Sənətində boyundan uca olan aktyor
Onun, 28 il ərzində
yaratdığı 100-dən çox səhnə obrazlarının hamısını, təbii ki, görməmişəm. Çünki
Habil Xanlarov onları müxtəlif illərdə, müxtəlif şəhərlərdə - Füzulidə,
Horadizdə, Sumqayıtda "dünyaya gətirib". Ancaq gördüklərimdən ən çox
yadda qalanı məni öz əzabları-sarsıntıları ilə "silkələyən" iki obraz
- onun qardaş və oğul rolları olub. Habili yox, o "qardaş"ı, o
"oğul"u hər dəfə yada salanda, "o dünyanı" görüb-gəlirəm.
Çünki onların heç biri Habilin özü deyil, onlar bir bacının ərk edib-güvəndiyi,
şəxsi həyatında yol verdiyi səhvə görə onu... öldürməyə qəlbi yol verməyən
sevimli Qardaşı, o biri isə dərdi yeri-göyü parçalayan, ruhu ilə müqəddəs olan,
əziz, istəkli olduğu qədər də çarəsizlik içərisində çırpınaraq, bu çaxnaşıq
dünyaya nifrət edən bir ananın ağır günündə ona dayaq durmağa qüdrəti çatmayan,
xilas edə bilməyən Oğuldur. Bəli, onlar
Habil deyil, Habilin dərdli, yaralı ürəyidir. Bütünlüklə həmin obrazlara
verdiyi ürəyi! O ürək ki, vətən-yurd həsrətinin, doğmalarla ayrılığın ən ağrılı
anlarını, illərini yaşayıb.
...O gün - bu
ilin 25 fevralında Xocalı şəhidlərinin xatirəsini yad etməyə gəlmiş minlərlə
sumqayıtlı, tarixin heç zaman bağışlanmayacağı o müdhiş soyqırımı sanki öz gözləri
ilə görüb, onun dözülməz ağrı-acısnı, sarsıntılı anlarını yaşadılar. Azərbaycanın
Əməkdar artisti İlahə Səfərovanın ana obrazı və istedadlı aktyor Habil
Xanlarovun oğul rolu o qədər inandırıcı idi ki, sanki aktyorlar rolda deyildilər,
Xocalının köməksiz qalmış, bütün dünya tərəfindən unudulmuş biçarələri idilər.
Onların ANA-OĞUL doğmalığı-sevgisi, çarəsizlik, çıxılmazlıq içərisindəki
sarsıntıları heç kəsi biganə qoymayaraq, Xocalı faciəsini bütün dəhşətləri ilə
diqqətə çatdırırdı. Bu iki aktyorun əsl sənətkarlıqla təqdim etdikləri qısa,
lakin hamını həyəcanda saxlayan fraqment o qədər təsirli idi ki, bütöv bir faciə
tamaşası təsiri bağışlayırdı.
İstedadlı
aktyorların ümumiləşdirilmiş ana və oğul obrazlarının psixoloji-sarsıntılı
daxili aləmlərinə bacarıqla nüfuz edə bilməsi 26 il əvvəlki müdhiş Xocalı faciəsini
bütün ağrı-acılı reallığı ilə əks etdirirdi.
Hətta o faciə
səhnəsi o dərəcədə ağır idi ki, həmin dramatik "səhnəcik" başa
çatdıqdan sonra da aktyorlar obrazlardan, onların psixoloji sarsıntılarından
çıxa bilmirdilər - Ana İlahə xanım Oğul Habili "səhnədən"
qucaqlayaraq, çiyninə söykəyərək çıxartmışdı. Bütöv bir tamaşa təsiri
bağışlayan, tədbirin ən yadda qalan hissəsi olan həmin faciəvi səhnədən sonra
da hamının diqqəti yaxınlıqdakı ağaclıqda qəmli sükunətlə baş-başa dayanmış Ana
və Oğulda idi. Və yaxşı ki, onlar sonadək özləri olmadılar, Ana-Oğul oldular.
Bu isə hər iki aktyorun yüksək sənətkarlıqları, obrazların psixologiyalarını dərindən
duymaları, özlərini unudaraq, qəhrəmanlarının həyatlarını yaşamaları sayəsində
mümkün olmuşdu.
Habilin türk
dramaturqu T.Özakmanın pyesi əsasında H.Ərəblinski adına Sumqayıt Dövlət Dram
Teatrında baş rejissor, Azərbaycanın Xalq artisti Firudin Məhərrəmovun
("Xocalı" səhnəsi də onun ssenarisi əsasında hazırlanmışdır) səhnələşdirdiyi
"Ocaq" pyesindəki Fazil obrazı da bacısı Sevda ilə bağlı qardaş
qayğısı və narahatlığı, psixoloji təsiri
ilə yadda qalandır. Habilin həmin tamaşada yaratdığı zəhmətkeş və qeyrətli,
ata-ana, qardaş-bacı sevgisi ilə yaşayan oğul obrazı öz səmimiliyi, tipikliyi
ilə çox ailələr üçün xarakterikdir. Aktyor həyatın sıxıntıları, çətinlikləri ilə
üz-üzə qalmış ailəsinin qayğıları ilə yaşayan, onun bütün problemlərini,
ağırlığını öz çiyninə götürmüş Fazilin daxili narahatlıqlarını, psixoloji vəziyyətini, ovqat və düşüncələrini, ürək
çırpıntılarını tamaşaçıya sirayət edəcək dərəcədə güclü çatdırmağı, onu səhnədə
baş verən hadisələrin bilavasitə iştirakçısı (laqeyd olmayan iştirakçısı!) etməyi
özünəməxsus təmkinli səhnə hərəkəti (bəzən də düşüncəli sükutu), davranışı ilə
çox məharətlə bacarır. Mühüm anda ailəsi ilə məsləhətləşməməsini, Fazilin xəbərdarlığına
baxmayaraq şəxsi həyatında atdığı səhv addım qardaşını qeyrət qisasına təhrik
etdiyi bir vaxtda, obrazın psixoloji sarsıntılarını, tərəddüdlərini bütün
dolğunluğu ilə çatdıran aktyor şikəst, həm də çox sadəlövh bacıya (tamaşada
Sevda rolunu gənc, ümidverici aktrisa Şəhla Məmmədova, ana rolunu isə istedadlı
aktrisamız Sədaqət Nuriyeva çox gözəl, təbii, inandırıcı oynayırlar) olan
qardaş məhəbbətinin daha güclü olduğuna, buna görə də bəlkə də onu qətlə yetirmək
fikrindən son anda daşındığına inandıra bilir. Habilin layiqli, düşüncəli oğul,
qeyrətli, qayğıkeş qardaş obrazını - Fazili tamaşaçı az qala birbaşa səhnəyə
qalxaraq, bağrına basıb, təşəkkür etmək istəyir. Aktyorun məharəti də, sənət xoşbəxtliyi də elə
budur!
...Son 30 ildə
nadir bir hadisədir ki, Habil böyük, peşəkar teatr səhnəsinə institut
auditoriyasından deyil, birbaşa orta məktəbdən, parta arxasından gəlib, lakin
"əliboş" yox, istedadı, psixoloji-həssas duyum bacarığı ilə gəlib.
Özü də çox zaman olduğu kimi nə işıqçı, nə də səhnə maşinistinin köməkçisi kimi
yox, 20-25 ilin aktyorları ilə bərabər,
tam hüquqlu, ştat üzrə çalışan aktyor kimi.
Bu, bəlkə də
bir ucu Habilin bəxtinə, zərurətə bağlanan, onun o qədər də boy verəcəyi gözlənilməyən,
çox kiçik bir rüşeym şəklindəki istəyindən doğan qəribə, qətiyyən ağla gəlməyən,
bəlkə də sanki xüsusi olaraq "qurulmuş" təsadüf nəticəsində olmuşdu.
...O vaxt Habil
Füzuli rayonundakı doğma Babi kəndinin orta məktəbinin sonuncu sinfində
oxuyurdu. Və onun üçün məktəb illərinin sonuncu, mart tətili idi. Kiçik
qardaşının saçını düzəldərkən birdən gözü onun oturduğu stulun yan-yörəsinə sərdiyi
"Araz" adlı rayon qəzetində iri hərflərlə verilmiş elana sataşmışdı.
Orda bildirilirdi ki, yeni yaradılmış (1989-cu ilin avqustunda) Füzuli Dövlət
Dram Teatrı aktyor ştatını tutmaq üçün müsabiqə keçirir. Məktəbin əlaçılarından
olan, bədii özfəaliyyət, dram dərnəyində tez-tez çıxış edən, aktyorluğu uzaq xəyal
kimi belə fikrinə gətirməyən Habil üçün bu, lap göydəndüşmə olur. Səhər tezdən
35 km aralıda olan rayon mərkəzinə, teatra gedib müsabiqənin keçiriləcəyi günü
və şərtləri təfsilatı ilə öyrənib, adını iştirakçılar siyahısına yazdırıb, kəndə
qayıdır. Və başlayır səylə hazırlaşmağa.
Mayın əvvəllərində
keçirilən müsabiqəyə 35-dən çox gənc, hətta orta yaşlı adamlar da gəlmişdi.
Habilin C.Cabbarlıdan xüsusi intonasiya ilə ifa etdiyi "Ana" şeiri,
Flora Kərimovanın "Bu qatarın dalınca baxma" mahnısını bacarıqla
parodiya etməsi və ən başlıcası, ssenarisini özünün hazırladığı "Ana həsrəti"
səhnəciyində ana və oğulun dilindən onların səsinə uyğun şəkildə, kəskin səs dəyişikliyi
ilə danışması imtahan götürənlərin böyük marağına səbəb olur. Habilin istedadı
alqışlanıb, razılıq edilsə də, ona heç nə bildirilmir. Yalnız bir gün sonra məlum
olur ki, Habil birinci yeri tutaraq, müsabiqənin qalibi olmuşdur. İkinci yeri
isə onun sinif yoldaşı, məktəbin dram dərnəyində Habillə birgə
"artistlik" edən Tahirə adlı qız tutmuşdu. Və artıq avqustun
sonlarında Habilə rəsmi məktub göndərilmişdi ki, sentyabr ayından etibarən
aktyor kimi Füzuli Teatrına işə qəbul edilirsən. O gün 17 yaşlı Habilin
sevincinin həddi-hüdudu yox idi.
Habilin
Füzuli Dövlət Dram Teatrında ilk rolu tanınmış rejissor-dramaturq Ağalar
İdrisoğlunun "Çarəsiz oyun" tamaşasındakı Ötkəm obrazı idi. Özü də həmin
rol epizodik yox, baş rol idi! Bu isə teatrda yenicə işə götürülmüş hər gənc
aktyora, həm də belə tezliklə nəsib olmur. Bu, teatrda Habilin aktyorluq
istedadına verilən ilk böyük qiymət olmaqla yanaşı, həm də yüksək etimad idi.
1993-cü ilin
avqustunda erməni faşistləri Füzuliyə hücum edəndə gənc aktyorun cəmi 20 yaşı
vardı.
O günlər
Habil üçün ikiqat ağır və dəhşətli idi. Çünki Füzuli hələ işğal olunmazdan əvvəl
atası xəstələnərək, vəfat etmişdi. Evin kişi böyüyü 20 yaşlı Habil olduğundan,
ailənin bütün ağırlığı, qayğıları da onun üzərinə düşmüşdü.
Bir müddət
sonra mənfur düşməndən təmizlənmiş doğma kəndlərinə qayıdan Habil böyük ürək
ağrısı ilə ata yurdunun - bir vaxt böyüyüb boya-başa çatdığı evin
yandırıldığının şahidi olmuşdu. Yalnız atasının vaxtilə atın ayağını bağladığı,
kənddən çıxarkən isə Habilin evin
qapısına vurduğu buxov yanıb-qaralsa da, bir nisgilli nişanə olaraq qalmışdı...
Hələ 1991-ci ildə, ilk atışmalardan sonra Horadizə köçən
Füzuli Teatrı 1993-cü ilin ortalarınadək - erməni işğalınadək orada fəaliyyət
göstərmişdi. Habil orada çalışarkən müxtəlif tamaşalarda oynamış, maraqlı səhnə
obrazları yaratmışdı.
1993-cü ilin
sonlarında teatrın direktoru Vaqif Vəliyev respublika televiziyası ilə işğaldan
sonra pərakəndə düşmüş aktyorlarına, kollektivin digər üzvlərinə müraciət edərək,
onlardan Sumqayıta gəlib, bir yerə yığılmağı xahiş etmişdi. Habil də doğma
teatrın çağırışına qoşularaq, Sumqayıta üz tutmalı olmuşdu. Mədəniyyət
Nazirliyinin və şəhər rəhbərliyinin birgə qərarı ilə kollektivin üzvlərinə fəhlə
yataqxanasında yer ayrılmışdı.
Füzuli Dövlət
Dram Teatrı təxminən 10 ilə yaxın Sumqayıt Dövlət Dram Teatrı ilə eyni binada fəaliyyət
göstərdiyindən, Habil hər iki teatrın tamaşalarında müxtəlif rollar oynamalı
olmuşdu. Ona görə də mehriban qonşu olan bu teatrların kollektivləri Habili
"iki teatrın qəhrəmanı" adlandırırdılar. O, Sumqayıt Teatrında
tamaşaçıların sevimli aktyorları - Azərbaycanın
Xalq artistləri Valeh Kərimov, Məzahir Süleymanov, Əməkdar artistlər
Kazım Abdullayev, Kamil Məhərrəmov, İlahə Səfərova, Rauf Ağakişiyev, Fəranə
Musayeva, İzaməddin Bağırov və digərləri ilə eyni səhnədə çalışmaqdan qürur
duymaqla yanaşı, öz rollarını da yüksək səviyyədə oynamağa çalışmışdır.
Yüksək
istedadının və teatr "okeanariyası"na yaxşı bələd olmasının,
yaradılan obrazların psixologiyasını həssaslıqla
duyub, tamaşaçılara çatdıra bilmək bacarığının nəticəsidir ki, Habil bu gün də
demək olar ki, əksər tamaşalarda rol ala bilir. Özü də qəribədir ki, teatra təqdim
edilən hər bir pyesin oxunuşu zamanı Habil özünü hansı rolda görə bilirsə, məhz
həmin rolu da rejissor ona tapşırır. Çünki elə rejissorlar özləri də bu və ya
digər pyesə təklikdə ilkin nəzər yetirərkən, yaradıcılıq potensiallarından,
fiziki - "görkəm fakturasından" asılı olaraq obrazları kimlərin
yarada biləcəyini artıq dəqiqliklə müəyyən edə bilirlər.
...Habildə
rejissorluq istedadının da olduğunu hiss edən Mədəniyyət Nazirliyinin rəhbərliyi
2003-cü ildə onu iki illik müqavilə üzrə baş rejissor kimi işləmək üçün bir
vaxt - hələ 17 yaşında ikən səhnəsində aktyorluq debütünü etdiyi Füzuli Dövlət
Dram Teatrına - Horadizə ezam etmişdi. Lakin hər bir teatrın özülünü təşkil edən
aktyor sənətinə Habilin vurğunluğu o dərəcədə güclüdür ki, o, Füzuli Teatrında
baş rejissor kimi bir-birindən maraqlı əsərləri səhnələşdirməklə yanaşı, həmin
tamaşalarda ruhuna yaxın olan rolları ifa etməkdən də özünü saxlaya bilməmişdi.
2005-ci ildə
yenidən Sumqayıt Teatrına qayıdan Habil o vaxtdan indiyədək bu sənət ocağının fədaisi
kimi çalışmaqdadır.
Habilin
Qarabağ mövzusu əsasında səhnələşdirilmiş tamaşalardakı rolları da xüsusilə
yaddaqalandır. Çünki Habil özü Qarabağda baş verən faciəli, dəhşətli hadisələrin
bilavasitə iştirakçısı, qurbanı olmuşdu, torpağı əldən getmiş qarabağlının
sarsıntıları, iztirabları onun canından, qanından keçmişdi və o, həmin
iztirabları tamaşaçıya daha təsirli çatdıra bilirdi.
Son illərdə
müxtəlif televiziya və kino rejissorları da diqqətlərini istedadlı, geniş spektrli aktyor yaradıcılığına malik Habilə
yönəldib. Artıq o, 10-a qədər
çoxseriyalı filmlərdə çəkilib və daha bir-neçə film üzərində çəkilişlər davam
etdirilir.
Habilin bu il
yaratdığı obrazlardan ən maraqlısı, yadda qalanı isə Azərbaycanın repressiya
qurbanı olmuş üç qüdrətli şairin - Hüseyn Cavidin, Məhəmməd Hadinin və Mikayıl
Müşfiqin nakam həyatlarından bəhs edən "Zülmətdə nur"
tamaşasında H.Cavidin mükəmməl obrazını
yarada bilməsi idi. Həmin tamaşa haqqında geniş danışmayaraq, yalnız onu demək
istərdim ki, səhnədə aktyor Habil Xanlarov yox idi, orda... dahi Hüseyn Cavid
vardı. Məncə, elə bu rol Habil istedadı
haqqında çox şey deyir.
Sonda yalnız
onu qeyd etmək istərdim ki, Habil vaxtilə çox çətin, ağır günlər yaşasa da, mətin
iradəsi və istedadı ilə özündə güc taparaq, ayağa qalxa bilmiş, peşəkar aktyor,
gözəl insan, zəhmətkeş və qayğıkeş ailə başçısı kimi (o, 5 övladın atası, 3 nəvənin
babasıdır) hamının rəğbətini
qazanmışdır.
Rəhman ORXAN