• cümə axşamı, 25 aprel, 21:35
  • Baku Bakı 21°C

“Sənət ticarətlə qarışanda məhvə doğru gedir”

27.02.19 09:30 505
“Sənət ticarətlə qarışanda məhvə doğru gedir”
90-cı illərə damğasını vuran Bendeniz uzun müddətdir ki, şou aləmində yox idi. Uzun müddətlik fasilədən sonra o, ara verdiyi musiqi aləminə geri dönüb. Keçmişdə daha çox məşhur olan ifaçı, şou cameəsinə gələr-gəlməz, yenidən gündəmi zəbt edib. Yeni işıq üzü görən "Best Of” albomu ilə Bendeniz yenidən musiqisevərlərin diqqətini özünə çəkməyi bacarıb. Türkiyənin tanınmış magazin qəzeti "Akşam”-ın tanınmış yazarı Bilgen Bülbülə müsahibə verən ifaçı,musiqi istehsal etdiyi müddətdə var olacağını deyib. Əsil adıDeniz Çelik olan müğənni Azərbaycanda da kifayət qədər məşhurdur. Xüsusilə də 1990-cı illərdə səsləndirdiyi mahnılar, albomları olduqca məşhur idi. Həmin illərdə ifaçının saç stili və modası dövrün ikonasına çevrilmişdi desək, yəqin ki, yanılmarıq. "Satmışım”, "Güzeller güzeli”mahnıları ilə ötən əsrin ən çox dinlənilən və satılan albomlarından birinin sahibi olan ifaçı, müsahibəsində uzun müddətlik durğunluğunun səbəbini açıqlayıb. Onun səsləndirdiyi mahnılar nəinki Türkiyənin özündə, Avropada, Amerikada, Rusiyada böyük sevgi ilə qarşılaşmışdı. İndi isə ifaçının bu aləmə yenidən gəldiyi, özünə olan sevgini bərpa etməyə çalışdığı deyilir. Müğənni müsahibəsində tamaşaçıların sevgisini hər zaman hiss etdiyini bildirib.
- Uzun müddətdir mahnı oxumamağınızın səbəbi nədir?
- Normalda iki ildən bir albom çıxarıram. Ancaq hər il mahnı oxuyub, yeni albom hazırlayacam - deyə bir məcburiyyətim də yoxdur. İfaçıyamsa, qeyd etdiklərimi öhdəliyimə götürdüyümü hesab etmirəm. Çalışdığım illər ərzində bunun fərqinə vardım. Musiqi hazırlamaq uzun bir müddət tələb edir və sənət ticarətlə qarışanda məhvə doğru gedir. Bəlkə məşhur ola bilərsiniz, ancaq eyni sistemdə illərlə davam edəndə iz buraxan, tarixdə sözünü deyən əsərlər, mahnılar hazırlamaq çox çətinləşir. Digər tərəfdən, mən bir az tək qalmaq istəyirdim, ona görə uzun bir fasilə verdim.
- Musiqiyə ara verməmiş olsaydınız, indi hansı səviyyəyə qədər yüksələ bilərdiniz?
- Əgər tamaşaçıların qəlbində hakim olduğunuz, tutduğunuz bir yeriniz varsa, siz hər zaman onların qəlbində həmin yerdə olacaqsınız. Mənim ümumi bir dinləyici kütləm var və onlarla arama heç kim girə bilməz. Biz fərqli şəkildə tamaşaçılarla dil tapırıq. Onlar bilirlər ki, zamanı gələndə hər şeyin ən gözəlini tamaşaçılarım üçün edəcəm.
- Mahnılarınıza yeni nəslin daha çox diqqət göstərməyinin ən böyük səbəbi nədir?
- İnsanlar əsl musiqini dinləmək üçün darıxıblar. Akustik musiqi gerçəkdir. O sözlər, musiqi heç nə ilə bəzədilmədiyi üçün səsləndirdiyim mahnılar qəlbdən-qəlbə birbaşa yol tapır. Tamaşaçılar ifaçıların bu səmimiyyəti üçün acdılar. Yeni nəslin duyğusal gəncləri də səsimə və mahnılarıma laqeyd qala bilmədi. Bu da məni çox xoşbəxt etdi.
- Sizcə, 90-cı illərdəki musiqi ilə günümüzün musiqisi arasında ən böyük fərq nədir?
- Ən böyük fərq yeni mahnılar və mahnılara verilən dəyərlərdir. Tez, sürətli ərsəyə gəlsin deyə, mahnı hazırlamağı düzgün hesab etmirəm. İndi sadəcə ticarət üçün mahnılar istehsal olunmağa başlayıb. 90-cı illərdə mahnı oxuyarkən ən son düşündüyümüz şey onu necə satmağımız idi. O zamanlar ən gözəl mahnını oxumaq üçün bir-birimizlə yarışırdıq. İndiki ifaçıların isə yarışları başqa istiqamətdə gedir. Onlar bir-biriləri ilə bahalı evlərinin olması uğrunda yarışırlar. İfaçılarda olan bu hiss, hikkə, düşüncə tərzi onları bu yöndə daha çox rəqabət etməyə istiqamətləndirir və nəticə də məlumdur.
- Gənc ifaçılara verəcəyiniz məsləhətləri dinləmək istərdik.
- Məsləhət verməyi də, almağı da xoşlamıram. Əsas odur ki, ifaçılar mahnı oxuyarkən hiss etdikləri duyğularına sahib çıxsınlar. Duyğusuz, sevgi vermədən hazırlanan heç bir məhsul onları xoşbəxt edə bilməz. Məsələ daha çox oxunmaq, daha çox dinlənilmək, qalib olmaq deyil, insanın xoşbəxt olmağı bacarmağındadır.
- Çox arıqlamısınız və haradasa fit bir görünüşə sahib olmusunuz.
- Çox da fit olduğumu düşünmürəm. Tez-tez kökəlib-arıqlayıram. Arıqlamaq üçün özümü çətinliklərə salmıram. Elə bir dərdim də yoxdur. Sadəcə olaraq özümə, qidama diqqət etməyə çalışıram. Hər kəs incə, arıq, zəif olmaq məcburiyyətində də deyil. Bir çox insan bu hikkəsinə görə öz sağlamlığından məhrum olur. Görəsən arıqlamaq üçün çalışan, bunun üçün gecə-gündüz əlindən gələni edən ifaçılar ona sərf etdikləri zamanın yarısını mənəviyyatlarının zəngin olması üçün xərcləyirlərmi? Dönüb daxili aləmlərinə baxmaq üçün zamanları olurmu?
- İndi musiqi aləmində zövqsüz mahnılar istehsal olunmağa başlayır.
- Təkcə musiqi aləmində deyil, bütün sahələr eyni vəziyyətdədir. Təəssüf ki, bu zövqsüzlükdən ən çox təsirlənən bizim sahə oldu. 2010-cu ildən sonra musiqilərimiz mübarizə aparmağı dayandırdı. Sadəcə tək bir mahnı ilə yüzlərlə insan məşhur, tanınmış biri olacağını hesab etdi və musiqi sahəsi gözdən düşdü. Hesab edirəm ki, prodüserlər bu mövzuda seçici olmalıdır.
Tərcümə etdi: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər