• cümə axşamı, 28 mart, 22:46
  • Baku Bakı 13°C

Sənət hökmlü Hökümə - Fotolar

11.06.13 08:15 7067
Sənət hökmlü Hökümə - Fotolar
Şəkillər:
1. Bakıda Telestudiyanın açılışı. İlk diktor H.Qurbanova.
2. Hökümə Qurbanova və qızı Vəfa Fətullayeva.
3. V.Şekspir "Avtonio və Kleopatra". 1964-cü il. Kleopatra - H.Qurbanova, Antonio - Ə.Zeynalov.
Prezident İlham Əliyevin bu ilin martında xalq artisti, teatr və kino sənətimizin görkəmli nümayəndəsi Hökümə Qurbanovanın anadan olmasının 100 illiyi ilə əlaqədar imzaladığı sərəncamda deyilir: «Hökümə Qurbanova canlandırdığı romantik çalarlı və mübariz xarakterli qəhrəman qadın obrazları qalereyası ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini zənginləşdirmişdir. Yüksək istedada malik aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni nəsli üçün məktəb olaraq qalmaqdadır».
Azərbaycan səhnəsinə qeyri-adi gözəllik, parlaqlıq bəxş edərək onu yeni yaradıcılıq mərhələsinə qaldıran xalq artisti Hökümə Qurbanova bədii və poetik xarakterlər yaratmağın ustası idi. Sənət dünyasına ilk gəlişi 1933-cü ilə təsadüf edib. Böyük dramaturq Cəfər Cabbarlının ssenarisi və rejissorluğu ilə "Almaz" filmi çəkilirdi. Ədib Yaxşı rolu üçün obraz axtarırmış. Təsadüfən fotovitrində Hökümə Qurbanovanın şəklini görən Cəfər Cabbarlı bu gözəl qızı çəkilişə dəvət edib. İllər də təsdiqlədi ki, Cəfər əfəndi seçimində yanılmamışdı. İlk addımlarını kinoda atan Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifeylərindən birinə çevrildi.
Hökümə Qurbanovanın Dövlət Dram Teatrında ilk rolu "Vaqif" tamaşasında (1939-cu il) gürcü qızı Tamara olub. Bu tamaşada rolun mətni cəmi 8 misralıq monoloqdan ibarət idi. Hökümə Qurbanovanın teatrdakı debütü o dövrdə böyük mədəni hadisəyə çevrildi. İlk çıxışın heyranlıqla qarşılanmasına səbəb nə idi? Xatirələrdə oxuyuruq ki, bu müvəffəqiyyətə səbəb aktrisanın zahiri görünüşü, daxili həyəcanlarını ifadəli baxışlarla, maraqlı hərəkətlərlə çatdıra bilməsi idi. Bu obrazı əslində onun üzünə gələcək şöhrətin qapılarını açdı.
Hökümə Qurbanova 11 iyun 1913-cü ildə Bakıda anadan olub. O, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin bacısı qızıdır. Teatra da ilk dəfə məhz dayısı Müslüm bəylə gedib. İlk baxdığı tamaşa "Leyli və Məcnun" olub. Bu barədə Hökümə xanım öz xatirələrində yazır: "Operaya ayaq açandan sonra o biri tamaşalara da baxmışam: "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib", "Arşın mal alan". Bəzilərinə də təkrar-təkrar heyran kəsilərdim. "Leyli və Məcnun"u o vaxt, yalan olmasın, 4-5 dəfə dinləmişəm. Hüseynqulu Sarabskinin özünü Məcnun rolunda görmüşəm. Onun mağaradan çıxışını və səhrada "Şahnaz" üstə oxuduğu qəzəli xatırlayanda həmişə gözlərim yaşarır. Aktyorlardan Zülalov qardaşları, Hüseynağa Hacıbababəyov, H.Terequlov, Məmmədtağı Bağırov yadımdadır. Aktrisalardan Sürəyya Qacarı Leyli, Sona Hacıyevanı Əsli rollarından yaxşı xatırlayıram". Belə bir mühitdə böyüyən gənc qızın, təbii ki, teatra, incəsənətə marağı olmaya bilməzdi.
1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirən Hökümə Qurbanova sonralar Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində oxumuşdu. Doğmaları onu pedaqoq, eləcə də tədqiqatçı kimi görmək istəyirdilər. Amma Hökümə Qurbanova nə müəllimlik etdi, nə də musiqiçi oldu. Aktrisalıq maqnit kimi onu özünə çəkirdi. Sonralar bir müsahibəsində Hökümə xanım öz duyğularını etiraf edərək bildirdi ki, teatra Ələsgərin (məşhur aktyor Ələsgər Ələkbərov nəzərdə tutulur - F.X.) həvəsinə gedirdim. "Getdim, gördüm, sevdim". Bu zərif və dərin məhəbbət Hökümə Qurbanovanın taleyini əbədi olaraq aktrisalığa bağladı. Ələsgər Ələkbərovla olan qısa ailə həyatlarını isə ömrünün sonuna kimi həsrətlə xatırladı.
Uzun illər Milli Dram Teatrında truppa müdiri vəzifəsində çalışmış və yaradıcı kollektivin həmişə "Qürbət dayı" deyərək müraciət etdiyi qocaman mədəniyyət işçisi söhbətlərinin birində bu hadisəni xatırlayırdı: "Otello" taması göstərilməli idi. Baş rollarda Ələsgər Ələkbərov və Hökümə Qurbanova oynayacaqdılar. Ölüm pərdəsində Hökümə Qurbanova səhnəyə çıxmadı. "Mən Ələsgərin emosiyalarından qorxuram. O, həqiqətən qısqanclıqdan məni boğacaq", - söyləmişdi.
Hökümə Qurbanova bütün uğurların mayasını təkcə istedada bağlamırdı. Böyük sənətkarın fikrincə, nailiyyətlərə nail olmaq üçün hər bir aktyorda cəsarət, sənətsevərlik və əməksevərlik olmalıdır. Ən çətin qapıların açarını Hökümə Qurbanova zəhmətdə görürdü. O, səhnəyə həmişə həyəcanla çıxardı. Həmkarlarına da, gənclərə də həmişə bu fikri aşılayırdı ki, təqdim etdiyin obraz haqqında dərin anlayışın olmalıdır. Sən o rolu mütləq yaşamalısan. Daxili zahirə çıxarmaq, ona görkəm tapmaq bir hünərdir. Özü də həmişə mümkün olmayan, asan tapılmayan hünər. Hökümə Qurbanova neçə-neçə kraliça rolları yaradıb. Onları fərqləndirmək üçün zahiri ştrixlərdən, təfərrüatdan bacarıqla istifadə edərək xarakterlərin müxtəlifliyini yarada bilib.
Yaradıcılığının ilk illərində can verdiyi müxtəlif qadın obrazları öz lirizmi, romantik vüsəti ilə seçilirdi. Hökümə Qurbanovanı rejissorlara da, həmkarlarına da, tamaşaçılara da sevdirən səmimiyyəti, yaratdığı surətlərə doğması kimi yanaşması idi. Bu aktrisanı səhnədə görənlər, radio tamaşalarında eşidənlər bilirlər ki, onun çox məlahətli, nadir səsi, təsirli danışıq qabiliyyəti vardı. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirirdi. Hökümə Qurbanova səhnədə elə təbii oyun nümayiş etdirirdi ki, ona valeh olmamaq mümkün deyildi. Faciəvi əsərlərdə yaratdığı surətlər də çox inandırıcı alınırdı. Aktrisa tamaşaçını həm yüksək dərəcədə həyəcanlandırmağı, hətta ağlatmağı da bacarırdı. Hökümə Qurbanovanın sənətində başqalarında olmayan qeyri-adi bir səhnə temperamenti var idi. O, səhnəyə həyatilik, səmimilik və sadəlik gətirmişdi. Yaratdığı obrazlara elə bir möhür vururdu ki, vəcdə gələn teatr tənqidçiləri yazırdılar: "Obrazın daxili və zahiri cəhətlərinə görə Hökümə Qurbanova bu tamaşa üçün düzgün seçilmişdi". Hökümə Qurbanovanın təqdimindən sonra həmkarları da onun yaratdığı obrazları təkrarlamağa cürət etmirdilər. Bəzilərini hətta Hökümə xanımın özü ürəkləndirirdi ki, bacararsan.
Tədqiqatçılar yazırlar ki, Hökümə Qurbanova çox ciddi, işinə məsuliyyətlə yanaşan, müstəqil və yaradıcı aktrisa idi. O, aktyor təşəbbüsünə yol açan, canlı insan obrazları, mürəkkəb xarakterlər yaratmağa həvəslə kömək göstərən rejissorlarla işləməyi sevirdi. Hökümə Qurbanova uzun illər Adil İsgəndərovla birlikdə çalışıb. Rollarının böyük bir qismini bu rejissorla yaradıb. Hökümə Qurbanova verdiyi müsahibələrin birində deyirdi: "Xasiyyətindəki sərtliyə baxmayaraq Adil İsgəndərovla işləmək asan idi. Onu yarı sözündən, bəzən sözsüz də başa düşmək olurdu. Adil İsgəndərov qurduğu səhnənin məğzini yaxşı duyduğu üçün məşq vaxtı ifaçı vəziyyətində, əhvalında olurdu. O, təbii mizanları xoşlayırdı. Fikirləri həmişə onun davranışında, baxışında, mimikasında, jestlərində oxuya bilirdik".
Hökümə Qurbanovanın sonralar çox sevdiyi rejissor Mehdi Məmmədov olub. Görkəmli rejissorun Hökümə xanıma böyük rəğbəti vardı. Elə bu inamın nəticəsidir ki, Mehdi Məmmədov Hökümə Qurbanova haqqında "Onun sənət ulduzu" adlı monoqrafiya da yazmışdı. Həmin kitabda belə bir maraqlı fikir var: "Azərbaycan aktrisasının səhnəyə gəlişi və qələbə çalması böyük hadisədir, qızıl hərflərlə yazılmağa layiq qəhrəmanlıq dastanıdır. Mən kitabımda bu dastanın bircə fəslini yazdım. Sənət kəhkəşanında onun ulduzunu nişan vermək üçün".
Görkəmli sənətkar Hökümə Qurbanova rejissor Tofiq Kazımovun tamaşalarında da məmnuniyyətlə iştirak edirdi. C.Cabbarlı, H.Cavid, S.Vurğun, M.İbrahimov, Ş.Qurbanov, N.Hikmət, S.Rəhman, İ.Əfəndiyev, Ə.Məmmədxanlı kimi dramaturqlarla yanaşı Şekspir, Şiller, Hüqo, Qadoni, Çexov kimi dünya klassiklərinin də əsərlərində bir-birindən fərqli, mürəkkəb xarakterlər yaratmışdı. Hökümə Qurbanova təkcə istedadlı aktrisa deyildi. O, sənət zirvəsinə yüksəlmək üçün fədakarlıq göstərən, zəhmət çəkən mədəniyyət cəfakeşi idi. Şekspir dramaturgiyasının ən mürəkkəb qadın obrazlarından olan Kleopatra ("Antonio və Kleopatra") Hökümə Qurbanovanın təqdimatında elə əzəmətli alınmışdı ki, ondan sonra bu rolu çoxu oynasa da, əvvəlki obraz gözəlliyi alınmadı. Belinskiyə məxsus bir müdrik fikir var: "Səhnə sənəti anidir və bu mənada vəfasızdır. O, ancaq yaradıcılıq anlarında qəlblərə güclü, dərin təsir göstərirkən yaşayır. Ötüb keçəndə, keçmişə dönəndə isə görünməz olur. Aktyorun oyunu bir xatirə kimi yalnız onu görənlər üçün mövcuddur".
Sevinirik ki, nə yaxşı biz Hökümə Qurbanovanı səhnədə görmüşük. Məzmunlu, eləcə də nəhəng obrazlarını necə məharətlə yaratmasının şahidi olmuşuq. Böyük və unudulmaz aktrisanın çəkildiyi filmlər də onun yaradıcılıq dünyasından bir nişanədir. "Mən rəqs edəcəyəm", "Onu bağışlamaq olarmı", "İnsan məskən salır" və digər filmlərdə Hökümə Qurbanova həmişə yaşamaqdadır.
Yaradıcılıq meydanında həmişə öz "məni"ni saxlayaraq mürəkkəb tamaşalardakı çətin rolları istedadının gücünə çox rahat və təbii yaradırdı. Bu səbəbdən də tamaşaçılar ona valeh olurdular. Şöhrət özü Hökümə xanımı axtarıb tapırdı. Çünki o, ömrü boyu ancaq və ancaq sənət haqqında düşünürdü. Yaradıcılığında Ərəblinskinin, Abbas Mirzənin, Mərziyyə xanımın, Sona Hacıyevanın nişanələrini yaşadan və ömrünün 100-cü ildönümündə Azərbaycan səhnəsində yeri boş görünən Hökümə Qurbanovanın ifaçılıq qabiliyyəti, sənətkarlıq məharəti daim öyrənilməlidir. Onun aktrisalıq fəaliyyəti əsl sənət məktəbi idi. Hər bir rolunu həyəcan və məharətlə oynayırdı. Bu qədər rəğbətin, sevginin içində Hökümə Qurbanova həmişə tamaşaçı ürəyinə yol tapa bilən maraqlı, məzmunlu bir obrazın intizarını çəkirdi.
Arzu edərdik ki, nəsillər arasında boşluğun duyulmaması üçün Milli Dram Teatrının səhnəsində məhz görkəmli sənətkarların ifaçılıq tərzini yaşadanlar olsun. Unudulmaz Hökümə Qurbanova deyərdi ki, irsiyyətdən imtina etmək, ənənəni yaşatmamaq günahdır. "Yenilik" xatirinə ənənələrdən uzaqlaşmağın nəticəsi heç vaxt yaxşı olmur. Deyək ki, 20-25 il əvvəl teatrlarımız tamaşaçıları daha çox həyəcanlandıraraq düşündürürdü, nəinki indi. Buna səbəb bir tərəfdən tamaşaya qoyulan əsərlərin zəif olmasıdırsa, digər tərəfdən də rejissor və aktyorlar bu naqis cəhəti bir az da dərinləşdirirlər. Hökümə Qurbanovaya məxsus fikirdir: "Teatr mənim həyatım, varlığım, ömrüm-günümdür". Bu qiymətli və mənalı həyatın qədri həmişə bilinməlidir. Yaxşı ki, Azərbaycan xalqı Hökümə Qurbanova kimi müqtədir aktrisaların sənət fədakarlığını heç vaxt unutmur. Hökümə Qurbanova kimi sənətkarlar elə bir dövrdə fəaliyyət göstərdilər ki, onlar nə Prezident təqaüdü alırdılar, nə də digər maddi, mənəvi təltiflərə müntəzəm layiq görülürdülər. Amma sənətdə heç bir çətinliyə baxmayaraq cəfakeşlik göstərirdilər. Azərbaycan səhnəsinin bəxti onda gətirər ki, bu ağır və çətin yola məhz istedadlılar gəlsinlər. Ancaq sənət haqqında düşünsünlər, yarışsınlar. Bizdə sənətə həmişə diqqət və qiymət olub. Sənətdən öncə qiymətə və diqqətə qaçmaq isə uğursuzluqdur. Təəssüf ki, xalq artisti Hökümə Qurbanova kimi sənətkarların bu mənada yeri boş görünür. Halbuki əbədiyyət qazanmaq üçün ülviyyət qorunmalıdır. Azərbaycan mədəniyyətinin inkişafına məhz öz töhfəsini bağışlamış Hökümə Qurbanovanın ifaçılıq fəaliyyətindən – sənət məktəbindən müntəzəm öyrənmək mübağiləsiz bir ali məktəbi bitirməyə bərabərdir. Çünki aktyorluğun bütün sirləri və məziyyətləri bu unudulmaz səhnə və kino xadiminin bütün yaradıcılığında öz əksini çox parlaq tapıb. Hökümə Qurbanova fədakar və istedadlı aktrisalar sənət kəhkəşanının sönməyən ulduzlarıdr. Ötən yüz il də bunu təsdiqlədi…
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

banner

Oxşar Xəbərlər