• cümə axşamı, 25 aprel, 13:02
  • Baku Bakı 23°C

Separatçılar didişirlər

28.10.19 18:25 1579
Separatçılar didişirlər
Gələn il heç kim, hətta Ermənistan tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasında "prezident” seçkiləri keçirilməlidir. "Seçkilərə” bir qədər qalmış kampaniyanın favoritinin kimin olacağı ətrafında müzakirələr erməni cəmiyyətini bürüyüb. "Vestnik Kafkaza” yazır ki, mahiyyət etibarilə söhbət Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı ərazilərində keçiriləcək "seçkilərdən” gedir. Xatırladılır ki, işğal siyasəti nəticəsində bir milyona yaxın insan öz ev-eşiyindən məhrum olub, 20 min insan döyüş əməliyyatları zamanı həlak olub, 50 min insan əlilə çevrilib, 4 mindən artıq azərbaycanlı itkin düşüb. Qarabağda bütöv yaşayış məntəqələri məhv edilib, məscidlər, tarixi abidələr, sənaye və kənd təsərrüfatı müəssisələri, körpü və digər infrastruktur obyektləri yox edilib. Müharibənin ağır nəticələrindən biri də iqtisadi böhran oldu. "Lakin bu gün insanların faciələri üzərində əllərini ovuşduranlar millətçi şüarlarla çıxış edir, orta əsr təfəkkürü ilə "parçala və hökm sür” prinsipi ilə hərəkət etməkdə davam edirlər. Yeri gəlmişkən, ötən gün BBC radio kanalında Hard Talk proqramının aparıcısı Stiven Sakur qonağı Ermənistan xarici işlər naziri Zöhrab Mnaçakanyanı yalan danışmaqda ittiham edib. Erməni nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəsinin yanaşmasını şərh edərkən aparıcı tərəfindən ifşa edilib. Həmin o müsahibə göstərdi ki, Qərbdə heç də Dağlıq Qarabağla bağlı az məlumatlı deyillər. Sakur bildirib ki, "Ermənistan baş naziri deyəndə ki, "Qarabağ Ermənistan deməkdir və nöqtə” onda o etiraf etmiş olub ki, beynəlxalq qanunvericiliyə, BMT-nin və müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd danışır. Mən təsəvvür edə bilmirəm ki, bununla sülh mövqeyi necə ortaya qoymaq olar?” - deyə britaniyalı jurnalist bildirib. Aparıcı onu da xatırladıb ki, son 20 ildən artıq müddətdə erməni ordusu BMT, Avropa İnsan Haqları Məhkəməsi, Human Rights Watch, Amnesty International və s. təşkilatlar tərəfindən tanınan bir çox ciddi cinayətlərə görə məsuliyyət daşıyır. Öz destruktiv siyasəti ilə münaqişənin mərhələli həllinə mane olur.
Belə bir şəraitdə marionet rejimin işğal olunmuş torpaqlarda "seçki” keçirmək təşəbbüsü qeyri-ciddi görünür. Bütün bunlara baxmayaraq, prosesə hazırlıq gedir. "Vestnik Kafkaza” mümkün namizədlər barədə dərc etdiyi materialda yazır ki, Qarabağın siyasi xüsusiyyətləri barədə danışarkən üç məsələni nəzərdən keçirmək zəruridir. Birincisi, bu tam şəkildə qapalı regiondur və Qarabağ elitası (indiki hərbçilər və münaqişə iştirakçıları) burada tam hökmranlıq edir – prinsipcə heç bir siyasi müxalifət mövcud deyil. İkincisi, mövcud siyasi elita mövcud idarəçilik sisteminin dəyişməsində maraqlı deyil. Aparılan bütün dəyişikliklər sırf korporativdir. Üçüncüsü, tanınmamış qurumun siyasi sistemi Yerevanla bağlıdır, o da qondarma qurumun uzunömürlülüyünü təmin edir. Robert Koçaryan və Serj Sarkisyanın prezidentliyi dövründə bu problem elə də ciddi problem yaratmırdı. Lakin "məxməri inqilab”dan sonra separatçılar narahat olmağa başlayıblar. Koçaryan-Sarkisyan tandeminin davamçısı olan qondarma qurumun rəhbəri Bako Saakyan "seçkilərdə” iştirak etməyəcək.
Ekspertlər hesab edir ki, işğalçı rejimdə hakimiyyətə qondarma qurumun keçmiş baş naziri, hazırda Saakyanın xüsusi tapşırıqlar üzrə müşaviri Araik Arutunyan gələ bilər. İqtisadçı separatçılarla investorlar arasında danışıqlara məsul biri olub. Xaricdəki erməni investorlarla da sıx əlaqəsi var. Bu şəxs Qarabağ klanının siyasətində yeni deyil – bir çox şəxslər öz təyinatlarında ona minnətdardırlar. Lakin Qarabağ erməniləri onu "məxməri inqilab” dövründə siyasi qorxaqlıq nümayiş etdirməkdə ittiham edir. Separatçı qurumda da inqilabın baş verməsindən ehtiyat edərək "baş nazir” postundan imtina edir. Proseslər sakitləşəndən sonra isə "prezidentin” müşaviri postuna qayıdıb. Buna baxmayaraq, onu Qarabağ klanının lideri kimi qəbul edir, rejimin bir nömrəli namizədi kimi təqdim edirlər. Lakin onun islahatlar proqramı mövcud deyil. Ən əsası, öz komandası yoxdur.
İkinci namizəd kimi "xarici işlər naziri” Masis Mailyan göstərilir. Proqressiv erməni siyasətçilərinin favoriti hesab edilir. Paşinyanın özü də ona rəğbət bəsləyir. Bu şəxs separatçı qurumda hərbi əməliyyatlara iştirak etməyib. Vyanada diplomatik akademiyada kurs keçib. İşğal altında olan Qarabağa qayıtdıqdan sonra separatçı qurum barəsində beynəlxalq aləmdə müsbət imic yaratmağa çalışıb. Qarabağ barədə məlumat verərkən işğalçı rejimin reputasiyasını aşağı salan hər hansı bir xatırlatma verməkdən qaçır, eləcə də, hərbçilərin cinayətlər törətməsi faktlarını təkzib etməyə çalışıb. İstedad və xarizmaya malik olmayan bu şəxs hər zaman böyük siyasətin kölgəsində qalmağa üstünlük verib. Lakin uzun müddət məsuliyyətli postları tutub. A.Arutunyandan fərqli olaraq siyasi maxinasiyalarda iştirak etməyib. Mailyanın "Axilles dabanı” ondadır ki, qondarma qurumun idarəçilik sistemlərində çalışmayıb. Bu səbəbdən də sabitliyi qoruyub saxlayacağına ümid azdır. Bu da Paşinyan üçün çox əhəmiyyətlidir. Baş nazir heç bir halda separatçı qurumda vətəndaş itaətsizliyi aksiyaların baş verməsini istəmir. Əlavə namizədlər də var. Bunlar qondarma qurumun spikeri Aşot Qulyan, Vitali Balasanyan və digərləridir. Əksəriyyət hesab edir ki, ən əsası Bako Saakyan və güc strukturlarının kimə üstünlük verəcəyidir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər