• cümə, 19 Aprel, 09:38
  • Baku Bakı 13°C

Sənətçilər “Jara” festivalının Bakıda keçirilməsini yüksək qiymətləndirir

26.07.18 21:22 770
Sənətçilər “Jara”  festivalının Bakıda keçirilməsini yüksək qiymətləndirir
Keçən həftə "Yurmala” musiqi festivalı başa çatdı. Rusiya və bır sıra ölkələrin musiqi bomondunun iştirak etdiyi festival hər il melomanları ətrafına yığır. Baltik dənizinin kənarında və yamyaşıl meşələrin əhatəsində yerləşən Yurmala təkcə turizm potensialına görə dünya turistlərinin diqqətini cəlb etmir. Yurmalanı tanıdan həm də uzun illərdən bəri ev sahibliyi etdiyi musiqi festivalıdır.
Lyma Vaykule, Raymand Paulus kimi əfsanələr dünyanın diqqətini bu balaca şəhərə cəlb etməyi bacarıb. Həmin günlər şəhərin sükutu musiqi ulduzlarının füsunkar nəğmələrindən pozulur. Ətraf ölkələrdən də festivala baxmağa gəlirlər. Bakıda da artıq ənənəyə çevrilən "Jara” festivalı paytaxtımızı həm də musiqi şəhəri kimi tanıtmağa başlayıb. Çünki futbol və musiqi ən böyük tanıtım, reklam vasitəsidir. Bu mənada ölkəmizdə belə festivalların keçirilməsi təqdirəlayiq haldır. Mədəniyyətimizi, incəsənətimizi digər xalqların incəsənət adamlarına, insanlarına çatdırmaq, tanıtmaq üçün festivallar geniş imkanlar yaradır. Qeyd edək ki, 2018-ci il iyulun 26-dan 29-dək Bakıda "Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək "Jara” Beynəlxalq Musiqi Festivalında tamaşaçılara maraqlı konsert proqramları təqdim ediləcək. İyulun 26-da festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də "Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər.
Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Festivalın keçirilməsi ilə bağlı sənətçilərimizin fikirlərini öyrəndik. Bəstəkar, aparıcı və ifaçı Murad Arif belə festivalların keçirilməsini müsbət hal kimi qiymətləndirir: "Biz nə qədər ölkəmizi tanıtmağa çalışsaq da, bəzən görürük ki, haqqımızda yanlış fikir irəli sürənlər var. Xüsusilə bəzi rus kanallarında Azərbaycan haqqında olan materiallarda mənfi təəssürat yaradılır. Bu mənada "Jara” musiqi festivalı Azərbaycan musiqisini, xalqımızın mehribanlığını və qonaqpərvərliyini göstərməkdə bir növ vasitə rolunu oynayır. Şou-biznes böyük kütlələrə xitab edir və onun dili kütləvi dildir. Biz onun vasitəsilə xalqımız, vətənimiz, insanımız haqda həqiqətlərimizi dünyaya çatdırmağa imkan qazanırıq. Şou-biznesdən istifadə etmək sınanılan və effektiv bir metoddur. Futbol və musiqi dünyadakı bütün insanları, xalqları bir-birinə tanıdan, yaxınlaşdıran əsas iki vasitədir”.
M.Arif hesab edir ki, festival ölkəyə turist axınının cəlbi baxımından da önəmli rol oynayır: "Belə festivallar zamanı sənətçilərin fanatları da ölkəyə gəlməkdə maraqlı olur. Əksər xarici ölkələrdən Azərbaycana xeyli turist gələcək. Məsələn, Filipp Kirkorovun fanatları sənətçini izləmək üçün hər yerə gedir. Bu sənətçilərin izləyicilərinin sayı heç də az deyil. "Jara” festivalına gələn xeyli turist sonradan ölkəmiz haqqında dost-tanışlarına bəhs edirlər. Bu da canlı reklam rolunu oynayır. "Jara” festivalı bizim üçün həm də yaxşı təcrübə hesab oluna bilər. Belə layihələrin gələcəkdə də ölkəmizdə keçirilməsində fayda var”.

Xalq artisti Flora Kərimova festivalı mühüm sənət hadisəsi kimi qiymətləndirir: "Festival sayəsində ölkəmizə xeyli sayda qonaqlar və turistlər gəlir. Belə bir tədbirin həyata keçirilməsində əziyyəti olanlara təşəkkür etmək lazımdır. Bu özü əziyyətli və çətin bir işdir. Hər halda ölkəmizin təbliği baxımından "Jara” festivalı böyük rol oynayır. Tədbiri izləyənlər həqiqətləri öz gözləri ilə görür, yeniliklərin fərqində olurlar. "Jara” bir sənət festivalı olaraq çox gözəl musiqi hadisəsidir. Bunu bir sənətkar olaraq dilə gətirirəm. Arzu edirəm ki, gələcəkdə festivala azərbaycanlı müğənnilər də cəlb edilsin. Azərbaycanın musiqisini və sənətkarlarını dünyada tanıtmaq lazımdır”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər