• cümə, 19 Aprel, 06:00
  • Baku Bakı 13°C

Separatçıların lideri öldürüldü

18.10.16 12:28 1084
Separatçıların lideri öldürüldü
Ukrayna xüsusi xidmət orqanları özünü müstəqil elan edən separatçı "Donetsk Xalq Respublikası”nın ən məşhur səhra komandirlərindən hesab edilən Arseni Pavlovu məhv ediblər. "Sparta” batalyonunun komandirinin məhv edilməsi ilə bağlı tanınmamış qurum ərazisində matəm elan edilib. Səhra komandirinin öldürülməsində Ukraynanın xüsusi xidmət orqanlarını günahlandırırlar. Məlumata görə, separatçıların liderləri sırasında olan bu şəxs liftə daxil olarkən uzaqdan idarə olunan partlayıcı vasitə ilə məhv edilib. Komandirin öldürülməsini tanınmamış qurumun "müdafiə nazirliyi”nin nümayəndəsi Eduard Basurin də təsdiqləyib. Onlar qətli böyük bir itki adlandırıblar. "Kiyev münaqişəni hələ də hərbi yolla həll etməyə cəhd göstərir. Lakin hərbi qələbə qazana bilmədiyindən məsələni terror vasitələri ilə həll etməyə cəhd göstərir”, - deyə Denis Puşilin vurğulayıb. Kiyevdə faktı təsdiq edərək, bunu sadəcə "məhvetmə” adlandırıblar. "Motorola” ləqəbli 33 yaşlı səhra komandiri Ukraynada hərbi əməliyyatlar başlayandan bəri döyüşlərdə aktiv iştirakı ilə seçilib. Çeçenistanda hərbi əməliyyatlarda iştirak edən bu şəxs sonradan tanınmamış "DXR”ın müdafiə idarəsinin rəhbəri İqor Strelkovun yanında çalışıb. Faktiki olaraq "Motorola” hibrid müharibəsinin pioneri idi – döyüşlərdə vəhşiliklərini dərhal videoya çəkir, sonra isə həmin kadrlar tanınmamış qurumun resurslarında göstərilirdi. Yəni o, bir növ "nyusmeyker” rolunu icra edirdi. Bu şəxs açıq şəkildə deyirdi ki, şəxsən 15 əsiri güllələyib.

Gəlinən qənaət budur ki, baş verən hadisə bölgədə vəziyyətin gərginləşməsinə səbəbə olacaq. Hətta bölgədə hərbi əməliyyatların yenidən başlanacağı barədə ekspert rəyləri də artıb. Ən maraqlısı isə odur ki, insident Ukrayna, Almaniya və Fransa liderlərinin "Normand dördlüyü”nün görüşü ərəfəsində baş verib. Bu görüşün əvvəlcə oktyabrın 19-da Fransada keçirilməsi nəzərdə tutulurdu. Vladimir Putinin Parisə səfəri ləğv olunduğu barədə informasiya yayıldıqdan sonra belə bir xəbər yayıldı ki, Almaniya kansleri Angela Merkel həmin tarixdə Rusiya və Ukrayna prezidentlərini Berlinə dəvət edib. Lakin dünən bəlli olub ki, Ukrayna prezidenti Brüsselə səfər edəcək. Rəsmi Kiyev bəyan edib ki, sabah Belçika paytaxtında Avropa İttifaqının prezidenti Donald Tusk, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker və Avropa Parlamentinin rəhbəri Martin Şultsun iştirakı ilə keçiriləcək görüşdə iştirak edəcək. Görüşdə Donbasdakı vəziyyət, Minsk razılaşmasının yerinə yetirilməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələləri müzakirə ediləcək. Görüş Avropa İttifaqının oktyabr sammiti və noyabrda keçiriləcək Ukrayna-Aİ sammiti ərəfəsində baş tutur.

Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkelvə Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib. Məlumata görə, tərəflər "Normand formatı” çərçivəsində müşavirlər səviyyəsində keçirilənməsləhətləşmələrin yekunlarını müzakirə ediblər. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı "Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, - deyə məlumatda qeyd olunur.Belə bir ərəfədə isə ABŞ Rusiyaya qarşı əlavə sanksiyaları gündəmə gətirib. "Yaxın bir neçə gün ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər”, - deyə ABŞ dövlət katibiCon Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib. "Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obamada müxtəlif variantları nəzərdən keçirir.Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək” , - deyə C.Kerri bildirib.Bundanəvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson da bildirib ki, ABŞ və Böyük Britaniya Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edə bilər.

Rəsmi Moskva isə bildirir ki, sanksiyalar onları qorxutmur: "Moskva üçün onların əhəmiyyəti yoxdur”. Bu sözləri prezident Vladimir Putin ötən gün keçirdiyi mətbuat konfransında Rusiyanın tətbiq etdiyi cavab sanksiyaları haqda danışarkən deyib. O, jurnalistin Rusiyanın tətbiq etdiyi sanksiyalarla bağlı sualını belə cavablandırıb: "Qulaqlarının ardını görərlər” deməklə fikrimi izah etdim, indi isə daha ətraflı izah edəcəyəm. Birincisi, mən sizinlə razı deyiləm. Rusiya heç kimə sanksiya tətbiq etmir. Bu, bəzi ölkələrin Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı görülən cavab tədbirləridir. Heç bir halda, onların aradan qaldırılması haqda düşünmürük”.

Beləliklə, gəlinən qənaət budur ki, Ukrayna böhranının həlli ilə bağlı məsələ dala dirənib. Separatçı səhra komandirinin məhv edilməsinin isə vəziyyətin yenidən gərginləşməsinə, cavab addımlarının atılmasına gətirib çıxaracağı istisna edilmir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər