• çərşənbə axşamı, 19 mart, 10:24
  • Baku Bakı 8°C

Sənət sənət üçündürmü?

18.12.17 17:05 7089
Sənət sənət üçündürmü?
Elə bir zamana gəlib çatmışıq ki, artıq "sənət sənət üçündür” fikri öz aktuallığını itirməkdədir. Bu yaxınlarda jurnalist dostlardan biri mənə bu barədə sual verdi, cavabım belə oldu: Sənət insanların zövqünə xidmət edir. Əgər sənət sənət üçündürsə, kitablar niyə satışa çıxarılır? Xalq üçün olmayan sənət kimə lazımdır ki? Təbii ki, xalqın da elitar təbəqəsi var. Bu deyim klassisizmə məxsus bir anlayışdır. Ötən əsrin əvvəllərində simvolizm nümayəndələri burjuaziyanı müdafiə edirdilər və bu baxımdan sənəti kütlədən ayırıb elitarlaşdırmağın tərəfdarı idilər. Amma indi zaman başqadır, sənət insanımıza xidmət etməlidir. Kommunikasiya əsrində yaşayırıq və bu zamanda sənəti məhdudlaşdırmaq heç mümkün də deyil.
Bu sualın cavabını bir cümlə ilə də vermək olar: sənət fərdlər üçündür. İnsanın individual inkişafı birbaşa zehni fəaliyyətlə bağlıdır, zehni fəaliyyət yazı sənəti deməkdir. Zərgərlik kimi, misgərlik kimi aktyorluq da, xanəndəlik də, yazıçılıq da sənətdir və bu sənəti yaşadan fərdlərdir. Hər bir sənət ona ehtiyac olduğu qədər mövcuddur, tələbat olmasa, sənət mövcud olmaz. Yazı sənətinə gəldikdə isə bu, insanın mənəvi dünyasını qidalandıran sahədir və əslində roman, hekayə, şeir də qida məhsulu sayılır. Buna mənəvi qida deyirik və yazıçı da istehsal edəndir. Kitab əmtəə sayılırsa və kitab ticarəti anlayışı mövcuddursa, demək bu bazarın yaranması birbaşa alıcıya bağlıdır. Biz çox vaxt "kitab” sözünün "bazar” sözüylə yanaşı yazılmasını qəbul edə bilmirik, amma kapitalist cəmiyyətlərində nəşriyyatlar öz işlərini yazıçı-naşir tandemi üzərində qururlar. Bazar yazıçının uğurunu şərtləndirən vacib göstəricilərdəndir. Müəllif yazdığı mətnin daha çox oxucuya yetişməsini istəyir, naşir üçün satış göstəriciləri vacibdir, oxucu isə bu sənayenin onurğa sütunudur. Belə bir sistemdə "sənət sənət üçündür” deyimi ən yaxşı halda gülüş doğurur.
Sözsüz, bütün dünyada qeyri-ciddi, yüngül ədəbiyyatın oxucuları çoxluq təşkil edir. Orta xətti tutan yazıçılar da var ki, həm geniş oxucunun marağını nəzərə alaraq əsərinin süjet xəttinə detektiv, fantastika elementlərini əlavə etməklə mətnin nüvəsinə ciddi mətləbləri yerləşdirir. Rus ədəbiyyatında əslən gürcü olan Boris Akuninin yaradıcılığı buna bariz nümunədir. Onun kitabları Rusiyada ən çox satılan kitablar siyahısındadır. O, Rusiyanın tarixi taleyinə güzgü tutan yazıçılardandır və süjet xəttinə toxuduğu macəralar simvolik yüklüdür, bu əsərlərin alt qatına varmaq üçün oxucudan müəyyən hazırlıq, bilik tələb edir, eyni zamanda Akunin üst qatın cazibəsiylə daha çox oxucu kütləsi toplamağı bacarır. Yazıçı məqsədyönlü şəkildə bu taktikanı seçib və göründüyü kimi uğur qazanıb. Əslində, bu fəndin özü də oxucunu yetişdirməyə xidmət edir və maarifçiliyin yeni mərhələsidir. Mövzu Akunin yaradıcılığı deyil, sadəcə, misal olaraq onun adını çəkdim. Dünya ədəbiyyatında xeyli sayda bu tipli yazıçılar var ki, onların yaradıcılığı həm də ciddi ədəbiyyata xidmət edir.
Yazıçı müştəbehliyi ədəbiyyatın, sənətin xeyrinə işləmir, əksinə, oxucunu kitabdan uzaqlaşdırır. "Sənət sənət üçündür” deyimi, əslində, oxucuya yuxarıdan aşağı baxmaq kimi görünür. Ədəbiyyat müstəvisində sənət oxucu üçündür.
Kənan Hacı
banner

Oxşar Xəbərlər