Sənətdə nəhəng, zəhmətdə nümunə insan
Xalq
artisti Kamal Xudaverdiyevin oynadığı teletamaşaları vaxtilə ekrandan maraqla
izləmişəm. "Alov”, "Atayevlər ailəsi”, "Sarıköynəklə Valehin nağılı», "Bizim
qəribə taleyimiz”... Daha sonra "Nəsimi”, "Dağlarda döyüş”, "Gözlə məni”, "Ən
vacib müsahibə” filmlərindən aktyorun oyununu sevmişəm. Milli Dram Teatrının
səhnəsində oynadığı tamaşaları sevə-sevə salondan izləmişəm. İllər sonra
jurnalistlik fəaliyyətimdə ekrandan və səhnədən izlədiyim aktyorla canlı
müsahib olmuşam. Artıq illər sözünü demişdi. Bir qədər pessimist görkəmi vardı.
Yaxın aktyor yoldaşlarının yoxluğu onu sanki küsdürmüşdü. Teatrın əvvəlki
ab-havasının, görkəmli pleyadanın yoxluğu da bir tərəfdən... Aktyorun ruhu
başdan-ayağa nostaljiyə köklənmişdi. Keçirdiyi ağır əməliyyatdan sonra həyata
baxışları da dəyişmişdi.
Kamal
Xudaverdiyevlə söhbətimizdə aktyorun uşaqlığına da boylanmış, gəncliyindən də,
sənətə gəlişindən də söhbət açmışdıq.
Gərəknizam-intizamaəməl edəsən
Onun
uşaqlığı müharibə illərinə təsadüf edib. Atasını erkən itirib. Ailənin yükü
onun çəlimsiz çiyinlərinə düşüb. Fəhləlik edib, ailələrini dolandırıb. Ancaq
əzablı günlərin içərisində qəlbinə işıq tutan ümidini itirməyib. Oxumaq, ali
təhsil almaq istəyib. Arzuları onu 1961-ci
ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino fakültəsinə yönəldib.
Bəxti onda gətirib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib kimi böyük
sənətkarların sinfində oxuyub. Sənətin sirlərini azman aktyorlardan öyrənib.
Onun istedadı, bacarığı və həvəsi də müəllimlərinin gözündən yayınmayıb. Ali
təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə teatrın baş
rejissoru Tofiq Kazımovun təklifi ilə truppaya qəbul edilib və qısa fasilələri
çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçib. Bu teatrın
səhnəsində çoxsaylı rollar oynayıb. "Almaz”da İbad, "Aydın”da Surxay, "Kral Lir”də
Kral Lir, "Xoşbəxtlər”də Sadıq, "Yalan”da Fərman, "Vaqif”də Eldar, "Mahnı
dağlarda qaldı”da Bahadır, "Bağlardan gələn səs”də Kamandar, "Yollara iz
düşür”də Loğman (B.Vahabzadə), "Ah Paris... Paris”də süpürgəçi və s. rollar
tamaşaçıların alqışları ilə qarşılanıb. «Böyüksənətkar olmaqlarıözyerində,
həm də necə dəqiq idilər. İşlərinəçoxməsuliyyətlə
yanaşırdılar” - deyə müəllimlərini məhəbbətlə xatırlayırdı: "Bizimişimizdə təkcəistedadazdır,
gərəknizam-intizamaəməl edəsən.Onlardan keçibbəlkə də mənə. Çalışmışamki, kimsə məni gözləməsin.Aktyorluqyaradıcılığı
elədirki,beşdəqiqəyubanmaqbirməşqin
dayanması,bir tamaşanın pozulması
deməkdir.Onudaistəmişəmki, tərəf-müqabilimgüclüaktyorolsun. Sənin
inkişafın tərəf-müqabilindənçoxasılıdır.Doğrudur,aktyorlararasında
elələrivarki,
tərəf-müqabilin zəif olmasını istəyir.Bu, özünə
xəyanətdir».
Aktyorun Azərbaycan Televiziyasında hazırlanan
tamaşalarda da çəkildiyi rollar tamaşaçıların yaddaşına yazılıb. İlyas
Əfəndiyevin «Atayevlər ailəsi» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri»
(Cavanşir bəy), Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar»
(Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan
adam» (doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi) əsərlərində
canlandırdığı rollar minlərlə tamaşaçını ekran qarşısına cəlb edib.
«Azərbaycanfilm» kinostudiyasında «İstintaq
davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş»
(Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri),
«Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata)
filmlərində xaraktercə fərqli obrazlarla filmoqrafiyasını zənginləşdirib.
Əgər sənət aləmində qalsaydı...
Kamal Xudaverdiyevin tamaşaçıların yaddaşına yazılan obrazları onu
insanlara nə qədər sevdiribsə, aktyor yoldaşları arasında da eyni sevgi və
hörməti qazandırıb.
Xalq artisti Rafiq Əzimov sənət dostu
haqqında keçmiş zamanda danışmasından dərin təəssüf hissi keçirir: «Kamal Xudaverdiyev, Hamlet Xanızadə
və Məcnun Hacıbəyov institutda bizdən sonrakı məzunlar olublar. Onlar yaxın
dost idilər. Teatra qədəm qoyandan sonra isə bizim də dostluğumuz yarandı.
Kamalın ətrafında bir neçə yaxın dostları vardı. Yadımdadır, hər il may ayının
2-də – onun ad günündə biz onların evinə yığışar, həm 1 May bayramını, həm də
onun sabahkı ad gününü qeyd edərdik. Kamalın çox mehriban anası var idi. O bizə
öz övladı kimi qulluq edirdi. Kamal uşaqlıqda çox əzablı günlər yaşamışdı. Təzə
Pir məscidinin yaxınlığında, Mirzə Fətəli küçəsində evləri vardı. Biz onunla istər
evlərinə get-gəl edəndə, istər teatrda çalışdığımız illərdə, istərsə də qastrol
səfərlərində həmişə mehriban münasibətdə olmuşuq. Ümumiyyətlə, teatrda bu cür
isti münasibət olanda, o, səhnəyə də sirayət edir. Çünki xoş günlər olanda
dostlar arasında dedi-qodudan uzaq olursan, yalnız sənət haqqında fikirlərini
bölüşürsən. Bizim də Kamalla belə münasibətimiz var idi».
R.Əzimov
sənət dostunu istedadlı aktyor kimi xatırlayır. Belə ki, aktyor teatra gələn
gənclər arasında öz istedadı ilə seçilib. Səhnəyə yaraşan boyu-buxunu, amiranə
səsi, obrazdan-obraza başqalaşmaq bacarığı onu çoxlarından fərqləndirib. "Bir
neçə tamaşada onunla tərəf-müqabili olmuşam”- deyə qocaman aktyor xatırlayır: "Hamımız
səhnədə kiçik rollardan başlamışıq. Rejissorlar hər bir gəncin istedadını duyur
və ona get-gedə böyük rollar həvalə edirdilər. «Vaqif» dramında Eldar rolunu
vaxtilə Rza Əfqanlı, Mövsüm Sənani, Həsənağa Salayev oynamışdılar. Sonradan bu
rolu Kamal Xudaverdiyevə də həvalə etdilər. Get-gedə «Vaqif» tamaşasının
aktyorları cavanlaşırdı. Necə ki Vaqif rolunu oynamağa Həsən Turabov, Səməndər
Rzayev kimi aktyorlar dəvət alırdı, eləcə də Eldar roluna zamanla gənc
aktyorlar dəvət olunurdu. Kamal bu rolu özünəməxsus tərzdə oynayırdı. Ona hər
rol tapşırıldıqca, istedadının yeni imkanları üzə çıxırdı. İstər Azərbaycan,
istərsə də Qərb dramaturqlarının əsərlərində mükəmməl obrazlar yaradırdı.
Teatra yeni gələn rejissorlar da onun istedadına yüksək qiymət verirdilər.
Şekspirin «Kral Lir» faciəsində Kral Lir surətinin Kamal Xudaverdiyevə
tapşırılması çoxlarına təəccüblü görünsə də, o, bu rolun öhdəsindən məharətlə
gələ bildi. Hətta Moskvada keçirilən Beynəlxalq Çexov Teatr Festivalında da bu
tamaşada müvəffəqiyyətlə oynadı. Kamalın təkcə klassik əsərlərdə deyil, müasir
əsərlərdə də rolları var idi. İnsanlar onun oynadığı televiziya tamaşalarını
çox sevirdilər. Bu mənada Kamal xoşbəxt aktyor idi”.
R.Əzimov
sənət dostunun yüksək insani keyfiyyətlərə malik olmasından danışır, onu
mehriban və sadiq insan kimi yada salır: "Kamal dost qədri bilən idi. Hamlet
Xanızadə, Məcnun Hacıbəyovla yaxın dost idilər. Sonradan bu dostluğa Fuad
Poladov da qoşuldu. Demək olar ki, onlar can bir qəlbdə idilər. Kamal zəhmətkeş
insan idi. Bunun kökündə uşaqlıqda çəkdiyi əzab-əziyyət dayanırdı. Kamal
evlərinə o qədər bağlı idi ki, ona yeni mənzil veriləndə də, ata evini tərk
edib getmək istəmirdi. Təzə mənzilində yaşamaq ona qismət olmadı. Əgər Kamal
Xudaverdiyev sənət aləmində qalsaydı, hələ çox rollar oynayacaq, teatr və
kinomuzu maraqlı obrazlarla zənginləşdirəcəkdi. O cür aktyorlar yaşasaydı, bəlkə
durğunluğa düşdüyümüz illərimiz də az olardı. Çünki onlar böyük məktəb görmüş,
Rza Təhmasib, Adil İsgəndərov, Mehdi Məmmədov kimi müəllimlərdən dərs
almışdılar. Böyük sənətkarlardan öyrəndiklərini səhnədə dəqiqliklə tətbiq
edirdilər. Onların səhnəyə hər çıxışı aktyorun rol üzərində necə işləməsi ilə
bağlı təcrübə idi. Mən indi də o cür aktyorların teatrda olmasını çox arzu
edərdim! Onda teatrımızın səhnəsində monumental əsərlər daha çox oynanılardı.
Onda rejissor da, aktyor da böyüyür, teatrın nüfuzu da qalxır, tamaşaçılar da
sevərək tamaşalara baxmağa gəlirlər».
Maraqlı obrazlar qalereyası
Rejissor Mərahim Fərzəlibəyov onu milli
teatrımızın parlaq siması kimi xatırlayır: «Kamal Xudaverdiyevə hələ gənclik
illərindən rejissorlar etimad göstərərək böyük rollar veriblər. O da həmişə
rolların öhdəsindən məharətlə gəlib. Mən rejissor kimi onunla bir neçə əsərdə
görüşmüşəm. Nəriman Həsənzadə 80-ci illərdə «Atabəylər» dramını yazanda Qızıl
Arslan obrazını məhz Kamal Xudaverdiyevdə görüb. «Çox istərdim ki, Qızıl
Arslanı Kamal oynasın. Bir aktyor kimi mən onun gücünə bələdəm» - deyib.
Həqiqətən Kamal «Atabəylər» əsərində Qızıl Arslanı özünəməxsus tərzdə oynadı.
Nə yaxşı ki, bu əsər Azərbaycan Televiziyasının filmotekasında saxlanılır. Daha
sonra Kamalla işbirliyimiz Çingiz Aytmatovun «Sokratı anma gecəsi»ndə oldu. Mən
Çingizxan obrazını ona həvalə etdim. Çünki onun sərt baxışları, obrazda
başqalaşmaq bacarığı rola çox uyğun gəlirdi. Kamal Xudaverdiyev böyük fateh
Çingizxan obrazını xüsusi məharətlə yaratdı. Sonra da onunla müxtəlif əsərlərdə
işbirliymiz oldu. Kamal Xudaverdiyev ümumiyyətlə, böyük obrazlar qalereyası
yaradıb. Onun «Nəsimi», «Sahil əməliyyatı» filmlərində oynadığı obrazlar çox
parlaq rollardır. Bu gün də həmin filmlər ekranda göstərilir, tamaşaçılar da bu
böyük sənətkarı izləyirlər. Həmçinin teatr tamaşalarının lentlərində onun
obrazları qorunur. Tamaşaçılar onu filmlərdə görürlərsə və teatr xatirələri
haqqında eşidirlərsə, demək o, yaşayır”.
Kamal Xudaverdiyev yaşasaydı, mayın 3-də 80
yaşı olacaqdı. Doğma teatrının barmaqla sayılacaq qocaman aktyorlarından biri
kimi repertuardakı tamaşalara rəng qatacaqdı. "Bizim kimi aktyorlar teatra çox
lazımdır” - deyən aktyorun yeri isə təkcə səhnədə və ekranda deyil, həyatda da görünür...
Təranə
Məhərrəmova