AZE | RUS | ENG |


Sənətkar taleyi

Sənətkar taleyi
Hər cür fəxri adlardan və titullardan ucada duran, öz yüksək insani keyfiyyətləri ilə həmkarlarının, dost-tanışlarının, onu şəxsən tanıyanların hörmət və izzətini qazanan, sənəti ilə milyonlarla tamaşaçının sevimlisinə çevrilən, nəcib, xanım-xatın, Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva.
 
Teatr səhnəsində Dilbəri, Fəxrəndəni, Amaliyanı, Xuramanı, Tatyananı, Zivəri, Maralı, Zeynəbi, Xədicəni, Klavdiyanı, televiziyanın mavi ekranında Mirandolinanı, Dilşadı, Həmidə xanımı, Qaynananı, kinonun böyük ekranında Xədicəni, Zivəri, Xurşud xanımı yaradan, bu obrazlarla çoxmilyonlu tamaşaçı kütləsinin qəlbinə yol tapan istedadlı sənətkar.
 
Zərnigar xanımın sənətə gələn yolu heç də hamar və rahat olmayıb. Bu yol texnikumdan, Moskva kurslarından, Mərkəzi univermaqdan keçib. Gənc qız ali təhsil almaq xatirinə yolunu incəsənət institutundan salmışdı. Həm də özünün dediyi kimi, sənətdə nəyə qadir olduğunu bilmək, bacarığını yoxlamaq istəyirdi.
 
"Bu sənəti əsas həyat kredosu kimi qəbul etmirdim. Elə bilirdim ki, hamı dərsdən savayı dərnəyə, şahmat klubuna, mədəniyyət evinə gedib vaxtını ora sərf edir. Mən də bunu o cür qəbul edirdim. Lakin instituta daxil olandan sonra təfəkkürümdə sənət haqqında düşüncələrim tamam dəyişdi. Xüsusilə teatra işləməyə gələndə gördüm ki, doğrudan da teatr düşündüyüm kimi adi bir qurum deyil. Çətin, can aparan, ağır zəhmət tələb edən sənət məbədidir. Biz səhnədə bütün canımızı, bütün varlığımızı qoyuruq və onunla da, yaşayırıq. Ona görə də sənətimiz bizim həyatımızın çox hissəsini, sonradan isə bütün varlığımızı təşkil edir”.
 
Z.Ağakişiyeva teatra gələndə qarşısına özünü yoxlamaq üçün 3 il işləmək, çalışmaq məqsədi qoymuşdu. O, bu fikrini heç kəsə bildirməmiş, bir sirr kimi ürəyində saxlamışdı. Sonralar deyirdi ki, əgər bu 3 ildə bir insanın marağını özünə cəlb edə bilməsəydi, onda bu sənətdən həmişəlik əl çəkəcəkdi: "Çox şükürlər olsun ki, bu 3 ildə hər dəfə tamaşanı başa vurub teatrdan çıxanda, küçədə adamlar mənə ürək sözlərini deyirdilər. Tamaşaçıların mənə maraq göstərdiklərini görəndə, öz-özümə dedim ki, mən bu sənətdə qalacaq, bütün həyatımı ona həsr edəcəyəm”.
 
* * *
 
 Zərnigar Ağakişiyeva Azərbaycanın bağlı-bağatlı guşələrindən olan Quba rayonunun qədim dağ kəndi – Rustovda əqrəb bürcü altında dünyaya göz açıb, beş yaşına çatanda valideynləri rayon mərkəzinə köçüb. Burada bağçaya gedən balaca Zərnigarın söylədiyi şeirlər, oxuduğu mahnılarla nəinki tərbiyəçilərin, hətta ara-sıra bağçaya baş çəkən qonaqların da diqqətini özünə cəlb edirdi.
 
 "O vaxtlar Bakıdan rayonlara tez-tez artistlər gələr, tamaşalar göstərər, konsertlər verərdilər. Günlərin birində belə qonaqlardan bir neçəsi rayonumuzda olarkən bizim də bağçaya baş çəkir. Onların qarşısında çıxış etmək, şeir oxumaq, oynamaq üçün həmişəki kimi yenə də məni irəli çıxarırlar. Mən şeir söyləyəndən sonra görkəmli sənətkarımız Ələsgər Ələkbərov barmağını uzadaraq yanındakılara "bu qızdan nə isə alınacaq” demişdi”.
 
 Bu, heç də təsadüfi deyildi. Balaca qız orta məktəbə gedəndə də bədii özfəaliyyətin bir neçə növünün fəal iştirakçısı idi. O vaxtlar Zərnigar "Pionerlər evi” adlanan Quba rayon mədəniyyət evində dram, rəqs və vokal dərnəklərində məşğul olurdu. O, Bakıya gələrək kooperativ texnikumuna daxil olur və orada təhsilini davam etdirir. Tələbəlik illərində də məşğuliyyətindən qalmır, texnikumun bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri kimi müxtəlif tədbirlərdə yaxından iştirak edirdi. Hətta texnikumun müəllimlərindən biri bu qızdakı istedadı görüb, onun incəsənət sahəsində uğurlar qazana biləcəyini söyləyir.
 
 Maraqlıdır, incəsənətə bu qədər meyl göstərən cavan qızın ağlına da gəlməzdi ki, o, nə vaxtsa aktrisa olacaq, xalqımızın sevimli sənətkarı kimi tanınacaqdır.
 
 O, 1966-cı ildə Bakı Kooperativ texnikumunda sənaye üzrə əmtəəşünaslıq fakültəsini qurtarandan sonra Moskvaya gedib, reklam üzrə birillik tərtibatçı-rəssam kursunu bitirir. Hətta 1967-ci ildə Bakı Mərkəzi Univermağında tərtibatçı-rəssam kimi əmək fəaliyyətinə başlayır. Amma sənətə olan maraq nəhayət, onun qəlbində yenidən baş qaldırır, valehedici səsi gənc qızı bu dəfə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyoru fakültəsinin axşam şöbəsinə gətirib çıxarır.
 
 "İncəsənətə daxil olmamışdan əvvəl Baba Salahovun ansamblında ifa etdiyim lent yazıları radioda indi də saxlanılır: "Söylə”, "Könül təranələri”, "Reyhan”, "Laçın”, və s.
 
Qəbul imtahanı zamanı mən zala girəndə müəllimlərin üzündə əks olunan təbəssüm heç vaxt yadımdan çıxmaz. Kiçik bir epizodu xatırlamaq istəyirdim. Ədəbiyyat imtahanı idi. Sarışın saçlı, rus ləhcəsi ilə danışan bir qız idim. Məni rus hesab edən müəllimlər Azərbaycan dilində danışmağıma çox təəccübləndilər. "Məgər sən azərbaycanlısan?” deyə soruşan müəllimlərimi mənim  "bəli” cavabım çaşdırdı. "Bəs saçın niyə sarıdır, dur, tez get saçını qaralt” deyən müəllimə mənə yaxşı qiymət yazdı. Axırıncı imtahana mən artıq "qara saçla” gəlmişdim.”
 
 Z.Ağakişiyeva gündüzlər univermaqda işləyir, axşamlar institutun axşam şöbəsində təhsilini davam etdirirdi. Onun institutda ilk rolu birinci kursda oxuyarkən dördüncü kursun diplom tamaşasında – C.Cabbarlının "Aydın” pyesində Süzanna rolu olub. Bu rolu Zərnigara ona görə vermişdilər ki, rus dilində təhsil aldığından dilində aksent hiss olunurdu, yaradıcı qrupa da belə lazım idi. Amma tələbənin danışıq tərzinə rejissorun istehza etməsi qıza elə təsir etmişdi ki, məşq prosesində, mütaliə nəticəsində aksenti tamam itirdi və Süzannanı aksentsiz oynadı. Sonradan bu tamaşa tələbələrin iştirakı ilə böyük səhnədə − Akademik teatrın səhnəsində də ifa edildi. Bu, Zərnigarın ilk rolu və "sənət pasportu” oldu.
 
 Zərnigar xanım Tədris teatrında işləyə-işləyə 1971-ci ildə Akademik teatra, N.Ostrovskinin "Müdriklər” əsərində Mamayeva rolunu ifa etmək üçün dəvət aldı. Tələbə qızın bu rolu uğurla oynadığını görən tanınmış rejissor Əşrəf Quliyev 1972-ci ildə onu ikinci dəfə yenidən teatra, "Şöhrət və ya unudulan adam” tamaşasında Qadın roluna dəvət etdi. Nəhayət 1974-cü ildə rejissor Tofiq Kazımovun səyi ilə Zərnigar Ağakişiyeva indiki Azərbaycan Akademik Milli Dram Teatrına işə götürüldü. Qısa müddət ərzində Zərnigar xanım teatr səhnəsində maraqlı, yaddaqalan obrazlar qalereyası yaratmaqla tamaşaçıların həmişəlik sevimlisinə çevrildi.
 
 Z.Ağakişiyeva bədii filmlərdən "Mezozoy əhvalatı”ında satıcı qadın, "Yol əhvalatı”nda müdir arvadı, "Qəm pəncərəsi”ndə Şərəf, "Köhnə bərə”də ana, "Özgə ömür”də Səkinə xanım, "Yaramaz”da qayınana, "Qara volqa”da Salamonovna, "Fransız”da  Zərnigar, "Kiçik leytenant”da sərnişin qadın, "Özgə vaxt”da tibb bacısı, "Spasibo”da Sevil, "Nə gözəldir bu dünya”da tibb bacısı, "Təhminə”də Zivər və digər filmlərdə əsasən epizodik rollar ifa edib. "İlk böyük rolum "Dantenin yubileyi” bədii televiziya filmində olub. Xədicə obrazı ilə gəlmişəm kinoya. Bundan sonra iri rollarımdan "Təhminə” filmindəki Zivəri, "Yuxu”dakı Xurşud xanımı xatırlamaq mənim üçün xoşdur”.
 
 İstər epizodik, istərsə də əsas rollar ifa edən Zərnigar xanım filmlərdə bir-birindən öz təbiiliyi, səmimiliyi, emosionallığı ilə fərqlənən obrazlar yaratmışdır.
 
 Qəzetlərin birində müxbirin "yaratdığınız obrazlar arasında ən çox sevdiyiniz rol hansı olub?” sualına aktrisa belə cavab verib: "Rəylərə əsaslanıb deyə bilərəm ki, mən daha çox "Təhminə” filmində Zivər xanım rolu ilə tamaşaçılar tərəfindən qəbul edilmişəm. Mən özüm də bu rolu çox sevirəm və digər rollarımdan fərqləndirirəm. Yenə təkrar edirəm, biz sənətçilər tamaşaçılara xidmət etdiyimizdən onların rəyi ilə hesablaşmalıyıq”.
 
 İncəsənət adamları, ələlxüsus aktyorlar tez küsən, inciyən olurlar. Amma o yerdə ki, insanın zəhməti qiymətləndirilmir, sənəti heçə endirilir, orada sənət adamının işləmək həvəsi sönür.
 
 Uzun illər səhnədə yaratdığı parlaq, dolğun və təbii obrazları ilə tamaşaçıları ovsunlayan Z.Ağakişiyevanın xeyli müddət Akademik teatrdan səsi gəlmədi, pərəstişkarları onu bu teatrın səhnəsində görmədilər. Elə bu "yoxluqla” bağlı istedadlı aktrisanın evinə jurnalistlərin axını başladı. Hamını bir məsələ maraqlandırırdı: "Zərnigar xanım gəncliyini qurban verdiyi milli teatrdan nə üçün uzaqlaşıb, maddi ehtiyac üzündənmi, yoxsa onu incidiblər, teatrsız necə yaşayır?” Mətbuatda dərc olunan cavablar müxtəlif  idi: "Əgər teatrın təmiri qurtarmaq bilmirdisə, səhnə üzünə, tamaşaçı alqışına həsrət idiksə, necə işləmək olardı? Elə ona görə də bu teatrdan ayrıldım”. "Torpaqlarımızda müharibə gedir. Əgər yurdumun torpaqlarında nahaq qan tökülürsə, igid oğullarımızı itiririksə, yüzlərlə ailə başsız qalırsa, gül kimi qızlarımızın nişan üzükləri barmaqlarında donursa, heç bir ilhamdan söz gedə bilməz. Küçədə ağlaşma eşidib məşq otağında gülə bilmirdim. Bu günlə səsləşən əsərlərin az olduğunu görüb teatr deyilən nağıllar dünyasından uzaqlaşdım...”
 
 Bəzən tez əsəbiləşən, haqsızlığı görüb özündən çıxan və tez də yumşalan Zərnigar xanım çalışırdı ki, heç kəsin qəlbinə toxunmasın, heç kəsi incitməsin, özündən narazı salmasın. Elə ona görə də teatrdan getməsinin əsas səbəbini açıb ağartmır, müxtəlif  bəhanələrlə suallardan yaxasını kənara çəkirdi. Əslində isə teatrın rəhbərliyi onu yola vermir, aktrisaya qarşı biganəlik, etinasızlıq göstərirdi. Ona görə də aktrisa 1993-cü ildə teatrı tərk edir. Teatrı tərk etmək onun üçün heç də asan addım deyildi. Lakin o, bunu məcburən edir Z.Ağakişiyeva teatrda ətrafındakı adamlarla yaxın yaradıcılıq münasibətində olarkən, özünü tənha və unudulmuş hiss etdiyinə görə bu qərara gəlmişdi. Əslində belə xoşagəlməz vəziyyət artıq bir neçə il idi ki, davam edirdi.
 
 Zərnigar xanım tamaşaçı etimadını uğurla qazandığı bir vaxtda onun qarşısında süni sədlər çəkilir, tədricən onu baş rollarda çıxış etməkdən məhrum edirlər. Bununla da aktrisanı bir şəxsiyyət kimi mənəvi sıxıntıya salırlar. Bundan sonra aktrisa müstəqil fəaliyyət göstərməyə başlayır. Çünki o, işsiz qala bilməzdi, gündəlik çörək pulunu özü qazanmalı idi. Buna görə də əvvəlcə "Zərnigar” firmasını yaradır. Qısa vaxt ərzində xalq şairi Bəxtiyar Vahabzadənin şeirləri əsasında musiqili bədii kompozisiya hazırlayır. Bu əsərlə respublikanın müxtəlif rayonlarında olur: Quba, Şəki, Salyan, Sabirabad, Oğuz, Qəbələ, İsmayıllı, Lənkəran...
 
 "Mən səhər alatorandan günortayadək çörək növbəsinə dayanan adamların, axşamlar bizim hazırladığımız tamaşaya baxmaq üçün məcbur edilmədən, könüllü gəldiklərini görəndə bilmirdim neyləyim. Keçirdiyim hissləri ifadə etmək üçün söz tapmırdım. Bu, sənətə, sənətkara verilən çox böyük qiymət idi. Demirəm anşlaq olurdu. Lakin tamaşaçıların hansı qayğılardan keçib gəldiklərini təsəvvür edəndə dünyanı elə bil mənə bağışlayırdılar..”
 
 Günlərin birində Z.Ağakişiyeva rejissor Oruc Qurbanovun "Yorğan-döşək” tamaşasını araya-ərsəyə gətirir. Lakin maliyyə çətinliyindən o, tamaşanı yalnız bir dəfə nümayiş etdirəsi olur.
 
 "Ümumiyyətlə, bu bir neçə illik müstəqil fəaliyyətimdə bir şeyi başa düşdüm ki, təşkilatçılıq ayrıca peşədir. Təsəvvür edin, tək-tənha həm tamaşanı hazırlamaq, həm bina icarəyə götürmək, həm biletlərin satışını təşkil etmək... o qədər böyük prosesdir ki, bunu tək adam heç cür bacarmaz, o ki qaldı qadın, həm də sənətkar ola”.
 
 İki ildən sonra minlərlə teatrsevər kimi, jurnalistin də istəyi çin oldu. "1999-cu ilin fevral ayının əvvəllərində teatrın truppa müdiri Qürbət müəllim zəng vurub mənə dedi ki, Mədəniyyət Nazirliyinə, nazir müavini Ədalət Vəliyevə zəng edib onunla görüşün. Qürbət müəllim zəng vuranda mənə elə gəldi ki, Mədəniyyət Nazirliyi mənim məsələmi teatrın rəhbərliyi ilə razılaşdırıb. Amma belə deyilmiş. Bu, nazir müavininin öz təşəbbüsü idi. O, hal-əhval tutandan sonra çox mədəni, nəzakətli formada mənim teatra lazım olduğumu vurğuladı və yenidən Milli teatra qayıtmağımın zəruriliyindən söz açdı. Belə bir incə təklifin müqabilində mən teatra qayıtmaq qərarına gəldim. Mən Ədalət müəllimə öz dərin təşəkkürümü bildirib dedim ki, istər sənətimə, istərsə də yaşıma hörmət olmalıdır. Teatrda mənim mövqeyim olmalıdır. Yoxsa, boş-boşuna teatra gedib gəlməyin nə mənası var.”
 
 Həyatda elə bir insan tapılmaz ki, o, çətinliklərlə, müqavimətlə, süni yaradılmış böhranlı vəziyyətlərlə rastlaşmasın, qarşılaşmasın. Zərnigar xanımın həyatı, yaşayışı, fəaliyyəti ilə yaxından tanış olanda bu çətinliklərin, bu süni sədlərin ondan da yan ötmədiyini görürük. Lakin o, qarşısına diyirlənən daşları görəndə başını heç vaxt itirməyib, sarsılmayıb, çaşıb qalmayıb, inadla bunları dəf etməyə özündə qüvvət tapıb, teatrdan kənarda da özünü bir sənətkar kimi təsdiq edib. Amma bütün bunlar istər-istəməz onun səhhətində bir iz qoyub.
 
 "Qışda xəstə yatdım. Adətən belə hallar olduğu üçün şübhələnmədim. Lakin bu dəfə məsələ çox ciddi şəkil aldı. Hətta ayağa durmağa halım olmadı. Sən demə, xəbərim olmadan yavaş-yavaş komaya düşürmüşəm. Teatra zəng etdim ki, adımı tamaşalardan təcili çıxarsınlar, halım getdikcə xarablaşır. Kollektiv əl-ayağa düşdü, Məleykə Əsədova, bizim teatrın istedadlı və gözəl aktrisası gəlib mənim başımın üstündə durdu. Bircə onu xatırlayıram ki, zəng vurub həkimləri ayağa qaldırdı. Üç gündən sonra ayılıb özümə gələndə yenə də başımın üstündə Məleykə xanımı gördüm. Həkimlər deyirdilər ki, bir an səhvə yol versəydik, Sizi həyata qaytara bilməyəcəkdik.”
 
 Hər bir kəsin alın yazısı olur. Onu axıra qədər yaşamaq lazım gəlir. Qəlbinin hökmü ilə ömrünü sevdiyi işə həsr edən Zərnigar Ağakişiyeva istər dövlətimiz, istərsə də xalqımız tərəfindən öz layiqli qiymətini alıb. O, Azərbaycanın xalq artisti kimi fəxri ada və Prezident təqaüdünə layiq görülüb.
 
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi  
 
 
 
 
 
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020