• çərşənbə axşamı, 16 aprel, 15:37
  • Baku Bakı 19°C

SƏNƏTİNİN SEVDALISI

08.04.17 11:30 1122
SƏNƏTİNİN SEVDALISI
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

Yaradıcılığın uşaqlarla bağlı hər istiqaməti gözəldir. İstər bədii əsər olsun, şeir, rəsm, cizgi filmi, paltar tikmək, hətta oyuncaqlar da. Çünki saydığımız bu qiymətli sərvətlərin, əşyaların hər birində uşaq dünyasının məhz bizim ovqatımızda yaratdığı sevinc, çöhrəmizdə duyulacaq təbəssümü şəksizdir. Yəqin ki, sizin hər biriniz dəfələrlə etiraf etmisiniz ki, balacalar üçün tikilən geyimlər daha gözəl və cazibədardır. Bu paklıq və saflıq dünyasının elə qəribə sehri , qüdrəti var ki, əgər ömrünü onlar üçün nəsə yaratmağa həsr etdinsə, nəfəsin dayananacan bu sevimli işindən geri çəkilə bilmirsən. Uşaq dünyasına daxil olmaq oranın əbədi sakininə çevrilmək kimidir. Bu mənada neçə uşaq şairi, ədibi, rəssamı, hətta dərzisi tanıyıram ki, yaradıcılıqlarında uşaq aləminin bədii təcəssümünə daha çox diqqət veriblər. 88 il ömür sürmüş əməkdar rəssam Solmaz Musayeva kimi... O, Azərbaycanın ilk qadın kukla rəssamıdır. Dünyanın dörd bir yanındakı muzeylərində, şəxsi kolleksiyalarında əsərləri qorunur. Dörd mindən artıq milli etnoqrafik kuklanın müəllifi və neçə-neçə cizgi filminin quruluşçu rəssamıdır.
Qoy böyüyüm, özüm kukla düzəldəcəyəm
Solmaz Musayeva 1928-ci ildə Bakıda yazıçı ailəsində doğulub. Atası Qurban Musayev tanınmış dramaturq olub. Pyesləri həm Azərbaycanda, həm də qonşu ölkələrin teatrlarında dəfələrlə səhnələşdirilib. Hətta onun ssenarisi əsasında film da çəkilmişdir. Azərbaycanın əməkdar mədəniyyət işçisi olan Qurban Musayev uzun illər teatrlarımızın repertuar siyasətini həll edən məsul bir vəzifənin daşıyıcısı da olub. Solmaz xanımın əmisi Qılman İlkin Azərbaycanın xalq yazıçısı idi. Eləcə də müxtəlif mükafatlar laureatı kimi tanınırdı. Onun məşhur "Bakı və Bakılılar” adlı kitabı bu gün çoxumuzun stolüstü və müntəzəm oxuduğumuz tarixi nəşrlərdən hesab olunur. Məhz belə bir mühitdə böyüyən Solmazda qeyri-adi istedadın, qabiliyyəti olması təbii idi. Qəhrəmanımızın sevimli gəlini, mənim də əziz dostum Zümrüd Dadaşzadədən eşitmişəm ki, Solmaz valideynlərinin istəkli övladlarından olub. Atası Qurban müəllim həmişə ona müxtəlif kuklalar alarmış. Hər dəfə də qızının incik sözləri ilə qarşılaşarmış. "Ata, nə olar, mənə qaragöz kukla al...” Hətta çox zaman karandaşla kuklasının gözlərini qaraltmağa çalışarmış. Əməyi ürəyi istəyən nəticəni verməyəndə, inamla deyərmiş ki, qoy böyüyüm, özüm kukla düzəldəcəyəm. Qızın bu cür şikayətləri bir cocuq şıltaqlıqları kim hamını güldürsə də, atasını düşündürürmüş. "Uşaq düz deyir də, bir kuklanın da gözlərini başqa rəng edin də...” Bakıdakı 132 saylı məktəbi bitirdikdən sonra Solmaz Musayeva məhz arzularının arxasınca Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Leninqraddakı Muxina adına Ali Bədii-Tətbiqi Rəssamlıq İnstitutunda təsviri sənətin sirlərinə yiyələnib. Bir faktı da qeyd edək ki, hələ rəssamlıq məktəbində təhsil alarkən paralel şəkildə ingilis dili kurslarına da gedirmiş. Bu bacarığı da nəzərə alındığından, Xarici Dillər İnstitutunun III kursuna qəbul olunub, ingilis dili fakültəsini də bitirib. Amma o, qrafika, rəngkarlıq, tətbiqi sənət və digər sahələrə qətiyyən meyl göstərməyib. Özünün də etiraf etdiyi kimi, uşaq aləmi onu məhz başqa yaradıcılıq mühitinə çəkib. 1965-ci ildən təqaüdə çıxana kimi həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Əvvəlcə quruluşçu rəssam, sonra da baş rəssam vəzifələrində çalışıb. Burada işlədiyi uzun illər ərzində 60-a yaxın tamaşaya bədii tərtibat verib. Neçə-neçə kuklaların yaradılmasında uğurlar qazanıb. Ən başlıcası, uşaqlıqdan qəlbində iz salmış "qaragöz kukla” istəyini də həyata keçirib. 1987-ci ildən ömrünün sonuna kimi isə fərdi yaradıcılıqla məşğul olub.
"Onlar mənim cansız balalarımdır”

