• cümə, 19 Aprel, 08:54
  • Baku Bakı 13°C

Separatçılar səksəkədədir

07.04.16 12:24 797
Separatçılar səksəkədədir
İşğal altında olan ərazilərdə həyata keçirilən hərbi əməliyyatlar zamanı Ermənistana sarsıdıcı zərbə vurulması erməni cəmiyyətini şoka salıb. İtkilərin saysız-hesabsız olmasının erməni cəmiyyətində bir ruh düşkünlüyü yaratdığı sirr deyil və bunu onların özləri də etiraf edir. Baş verənlər erməni cəmiyyətindəki “məğlubedilməzlik mifi”ni də dağıdıb. Belə bir məqamda yenə də “köməyə” erməni lobbisi gəlib. Xaricdəki havadarlar erməni cəmiyyətindəki ruh düşkünlüyünü aradan qaldırmaq üçün bütün vasitələri işə salıblar. Erməni saytları yazır ki, dünya birliyi tərəfindən terrorçu qruplaşma kimi tanınan ASALA öz üzvlərini Ermənistana göndərib. Ötən gün saytlarda ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyanın Qarabağa gəldiyi barədə video yayılıb. O, yaydığı videomüraciətdə dəstəsini toplayaraq gəldiyini, türklərdən qisas alacağını bildirib.
“Arsax erməni torpağıdır və türklər, azərbaycanlılar onu bizdən ala bilməzlər. İndi onlar hücuma keçiblər. Biz hamımız birləşib, bir olub, Arsaxın müdafiəsinə qalxmalıyıq. Hamımız burada toplaşıb, Arsaxı qorumalıyıq. Bura hər zaman erməni torpağı olub və bizim əlimizdən heç kim ala bilməz” - deyə o, videoda Livan ermənisinə məxsus Axbar ləhcəsilə danışır. Terrorçu təşkilatın liderinin separatçı rejim ərazisində görünməsi şübhəsiz ki, beynəlxalq birliyə mesaj olmalıdır. Dünya birliyi separatçı rejimin terrorçu mahiyyətinə qiymət verməli, müvafiq nəticələr çıxarmalıdır. Çox güman ki, terrorçu qruplaşmanın liderinin separatçı rejimin ərazisində görünməsində məqsəd başqadır. Son günlər yayılan xəbərlərə görə, bölgədəki hərbi əməliyyatlar burada zorla məskunlaşdırılan əhali arasında qorxu, vahimə hissi yaradıb. Və onlar sürətlə buraları tərk etməyə can atırlar. İlkin məlumatlara görə, son günlər cərəyan edən hərbi əməliyyatlar üzündən üç minə yaxın erməni evlərini qoyaraq Dağlıq Qarabağı tərk edib. ASALA terror təşkilatının birinci Qarabağ müharibəsi zamanı vəhşilikləri barədə çoxsaylı faktlar var. Separatçı rejimin rəhbərliyi bununla da erməni əhali arasında xof yaratmaq istəyir. Hətta onlara hədə-qorxu gəlinməsi hallarına da rast gəlinib.
Yeri gəlmişkən, hərbi əməliyyatlar zamanı Azərbaycanın əldə etdiyi uğurlar xaricdəki düşmənlərimizin də kürkünə birə salıb. Bu sırada PKK terror təşkilatı və onun havadarları da xüsusi fəallaşıb. Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqe sərgiləyən separatçı PKK terror təşkilatı və onu dəstəkləyən HDP də hərəkətə keçib. PKK-ya rəğbətini gizlətməyən HDP açıq şəkildə Azərbaycanı tənqid edən bəyanat səsləndirib. Partiyanın lideri Səlahəddin Dəmirtaş cəbhə xəttində yaranan gərginliyə münasibət bildirib. O, Azərbaycanla Ermənistanın danışıqlar masasına oturmasının vacib olduğunu deyib: “Türkiyə hökuməti bu yanğını körükləyir. Qarabağ muxtar bölgəydi, oradakı insanlar necə istəyirlərsə, elə yaşamalıdırlar. Onların istəklərinə hörmət edilməlidir. Bu məsələ hərbi yolla yox, sülh yolu ilə həllini tapmalıdır. Hazırda Qafqazda yeni savaş bir qətliama səbəb ola bilər. Lütfən, bu savaşı dayandırın”. Şübhəsiz ki, burada kürd liderin məqsədi heç də ermənilərə can yandırmaq deyil. Bəlli olduğu kimi, separatçıların nəzarət etdiyi ərazilər PKK-nın təlim keçdiyi ərazilər hesab edilir. Dəfələrlə Türkiyənin mətbu orqanlarında bununla bağlı faktlarla dolu xəbərlər yerləşdirilib. Terrorçular da ehtiyat edir ki, həmin ərazilərin azad edilməsi PKK terrorçularının bazalarının ləğvinə gətirib çıxara bilər.
Azər
banner

Oxşar Xəbərlər