Separatçıların təxribatı ABŞ-dakı görüşlə bağlıdırmı?
Sabah Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun iştirakı ilə Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Baş tutacaq
danışıqlarda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton
vasitəçilik edəcək. Bu barədə Bolton özü xəbər yayıb.
Maraqlıdır ki, əvvəlcədən Vaşinqton görüşünün keçiriləcəyi tərəflərə bəlli olduğu halda, Ermənistan həmin ərəfədə qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar həyata keçirməyə başladı. Belə bir vəziyyətdə Qarabağdakı separatçıların təxribatlar törətməsi danışıqların ABŞ-da keçirilməsi və Boltonun görüşə qatılmasından qaynaqlanaraq keçirdikləri narahatlıqla bağlı ola bilərmi?
BƏXTİYAR
Maraqlıdır ki, əvvəlcədən Vaşinqton görüşünün keçiriləcəyi tərəflərə bəlli olduğu halda, Ermənistan həmin ərəfədə qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar həyata keçirməyə başladı. Belə bir vəziyyətdə Qarabağdakı separatçıların təxribatlar törətməsi danışıqların ABŞ-da keçirilməsi və Boltonun görüşə qatılmasından qaynaqlanaraq keçirdikləri narahatlıqla bağlı ola bilərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman
Nəsirov bildirdi ki, indi daha çox ortaya çıxan sual onunla bağlıdır ki,
aprel ayında Moskvada keçirilən görüşün elə bir real nəticələri olmadı: "Müəyyən
razılaşmalar olsa da, onların praktiki tətbiqi imkanları üzə çıxmadı.
Vaşinqtonda keçirilən görüşdən nələr gözləmək olar? Bu görüş öncəsi qoşunların
təmas xəttində yaşanan son hadisələrə qiymət vermək lazımdır. Belə ki,
Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozub, iki hərbçimiz şəhid
edilib. Eyni zamanda ermənilər helikopter avantürasını həyata keçirib. Bütün
bunlar nəticə etibarı ilə, o cümlədən cəbhə xəttində vəziyyəti olduqca
gərginləşdirib. Həmçinin bu reallıq fonunda Ermənistanın müdafiə naziri Tonoyan
Azərbaycan əsgərini hədəfə alan erməni hərbçisini mükafatlandırır. Bütövlükdə
bu qeyd olunanları nəzərə aldıqda, Vaşinqton görüşündən müsbət, pozitiv
nəticələr gözləməyin kifayət qədər məhdud olması qənaətinə gəlirik”.
E.Nəsirov vurğuladı ki, Azərbaycan və Ermənistanın
dövlət başçılarını, o cümlədən xarici işlər nazirlərinin görüşü ərəfəsində və
sonra ermənilərin təxribatlarının şahidi olmuşuq: "Ermənilər görüş öncəsi
təxribatlara əl atmaqla istəyirlər ki, çox əsaslı, fundamental məsələlər
müzakirə olunmasın. Bu görüşdə əsas müzakirə ediləcək məsələ atəşkəsin qorunub
saxlanması olsun və məhz bütün söhbətlər bunun üzərində qurulsun. Bu,
ermənilərin sınaqdan keçirdiyi üsuldur və indi də istisna təşkil etmir. Eyni
zamanda başqa bir məsələ də diqqətdən yayınmır. Belə ki, Ermənistandakı
Paşinyan rejimi ilə "Qarabağ klanı” arasında münaqişə artıq açıq müstəviyə
keçib. Onlar bir-birini vətənə xəyanətdə ittiham edirlər. "Qarabağ klanı”
münaqişənin həlli ilə bağlı prosesdə Paşinyanı Ermənistanın milli maraqlarına
zidd addımlar atmağa hazırlaşmaqda ittiham edir. Paşinyan isə iyun ayının 5-də
sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, "Qarabağ klanı” təmas xəttində
çox ciddi təxribata hazırlaşır. Əslində bu təxribat Ermənistan dövlətinə və
xalqına xəyanətə bərabərdir. Diqqət etsək görərik ki, bir-birinə qarşı olan
tərəflər məhz "Qarabağ kartı”ndan istifadə edir. Bu reallıqlar fonunda Vaşinqtonda
xarici işlər nazirlərinin görüşü keçirilir. Hesab edirəm ki, indiki halda
Ermənistan daxilindəki gərgin vəziyyəti nəzərə alsaq, Paşinyanın Vaşinqtona
göndərdiyi xarici işlər nazirindən münaqişənin həlli ilə bağlı hər hansı
konstruktiv mövqe ortaya qoyacağını gözləmək imkanı olduqca məhduddur”.
