• cümə axşamı, 25 aprel, 16:43
  • Baku Bakı 23°C

“Sənətinə ürəyini ver”

04.05.15 06:13 1297
“Sənətinə ürəyini ver”
Ədəbi məsləhətlər arasında istər ədəbiyyatsevərlər, istərsə də ədəbiyyata yeni qoşulanların ən çox diqqətini çəkən “yaxşı hekayət danışmaq üsulları” və “hekayə yazmaq texnikası” başlıqlı yazılar olur. Cənubi Amerika və dünya ədəbiyyatının ən uğurlu hekayə müəlliflərindən biri kimi tanınan Horakio Silvestr Kuiroqa Fortezin yeni yazarlar, xüsusilə də ədəbi karyerasına hekayə yazmaqla başlayanlar üçün qələmə aldığı 10 bənddən ibarət məsləhət yazısı da ən çox oxunan yazılar arasındadır.
“Qüsursuz hekayə üçün tabe olmalı 10 əmr” sərlövhəli yazı ədəbi məsləhət xarakterli olduğundan ilk baxışdan, sadəcə, yazıçılar üçün qələmə alındığını düşünə bilərsiniz. Lakin özünəməxsus nəqletmə üsulu ilə yazılmış bu mətn həm də peşəkar oxucunu bəzi xırda detallarla bağlı aydınlatmaq, ona bələdçilik etmək üçündür. Hekayə yazmağı məhz hekayə oxumağı sevdiyi üçün seçənlər, bu janra könül verənlər xırda, lakin yerində istifadə olunmalı olan bu 10 maddə ilə ədəbi iş prosesinin daha əyləncəli və nəticənin isə daha uğurlu olmasını təmin edə bilərlər.
Fortezin “hekayə təlimləri”nə keçid almazdan əvvəl onu qeyd edək ki, 1878-1937-ci illərdə yaşayıb, fəaliyyət göstərmiş yazıçı “ədəbiyyat dəfinəsinə gedən yol”da hər yazarın əsərləri ilə tanış olması vacib hesab edilən ədiblərdəndir. İstər poeziya, istərsə də qısa hekayə sahəsində işinin zərgəri olan Fortez 1903-cü ildə Luqones tərəfindən təşkil edilmiş tura qatılır və Argentinanı kəşfə çıxır. Onun ən uğurlu hekayələri də məhz bu səyahət dövründə, təbiətin qoynunda ərsəyə gəlir. Hekayələrində rast gəlinən tragik və psixoloji yalnızlığa meyillilik də məhz həmin səyahətdə yaranır. Bəzi ədəbi tənqidçilər isə bu duyğunun çoxluğunu yazarın Kiplinq, Po, Qorki kimi yazarlardan təsirlənməsi ilə əlaqələndirirlər.
Beləliklə, Fortezin ədəbi əmrləri ilə tanış olaq.
1. Ustad hesab edilən bir yazara – Po, Mopassan, Kiplinq, Çexov – Tanrıya inandığın kimi inan.
2. Sənətini əlçatmaz zirvə kimi təsəvvür et, elə qəbul elə. O zirvəyə çatmaq, onu aşa biləcəyinlə bağlı xəyallar qurmaq. Əgər elə bir zirvəyə çatası olsan, onsuz da heç hiss eləmədən bunun öhdəsindən gələcək, o zirvəni aşacaqsan.
3. Mübarizə aparmağa, yarışmağa mümkün olduqca qarşı çıx, dirən, yalnız üzərində həddindən artıq çox təzyiq, basqı hiss edərsənsə, mübarizəyə giriş. Çünki xarakter formalaşdırmaq hər şeydən çox səbr tələb edən işdir.
4. Səbəbli-səbəbsiz, kor-koranə şəkildə inan. Mütləq uğur qazanacaq qədər istedadlı olduğuna yox, arzuladığın şey üçün aparacağın mübarizəyə, onun üçün içində böyütdüyün şövqə, həvəsə. Sənətini, hekayəni sevgilini sevdiyin kimi sev, ona ürəyini ver.
5. Birinci sözün səni hara sürükləyəcəyini bilmədən yazmağa başlama. Yaxşı becərilmiş, planlaşdırılmış hekayədə ilk üç cümlə demək olar ki, son üç cümlə qədər əhəmiyyətlidir.
6. Bu şərti nümunə ilə ifadə etmək istəyirəm: “Çaydan sərt, soyuq yel əsirdi”. İstənilən ifadəni vermək üçün bəşər övladının danışdığı dildə mövcud olan sözlərdən başqa vasitə yoxdur. Amma bunlardan necə istifadə edəcəyini sən seç. Sözlərə sən hökm et, bütün cümlələr samitlə başlayan sözlərlə başlayıb, bir neçə cümlə ard-arda eyni sözlə başlayıb, hansısa söz çox təkrar olunub, belə şeyləri çox önəmsəməyin.
7. Lazım olmadıqca, dərin ehtiyac yaranmadıqca təyinlərdən uzaq durmağa çalışın. Zəif bir mənzərəyə yapışdırılmış rəng spektri qədər faydasızdır təyinlər, xüsusilə də pafosa xidmət edənləri. Halbuki bizi donduran mənzərənin hansı rəngdə olduğunu o an heç düşünmürük, heç sonra da xatırlamırıq. Yəni əsas olan mənzərədir, onu tapmaqdır.
8. Qəhrəmanlarını əlində saxla və hekayənin sonuna qədər qətiyyətlə sənin təyin etdiyin şəkildə irəliləmələrini təmin et. Əvvəldən planlaşdırdığın yolda onları başqa şəkildə görməyə, başqa yollarda sınamağa çalışma. Oxucunun görməyəcəyi, görsə də önəmsəməyəcəyi səbəblərə görə obrazları məqsəddən və yoldan uzaq salma. Oxucunu aldatma. Hekayə söz tünlüyündən, mənasız uzunçuluqdan arınmış romandır. Ola bilər ki, kimsə bu qədər əhəmiyyət verməsin, lakin sən belə qəbul et.
9. Duyğu axınına düşüb yazma. Güclü emosional vəziyyətin keçməsini gözlə, sonra, sadəcə, nə hiss etdiyini xatırla. Yazdığın xatırladığın duyğular olsun, əgər hamısını xatırlayıb yenidən canlandıra bilirsənsə, bu, yolu yarılamaq deməkdir.
10. Yazanda nə dostların, nə hekayənin necə əks-səda doğuracağı, nə də qazanacağı uğur haqqında düşün. Bir hekayənin içində görüşdürdüyün qəhrəmanların içində yaşadığı, həyat mübarizəsi apardığı o balaca yerdə baş verənlərdən başqa heç nə marağını çəkməsin, ən azından çəkmirmiş kimi davran. Çünki ortaya çıxan yekunda hekayədə yaşanan həyatdan başqa bir həyat izi olmamalıdır.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər