Sənətşünas öz tədqiqatında şair, filosof və cəngavər olmasa... - SƏNƏT SÖHBƏTİ
Ziyadxan
Əliyev: "Rəssama 500 manat verib orijinal əsər qazanmaqdansa, 50 manat verib
plagiatla məşğul olmağı "ağıllı” yol hesab edir”
Əməkdar incəsənət xadimi,
Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Rəssamlar İttifaqının "Sənətşünaslıq və tənqid” şöbəsinin müdiri
Ziyadxan Əliyev Azərbaycan incəsənəti, təsviri sənəti üçün ən qiymətli yaradıcı
şəxsiyyətlərdən biridir. O, tarixi rəssamlığımız və müasir təsviri sənətimiz
arasındakı ən etibarlı körpüdür. Ziyadxan müəllim yetmiş yaşını adlasa da,
modern təfəkkürə malikdir. Onun arxivi yalnız kağız, sənəd, yaxud fotolar
şəklində yox, həm də elektron formatda mövcuddur. Onun yaddaşı sənət tariximiz
barədəki bilgilərlə həddən artıq zəngindir və yaza biləcəyi mövzular o qədər
çoxdur ki, onları qələmə almağa bir ömür azlıq edər. Onunla söhbətlərdən ümumi
təəssüratım hər zaman belə olub: "Təcrübə danışır”. Bu dəfə də dəyişən heç nə
olmadı. Və Ziyadxan müəllimlə söhbətimiz zamanı rəssamlığımıza,
sənətşünaslığımıza aid problemlərdən danışdıq:
–
Ziyadxan müəllim, sənətşünaslıq üzrə alimlər çoxdur, amma sənətşünaslığın
həqiqi yükü sizin və bir neçə alimin üzərinə düşür. Bəs bu qədər elmi ad
alanlar, sənətşünaslar haradadırlar, niyə onlar elmi və yaradıcı mühitdə öz
əsərləri, təhlil yazıları ilə görünmürlər?
– Sənətşünaslığa elmi
dərəcə almaq üçün gələnlər də var, elmlə ciddi və davamlı şəkildə məşğul olmaq
istəyənlər də. Bütün bəlalar da buradan başlanır. Məsələn, mən bu vaxta qədər
tədqiq etdiyim mövzuları özüm seçmişəm. Əmin olmuşam ki, bu sahəyə hələ əhatəli
elmi münasibət bildirilməyib. Təkəbbür kimi qəbul etməyin, amma mən həmin
mövzuları məhz yeni söz demək üçün tədqiqat obyekti seçmişəm. İstər
S.Bəhlulzadə yaradıcılığına, istərsə də miniatürün tədqiqatına elmi münasibətim
məhz belə olub.Yalnız elmi ad üçün bu sahəyə gələnlərin məqsədli "marşrut”ları isə
çox qısa olur: Ali məktəbdə iş yeri tapmaq və yaxud da məvacibinin az da olsa
artmasına nail olmaq. Uzun illərdir ki, Rəssamlar İttifaqında "Tənqid və
sənətşünaslıq” bölməsinin sədriyəm. Başqa sözlə desək, bütün sənətşünasların
dosyeləri qarşımdadır. Əksəriyyəti sonuncu elmi məqaləsini müdafiə ərəfəsində
yazıb, AAK-ın tələbinə müvafiq olaraq. Diplomu alandan sonra onu özləri üçün
etibarlı çətirə çeviriblər. Odur ki, elmi dərəcələri var, amma sənətşünas kimi
fəaliyyətləri yoxdur. Məsələlərə tənqidi yanaşıb, özünə düşmən qazanmaqdansa,
kənarda durmağa üstünlük verirlər. Görünür, onlar kimlərinsə qarşısında "pis
kişi” olmaq istəmirlər. Odur ki, indiki halda bu sahənin yükünü respublikada
bir-iki nəfər daşımaqdadır...
–
Modern dizayn sənəti, yeni texnologiyalar, kompüter qrafikası ənənəvi
rəssamlığı nə dərəcədə sıxışdırır, yaxud onun inkişafına necə təkan verir?
– Dizayn bütün sənət
növlərinə nüfuz etmiş sahədir. Onu həyatımızın, demək olar ki, əksər
sahələrində görmək mümkündür. Odur ki, dizaynın mövcud olduğu sahələrdə yeni
texnologiyaların tətbiqini də təbii qəbul etmək lazımdır. Amma suyun əzab
verməməyi üçün onun qədərində içilməsi məsləhət görüldüyü kimi, yeni
texnologiyadan da yalnız yeri gələndə istifadə olunmalıdır. Kompüter qrafikası
vasitəsilə gözlənilməz effektlər almaq mümkün olsa da, onu rəssamın bilavasitə
əllə gördüyü orijinal tutumlu işlərlə müqayisə etmək olmaz. Biri texnikanın
nəticəsidirsə, digəri istedadın – yaradıcı və məntiqli təxəyyülün. Onların
dəyəri də bütün dünyada müxtəlifdir. Amma bu gün ondan, təəssüf ki, təsviri
sənətə ziyan vuracaq dərəcədə istifadə olunmaqdadır. Bu ziyanı sonrakı nəsil
daha yaxşı duyacaq və dəyərləndirəcək. Hər şeyi pula, qazanca qurban vermək
olmaz.
–
Kitab qrafikaçısı, nəşriyyatlarda texniki redaktor peşəsi sanki müasir dövrdə
arxa plana keçib. Kitab sənətimizin texniki inkişafında bu amilin nə kimi
ziyanı oldu, yoxsa bu proses qaçılmaz və təbii idi?
– Kompüter qrafikasının bu
gün kitab qrafikasına vurduğu ziyanı kitab nəşr edənlərdən fərqli olaraq,
mütəxəssislər yaxşı görürlər. Amma nə edəsən? Nəşriyyat rəssama qonorar
verməkdənsə, internetdən ona xoş gələn hər hansı təsvirdən istifadəyə üstünlük
verir, kitabın üz qabığını və illüstrasiyalarını hazırlatdırır. Rəssama 500
manat verib orijinal əsər qazanmaqdansa, 50 manat verib plagiatla məşğul olmağı
"ağıllı” yol hesab edir.Azərbaycan kitab
mədəniyyətinin özünəməxsus ənənələri olub, Azərbaycan kitabları – əlyazmaları
hələ orta əsrlərdən başlayaraq xalqımızın "tanınma nişanı”na çevrilmişdi. İlk
növbədə bədii tərtibatına və səhifələrindəki miniatür üslublu rəsmlərə görə.
İndiki kitablarda isə bu ənənənin "müasirləşdirilməsi” və yox edilməsi həyata
keçirilməkdədir. Bu gün baş verənlərin acısını biz hələ sonralar dərk
edəcəyik...
–
Azərbaycan sənətşünaslığında sırf rəssamlıqla bağlı boşluqlar nədən ibarətdir,
sizcə, kimlər, hansı rəssamlar dərindən tədqiq olunmalı və öyrənilməlidir?
– Azərbaycan
sənətşünaslığının daha əhatəli tədqiqi sovet dönəmində – hər şeyin ideologiyaya
bağlı olduğu dövrdə baş tutub. Odur ki, baş verənlərə və rəssamların
yaradıcılığına obyektiv münasibət göstərilməyib. Həmin sənətşünaslıq
münasibətlərinin əksəriyyəti monoqrafik xarakterli olduğundan, təsviri sənətin
ən müxtəlif problemlərinə münasibət bildirilməyib. Ümumiyyətlə, Azərbaycan
sənətşünaslığında mövcud problemlərə elmi-fəlsəfi və elmi-poetik münasibət
yoxdur. Baxmayaraq ki, bütün obyektlərdə bunun qabardılmasına imkan verən
materiallar kifayət qədərdir. Yazılan tədqiqatlar çox "quru”dur, rənglərdə və
cizgilərdə ifadə olunan duyğulandırıcılıq hiss olunmur. Şəxsən mən fərqli yol
seçmişəm, rəssam yaradıcılığına münasibətim elmi-bədii yanaşmaya əsaslanır. Bu
isə qənaətimcə, hər bir sənətşünasdan ciddi hazırlıq tələb edir. Sənətşünas öz
tədqiqatında şair, filosof və cəngavər olmasa, yazdıqları təsirsiz olacaq...Bu gün nonkonformist
rəssamlığımızın əhatəli tədqiqata ehtiyacı var. Onların fəaliyyəti sovet
hökumətinin qılıncının qabağının da, dalının da kəsdiyi vaxta təsadüf edib.
Odur ki, M.Mircavadov və onun həmfikirlərinin yaradıcılığı təkcə
sənətşünasların maraq dairəsində qalmamalıdır. Qənaətimcə, həmin dövrün Bakı
rəssamlıq mühiti gözəl bir bədii filmin mövzusu ola bilər. Moskvada Xruşov
sərgini dağıdan vaxtlarda, Bakının Buzovna kəndində gənc azərbaycanlılar
"sosialist realizmi”nin soyuq və quru estetikasına "yox” deməkdə idilər. Həm
mənəvi, həm də maddi təpkilərə baxmayaraq. Əllinci illərin sonunda 37-ci ilin
havası sona qədər duyulmasa da, hər halda müxtəlif təzyiq və təpkilər mövcud
idi...
–
Müasir dövrdə savadlı, intellektual rəssamların günü-gündən azalmasının kökü
haradan qaynaqlanır və bu bəlanın konkret səbəblərini nədə görürsünüz?
– Rəssamlarımız arasında
savadsızlığın baş alıb getməsi bu günün problemi deyil, bütün zamanlarda belə
olub. Çox vaxt deyirdilər ki, rəssamlar tarixçi-ədəbiyyatçı olmayacaqlar ki...
Onlar əllərinə güc verməlidirlər. Elə buna görə də bu vaxta qədər uzaq-yaxın
tariximizlə bağlı sanballı əsərlər yaradılmayıb. Sovet dönəmində rəssamlar
arasında rus bölməsində təhsil alanlar daha çox idi, onlara da məktəbdə
Azərbaycan ədəbiyyatı və tarixi tədris olunmurdu. Odur ki, zamanın axarında bu
sahədə duyulası boşluq yaranıb, müxtəlif müsabiqələr keçirib bu istiqamətdə
irəliləyiş əldə etməyə çalışsalar da, hələ ki, diqqəti cəlb edəcək nəticələr yoxdur...
–
Rəssamların bəziləri, bəzən fəxri ad intizarı ilə dünyadan köçürlər. Sizcə, nə
üçün bəzi dəyərli sənətkarlarımız bu adları özlərinə bunca dərd edirlər?
– Təsviri sənət sahəsində çalışanları iki zümrəyə
ayırmaq olar: Onların bir hissəsi əsl rəssamlardır, digər əksəriyyəti isə
"şəkil çəkən”dirlər. Biri yaradandır, digəri isə sadəcə gördüyünü kətan və
yaxud kağız üzərinə köçürəndir. Çoxlarının "şəkil çəkən” adlandırılmalarından
xoşu gəlmir. Qoy gəlməsin! Amma bu, həqiqətən də, belədir!Fəxri ad almamağı özünə dərd edənlər də elə onlardır. Əsl rəssam
həyatını yaradıcılığa həsr edir, çox vaxt bu, çətinliklərlə müşayiət olunsa
da... Tofiq Cavadov, Nicat Məmmədov, Fuad Bakıxanov, Elxan Aslanov, Hamlet
Musayev, Əfrasiyab Mirzəyev, Vaqif Ucatay, Ucal Haqverdiyev, Müslüm Eldarov,
Əlövsət Əliyev, Sənan Qurbanov, Valeri Yaşıgin və digər bir çoxları həyatdan
fəxri ad almamış köçüblər. Amma zamansızlığa qovuşan sənət əsərləri qoyub
gediblər. Mən bir qayda olaraq bütün yazılarımda onları xatırlayıram. Zamanında
yüksək fəxri ad alıb ideologiyaya xidmət edən bəzilərini isə bu gün heç yada
salan yoxdur.
– Rəsm müsabiqələrinin keçirilməsi barədə nə
deyərdiniz, qiymətləndirilmələr sizi qane edirmi?
– Müstəqillik dövründə vaxtaşırı müsabiqələr
keçirilməkdədir. Azərbaycan tarixi, Nəsimi taleyi, 20 Yanvar və Xocalı
faciələri ilə bağlı bir neçə müsabiqə təşkil olunub. Amma zamansızlığa qovuşa
biləcək əsərlər yaradılmayıb. Qənaətimcə, bu sahədə daha yeni formalardan
istifadə etməyə ehtiyac duyulur. Sovet dönəmində hər il keçirilən əlamətdar
sərgilərlə bağlı rəssamlarla müqavilələr bağlanardı. Rəssamlar da bağlanan
müqavilənin müqabilində avans alar, sakitcə düşündükləri mövzuları
bədiiləşdirərdilər. Başqa sözlə desək, onların heç bir məişət qayğısı olmazdı,
bütün diqqətləri yaratdıqlarında olardı. Sonda da yaxşı nəticə alınardı.
Müstəqillik dövründə bu müqavilə ənənəsi mövcud deyil. Əgər incəsənətimizin
gələcəyini düşünürüksə, bu metoda qayıtmalıyıq. Yaradıcı potensialı olan
insanlara dəstək verilməlidir...
– Sənətşünaslıqla,
rəssamlıqla bağlı yazmaq istədiyiniz, arzusunda olduğunuz hansı kitablar var?
– XIX əsr rəssamlığımızın qaranlıq səhifələrinə həsr olunmuş
"Xarıbülbül ətri” kitabını tamamlamışam. Bir neçə müəlliflə birlikdə yazdığım
"Azərbaycan incəsənəti qədimlərdən bu günə kimi” kitabı və B.Hacızadə ilə
birlikdə hazırladığım "Əzim Əzimzadə” monoqrafiyası isə nəşriyyatdadır. Bu il
keçmiş Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə həsr olunmuş fundamental kitabımın
da nəşri gözlənilir. İşlənməli mövzu çoxdur, odur ki, imkan dairəsində onları
işləməyə çalışacağam. Çap edən tapılsa, çox şey eləmək olar...
– İstərdim
müasir dövrdə rəssamlığımızda təsirlənmə və plagiat məsələlərini şərh edəsiniz.
– Bu, çox ağrılı məsələdir. Əgər əvvəllər bu
tendensiya duyulası dərəcədə az idisə, indi geniş yayılıb. Zamanında Təbriz
miniatürçüləri, dünyadan az qala təcrid olunmuş halda, saray kitabxanasında
dünyanı heyrətə gətirən sənət inciləri yarada bilmişdilərsə, indi internet
vasitəsilə dünyanı hüzurlarına gətirməyi bacaran "rəssamlar” bu ünsiyyətdən,
əsasən plagiat vasitəsi kimi istifadə edirlər. Plagiatçı olmağın ömrü azdır.
Özünü başqalarının qarşısında rüsvay etməkdənsə, sənətdə özünəməxsus olmaq daha
şərəflidir. Belə ki, həmin əsərdə rəssam nə qədər zəif olsa da, bu, onun
özüdür, dünyaya səmimi münasibətin nəticəsidir...
– Ardıcıllarınız yetişirmi, gənc sənətşünaslar
barəsində nə deyərdiniz?
– Jurnalistlər rəssamlıqla bağlı nəsə soruşanda,
yaxud hansısa rəsmlə bağlı Azərbaycan Rəssamlar İttifaqına sorğu yollayanda
dərhal mobil telefonumun nömrəsini verib onları mənə yönləndirirlər. Mən də
zarafatla deyirəm ki, bəs məndən sonrakı vəziyyəti düşünün, onda necə olacaq?
(gülür) Təsviri sənətdə oxuyan tələbələrin əksəri ixtisas seçimində ən sonuncu
bu peşəni seçirlər deyə, onların nəsə öyrənməyə həvəsləri olmur. Arzusuna
çatmayan adam öz peşəsini, ixtisasını sevə bilməz. Cəmiyyətimizdə işini sevən
adam tapmaq çətindir. Ona görə də bu işi öyrənən, sənətşünasların xələfləri
yetişmir. Mən heç sələflərimizdən də razı deyiləm, çünki onların əksəri özündən
sonrakılara dəstək verməyi xoşlamayıblar. Amma indiki gənc nəsil
sənətşünaslarının bəxti onda gətirib ki, biz bildiklərimizi onlardan əsirgəmirik.
Paxıl adam ona görə narahat olur ki, o, öz ixtisasını bilmir, kiminsə onun
yerinə keçəcəyindən qorxur. Mənimsə belə bir qorxum heç zaman olmayıb. Ona görə
də, ətrafımda daim gənclər toplaşıb. Aslan Xəlilov, Samir Sadıqov, Nuranə
Səlimli, Xanım Əsgərova Azərbaycan sənətşünaslığının bizdən sonrakı dövrünə
bələdçilik edə bilərlər.
– Böyük
arxiviniz var. Allah sizə uzun və sağlam ömür versin. Bəs sizdən sonra həmin
arxivinizin aqibəti necə olacaq? Onu müvafiq dövlət qurumlarınamı, yoxsa
yolunuzu davam etdirən kiməsə etibar edəcəksiniz?
– Arxivimi Aslan Xəlilova məmnuniyyətlə verərəm. Bir
hissəsini isə Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinə bağışlayaram. Çünki kitablarımı yazarkən həmin dövlət
arxivindən çox yararlanmışam.
Söhbətləşdi:
Fərid Hüseyn
Tapdıq
Abdullayev / Global Media Group