Sənətşünaslığımızın Sabiri - Fotolar
Təməli Sadiq bəy Əfşarın "Qanun üs-süvər” ("Təsvirin qanunları”)
risaləsi ilə qoyulan Azərbaycan sənətşünaslıq elminin çağdaş dövrdə daha geniş
vüsət almasında əvəzsiz rolu olan sənətşünaslarımızdan biri də Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Ziyadxan Əliyevdir.
Tanışlıq üçün qeyd edək ki, Ziyadxan Alxan oğlu Əliyev 1948-ci ildə
anadan olmuşdur. İxtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq məktəbində (1970-1974) almış və bu təhsil ocağının rəngkarlıq
şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra isə İ.Y.Repin adına
Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq
fakültəsində (1976-1982) təhsil almışdır.
40 ildən çoxdur ki, elmi yaradıcılıqla məşğul olan Ziyadxan Əliyev,
bu illər ərzində yerli və xarici ölkələrin (ABŞ, Rumıniya, Rusiya, Ukrayna,
Özbəkistan, Qırğızıstan və s.) mətbuatında dərc olunan çoxsaylı elmi
məqalələrin müəllifidir. Dövrünün bədii yaradıcılıq proseslərinə obyektiv
"bədii güzgü” tutması, düzə-düz, əyriyə-əyri deyə bilməsi onu yaşlı və gənc
həmkarlarından daim fərqləndirmişdir. Elə bu səbəbdən, onun rəssamlar arasında
"acı dil” sənətşünas kimi tanınması da haradasa təbii görünür. Vaxtilə "peşə
namusu”na xəyanət edən yaşlı "həmkar”larının yanlış qənaətlərinə sərt mövqe
bildirən sənətşünas Ziyadxan Əliyev, öz milli-mənəvi kimliyinə sadiq qalmaqla,
özünün, bu gündə nümayiş etdirdiyi əqidə saflığını və əzmkarlığını qoruyub
saxlamaqdadır. Bu mənada, əgər zamanında, əhatələndiyi gerçəkliyə ədalətli
tənqidi baxışlarına görə, Əzim Əzimzadəni "rəssamlığımızın Sabiri” ayaması ilə
fərqləndirmişiksə, yazılarında və çıxışlarında sənət məkanında yaşanan bədii
proseslərə obyektiv-kimlərəsə xoş gəlməyən münasibət göstərən Ziyadxan Əliyevi
də "sənətşünaslığımızın Sabiri” kimi dəyərləndirmək mümkündür.
Bəzən, yazdığı məqalələrdə ifadə etdiyi tənqidlər birmənalı qəbul
olunmasa da, o, məhz bu mövqeyinə görə "əsl rəssamların dostu, "şəkil
çəkənlər”in düşməni” kimi yaddaşlara həkk olunmuşdur.
Ziyadxan Əliyevin özünəməxsus cəhətlərindən biri də özünün təbirincə
desək, özündən sonra gələn gənc sənətşünas nəslinə xeyirxah münasibət
göstərməsidir. Belə ki, ona müraciət edən gənclərdən heç vaxt öz mənəvi
dəstəyini əsirgəməmişdir. Əksinə, onlara bu sahənin incəliklərinin dərindən
mənimsənilməsində böyük köməklik göstərmiş, məqalə yazmaqda – sənətşünaslığın
sirlərinə yiyələnməkdə lazımi istiqamət vermişdir. Gənc yazarlara daha yaxşı
sənətşünas olmaq üçün təsviri sənətin hər hansı bir növünə müəyyən qədər
yiyələnməyi, quru təsvirçilikdən uzaq olmağı və tənqidetmə bacarığını
mənimsəməyi yorulmadan tövsiyə edir. Ziyadxan Əliyevin uzun illər ərzində
Azərbaycan Rəssamlar İttifaqındakı müxtəlif nəsil təmsilçilərinin bir araya
gəldiyi "Tənqid və sənətşünaslıq” bölməsinə rəhbərlik etməsi də, ona,
həmkarlarının rəğbətinin ifadəsinin nəticəsidir.
Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən çağdaş Azərbaycan
təsviri sənəti nümayəndələrinin əksəriyyətinin
tanınmasında da bilavasitə Ziyadxan Əliyevin rolu böyük olmuşdur. Demək
olar ki, o, Azərbaycanda bütün tanınmış və görkəmli rəssamların emalatxanasına
daim baş çəkməklə, onların yaradıcılıqlarını müxtəlif illərdə müxtəlif
yazılarla işıqlandırmışdır.
Ziyadxan Əliyev yaradıcılığının xarakterik xüsusiyyətlərindən biri də
yazdığı məqalələrin mövzu dairəsinin geniş olmasıdır. Müstəqillik illərində
yazılan dissertasiyaların ədəbiyyat siyahısına nəzər yetirməklə, buna əmin
olmaq mümkündür.
Etiraf edək ki, onun təsviri sənətin bütün sahələri, eləcə də
dekorativ-tətbiqi sənət və memarlıq haqqında olan monoqrafiyaları, kitab və
kataloq yazıları, çoxsaylı məqalələri öz aktuallığı və oxunaqlılığı ilə daim
tədqiqatçıların diqqət mərkəzində qalmaqdadır. Belə ki, onun yaradıcılığını
təşkil edən "Famil Əliyev” (1986), "Azərbaycan eklibrisi” (1989), "Mir Möhsün
Nəvvabın rənglər aləmi” (1996), "Naməlum Səttar” (2006), "Azərbaycan gömrüyünün
tarixi təsviri sənətdə” (2007), "Xilas olunmuş gözəllik” (2007), "Sənətin
Məcnunu” (2009), "Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə
romantizmi” (2014), "Azərbaycan rəqs geyimləri” (2010), "Səməd Vurğun təsviri
sənətdə” (2010), "Cizgilərə hopan ömür. Cəmil Müfidzadə” (2011), "Tənha
döyüşçü. Zakir Hüseynov” (2011), "Altay Hacıyev” (E.Qasımova ilə birlikdə,
2011), "Azərbaycan incəsənəti ensiklopediyası. I-III cildlər. (A.Xəlilovla
birlikdə, 2010-2011), "Fəxrəddin Məmmədvəliyev” (2012), "Sabir təsviri sənətdə”
(2012), "Sönmüş ocağın işıqları” (2013), "Plastikanın poetik çalarları. Görüş
Nurəddinoğlu” (2013), "İlmələrin hikməti. Eldar Mikayılzadə” (2013), "Arif
Hüseynov” (2014), "Boyalı gülüşlər” (2014), "Gerçəkliyin rəngi. Tamilla
Seyidova” (2014), "Sənətkar ömrü. Şaiq Məmmədov” (2016) və "Bəhruz bəy Kəngərli
taleyi” (2017) kitabları aktuallığını qorumaqla, zamansızlığa qovuşan
elmi-mənəvi qaynaq kimi qəbul olunmaqdadır. Onun hazırda yeni kitablar üzərində
çalışması göstərir ki, tezliklə sənətşünaslığımız maraqlı tədqiqatlarla
zənginləşəcəkdir.
Sənətşünasın yaradıcılıq bioqrafiyasında atribusiya, yəni,
müəllifləri bu vaxta qədər naməlum qalan əsərlərin kimliyinin
müəyyənləşdirilməsi məsələsinin yer alması da onu digər həmkarlarından
fərqləndirir. Bu mənada Azərbaycan Milli İncəsənət Muzeyinin elmi şöbəsinə
rəhbərlik etdiyi müddətdə P.Klass, J.Düpre, K.Korovin, F.Hals, Zivər bəy
Əhmədbəyov, Usta Qənbər Qarabaği və b. müəlliflərin əsərlərinin müəllifliyini
elmi əsaslarla təsdiqləməsi, zamanında mədəni hadisə kimi dəyərləndirilmişdir.
Ziyadxan Əliyev 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi” fəxri adına layiq görülmüş, 2014-cü ildə isə sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Səttar Bəhlulzadənin yaradıcılığında
romantizm” mövzusunda dissertasiya müdafiə etmişdir. Maarifçilik fəaliyyətinə
görə, 2018-ci ildə nüfuzlu "Kaspi” mükafatına layiq görülmüşdür.
Ziyadxan Əliyev həmçinin 2017-ci ildə təsis etdiyi "Sənətşünaslığın
təbliği” ictimai birliyinin sədridir. O, müxtəlif illərdə Azərbaycan Milli
İncəsənət Muzeyi, Azərbaycan Yaradıcılıq Fondu, Azərbaycan Rəssamlar
İttifaqında əmək fəaliyyəti göstərmiş, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə
məşğul olmuşdur. Hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının İncəsənət
tarixi kafedrasının dosenti vəzifəsində çalışır.
Aslan XƏLİLOV
Azərbaycan Rəssamlar İttifaqının üzvü