Bakı Politoloqlar
Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Vaşinqton görüşündən əvvəl
Ermənistanın təmas xəttində törətdiyi təxribatların şahidiyik: "Bu
təxribatların törədilməsinin bir neçə məqsədi var. Burada Azərbaycan üçün əsas
məqam ondan ibarətdir ki, biz indiki durumda soyuqqanlı olmalıyıq və düzgün
nəticələr çıxarmağı bacarmalıyıq. Ermənistanın müdafiə nazirinin başçılığı ilə
edilən populist çıxışların və cəbhədə törədilən təxribatların səbəbi odur ki,
danışıqlar heçə endirilsin. Eləcə də danışıqlar masasında xarici işlər
nazirləri heç bir qərar qəbul etməsin. Bilirik ki, bu kimi görüşlərin nəticəsi
olaraq, əsas qərarlar çox nadir hallarda qəbul edilir. Amma görünən odur ki,
bəzi geosiyasi dairələrin Vaşinqtondakı görüşlə bağlı narazılığı var. Hər bir
halda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri hansısa bir
məsələdə, zənnimcə, nəticəyə gəlməyəcəklər. Çünki Moskva danışıqlarında da
onların humanitar məsələlərlə bağlı gəldikləri nəticə göstərdi ki, bu nəticə
deyil və sadəcə, masa arxasında aparılan müzakirələrdir. Çünki Moskva görüşündə
edilən müzakirələrin reallaşmaması bir daha sübut edir ki, Ermənistan tərəfi
münaqişənin həllində maraqlı deyil”.
Z.Məmmədov qeyd etdi ki, Bolton ABŞ-ın yüksək
vəzifəli rəsmisi olaraq görüşdə iştirak edəcək: "O, Cənubi Qafqazdakı münaqişə
tərəflərini evində qonaq edir. Çünki bilirik ki, ABŞ son vaxtlar Cənubi Qafqaza
daha çox diqqət yetirməyə başlayıb. Əgər əvvəllər Vaşinqtonun Cənubi Qafqaza
diqqəti regionda olan iqtisadi, enerji resursları ilə bağlı idisə, indiki halda
ABŞ geosiyasi məsələlərə fokuslanmağa başlayıb. Bu, təbii ki, ABŞ tərəfindən
planlaşdırılmış şəkildə həyata keçirilir. Bu ölkənin Baltikyanı ölkələrdə və
Şərqi Avropada güclənməsindən sonra növbə Qara dəniz və Cənubi Qafqaza çatıb. Onu
da qeyd edim ki, münaqişə tərəflərinin görüşündə o, ABŞ-ın problemlə bağlı
tövsiyələrini Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bildirəcək.
Bildiyimiz kimi, ötən ilin payızında Bolton Azərbaycana və Ermənistana səfər
etmişdi. Həmin səfər əsnasında o, Paşinyana ciddi mesajlar vermişdi. Bu da
ondan ibarət idi ki, Ermənistan ətraf rayonları boşaltmalı və Azərbaycanla
sərhədlər açılmalıdır. Çünki Paşinyan İranla bağlı məsələdə blokadanı bəhanə
edirdi və bildirirdi ki, İranla başqa cür siyasət aparmaq mümkün deyil”.
BƏXTİYAR