Sənətkar taleyi
Hər cür fəxri adlardan və titullardan ucada duran,
öz yüksək insani keyfiyyətləri ilə həmkarlarının, dost-tanışlarının, onu şəxsən
tanıyanların hörmət və izzətini qazanan, sənəti ilə milyonlarla tamaşaçının
sevimlisinə çevrilən, nəcib, xanım-xatın, Azərbaycanın Xalq artisti Zərnigar
Ağakişiyeva.
Teatr səhnəsində Dilbəri, Fəxrəndəni, Amaliyanı, Xuramanı,
Tatyananı, Zivəri, Maralı, Zeynəbi, Xədicəni, Klavdiyanı, televiziyanın mavi
ekranında Mirandolinanı, Dilşadı, Həmidə xanımı, Qaynananı, kinonun böyük ekranında
Xədicəni, Zivəri, Xurşud xanımı yaradan, bu obrazlarla çoxmilyonlu tamaşaçı
kütləsinin qəlbinə yol tapan istedadlı sənətkar.
Zərnigar xanımın sənətə gələn yolu heç də hamar və rahat
olmayıb. Bu yol texnikumdan, Moskva kurslarından, Mərkəzi univermaqdan keçib. Gənc
qız ali təhsil almaq xatirinə yolunu incəsənət institutundan salmışdı. Həm də
özünün dediyi kimi, sənətdə nəyə qadir olduğunu bilmək, bacarığını yoxlamaq istəyirdi.
"Bu sənəti əsas həyat kredosu kimi qəbul etmirdim. Elə
bilirdim ki, hamı dərsdən savayı dərnəyə, şahmat klubuna, mədəniyyət evinə
gedib vaxtını ora sərf edir. Mən də bunu o cür qəbul edirdim. Lakin instituta
daxil olandan sonra təfəkkürümdə sənət haqqında düşüncələrim tamam dəyişdi.
Xüsusilə teatra işləməyə gələndə gördüm ki, doğrudan da teatr düşündüyüm kimi
adi bir qurum deyil. Çətin, can aparan, ağır zəhmət tələb edən sənət məbədidir.
Biz səhnədə bütün canımızı, bütün varlığımızı qoyuruq və onunla da, yaşayırıq.
Ona görə də sənətimiz bizim həyatımızın çox hissəsini, sonradan isə bütün
varlığımızı təşkil edir”.
Z.Ağakişiyeva teatra gələndə qarşısına özünü yoxlamaq üçün 3
il işləmək, çalışmaq məqsədi qoymuşdu. O, bu fikrini heç kəsə bildirməmiş, bir
sirr kimi ürəyində saxlamışdı. Sonralar deyirdi ki, əgər bu 3 ildə bir insanın marağını
özünə cəlb edə bilməsəydi, onda bu sənətdən həmişəlik əl çəkəcəkdi: "Çox şükürlər
olsun ki, bu 3 ildə hər dəfə tamaşanı başa vurub teatrdan çıxanda, küçədə
adamlar mənə ürək sözlərini deyirdilər. Tamaşaçıların mənə maraq göstərdiklərini
görəndə, öz-özümə dedim ki, mən bu sənətdə qalacaq, bütün həyatımı ona həsr edəcəyəm”.
* * *
Zərnigar Ağakişiyeva Azərbaycanın bağlı-bağatlı guşələrindən
olan Quba rayonunun qədim dağ kəndi – Rustovda əqrəb bürcü altında dünyaya göz
açıb, beş yaşına çatanda valideynləri rayon mərkəzinə köçüb. Burada bağçaya gedən
balaca Zərnigarın söylədiyi şeirlər, oxuduğu mahnılarla nəinki tərbiyəçilərin,
hətta ara-sıra bağçaya baş çəkən qonaqların da diqqətini özünə cəlb edirdi.
"O vaxtlar Bakıdan rayonlara tez-tez artistlər gələr,
tamaşalar göstərər, konsertlər verərdilər. Günlərin birində belə qonaqlardan
bir neçəsi rayonumuzda olarkən bizim də bağçaya baş çəkir. Onların qarşısında
çıxış etmək, şeir oxumaq, oynamaq üçün həmişəki kimi yenə də məni irəli
çıxarırlar. Mən şeir söyləyəndən sonra görkəmli sənətkarımız Ələsgər Ələkbərov
barmağını uzadaraq yanındakılara "bu qızdan nə isə alınacaq” demişdi”.
Bu, heç də təsadüfi deyildi. Balaca qız orta məktəbə gedəndə
də bədii özfəaliyyətin bir neçə növünün fəal iştirakçısı idi. O vaxtlar Zərnigar
"Pionerlər evi” adlanan Quba rayon mədəniyyət evində dram, rəqs və vokal dərnəklərində
məşğul olurdu. O, Bakıya gələrək kooperativ texnikumuna daxil olur və orada təhsilini
davam etdirir. Tələbəlik illərində də məşğuliyyətindən qalmır, texnikumun bədii
özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri kimi müxtəlif tədbirlərdə
yaxından iştirak edirdi. Hətta texnikumun müəllimlərindən biri bu qızdakı
istedadı görüb, onun incəsənət sahəsində uğurlar qazana biləcəyini söyləyir.
Maraqlıdır, incəsənətə bu qədər meyl göstərən cavan qızın
ağlına da gəlməzdi ki, o, nə vaxtsa aktrisa olacaq, xalqımızın sevimli sənətkarı
kimi tanınacaqdır.
O, 1966-cı ildə Bakı Kooperativ texnikumunda sənaye üzrə əmtəəşünaslıq
fakültəsini qurtarandan sonra Moskvaya gedib, reklam üzrə birillik tərtibatçı-rəssam
kursunu bitirir. Hətta 1967-ci ildə Bakı Mərkəzi Univermağında tərtibatçı-rəssam
kimi əmək fəaliyyətinə başlayır. Amma sənətə olan maraq nəhayət, onun qəlbində
yenidən baş qaldırır, valehedici səsi gənc qızı bu dəfə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun kino aktyoru fakültəsinin axşam şöbəsinə gətirib çıxarır.
"İncəsənətə daxil olmamışdan əvvəl Baba Salahovun ansamblında
ifa etdiyim lent yazıları radioda indi də saxlanılır: "Söylə”, "Könül təranələri”,
"Reyhan”, "Laçın”, və s.
Qəbul
imtahanı zamanı mən zala girəndə müəllimlərin üzündə əks olunan təbəssüm heç
vaxt yadımdan çıxmaz. Kiçik bir epizodu xatırlamaq istəyirdim. Ədəbiyyat
imtahanı idi. Sarışın saçlı, rus ləhcəsi ilə danışan bir qız idim. Məni rus
hesab edən müəllimlər Azərbaycan dilində danışmağıma çox təəccübləndilər. "Məgər
sən azərbaycanlısan?” deyə soruşan müəllimlərimi mənim "bəli” cavabım çaşdırdı. "Bəs saçın niyə
sarıdır, dur, tez get saçını qaralt” deyən müəllimə mənə yaxşı qiymət yazdı.
Axırıncı imtahana mən artıq "qara saçla” gəlmişdim.”
Z.Ağakişiyeva gündüzlər univermaqda işləyir, axşamlar
institutun axşam şöbəsində təhsilini davam etdirirdi. Onun institutda ilk rolu
birinci kursda oxuyarkən dördüncü kursun diplom tamaşasında – C.Cabbarlının "Aydın”
pyesində Süzanna rolu olub. Bu rolu Zərnigara ona görə vermişdilər ki, rus
dilində təhsil aldığından dilində aksent hiss olunurdu, yaradıcı qrupa da belə
lazım idi. Amma tələbənin danışıq tərzinə rejissorun istehza etməsi qıza elə təsir
etmişdi ki, məşq prosesində, mütaliə nəticəsində aksenti tamam itirdi və Süzannanı
aksentsiz oynadı. Sonradan bu tamaşa tələbələrin iştirakı ilə böyük səhnədə −
Akademik teatrın səhnəsində də ifa edildi. Bu, Zərnigarın ilk rolu və "sənət
pasportu” oldu.
Zərnigar xanım Tədris teatrında işləyə-işləyə 1971-ci ildə
Akademik teatra, N.Ostrovskinin "Müdriklər” əsərində Mamayeva rolunu ifa etmək
üçün dəvət aldı. Tələbə qızın bu rolu uğurla oynadığını görən tanınmış rejissor
Əşrəf Quliyev 1972-ci ildə onu ikinci dəfə yenidən teatra, "Şöhrət və ya
unudulan adam” tamaşasında Qadın roluna dəvət etdi. Nəhayət 1974-cü ildə
rejissor Tofiq Kazımovun səyi ilə Zərnigar Ağakişiyeva indiki Azərbaycan
Akademik Milli Dram Teatrına işə götürüldü. Qısa müddət ərzində Zərnigar xanım
teatr səhnəsində maraqlı, yaddaqalan obrazlar qalereyası yaratmaqla
tamaşaçıların həmişəlik sevimlisinə çevrildi.
Z.Ağakişiyeva bədii filmlərdən "Mezozoy əhvalatı”ında satıcı
qadın, "Yol əhvalatı”nda müdir arvadı, "Qəm pəncərəsi”ndə Şərəf, "Köhnə bərə”də
ana, "Özgə ömür”də Səkinə xanım, "Yaramaz”da qayınana, "Qara volqa”da
Salamonovna, "Fransız”da Zərnigar,
"Kiçik leytenant”da sərnişin qadın, "Özgə vaxt”da tibb bacısı, "Spasibo”da
Sevil, "Nə gözəldir bu dünya”da tibb bacısı, "Təhminə”də Zivər və digər filmlərdə
əsasən epizodik rollar ifa edib. "İlk böyük rolum "Dantenin yubileyi” bədii
televiziya filmində olub. Xədicə obrazı ilə gəlmişəm kinoya. Bundan sonra iri
rollarımdan "Təhminə” filmindəki Zivəri, "Yuxu”dakı Xurşud xanımı xatırlamaq mənim
üçün xoşdur”.
İstər
epizodik, istərsə də əsas rollar ifa edən Zərnigar xanım filmlərdə bir-birindən
öz təbiiliyi, səmimiliyi, emosionallığı ilə fərqlənən obrazlar yaratmışdır.
Qəzetlərin birində müxbirin "yaratdığınız obrazlar arasında ən
çox sevdiyiniz rol hansı olub?” sualına aktrisa belə cavab verib: "Rəylərə əsaslanıb
deyə bilərəm ki, mən daha çox "Təhminə” filmində Zivər xanım rolu ilə
tamaşaçılar tərəfindən qəbul edilmişəm. Mən özüm də bu rolu çox sevirəm və digər
rollarımdan fərqləndirirəm. Yenə təkrar edirəm, biz sənətçilər tamaşaçılara
xidmət etdiyimizdən onların rəyi ilə hesablaşmalıyıq”.
İncəsənət adamları, ələlxüsus aktyorlar tez küsən, inciyən
olurlar. Amma o yerdə ki, insanın zəhməti qiymətləndirilmir, sənəti heçə
endirilir, orada sənət adamının işləmək həvəsi sönür.
Uzun illər səhnədə yaratdığı parlaq, dolğun və təbii
obrazları ilə tamaşaçıları ovsunlayan Z.Ağakişiyevanın xeyli müddət Akademik
teatrdan səsi gəlmədi, pərəstişkarları onu bu teatrın səhnəsində görmədilər. Elə
bu "yoxluqla” bağlı istedadlı aktrisanın evinə jurnalistlərin axını başladı.
Hamını bir məsələ maraqlandırırdı: "Zərnigar xanım gəncliyini qurban verdiyi
milli teatrdan nə üçün uzaqlaşıb, maddi ehtiyac üzündənmi, yoxsa onu incidiblər,
teatrsız necə yaşayır?” Mətbuatda dərc olunan cavablar müxtəlif idi: "Əgər teatrın təmiri qurtarmaq bilmirdisə,
səhnə üzünə, tamaşaçı alqışına həsrət idiksə, necə işləmək olardı? Elə ona görə
də bu teatrdan ayrıldım”. "Torpaqlarımızda müharibə gedir. Əgər yurdumun
torpaqlarında nahaq qan tökülürsə, igid oğullarımızı itiririksə, yüzlərlə ailə
başsız qalırsa, gül kimi qızlarımızın nişan üzükləri barmaqlarında donursa, heç
bir ilhamdan söz gedə bilməz. Küçədə ağlaşma eşidib məşq otağında gülə
bilmirdim. Bu günlə səsləşən əsərlərin az olduğunu görüb teatr deyilən nağıllar
dünyasından uzaqlaşdım...”
Bəzən tez əsəbiləşən, haqsızlığı görüb özündən çıxan və tez də
yumşalan Zərnigar xanım çalışırdı ki, heç kəsin qəlbinə toxunmasın, heç kəsi
incitməsin, özündən narazı salmasın. Elə ona görə də teatrdan getməsinin əsas səbəbini
açıb ağartmır, müxtəlif bəhanələrlə
suallardan yaxasını kənara çəkirdi. Əslində isə teatrın rəhbərliyi onu yola
vermir, aktrisaya qarşı biganəlik, etinasızlıq göstərirdi. Ona görə də aktrisa
1993-cü ildə teatrı tərk edir. Teatrı tərk etmək onun üçün heç də asan addım
deyildi. Lakin o, bunu məcburən edir Z.Ağakişiyeva teatrda ətrafındakı
adamlarla yaxın yaradıcılıq münasibətində olarkən, özünü tənha və unudulmuş
hiss etdiyinə görə bu qərara gəlmişdi. Əslində belə xoşagəlməz vəziyyət artıq
bir neçə il idi ki, davam edirdi.
Zərnigar xanım tamaşaçı etimadını uğurla qazandığı bir vaxtda
onun qarşısında süni sədlər çəkilir, tədricən onu baş rollarda çıxış etməkdən məhrum
edirlər. Bununla da aktrisanı bir şəxsiyyət kimi mənəvi sıxıntıya salırlar.
Bundan sonra aktrisa müstəqil fəaliyyət göstərməyə başlayır. Çünki o, işsiz
qala bilməzdi, gündəlik çörək pulunu özü qazanmalı idi. Buna görə də əvvəlcə "Zərnigar”
firmasını yaradır. Qısa vaxt ərzində xalq şairi Bəxtiyar Vahabzadənin şeirləri əsasında
musiqili bədii kompozisiya hazırlayır. Bu əsərlə respublikanın müxtəlif
rayonlarında olur: Quba, Şəki, Salyan, Sabirabad, Oğuz, Qəbələ, İsmayıllı, Lənkəran...
"Mən səhər alatorandan günortayadək çörək növbəsinə dayanan
adamların, axşamlar bizim hazırladığımız tamaşaya baxmaq üçün məcbur edilmədən,
könüllü gəldiklərini görəndə bilmirdim neyləyim. Keçirdiyim hissləri ifadə etmək
üçün söz tapmırdım. Bu, sənətə, sənətkara verilən çox böyük qiymət idi. Demirəm
anşlaq olurdu. Lakin tamaşaçıların hansı qayğılardan keçib gəldiklərini təsəvvür
edəndə dünyanı elə bil mənə bağışlayırdılar..”
Günlərin birində Z.Ağakişiyeva rejissor Oruc Qurbanovun
"Yorğan-döşək” tamaşasını araya-ərsəyə gətirir. Lakin maliyyə çətinliyindən o,
tamaşanı yalnız bir dəfə nümayiş etdirəsi olur.
"Ümumiyyətlə, bu bir neçə illik müstəqil fəaliyyətimdə bir
şeyi başa düşdüm ki, təşkilatçılıq ayrıca peşədir. Təsəvvür edin, tək-tənha həm
tamaşanı hazırlamaq, həm bina icarəyə götürmək, həm biletlərin satışını təşkil
etmək... o qədər böyük prosesdir ki, bunu tək adam heç cür bacarmaz, o ki qaldı
qadın, həm də sənətkar ola”.
İki ildən sonra minlərlə teatrsevər kimi, jurnalistin
də istəyi çin oldu. "1999-cu ilin fevral ayının əvvəllərində teatrın truppa
müdiri Qürbət müəllim zəng vurub mənə dedi ki, Mədəniyyət Nazirliyinə, nazir
müavini Ədalət Vəliyevə zəng edib onunla görüşün. Qürbət müəllim zəng vuranda mənə elə gəldi ki, Mədəniyyət Nazirliyi
mənim məsələmi teatrın rəhbərliyi ilə razılaşdırıb. Amma belə deyilmiş. Bu,
nazir müavininin öz təşəbbüsü idi. O, hal-əhval tutandan sonra çox mədəni, nəzakətli
formada mənim teatra lazım olduğumu vurğuladı və yenidən Milli teatra
qayıtmağımın zəruriliyindən söz açdı. Belə bir incə təklifin müqabilində mən
teatra qayıtmaq qərarına gəldim. Mən Ədalət müəllimə öz dərin təşəkkürümü
bildirib dedim ki, istər sənətimə, istərsə də yaşıma hörmət olmalıdır. Teatrda
mənim mövqeyim olmalıdır. Yoxsa, boş-boşuna teatra gedib gəlməyin nə mənası
var.”
Həyatda elə bir insan tapılmaz ki, o, çətinliklərlə, müqavimətlə,
süni yaradılmış böhranlı vəziyyətlərlə rastlaşmasın, qarşılaşmasın. Zərnigar
xanımın həyatı, yaşayışı, fəaliyyəti ilə yaxından tanış olanda bu çətinliklərin,
bu süni sədlərin ondan da yan ötmədiyini görürük. Lakin o, qarşısına diyirlənən
daşları görəndə başını heç vaxt itirməyib, sarsılmayıb, çaşıb qalmayıb, inadla
bunları dəf etməyə özündə qüvvət tapıb, teatrdan kənarda da özünü bir sənətkar
kimi təsdiq edib. Amma bütün bunlar istər-istəməz onun səhhətində bir iz qoyub.
"Qışda xəstə yatdım. Adətən belə hallar olduğu üçün şübhələnmədim.
Lakin bu dəfə məsələ çox ciddi şəkil aldı. Hətta ayağa durmağa halım olmadı. Sən
demə, xəbərim olmadan yavaş-yavaş komaya düşürmüşəm. Teatra zəng etdim ki,
adımı tamaşalardan təcili çıxarsınlar, halım getdikcə xarablaşır. Kollektiv əl-ayağa
düşdü, Məleykə Əsədova, bizim teatrın istedadlı və gözəl aktrisası gəlib mənim
başımın üstündə durdu. Bircə onu xatırlayıram ki, zəng vurub həkimləri ayağa
qaldırdı. Üç gündən sonra ayılıb özümə gələndə yenə də başımın üstündə Məleykə
xanımı gördüm. Həkimlər deyirdilər ki, bir an səhvə yol versəydik, Sizi həyata
qaytara bilməyəcəkdik.”
Hər bir kəsin alın yazısı olur. Onu axıra qədər yaşamaq lazım
gəlir. Qəlbinin hökmü ilə ömrünü sevdiyi işə həsr edən Zərnigar Ağakişiyeva istər
dövlətimiz, istərsə də xalqımız tərəfindən öz layiqli qiymətini alıb. O, Azərbaycanın
xalq artisti kimi fəxri ada və Prezident təqaüdünə layiq görülüb.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi