• cümə, 29 Mart, 12:17
  • Baku Bakı 14°C

Separatçıların təxribatı ABŞ-dakı görüşlə bağlıdırmı?

19.06.19 19:25 595
Separatçıların təxribatı ABŞ-dakı görüşlə bağlıdırmı?
Sabah Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Baş tutacaq danışıqlarda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton vasitəçilik edəcək. Bu barədə Bolton özü xəbər yayıb.
Maraqlıdır ki, əvvəlcədən Vaşinqton görüşünün keçiriləcəyi tərəflərə bəlli olduğu halda, Ermənistan həmin ərəfədə qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar həyata keçirməyə başladı. Belə bir vəziyyətdə Qarabağdakı separatçıların təxribatlar törətməsi danışıqların ABŞ-da keçirilməsi və Boltonun görüşə qatılmasından qaynaqlanaraq keçirdikləri narahatlıqla bağlı ola bilərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, indi daha çox ortaya çıxan sual onunla bağlıdır ki, aprel ayında Moskvada keçirilən görüşün elə bir real nəticələri olmadı: "Müəyyən razılaşmalar olsa da, onların praktiki tətbiqi imkanları üzə çıxmadı. Vaşinqtonda keçirilən görüşdən nələr gözləmək olar? Bu görüş öncəsi qoşunların təmas xəttində yaşanan son hadisələrə qiymət vermək lazımdır. Belə ki, Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozub, iki hərbçimiz şəhid edilib. Eyni zamanda ermənilər helikopter avantürasını həyata keçirib. Bütün bunlar nəticə etibarı ilə, o cümlədən cəbhə xəttində vəziyyəti olduqca gərginləşdirib. Həmçinin bu reallıq fonunda Ermənistanın müdafiə naziri Tonoyan Azərbaycan əsgərini hədəfə alan erməni hərbçisini mükafatlandırır. Bütövlükdə bu qeyd olunanları nəzərə aldıqda, Vaşinqton görüşündən müsbət, pozitiv nəticələr gözləməyin kifayət qədər məhdud olması qənaətinə gəlirik”.
E.Nəsirov vurğuladı ki, Azərbaycan və Ermənistanın dövlət başçılarını, o cümlədən xarici işlər nazirlərinin görüşü ərəfəsində və sonra ermənilərin təxribatlarının şahidi olmuşuq: "Ermənilər görüş öncəsi təxribatlara əl atmaqla istəyirlər ki, çox əsaslı, fundamental məsələlər müzakirə olunmasın. Bu görüşdə əsas müzakirə ediləcək məsələ atəşkəsin qorunub saxlanması olsun və məhz bütün söhbətlər bunun üzərində qurulsun. Bu, ermənilərin sınaqdan keçirdiyi üsuldur və indi də istisna təşkil etmir. Eyni zamanda başqa bir məsələ də diqqətdən yayınmır. Belə ki, Ermənistandakı Paşinyan rejimi ilə "Qarabağ klanı” arasında münaqişə artıq açıq müstəviyə keçib. Onlar bir-birini vətənə xəyanətdə ittiham edirlər. "Qarabağ klanı” münaqişənin həlli ilə bağlı prosesdə Paşinyanı Ermənistanın milli maraqlarına zidd addımlar atmağa hazırlaşmaqda ittiham edir. Paşinyan isə iyun ayının 5-də sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, "Qarabağ klanı” təmas xəttində çox ciddi təxribata hazırlaşır. Əslində bu təxribat Ermənistan dövlətinə və xalqına xəyanətə bərabərdir. Diqqət etsək görərik ki, bir-birinə qarşı olan tərəflər məhz "Qarabağ kartı”ndan istifadə edir. Bu reallıqlar fonunda Vaşinqtonda xarici işlər nazirlərinin görüşü keçirilir. Hesab edirəm ki, indiki halda Ermənistan daxilindəki gərgin vəziyyəti nəzərə alsaq, Paşinyanın Vaşinqtona göndərdiyi xarici işlər nazirindən münaqişənin həlli ilə bağlı hər hansı konstruktiv mövqe ortaya qoyacağını gözləmək imkanı olduqca məhduddur”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Vaşinqton görüşündən əvvəl Ermənistanın təmas xəttində törətdiyi təxribatların şahidiyik: "Bu təxribatların törədilməsinin bir neçə məqsədi var. Burada Azərbaycan üçün əsas məqam ondan ibarətdir ki, biz indiki durumda soyuqqanlı olmalıyıq və düzgün nəticələr çıxarmağı bacarmalıyıq. Ermənistanın müdafiə nazirinin başçılığı ilə edilən populist çıxışların və cəbhədə törədilən təxribatların səbəbi odur ki, danışıqlar heçə endirilsin. Eləcə də danışıqlar masasında xarici işlər nazirləri heç bir qərar qəbul etməsin. Bilirik ki, bu kimi görüşlərin nəticəsi olaraq, əsas qərarlar çox nadir hallarda qəbul edilir. Amma görünən odur ki, bəzi geosiyasi dairələrin Vaşinqtondakı görüşlə bağlı narazılığı var. Hər bir halda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri hansısa bir məsələdə, zənnimcə, nəticəyə gəlməyəcəklər. Çünki Moskva danışıqlarında da onların humanitar məsələlərlə bağlı gəldikləri nəticə göstərdi ki, bu nəticə deyil və sadəcə, masa arxasında aparılan müzakirələrdir. Çünki Moskva görüşündə edilən müzakirələrin reallaşmaması bir daha sübut edir ki, Ermənistan tərəfi münaqişənin həllində maraqlı deyil”.
Z.Məmmədov qeyd etdi ki, Bolton ABŞ-ın yüksək vəzifəli rəsmisi olaraq görüşdə iştirak edəcək: "O, Cənubi Qafqazdakı münaqişə tərəflərini evində qonaq edir. Çünki bilirik ki, ABŞ son vaxtlar Cənubi Qafqaza daha çox diqqət yetirməyə başlayıb. Əgər əvvəllər Vaşinqtonun Cənubi Qafqaza diqqəti regionda olan iqtisadi, enerji resursları ilə bağlı idisə, indiki halda ABŞ geosiyasi məsələlərə fokuslanmağa başlayıb. Bu, təbii ki, ABŞ tərəfindən planlaşdırılmış şəkildə həyata keçirilir. Bu ölkənin Baltikyanı ölkələrdə və Şərqi Avropada güclənməsindən sonra növbə Qara dəniz və Cənubi Qafqaza çatıb. Onu da qeyd edim ki, münaqişə tərəflərinin görüşündə o, ABŞ-ın problemlə bağlı tövsiyələrini Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bildirəcək. Bildiyimiz kimi, ötən ilin payızında Bolton Azərbaycana və Ermənistana səfər etmişdi. Həmin səfər əsnasında o, Paşinyana ciddi mesajlar vermişdi. Bu da ondan ibarət idi ki, Ermənistan ətraf rayonları boşaltmalı və Azərbaycanla sərhədlər açılmalıdır. Çünki Paşinyan İranla bağlı məsələdə blokadanı bəhanə edirdi və bildirirdi ki, İranla başqa cür siyasət aparmaq mümkün deyil”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər