• cümə axşamı, 25 aprel, 21:08
  • Baku Bakı 21°C

Sənətlərin sirrini tapan – Sadə peşə adamı

31.07.15 13:34 2834
Sənətlərin sirrini tapan – Sadə peşə adamı
Gələcəyin dənizçisi Əli Rəhmanovun fikrincə, bu sirr işi sevərək görməkdir
İstirahət günlərindən birində yolum məşhur Nizami küçəsindən (keçmiş Torqovıy) keçdi. Dostlarımın məsləhəti ilə burada yeni açılan fəst-fud (fast-food) restoranına yollandım. Restoranın müştəriləri əsasən gənclərdən ibarətdir. Amma mənim diqqətimi müştərilər yox, həvəslə sifarişi çatdırmağa çalışan işçilər çəkdi. Xüsusilə də gənc hot-doq bişirən, öz aralarında aşpaz adlandırdıqları Əli Rəhmanov. 21 yaşı olmasına baxmayaraq, Əli kollektivin və müştərilərin rəğbətini qazanıb.
21 yaşlı gənc müsahibimizin ilk işi hot-doq bişirmək olub. Əlinin ləzzətli olması isə insanlar arasında bu fəst-fuda qarşı sevgi yaradıb. Onun cəldliyini, çevikliyini kənardan izlədikdən sonra məşhur türk aktyoru Engin Altan Düzyatana bənzərliyi ilə də diqqəti çəkən bu zəhmətkeş gənclə söhbətləşmək qərarına gəldik.
Ya təhsil, ya idman...
Əli Rəhmanov 1994-cü ildə Bakıda anadan olub. Uşaqlıqdan idmana, xüsusilə də futbola marağı olduğu üçün ciddi şəkildə bu idman növü ilə məşğul olub. Amma təhsil almaq həvəsi onu arzusundan kənarlaşdırıb: “Əslində məşhur futbolçu olmaq istəyirdim. 5 yaşımdan öz üzərimdə çalışırdım. Xüsusilə məktəb illərində bu işlə ciddi şəkildə məşğul olmağa başladım. Amma yaşımın elə bir dövrü gəldi ki, təhsil almalı idim. Məncə, hər bir insan hansı sahədə uğur qazanmaq istəyirsə, ilk növbədə təhsil almağı düşünməlidir. 12-18 yaş arası ciddi şəkildə idmanla məşğul oldum və artıq seçim etməli idim. Ya təhsil, ya idman... Mən təhsili seçdim. İnşallah gələcəkdə bu qərarımdan peşman olmaram”.
“Pul qazanmağın vaxtı çatıb”
Dünyanı gəzmək xülyası onu dənizçi peşəsinə yönləndirib. Həmsöhbətimiz Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbəsidir. Gəmilərin idarə edilməsi ixtisası üzrə təhsil alır. Deyir ki, bu yaşına qədər heç vaxt pul qazanmayıb. Əslində ailəsi də ondan işləməyini istəməyib. Amma o, özünün də dediyi kimi, məsuliyyət hissini dərk etmək üçün yay tətilində işləmək qərarına gəlib: “İşləməyin, pul qazanmağın dadını bilmirdim. Bütün ehtiyaclarımı valideynlərim qarşılayırdı. Amma düşündüm ki, zəhmət çəkməyin, alın təri ilə pul qazanmağın vaxtı gəlib. Dostlarımın da köməyi ilə bu kafedə hot-doq hazırlama işinə düzəldim. Düzdür, işimin öz peşəmlə, sənətimlə əlaqəsi yoxdur. Amma burada məsuliyyət hissinin, alın təri ilə pul qazanmağın nə demək olduğunu dərk edirəm. Təcrübə, yeni dostlar qazanıram”.
Həmsöhbətimiz yemək bişirməyə həvəsli olduğu üçün kafedə aşpaz işləməyə razı olub. Hot-doqun bişirilmə qaydasını öyrəndikdən sonra həvəslə işinin öhdəsindən gəlməyə çalışır. Müsahibimiz deyir ki, burada əsas şərt cəld və çevik olmaqdır: “İstər dənizçi olsun, istər hot-doq bişirən, istərsə də xadimə, hər sənətin bir sirri var: işini sevərək görmək. Çünki belə olan halda işini məcburiyyətdən deyil, içindən gələrək edirsən. Sevərək gördüyün işdə isə heç vaxt yorulmursan. Əksinə, həzz alırsan. Məndə də belədir. Bəzən düşünürlər ki, hot-doq bişirməyə nə var ki, sosiskanı çörəyin arasına qoyursan, olur hot-doq. Amma həqiqətən belə deyil. Sosiskanı nə qədər qızardacağını düzgün təyin etməlisən. Hər zaman köhnə adətləri saxlayıb, yeniliklər gətirməyin tərəfdarı olmuşam. Sosiskanı hamı bişirə bilər, amma müxtəlif souslar hazırlayıb ona yeni dadlar qatmağı hər kəs bacarmır. Belə baxanda sadə görünür. Amma bu sadə qidanı sevərək hazırladıqda həqiqətən ləzzətli alınır”.
Artıq uşaq deyilik...
Müsahibimiz düşünür ki, insan işləməyəndə məsuliyyətin nə demək olduğunu o qədər də dərk etmir. Ona verilən pulun hansı əziyyətlərlə qazanıldığının fərqinə varmır. Əlinin sözlərinə görə, tələbə yay tətilində işləməli və virtual həyatdan real həyata ilk addımlarını atmalıdır: “Vaxtı düzgün xərcləməyi bacaran hər kəs həm çalışa, həm də istirahət edə bilər. Məsələn, mən tətil müddətində işləyəcəyəm və bunun bəzi insanlar kimi özümə əziyyət olduğunu düşünmürəm. Əksinə, işimdən zövq almağa çalışıram. Çünki keçən 9 ay ərzində oxumaqla bərabər, istirahət də edə bilirdim. 4 il yalnız təhsil alaraq, işləmədən keçirən tələbə sonda iş həyatına atılanda daha çox əziyyət çəkəcək. Amma o, 4 il ərzində vaxtından həm maddi, həm də praktik cəhətdən yararlana bilər. Artıq uşaq deyilik. Bütün öhdəliklərimizi valideynlərimiz daşımalı deyil. Həm oxumalı, həm də işləməliyik. İşləməliyik ki, öz ayaqlarımızın üstündə dayanmağı bacaraq”.
Bu hiss əvəzedilməzdir...
Müsahibimiz ilk qazancını ailəsinə verib. Deyir ki, pulu əlinə aldığı vaxt dərk edib ki, artıq uşaqlıq yaşını çoxdan geridə qoyub və bundan sonra işləmək onun borcudur: “İlk qazancımı ailəmə verdim. O zaman hiss etdim ki, artıq iş həyatında ilk addımı atmışam. Öz əməyinin bəhrəsi ilə pul qazanmaq və ailənə kömək olmaq həqiqətən əvəzedilməz hissdir”.
Əlinin sözlərinə görə, iş kollektivi maraqlı olduğu üçün həm əylənir, həm işləyirlər: “Mənə ən maraqlı gələn hadisə müştərinin mənə “əmi” deyə müraciət etməsi idi. Çox qəribə oldum. Mənə heç vaxt belə müraciət edilməmişdi. Yəqin insan işləyəndə xarci görünüşcə də böyüyür” (gülür-A.Ə).
Sonda gələcək hədəflərindən danışan müsahibimiz vurğuladı ki, tək məqsədi ömrünün ən gözəl çağları olan gənclik çağlarını, keçən günlərin hər saatını ağıl və ehtiyatla xərcləmək, boşa vaxt xərcləməməkdir. Məşhur türk müğənnisi Barış Mançonun dediyi kimi, boşa keçmiş ömürə həyat deyilmir...
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər