AZE | RUS | ENG |

“Sənətimi ailəmə qurban verdim”- Debüt

“Sənətimi ailəmə qurban verdim”- Debüt
Gülnar İsayeva: Efirdə, gündəmdə olmasam da, heç zaman muğamımızı, müəllimlərimdən öyrəndiklərimi unutmaram

Gənc xanəndə Gülnar İsayeva ötən həftə qardaş ölkə Türkiyənin "TRT Müzik” kanalının "Könül bağı” proqramında qonaq oldu. Azərbaycan mahnı və muğamlarını ifa edən xanəndə uzun müddət idi ki, gündəmdə yox idi. Qeyd edək ki, 2005-ci ildə Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş muğam müsabiqəsinin laureatı olan Gülnar İsayeva davamlı olaraq konsertlərdə çıxış, müxtəlif görüş və səfərlərdə iştirak edib.
Ailə qurduqdan sonra Qazax rayonunda yaşayan ifaçı bu günlərdə "Kaspi”nin suallarını cavablandırıb. Ailə dəyərlərinin hər şeydən üstün olduğunu deyən müsahibimiz artıq yaradıcılığında dönüş etdiyini bildirir:  

- Türkiyənin "TRT Müzik” kanalında iştirakım tam təsadüf nəticəsində baş verdi. Belə ki, yazarımız Nigar İsfəndiyar mənim həmin verilişdə iştirak etməyim üçün əlindən gələni etdi. Mən də təklifi qəbul etdim və çox sevinclə verilişdə qonaq qismində çıxış etdim. Veriliş öncəsi məşq prosesləri oldu, mahnılarımız, ifamız maraqla qarşılandı. Orada ifa olunan mahnıları özümüz seçdik. Onların da tanıdığı məşhur xalq mahnılarını ifa etmək istədik. Çünki mahnı ifa edərkən bizi onların musiqiçiləri müşayiət edəcəkdilər. Daha çox həmin çalğıçıların bildikləri, bələd olduqları mahnıları oxuduq. Öz musiqiçilərimiz olsaydı, təbii ki, bəlli bir proqramla gedərdik.
 
- Sizi necə qarşıladılar?

- Bizi çox gözəl qarşıladılar. Onların yaradıcı kollektivi mehriban və səmimi idi. Mən bir az sakit təbiətli olduğum üçün düşünmürdülər ki, belə mahnılar oxuya bilərəm. Bilirsiniz ki, "TRT Müzik” dövlət kanalıdır və onlar öz işlərində çox məsuliyyətlidirlər. Hətta mən verilişə dəvət almamışdan öncə onlar Nigar xanımın vasitəsilə səsimi dinləmişdilər.
 
- Azərbaycan muğamına maraqları necədir?

- Onlar bizim muğamı heyranlıqla dinləyirdilər. Muğam oxuyarkən ortaya qoyduğum xırdalıqları və zəngulələri maraqla qəbul edirdilər. Bacardığım qədər ifa etdiyim mahnıları olduğu və müəllimlərimdən öyrəndiyim kimi təqdim etməyə çalışırdım.
 
- Bildiyimiz qədərilə, Qazaxda yaşayırsınız. Sizi qardaş ölkəyə dəvət etdikdə, ailəniz hansı reaksiyanı göstərdi?

- Türkiyədə bir verilişə dəvət aldığımı deyəndə ilk olaraq ailədə bunu çox aqressiv qəbul etdilər. Zaman keçdikdən sonra gördülər ki, bunu çox istəyirəm. Yoldaşımı yaxşı mənada yola gətirdik, o mənə dəstək oldu. Yoldaşım dayım oğludur və biz bir-birimizi yaxşı anlayırıq. Sonradan onlar məni efirdən zövqlə, sevərək izləyiblər.
 
- Hər insan bu qədər məşhur olduğu halda, ailəsinə görə yaradıcılığının üzərindən xətt çəkib bölgədə yaşamaz. Siz bu addımı atmısınıza, demək ki, ailənizə böyük dəyər verirsiniz.

- Elədir. Mən bu qərarı verərkən hər şeyi gözə aldım. Elə məqamlar olur ki, onun sonunu düşünmədən addım atıram. Ancaq ailə məsələsində insan düşünür, nə də olsa bundan sonrakı həyatım verəcəyim qərarımdan asılı idi. Mənim üçün ailə çox dəyərlidir. Qadın üçün ailə hər şeydən önəmli olmalıdır. Biz nənələrimizdən də belə görmüşük.  
 
- Ailə qurduqdan sonra həyatınızda nələr dəyişdi?
 
- Çox şey. Ailə qurduqdan sonra həyat yoldaşım mənə bəzi qadağalar qoydu. Təxminən iki ildən çox sənətdən uzaq qaldım. Bilirsiniz ki, bu sənətdən uzaq qaldıqda insanların yaddaşından silinirsən, unudulmaq təhlükəsi ilə üz-üzə qalırsan. Ancaq ailə ilə bərabər mənim sənətimə də böyük sevgim var və həyat yoldaşım bunu görürdü. Ona görə bəzi tədbirlərə iştirak etməyimə razılıq verdi. Ancaq ailə mənim üçün dəyərli olduğundan, hər şeyi ona qurban verdim. Mənim üçün əsas qarşı tərəfə olan inamdır. Həyat yoldaşımın mənə inamı sonsuzdur. Əgər bu gün o desə ki, oxuma, oxumaram. Şükürlər olsun ki, iki övladım var və xoşbəxt ailəyə sahibəm. Övladlarım dünyaya gələndə hiss etdim ki, yenidən doğulmuşam. İndi övladlarım üçün yaşayıram.
 
- Qeyd etdiniz ki, bir-iki ay səhnədə olmayanda ifaçı unudulur. Bəs 2 il səhnədə olmayan bir xanəndə muğamın xırdalıqlarını, qəzəlləri necə, unudurmu?

- Əsla. Muğam mənim qanımda, canımdadır. Bunu o qədər beynimə, fikrimə hopdurmuşam ki... Düzdür, xanəndə hər gün məşq etməli və özünü daha da inkişaf etdirməlidir. O zaman ifası qüsursuz olur. Ancaq mən efirdə, gündəmdə olmasam da, heç zaman muğamımızı, müəllimlərimdən öyrəndiklərimi unutmaram. Bu proseslərin hamısı öz adım kimi yadımdadır. Dəsgahlar heç vaxt yadımdan çıxmır.
 
- Muğam müsabiqəsində müəllimləriniz sizi müasir Ərəbzəngi adlandırırdı. Bu gün Opera və Balet Teatrında həmin obrazı gənclər ifa edir. Onlara baxanda düşünürsünüzmü ki, onların yerində ola bilərdiniz?

- Açığını desəm, bəzən elə təəssüf hissi keçirdiyim anlar olur. Ancaq heç vaxt nəyəsə görə israr etməmişəm. Özümü kiməsə göstərməyi, xatırlatmağı sevən biri deyiləm. Əgər məndə səs varsa və kiməsə lazımamsa, belə bir təklif mənə olunacaq. Müsabiqədə müəllimlərim tərəfindən belə bir fikir səsləndirilmişdi. Sonra heç bir təklif və dəstək olmadı. Bəlkə də bu sözün arxasınca özüm getməli idim, amma getmədim. Heç zaman məşhur olmaq, tanınmaq arzusunda olmamışam.
 
- Səbəb?

- Çünki tanınmış insanların özəl həyatında bəzi problemlər yaşanır. Mən o problemlərin öhdəsindən gələ bilmərəm. Daha çox diqqətli olmağa məcbursan, bəzən haradasa bilmədən diqqətsiz olursan. Elə bir məqam olur ki, kimlərinsə xətrinə dəyirsən. İstəmirəm ki, məni ətrafdan pis insan kimi qiymətləndirsinlər. Kiməsə salam verməyəndə, bunu saymamazlıq kimi dəyərləndirəndə mənə xoş gəlmir. Heç zaman böyük səhnələrin arxasınca qaçmamışam. Ancaq bu sənətə gələn hər bir xanəndənin arzusudur ki, Leylini, Ərəbzəngini canlandırsın. Leyli obrazında özümü sınamaq istəsəm də, gərək xanəndənin də səs imkanları buna imkan versin. Ancaq müəllimlərim mənim səsimin Ərəbzəngiyə uyğun olduğunu deyiblər. İstəyərdim canlandırım, ancaq olmadığı üçün o qədər də təəssüf hissi keçirmirəm.
 
- "Könül bağı” verilişi ilə yaradıcılığınıza geri döndünüz. Bundan sonra hansı işləri görmək istəyirsiniz?

- Mütəmadi sənətdə olmaq, efirlərə, muğam verilişlərinə dəvət almaq istəyərəm. İndi efirə çıxmaq, orada yalnız sənət nümayiş etdirmək müşkül məsələyə çevrilib. Efirlərdə çıxış etmək çox çətindir. Bu gün tanışlar, dostlar, sənət adamları sənə dəstək olmasa, təkbaşına nəsə etmək təbii ki, çətindir.
 
- Hazırda Qazaxda el şənliklərinə gedirsinizmi?

- Getmirəm. Bakıda olanda çox nadir hallarda gedirəm.
 
- İki oğul övladınız var. İstəyərsinizmi ki, övladlarınız sənətinizin davamçısı olsunlar?

- Təbii ki, istəyərəm. Onlar bir mahnı ifa edəndə, qürur hissi keçirirəm. Düşünürəm ki, mən də mahnı ifa edəndə valideynlərim mənimlə qürur duyublar. Adi bir mahnını mızıldananda, ürəyim o qədər fərəhlənir ki, qız övladım olsa belə mən onun ifaçı olmasını istərdim. Təbii ki, bu, uşaqların öz istəyindən asılıdır. Əgər istəsələr, mən onlara dəstək olaram. Mən bu sənəti sevəndə valideynlərim mənə dəstək oldular, arzularımı həyata keçirməyə imkan yaratdılar. Mən bu sənətdə qalmağı hər şeydən çox istəmişəm.
 
- Hədəfləriniz nələrdir?

- Çox böyük hədəflər arzusunda deyiləm. Sadə, rahat bir həyatımın olmasını istəyirəm. İstəyirəm ki, övladlarıma diqqət yetirim. Onların rahat yaşaması üçün ömrümü onlara həsr edim. Sənətimdə ucalmaq və ustadlarımın yolunu davam etdirmək istəyirəm. Hədəfim tarixdə muğamın daşıyıcısı kimi adımın qalmasıdır. Bunun üçün çox çalışmışam. Mən buna görə bir az gec ailə həyatı qurdum. Həyat yoldaşım mənə dəstək olur. Məsləhətli şəkildə ailə qurmuşuq. 
 
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163