• şənbə, 20 Aprel, 20:18
  • Baku Bakı 24°C

Sənətim məni toya da aparıb, yasa da – Müsahibə

18.06.14 12:58 2861
Sənətim məni toya da aparıb, yasa da – Müsahibə
Dünən “Ay ürək”, “Ay gecikən məhəbbətim”, “Hançer”, “Gözəllər gözəli” və başqa sevilən mahnıların müəllifi, müğənni Niyam Salami “Kaspi” qəzetinin qonağı oldu. Bizimlə söhbətində ifaçı yaradıcılığından ağızdolusu danışdı. Sənət yoldaşları ilə münasibətlərinə aydınlıq gətirən Niyam ulduz xəstəliyinə tutulmadığını da dedi: “Elə ulduzlar var ki, indi sənətin zirvəsində olsalar da, yanlarında heç kim yoxdur, onlar təkdir. O, artıq ulduzluq deyil”.
Yayın şah mahnısı
- Son zamanlar mətbuatda yeni klip çəkilişləri ilə bağlı xəbərləriniz dərc olunur. İstərdik ki, bizə nümayiş olunacaq yeni klipinizdən və qarşıda həyata keçirəcəyiniz layihələrinizdən bəhs edəsiniz.

- Yeni layihələrim həddindən artıq çoxdur. Demək olar ki, yay başlayandan bütün günü işləyirəm. Hazırda “Çağırma məni” mahnısına klip çəkdirirəm. Mahnının musiqisi Ceyhun Əliyevə, sözləri isə Azər Şirinə məxsusdur. Klip çəkdirmək üçün bu mahnıya müracət etməyimin səbəbi tamaşaçıların sözügedən mahnıya böyük marağının yaranmasındadır. Ümumiyyətlə, bu sənət aləmi elədir ki, mahnının ixtiyarı tamaşaçının əlindədir. Mahnını yalnız tamaşaçı hit edə və sevdirə bilər. Repertuarımda olan mahnıları düzgün seçdiyim üçün onlar tamaşaçılar tərəfindən sevilir.
Daha sonra tamaşaçılar mənim ifamda fərqli bir mahnı dinləyəcəklər. 15 gündən sonra ərəb mahnısı olan və Hindistan ifaçılarının sevdiyi “Maşallah” mahnısını tamaşalarım üçün ifa edəcəm. Mahnı ritmik üslubdadır, demək olar ki, yayın şah mahnısıdır. Mahnı elə bir ritmdədir ki, onu dinləməmək mümkün deyil. Bu mahnının klipində də rəqqasə Oksanaya müraciət edəcəyəm. Bəhs etdiyim iki mahnıma klip dostlarım tərəfindən çəkiləcək. Onlar klipi qonorarsız çəkəcəklər. Klipdən sonra sentyabra qədər Ququşdan mahnı hazırlayacam. Eyni zamanda bəstəkar Nailə Mirməmmədli ilə yeni mahnı üzərində işləyirəm. Belə ki, bəstəkarla yeni layihəmiz “Ay ürəyim” mahnısının ikinci versiyası kimi təqdim olunacaq. Bu mahnının sevgidən bəhs etməsini istəmirəm. İstəyirəm ki, bu mahnıda insanın qocalığından, yaşlı insanın taleyindən bəhs olunsun.
- Bəs xarici rejissorlara necə, müraciət etmək fikrindəsinizmi?
- Bunu gələcək göstərəcək. Dünyanın işini bilmək olmaz. Ola bilər ki, vətənimizin bir bölgəsində, ya da başqa bir məşhur ölkədə klip çəkdirim. Azərbaycanda yüksək klip effektlərini yaradan rejissorlardan biri də Anar Hüseynovdur ki, onun əl işini çox bəyənirəm. Türkiyədə klipə xərclədiyim 15-20 min manatımın 8-9 minini Anara verib o effekti əldə edə bilərəm. Ümumiyyətlə, hər şey maddi vəziyyətdən asılıdır. Tamaşaçılarım kliplərimdən yetərincə doymayıblar. Nə zaman ki öz tamaşaçılarımı bildiyim şəkildə kliplərimlə doyuzduraram, o zaman xarici rejissorlara müraciət edərəm. Hələ ki yeniliklərimlə tamaşaçılarla görüşürəm. Onu da xatırladım ki, Azərbaycanda ilk dəfə yaxta bağlatdırıb, klip təqdimatı keçirən mən olmuşam. Ümumiyyətlə, ilklərə imza atmağı xoşlayıram.
Sənətim məni toya da aparıb, yasa da

- Qeyd etdiniz ki, tamaşaçıları öz kliplərimlə doydura bilməmişəm. Sizcə, Niyam Salami sənət aləmində özünü təsdiq edə bilibmi?

- Tamaşaçılar mənim ifamı artıq tanıyırlar. Bilirlər ki, belə bir müğənni var. Cəmiyyət içinə çıxanda tamaşaçılar məni gözəl qarşılayırlar. Bu, vəziyyət məni sevindirir. Bu gün toylardayamsa, mənə tələbat varsa, bu, o demək deyil ki, mən istədiyim səviyyədəyəm. Hər zaman sənətim üçün işləmişəm. Sənətim məni toya da aparıb, yasa da. Ancaq onu da deyim ki, toy mahnısı yazdırıb heç vaxt toy tutmağa çalışmamışam. Həyatı boyu heç kim məndən elə bir şey gözləməsin. Mən efirdən heç vaxt toy mahnısı ifa etməyəcəyəm.
- Sizin repertuarınızda toy biznesi, yoxsa şou-biznes çox inkişaf edib?

- Mən toylara da gedirəm, şou-proqramlarda da iştirak edirəm. Şouda hər təsdiq olunmamış müğənni efirə çıxa bilmir. Bir mahnı yazdırıb efirdə oxumaq şou aləminə qədəm qoymaq deyil. Şou proqramında ən sevilən müğənnilər iştirak edir.
- Sizin üçün hansı asandır - toy biznesi, yoxsa şou-biznes?

- Mənim üçün toy biznesi daha çətindir. Hər ikisi çox məsuliyyətli bir sənətdir. Şou proqramda istədiyin sözü intellektual insanlara çatdıra bilirsən. Ancaq toylarda ola bilər ki, kimsə içki içsin və müğənninin əsəbləri ilə oynasın. Toyda istəyirlər ki, toy mahnısı ifa edəsən və təşrif buyuranlar bolluca əylənsinlər. Mənim də elə bir səs tembrim var ki, toylarda da ifa edirəm, səhnədə də. Ancaq toy mahnısını səhnədə heç vaxt ifa etmərəm.
- Bəs qalmaqala münasibətiniz necədir?

- Qalmaqal müğənniyə çox lazımdır. Ola bilsin ki, müğənni yeni bir layihə hazırlayır, onu yüngül bir şouya çevirir. Müğənni sənət yoldaşının ünvanına sərt söz deyəndə mən çox əsəbiləşirəm.
O, mənim dostum ola bilməz
- Xatirə İslamla bir müddət sizin qalmaqalınız oldu. İndi münasibətiniz necədir?
- Xatirə İslamla mən qalmaqal etməmişəm. Qalmaqalı o özü yaradıb. Mənimlə əlaqə saxlamadan, qısa müsahibəmə baxaraq öz fikrini bildirib. Mən belə şeyə pis baxıram. Çünki o məni tanıyırdı və hətta yaxın adam kimi övladının xeyir işinə dəvət etmişdi. İndi hansı dövrdür ki, müğənni ilə efir vasitəsilə əlaqə saxlanılsın? O, öz sözünü zəng edib telefonla deyə bilərdi, nəinki çıxıb efirdə sənəti pisləməli idi. Xatirə bu hərəkəti ilə öz-özünü pis vəziyyətə salıb. O, mənə heç nə etmədi, nə etdisə özü-özünə etdi. Onunla münasibətim heç zaman yaxşı olmayacaq. Harada qarşılaşaramsa, ona salam verə bilərəm. Amma gedib “ay can” deyib onunla görüşə bilmərəm. Bu, mənlik deyil. O, mənim dostum ola bilməz. Onsuz da yetərincə dostum var. İncəsənət təbliğçiləri heç zaman pis danışmamalıdır. Hər kəs öz səviyyəsinə uyğun danışır. Mən kasıb bir ailədə doğulmuşam. Kasıb əqidəni, mədəniyyəti görmüşəm.
- Sizcə, bu gün şou aləmində kimlərin yeri yoxdur?
- Şou aləmində səsi, sənəti olmayan ifaçıların yeri yoxdur. Onları hamı tanıyır. Ola bilər ki, onların adı-sanı var, ancaq lazımsızdır. Adları var, özləri yoxdur. Mən onlara sönmüş vulkan deyirəm. Onların vulkanları öz daxilində püskürür. Həmin ifaçılar öz yerlərində yanıb sönürlər. Sənətçi tamaşaçıya məxsusdur. Müğənni tamaşaçı üçün yaranıb.
- Niyam Salaminin bu gün ləqəbə ehtiyacı varmı?

- Mənim ləqəbə ehtiyacım yoxdur. Ləqəbi müğənniyə gərək elə bir adam versin ki, onun sözü sənət aləmində keçərli olsun. Bundan sonra tamaşaçı sevdiyi ifaçını həmin ləqəblə çağırsın. Müğənni tədbirlərdə özünü istədiyi ləqəblə təqdim etdirməməlidir. Bu, düzgün deyil.
- Sizcə, müğənniyə ləqəbi kim verməlidir?

- Təbii ki, xalq verməldir. Xalq tərəfindən seçilən, cəmiyyəti öz arxasınca aparan insanların gündəmdə olan ifaçılara ləqəb vermə ixtiyarı var. Misal üçün, xalq artistimiz İlhamə Quliyeva kimi. Onun səhnədə olan sənətçilərə ad verməsi məsələsi müğənnilər arasında qısqanclıq yaradır. Qoy müğənnilər sevinsin ki, İlhamə Quliyeva onlara ad verir. O, yerli müğənnilərimizin əziyyətini dəyərləndirib, onlara ad verir, heç kimi söyüb biabır etmir ki.
Yüngül mahnılara meyl artıb

- Bu sənətdən ən böyük istəyiniz nədir?

- Çox istəyirəm ki, şou-biznes aləmində hər şey öz yerini tutsun. Şoudan biznes kimi istifadə edə bilən təşkilatçılar ortaya çıxıb, konsertlər, səfərlər təşkil etsinlər. Biz də konsertdən əldə etdiyimiz pula öz layihələrimiz üzərində işləyə bilək. Daha gözümüzü toylara dikməyək.
Təssüflər olsun ki, bu gün cılız mahnılar səviyyəli mahnılara çox pis təsir göstərir. Yüngül bir melodiya ilə mahnı oxuyurlar, musiqi duyumu zəif olan insanlar da o mahnılara meyl göstərir.
- İfaçılıqdan başqa hansı sənətlə məşğul olmaq istərdiniz?

- İstedadım çoxdur. Belə ki, rəssamlıq təhsilim var, bundan başqa, dizaynerliyi çox yaxşı bacarıram. Bacarığım təkcə bunlarla kifayətlənmir, gözəl saç kəsirəm, dadlı yeməklər bişirirəm, süfrə hazırlayıram. Bir də dədə-babadan qalma dulusçuluq sənətini çox yaxşı bacarıram və müalicəvi bitkilərə yaxından bələdəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər