya gəmisi” əsərini oxuyanlar qədim Finikiya əlifbasını, digər mənbələri araşdırmadan, asanlıqla oradan öyrənə bilər.
"Oxucunu maarifləndirmək, .... ona dərs keçmək” təkcə romantizm cərəyanının deyil, ümumiyyətlə, bədii əsərlərin mahiyyətindən gəlir, fikrimizcə, nə qədər ki, ədəbi əsərlər yaranır, bu vəzifə yerinə yetirilməlidir. Nə qədər ki, insanların xasiyyəti, hərəkətləri, əməlləri deformasiyaya uğrayıb və heyvanlar bir neçə cəhətdən öz davranışları ilə insandan üstündür, ədiblər insanları öz əsərləri ilə tərbiyə etməkdən yorulmayacaqlar. Hər cür məlumatın bir axtarış düyməsində olduğu hazırkı dövrdə nəinki "Səfillər”, başqa kitablar da maraqla oxunmur.
– Vicdan, yoxsa qanunlar... Mənəvi, yoxsa maddi səfillik... Hüqo romanda daha hansı ziddiyyətli məqamları toqquşdurur?
– Vicdan, yoxsa qanunlar və s. bu kimi məsələlər romanda müəllif tərəfindən oxucunu razı salacaq heyrətamiz səviyyədə verilmişdir. Təkcə onu əlavə edərdim ki, V.Hüqo Tenardye obrazı ilə pula hərisliyin insanı necə rəzil vəziyyətə saldığını özünəməxsus bədii ustalıqla qələmə almışdır.
Parisi, küçə-küçə lağımına, binasına, kilsəsinə, hətta sakinlərinin üzlərindəki ifadəsinə qədər təsvir edən "Səfillər”i eyni zamanda "Fransa paytaxtının ən dəqiq rəsm tablosu” da adlandırırlar. Bu fikirlə razısınızmı? İstedadlı müəllifin bir bacarığı da onunla ölçülür ki, bədii əsərində "Fransa paytaxtının ən qədim rəsm tablosu”nu məqsədəmüvafiq şəkildə yaratmışdır. Bu isə yazıçının realist mövqeyi ilə izah oluna bilər.
– Əsərin bəzi hissələri var ki, bir çox ölkələrdə ayrıca kitab şəklində də buraxılır. Xüsusən də, Kozetta və Qavroşla bağlı olan hissələr bir vaxtlar orta məktəb dərsliklərinə salınırdı. Bildiyim qədəri ilə yeni dərsliklərdə yoxdur. Halbuki böyüməkdə olan nəsil üçün mənəvi hisslər və bilgilər baxımından çox faydalı olardı...
– Əlbəttə, əsərin tərbiyəvi mahiyyətli ayrı-ayrı hissələrinin yenidən dərsliklərə salınması və bəzi müvafiq fəsillərin ayrıca kitab şəklində nəşri çox faydalı olardı.
Bu da var ki, Hüqo özü heç vaxt romanın parçalanmasını istəməyib. Hətta vaxtilə əsərin çoxluğuna görə onu hissə-hissə vermək istəyən jurnala qarşı çıxıb. Bunu "əsər parçalanarsa, öz mahiyyətini itirər” kimi izah edib. Bəzən, həqiqətən də, romanın sanki ayrı-ayrı əsərlərdən bir araya toplanmış kitab olduğunu düşünürsən. Ümumiyyətlə, "parçalanma” zərərini bütün əsərlərə aid etmək olar, yoxsa məhz "Səfillər”də özünü büruzə verir?
Elə bədii əsərlər var ki, "parçalanma”dan zərər görməz. Məsələn, Nizami Gəncəvinin "Sirlər xəzinəsi”nə 20 məqalət, daxil edilmişdir ki, onları ayrılıqda asan və tez oxunsun deyə, kiçik kitablar formasında nəşr etmək mümkündür və yaxud deyək ki, M.A.Bulqakovun "Master və Marqarita”, Ç.Aytmatovun "Qiyamət”, Y.Səmədoğlunun "Qətl günü” əsərlərində roman içində roman var. Əlbəttə, onları da ayrıca kitab halında nəşr etmək mümkündür. "Səfillər”də isə "parçalanma”ya bəzi hallarda yol vermək olar. Bunlardan ikisini siz qeyd etdiniz. Birini də mən əlavə edim. Son dərəcə xeyirxah insan kimi təqdim və təsvir edilən yepiskop Miriel haqqındakı fəsilləri ayrıca kitab halında buraxmaq necə də gözəl olardı....
– Romanda Hüqonun dinə münasibəti haçalanır. Bəzi hissələrdə onun xristianlığa qarşı olduğu düşünülsə də, daha sonra oxucu yanıldığını hiss edir. Hətta ikinci cilddə xristianlıqla bağlı danışılarkən monastırların ləğvi irəli sürülür. "Səfillər”in dinə inam varmı?
– Hər bir yazıçının dinə münasibəti yazdığı əsərin ideyasına uyğun olaraq öz həllini tapır. Konkret olaraq deyim ki, "Səfillər”də dinə inam vardır.
– Tale və bəxt amili də Hüqonun, deyəsən, "yaralı yer”idir. Məsələn, xeyirxah Jan Valjan bir oğurluğa görə katorqaya sürgün edilir, sevgisiz, övladsız yaşayır. Bəlkə də, bu üzdən bütün mehrini Kozettaya bağlayır, amma Tenardye kimi rəzil, pul üçün hər hoqqadan çıxan, qanunları heçə sayan biri isə Amerikaya qaçıb orada varlanır. Yəni şər yenə də qalib gəlir...
– Həyat, əslində, xeyirlə şərin mübarizəsindən ibarətdir. Bizim öyrəndiyimiz fəlsəfəyə görə, hər bir kəsin taleyi öz əməllərinə görə müəyyənləşir... Süleyman peyğəmbərin – Süleyman həm quş dili bilən, həm padşah, həm də peyğəmbər kimi təqdim edilir – doğulan uşağının ayağı bitişik olur. Bundan rahatsız olan arvadı Bilqeyis deyir ki, sən Allahın peyğəmbərisən, nə üçün sənin uşağının ayaqları bitişikdir? İbadətə başlayan Süleymana belə bir səda gəlir: "Arvadınla üzbəüz oturub günahlarınızı etiraf edin”.
Hər ikisi fikrə gedib, nəhayət, günahlarını müəyyən edirlər. Süleymanın etirafı: "Mənim yanıma şikayətə gələnləri dinləməzdən əvvəl onların əlinə baxıram, görüm mənə nə ənam gətiriblər?”
Bilqeyisin etirafı: "Düzü, mən də nə vaxt yaraşıqlı cavan oğlana rast gəlirəm, onun arzusu hərdən ürəyimə düşür”.
Bu etirafdan sonra tövbə edir, günahlarının bağışlanmasını Allahdan diləyirlər. Bir müddətdən sonra uşağın ayaqları düzəlir.
Günah – əməl – və tale! Hər bir yazıçı bu məsələyə aydın mövqedən yanaşsa, əlbəttə, əsərin tərbiyəvi təsir gücü artar.
İnsan əməlinin nəticəsində yaranan şər heç vaxt qalib ola bilməz. Bəzi məlumatlara görə, müharibəni uduzan Hitler də sualtı qayıqla Cənubi Amerikaya qaçmışdır. Bu o demək deyil ki, Tenardye kimi rəzil bir adam, Hitler kimi qırğın törədən hərbi cani qaçmaqla xoşbəxt olmuşlar, yaxud şər qalib gəlmişdir? Elə Tenardyenin rəzil adam olmasının özü onun – şərin məğlubiyyəti kimi dərk olunmurmu? Xeyirxah Jan Valjan isə hansı məhrumiyyətlərə düçar olursa olsun, qalibdir!
– Belə deyilir ki, Lev Tolstoy "Hərb və sülh”ü necə yazmağın yollarını axtararkən "Səfillər”i oxuyub və məhz bundan sonra öz əsərini formalaşdırıb. Bu iki epopeya haqqında oxşarlıq görürsünüzmü?
– "Səfillər” və "Hərb və sülh” epopeyaları çoxplanlı quruluşu, insan xarakterlərinin dolğunluğu, psixoloji təhlilin dərinliyi baxımından oxşar əsərlərdir. L.N.Tolstoyun "Hərb və sülh” əsəri vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu ilə V.Hüqonun "Səfillər” əsərindən fərqlənir. "Ədəbiyyatı yalnız kəl kimi işləyə bilənlər yaradır. Ən güclü kəllər dahilərdir” deyir Jül Renar. V.Hüqo və L.N.Tolstoy dahi yazıçılardır.
– "Səfillər”i oxumaq istəyən, ancaq 1700-dən artıq səhifəni gözündə böyüdən oxucuya əsəri qısa şəkildə necə təqdim edərdiniz?
– Əsərə ağırlıq gətirən bir çox hissələrin ixtisarı ilə Jan Valjan obrazı ətrafında yığcam roman şəklində təqdim etmək olardı.
– Əsərdə hansı dialoq, səhnə və ya məqam sizin üçün unudulmazdır?
– Jan Valjanın katorqadan qayıdanda yepiskop Miriel Benvenünün evində qalması, yepiskopla dialoqu və onun – Jan Valjanın – mənəvi təkamülünə yepiskopun təsiri səhnəsini heç vaxt unutmuram.

Söhbətləşdi: Fərid Hüseyn


banner

Oxşar Xəbərlər