• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

Separatizmi dəstəkləyən avropalı deputatlarla necə davranmalı?

05.10.18 19:10 773
Separatizmi dəstəkləyən avropalı deputatlarla necə davranmalı?
Avropada fəaliyyət göstərən erməni lobbisi və diasporunun hər zaman çirkin siyasətini həyata keçirmək üçün Avropa institutlarındakı deputatlardan "bəhrələnməsi” heç kimə sirr deyil. Ermənilər bəzi avroparlamentarilərin əli ilə Avropa Parlamentində, AŞ PA, ATƏT PA eləcə də Avronest PA-da Azərbaycan əleyhinə müxtəlif qərarların qəbul edilməsinə cəhd edirlər. Eyni zamanda Dağlıq Qarabağ məsələsində separatizm və etnik təmizləməyə dəstək verən bir sıra avropalı deputatlar müəyyən zamanlarda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına səfərlər edirlər. Buna misal olaraq, Avropa Parlamentinin Yunanıstandan olan deputatı Eleni Teoxarusu göstərmək olar.
O, qondarma rejimi Avropada təbliğ edən, separatçılığı dəstəkləyən yeganə deputat deyil. Məhz bu səbəbdən də Azərbaycan dövləti onun icazəsi olmadan işğal olunmuş ərazilərə səfər edənləri "arzuolunmaz şəxslər siyahısı”na əlavə edir və onların ölkəmizə girişinə qadağa qoyulur. Bu yetərlidirmi və ümumiyyətlə, separatçılığı dəstəkləyən, işğal olunmuş ərazilərə qanunsuz səfər edən avropalı deputatlarla bağlı Azərbaycan necə davranmalıdır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyevbildirdi ki, Dağlıq Qarabağa səfər etmiş və separatçılığı təbliğ edən Avropa Parlamentinin deputatları ilə bağlı artıq Azərbaycan dövlətinin müəyyən addımları var: "Həmin adamlar anındaca "arzuolunmaz şəxslər siyahı”sına düşürlər və Azərbaycana səfərlərinə qadağa qoyulur. Bu məsələdə Azərbaycan dövlətinin nə qədər prinsipial olduğunu Almaniya Bundestaqının üzvü və Angela Merkelin "Xristian-Demokratlar İttifaqı” partiyasının deputatı olan Albert Vaylerin kanslerlə birgə Bakıya səfər etmək istəyinin qarşısının alınmasında da gördük. Açığını deyim ki, bu həddən artıq sərt diplomatik jest idi. Başqa dövlətlərdən söhbət getsəydi, bəlkə də xanım kansler öz səfərini təxirə salıb gəlməyə də bilərdi. Amma Azərbaycanın Qafqazda necə önəmli rol oynadığını nəzərə alaraq, qəbul etdilər ki, Azərbaycan üçün arzuolunmaz bir adam ölkəyə gələ bilməz. Almaniya kansler Angela Merkelin səfəri baş tutdu, ancaq deputat Albert Vayler Azərbaycana gələ bilmədi. Yəni, qeyd etdiyim kimi, Azərbaycanın bu cür sərt addımları var. Burada söhbət təkcə Azərbaycan dövlətinin reaksiyasından getmir. Söhbət Dağlıq Qarabağa öz deputatlarını, təmsilçilərini, hətta bəzi hallarda rəsmilərini müxtəlif bəhanələr adı altında göndərən qüvvələrdən gedir. Onlar, xüsusilə Avropa dövlətləri rəsmi Bakının bu addımından nəticə çıxarmalıdır”.
S.Alıyevin sözlərinə görə, Avropa dövlətləri anlamalıdırlar ki, ikili standartlar məhz özlərində separatçılığın baş qaldırmasına aparıb çıxarır: "Hansı ki, biz bunu İspaniyada Kataloniya məsələsində gördük. Eyni zamanda Fransada, Belçikada, İtaliyada, Böyük Britaniyada belə hallar var. Yəni, bu cür ikili standartlara dayanan hərəkətlər sonradan bumeranq effekti verir. Əgər fikirləşirlərsə ki bununla Azərbaycana dövlətinə, özəlliklə xalqımıza işğal altında qalan torpaqlarımızı həzm etdirəcəklər, bunu rəsmiləşdirəcəklər, çox yanılırlar və bu alınmayacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, Azərbaycan statusundan asılı olmayaraq işğal edilmiş ərazilərə qanunsuz səfərlər edən şəxsləri qarşı "qara siyahı”ya daxil edir və prinsipial mövqe nümayiş etdirir: "Məsələn, bu yaxınlarda Almaniya kansleri Angela Merkel Bakıya səfər edərkən onun nümayəndə heyətində olan deputat Albert Vayleri Azərbaycan ölkəyə buraxmadı və prinsipiallıq göstərdi. Halbuki kanslerin ilk səfəri idi və Almaniya Avropa iqtisadiyyatının öncüllərindəndir. Kənardan baxanda, belə bir ölkənin nümayəndə heyətinə toxunmaq olmazdı. Amma Azərbaycan bu addımı atdı. Eləcə də digərlərinə də qarşı eyni mövqe sərgilənir. Əslində bundan başqa bir yol da yoxdur. Deputatlara nə öz ölkələri, nə də Avropanın strukturları təzyiq göstərə bilməz. Çünki onların immuniteti var. Burada yeganə yol ondan ibarətdir ki, bizim də Avropa institutlarında, beynəlxalq təşkilatlarda dostlarımız olmalıdır. Təəssüf ki, Azərbaycanın belə strukturlarda pis-yaxşı topladığı dostlara qarşı ermənilərin başlatdığı kampaniyanın önündə elə Azərbaycandan olan satqınlar durur. Bu səbəbdən də bu strukturlarda olan deputatlar çəkinirlər. Avropa Parlamentində, AŞ PA-da, ATƏT PA-da və ümumiyyətlə beynəlxalq strukturlarda mövcud olan parlament strukturlarında Azərbaycanla dostluq edən deputatlara qarşı qarayaxma kampaniyası aparılır. Ən pisi də odur ki, qeyd etdiyim kimi, azərbaycanlılar cəlb edilir. Bura Azərbaycandan olan müəyyən siyasi qüvvələr, ictimai təşkilatlar, jurnalistlər, eləcə də mühacirlər daxildir. Amma ermənilərdə belə hal yoxdur. Özü də ermənilərin içərisində müxalifət də var, hakimiyyətə qarşı çıxışlar da var, amma belə lobbi məsələlərində onlar vahid qüvvə kimi özlərini göstərirlər. Biz də isə təəssüf ki, belə hallar var və bu da müxtəlif şəxslərin ölkəmizi istəməyən müəyyən qüvvələrin təsir agentinə çevrilməsi və onlara xidmət etməsi nəticəsində baş verir”.
S.Məmmədov vurğuladı ki, Azərbaycanın lobbi siyasətində də ciddi dəyişikliklər olmalıdır: "Beynəlxalq aləmdə dostların cəlb edilməsi ayıb sayılmır. Bu siyasət belə olmalıdır: düşmənləri neytrallaşdırmaq, neytralları dostlaşdırmaq və dostları da əldə möhkəm saxlamaq. Azərbaycan indiki halda bu siyasəti yürütməlidir. Hesab edirəm ki, Azərbaycanın əleyhinə olan şəxslərə qarşı əks tədbirlər ilk növbədə bunlardır”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər