“Sənin qızın facebook-dan istifadə edir”

“Sənin qızın facebook-dan istifadə edir”

Cəmiyyət
27 Aprel 2013, 10:02 1482
Azərbaycanın bölgələrindən informasiya və kommunikasiya texnologiyalarına (İKT) maraq göstərən məktəbli qızlar “Qızlar İKT-də - Beynəlxalq Gün” konfransında bir araya gəldilər.

Qadınlarımız texnikadan geridə qalır

İREX-in təşkilatçılığı ilə Bakıda keçirilən tədbiri sözügedən təşkilatın Azərbaycan üzrə direktoru Anjela Nikoara açdı. O, regionlarda qadınlarla işlədiklərini və onlara yeni medianı öyrətdiklərini dedi. Hazırda İnternetin Azərbaycanın bütün qadınlarını əhatə etmədiyini vurğulayan A.Nikoara gələcəkdə internetin ölkəmizin hər yerində və hamı tərəfindən istifadə ediləcəyinə ümid etdiyini bildirdi: “IREX tərəfindən təşkil olunan və USAID tərəfindən dəstəklənən “Tech Age Girls” (TAG) proqramı gənc xanımları öz İKT bacarıqlarını inkişaf etdiməyə həvəsləndirir, onlara İKT sahəsində xüsusi bilik verir, media təlimləri təşkil edir və onlara ictimai müzakirələrinə qatılmağa şans yaradır. TAG proqramın bir hissəsi olaraq, Azərbaycanın 10 rayonundan 110 qız 2011-ci ildə “Camera as Voice” təlimlərində iştirak edib. Bu proqram qadınlara multimedia vasitəsi ilə zərif cinsi narahat edən məsələləri müzakirə etmək və öz baxışları ilə ifadə etməyə kömək edir. İştirakçıların sadə videokamera və ilkin informasiya texnologiya bilikləri ilə çəkdikləri multimedia reportajları çox maraqlıdır”.

A.Nikoaranın sözlərinə görə, “Qızlar IKT-də” Beynəlxalq günü BMT-yə üzv olan ölkələrin təşəbbüsüdür: “Bu günün məqsədi qlobal imkanlar yaratmaq, öz karyeralarını informasiya və kommunikasiya sahələrində planlaşdıran gənc qızları və qadınları cəsarətləndirməkdən ibarətdir. “Qızlar İKT-də Beynəlxalq gün”ü hər il, aprelin sonuncu cümə axşamı qeyd olunur”.

Təhsil Nazirliyinin baş məsləhətçisi Sabir Həmidov internetin önəmindən danışaraq bildirdi ki, İnternet dünyaya açılan pəncərədir: “Bu pəncərədən baxaraq dünyanı görə bilirik və istədiyimiz informasiyanı əldə edirik”.

USAİD layihələrin idarə olunması üzrə mütəxəssis Aybəniz Məmmədova bu gün texnologiyanın irəli getdiyini, amma qızlarımızın bundan bir qədər geridə qaldığını dedi: “Statistika göstərir ki, qızlar texniki fənləri deyil, daha çox humanitar fənləri seçirlər”.

“Təkcə hökumətlə iş düzəlmir”

Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyasının prezidenti Novella Cəfəroğlu Azərbaycanda əhalinin 52 faizinin qadınlardan ibarət olduğunu, amma bir nəfər zərif cins nümayəndəsinin nazir, icra başçısı olmadığından təəssüfləndiyini bildirdi: “Buna görə də qadınlarımız kişilərdən daha çox çalışmalı, ikiqat savadlı olmalıdırlar. Bunun üçün isə mütləq media və texnologiyalardan istifadə etməyi bacarmalıdırlar”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin nümayəndəsi Dilarə Əfəndiyeva bildirdi ki, rayonlarda insanlar, xüsusilə də qadınların sosial şəbəkələrindən istifadəsinə pis baxırlar: “İki qadın bir-biri ilə dalaşanda biri digərinə təhqir formasında “sənin qızın facebookdan istifadə edir” deyir. Biz bu stereotipləri qırmalıyıq. Regionlarda da insanlara anlatmalıyıq ki, İnternetdən yaxşı məqsədlərlə də istifadə etmək olur”.

“İREX Azərbaycan”ın hüquqşünası Ələsgər Məmmədli son illər ölkəmizdə İKT-nin sürətlə inkişaf etdiyini dedi. O bildirdi ki, xüsusən son 2 ildə qanunvericilik sahəsində xeyli işlər görülüb: “Bu gün hökumət 400 elektron xidmət verməyə qərar verib. Artıq bunlardan 50-dən artığı insanların istifadəsinə verilib. Amma yalnız hökumətin bu sahədə iş görməsi ilə sözügedən sahənin inkişafı mümkün deyil. Cəmiyyət də yeni texnologiyalara açıq, öyrənməyə meylli olmalıdır. 2013-cü ilin sonlarında Azərbaycanda İKT Universitetinin yaranmasına qərar verilib. Düşünürəm ki, bu universitetin yaranması 3-5 il ərzində Azərbaycanın xeyli irəli getməsinə təkan verəcək”.

İREX-in Azərbaycanın 20 rayon mərkəzində pulsuz İnternet mərkəzləri açdığını deyən Ə.Məmmədli 30-a yaxın kənddə də internet köşkləri yerləşdirdiklərini bildirdi. Bir il ərzində 100 minə yaxın insan İREX-in quraşdırdığı İnternetdən istifadə edib, bunlardan da 45 faizi qadınlardır”.

İREX-in media mütəxəssisi Ülviyyə Əsadzadə Azərbaycan xanımlarının ictimai və sosial həyatlarında İKT-nin rolundan danışdı.

Sonda layihə çərçivəsində kameradan istifadə edərək multo-media reportajları hazırlamağı öyrənən məktəbli qızların materialları nümayiş olundu və ən yaxşı multi-media reportajlarının sahibləri mükafatlandırıldı.

Lalə Musaqızı