İllər öncə "Qobustan” jurnalına verdiyi bir müsahibədə Solmaz xanım deyirdi: "Mən heç vaxt oyuncaq düzəltməmişəm. Xarici səfərlərə çıxarkən hədiyyə dükanlarında suvenir kuklaları görəndə həmişə beynimdən belə bir fikir keçirdi ki, nə yaxşı olardı, bizim də ahu baxışlı, qaraqaş, milli koloritli gəlinciklərimiz göz oxşasaydı. Elə bir gün gəldi ki, ürəyimdən keçən bu arzunu həyata keçirdim”. Xarici ölkələrdə keçirilən kukla festivallarında tez-tez iştirak edən Solmaz Musayevanı bir məsələ çox ciddi narahat edirdi. Fikirləşirdi ki, müasir kuklalarla etnoqrafiyanı əhatə etmək olmaz. Xarici ölkə seyriçilərinin diqqətini çəkmək, onların marağını Azərbaycana yönəltmək üçün nəsə etmək lazımdır. Bəllidir ki, hər bir festivalda iştirak edən ölkələrin öz guşəsi olur. O, kuklalarının təkcə gözlərinin rəngini, sifətlərinin təbəssümünü dəyişmədi. Hər bir kuklaya bölgələrimizə məxsus paltarları geyindirdi. Solmaz Musayevanın kuklalarının baş örtüklərindən tutmuş çarıqlarına, qədər bütün libaslarından milli kolorit diqqət çəkdi. Azərbaycan kukla rəssamının şöhrəti dünyaya yayıldı. Ötən əsrin 90-cı illərində Pakistan festivalında Solmaz Musayeva öz kuklaları ilə festivalın ən maraqlı iştirakçılarından biri oldu və xüsusi diploma layiq görüldü. Ondan soruşublar ki, siz festivala kimlə qatılmışdınız. Cavabı maraqlı olub: "Balalarımla!” Sorğu keçirən təəccüblə cavabı sual ahəngində təkrarlayıb "Balalarınla? Bəs gəlinciklər?” Solmaz Musayeva təmkin və məhəbbətlə davam edib: "Onlar mənim cansız balalarımdır”. Solmaz xanımı yaxından tanıyanlar söyləyirlər ki, o, həqiqətən kuklalarının nazını çəkir, onları əzizləyir, hətta onlarla danışırdı. Özünün xatirələrindən: "Bir dəfə işlərimi muzeyə daşımaq lazım idi. Sürücü elə kobudcasına yapışdı kuklanın ətəyindən ki, ürəyim gizildədi. Dedim, a bala, mən onları elə zərifliklə, nəvazişlə götürüb-qoyuram ki, solmasınlar, inciməsinlər. Hər gün onlara sığal çəkirəm, saçlarını tumarlayıram. Nə olar cansız olanda, onlar mənim ruhumun yadigarlarıdır”.

2003-cü iln əvvəlində Ümumdünya Qadınlar konqresindən əvvəl bu münasibətlə Bakıda sərgi açılmışdı. Həmin sərgidə Solmaz Musayevanın 25 kukladan ibarət zəngin koloritli "Azərbaycan qadın toyu” adlı kompozisiyası nümayiş olunub. Rəssamlar İttifaqında keçirilən bu tədbirdə iştirak edən ulu öndər Heydər Əliyevin kuklalar çox xoşuna gəlmiş və müəlliflə maraqlanmışdı. Sənəti və sənətkarı həmişə yüksək səviyyədə qiymətləndirən ümummilli lider Solmaz Musayevanın istedadını da dəyərləndirərək, ona işlərində uğurlar diləmişdi. Solmaz xanım ömrünün sonuna kimi Heydər Əliyevin onun yaradıcılığı barəsində dediyi xoş sözləri dərin minnətdarlıqla xatırlayardı. Həqiqətən də, sözün dəyəri bütün maddiyatdan yuxarıda dayanır. Heydər Əliyev kimi bir dahidən "Siz çox istedadlısınız, işləriniz də çox orijinaldır, maraqlıdır...” sözlərini eşitmək yaradıcı şəxs üçün ifadəsi çətin olan bir xoşbəxtlikdir, səadətdir. Köks dolusu "nəhayət ki...” deyərək ürək dolusu nəfəs ala bilməkdir. Elə bil həmin gündən sonra 75 yaşlı rəssama yeni bir ruh gəlmişdi. Böyük həvəs və inamla yeni kompozisiyalar üzərində işləməyə başladı.
"Şuşalı qadın Şirvanlı xanıma qonaq gəlib”
İlk kompozisiyası və son işləri də məhz uşaq mövzusunda olan Solmaz Musayeva dünya miqyasında keçirilən Kukla Teatrı festivallarında daim iştirak edib. Azərbaycan rəssamını artıq dünyanın çox yerində yaxşı tanıyır və onun sənətinə rəğbət göstərirdilər. Bu diqqətin bir sədası da Solmaz xanımın ünvanına 2003-cü ildə məhz UNESCO dan gəldi. Bu mötəbər qurumun daimi ekspozisiyası üçün əsər hazırlaması təklif olunurdu. İstedadlı rəssam bu sifarişi yerinə yetirərkən vətəndaşlıq missiyasını çox uğurla reallaşdırdı. İndi onun böyük məhəbbət və xiffətlə hazırladığı "Şuşalı qadın Şirvanlı xanıma qonaq gəlib” əsəri UNESCO-nun mənzil qərargahında öz yerini tutub. Əlbəttə, bu unudulmaz xanım rəssamın hər bir əsəri haqqında geniş danışmaq mümkündür. Amma mənə elə gəlir ki, Şuşa adı çəkiləndə bizim ürəklərimiz sızıldadığı kimi, Solmaz xanımın da ruhu narahat olur. Məhz ruhlarımızın sevinəcəyi günün arzusu ilə saflıq dünyasının vurğunu olan əməkdar rəssam Solmaz Musayevanı dünyaya gəldiyi aprel ayında sevgi və ehtiramla yad etdik. Nə vaxtsa onun nazlı gəlinçiklərinin sərgisini məhz Şuşada - Cıdır düzündə görmək diləklərilə...
banner

Oxşar Xəbərlər