Separatçı rejim Ermənistan hökumətinə qarşı

Separatçı rejim Ermənistan hökumətinə qarşı

Siyasət
01 Noyabr 2012, 07:05 1353
Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmədyarov və Edvard Nalbandyanın Paris görüşündən qondarma “Dağlıq Qarabağ Respublikası”nda narazılıq yaranıb. Belə ki, tanınmamış DQR xarici işlər nazirinin sabiq müavini Masis Mailyan danışıqlardan əvvəl konkret tələblər qoymamaqla uduşlu mövqenin əldən verilmiş olduğunu deyib.
Onun sözlərinə görə, “Səfərovun işi və bu işlə bağlı Macarıstan-Azərbaycan sövdələşməsi sərfəli beynəlxalq ictimai rəy formalaşdırmışdı” və situasiyadan erməni tərəfinin maraqlarına uyğun istifadə etmək olardı. “Ermənistan bu prosesdə iştirakını dayandırmalı və yenidən danışıqlara qatılacağını Qarabağa kifayət qədər təhlükəsizlik qarantiyalarının verilməsi ilə əlaqələndirməli idi”. Onun sözlərinə görə, ümumiyyətlə danışıqlar prosesinə maraq və bu görüşlərin və səylərin bir nəticə verəcəyinə dair inam itməkdədir. Erməni politoloq bunu bir neçə şərtlərlə, o cümlədən istər regionda, istərsə də vasitəçi ölkələrdə gözlənilən seçkilərlə və həmsədrlərin məntiqsizliyi ilə əlaqələndirir. “Həmsədrlər 20 il bundan əvvəl rəhbər tutduqları mövqedən dönmək iqtidarında deyil. Dünya dəyişib, biz müxtəlif yerlərdə yeni səmərəli münasibət tətbiq edildiyinin və ən azı həmin bölgələrdə təhlükəsizliyin təmin edildiyinin şahidi oluruq. Bizim halda bu görünmür”- deyə Masis Mailyan deyir. Separatçı “Dağlıq Qarabağ parlamenti” Xarici Əlaqələr Komissiyasının sədri Vahram Atanesyan da hesab edir ki, erməni tərəfi danışıqlardan qabaq qeyd-şərtlər irəli sürməli idi: “Mənim ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə sualım var. Ondan soruşmaq lazımdır ki, Qarabağa gələndə o, Stepanakertdədir, yoxsa Xankəndində. Əgər o, Xankəndində olduğunu bildirirsə, biz bu adamı burada qəbul etməməliyik. Əgər o, Stepanakert hava limanının işə salınmasının danışıqlar prosesinə zidd olduğunu düşünürsə, biz onu burada qəbul etməməliyik”. Vahram Atanesyan həmçinin, Minsk Qrupu həmsədrlərinin noyabrın sonunda bölgəyə səfərdə məqsədlərinin “aeroportun açılmasının danışıqlar prosesinə zidd olduğunu bəyan etməkdirsə”, onların da “layiq olduqları kimi” qəbul olunmasını təklif edir.

Beləliklə, XİN rəhbərlərinin Paris görüşü ilə bağlı separatçıların ortaya qoyduğu fikirlər onların Ermənistan hökumətinin yürütdüyü siyasətlə razı olmadıqlarını üzə çıxarmış olub. Çox güman ki, bu narazılıq özünü yaxın vaxtlarda sərt formada göstərəcək. Bu narazılıq həm də separatçı qurumun Ermənistan tərəfindən tanınmaması ilə bağlıdır. Bəlli olduğu kimi, ötən ayın əvvəlində Ermənistan parlamentində müxalifət bloku “İrs” tərəfindən Dağlıq Qarabağın separatçı rejiminin müstəqilliyinin tanınması üçün qanun layihəsi hazırlanıb. Lakin "İrs" hərəkatının hazırladığı qanun layihəsi hər dəfə olduğu kimi, bu dəfə də keçməyib. Bu isə separatçı rejimə xoş gəlməyib. Qondarma qurumda hesab edirlər ki, belə bir hal onu deməyə əsas verir ki, Ermənistan hökuməti artıq onları unudub. Bu isə işğal altında olan torpaqların Azərbaycana qaytarılması fikrini gücləndirmiş olub. Qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin illər boyu separatçı rejimin beynəlxalq aləmdə tanınması üçün cəhdləri iflasa uğramaqdadır. Məhz bu səbəbdən də Ermənistan özü tərəfindən separatçı rejimin tanınması ilə bağlı irəli sürülən bütün təşəbbüsləri də rədd edir. Bütün bunları nəzərə alaraq demək olar ki, yaxın vaxtlarda separatçı rejim nümayəndələrinin sərt bəyanatlarının şahidinə çevrilə bilərik.
Azər NURİYEV