• cümə axşamı, 25 aprel, 14:32
  • Baku Bakı 23°C

Sənət əhli Xocalı faciəsini unutmur, amma...

21.02.19 09:00 1043
Sənət əhli Xocalı faciəsini unutmur, amma...
Xocalı faciəsinin törədilməsindən 27 il keçiri. Bir neçə gündən sonra bütün dünya erməni vandallarının törətdiyi bu soyqırımı qurbanlarının xatirəsini yad edəcəklər. Artıq sənət adamları da Xocalı faciəsi ilə bağlı yazılan yeni mahnıları, çəkilən klipləri təqdim edirlər. Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri bu qəddar qətliamın bütün dünyaya çatdırılması yönündə hələ də müəyyən çatışmazlıqlar var. Elə sənət adamları arasında da məsələ ilə bağlı kimlərinsə biganəliklərindən gileyli olanlar var.
"Nə yolla olur-olsun, bu klipi çəkdirəcəyəm”
Xalq artisti Gülyanaq Məmmədova Xocalı faciəsi ilə bağlı ifa etdiyi "Şəhidlər”, "Yaralı heykəl” mahnılarına klip çəkdirməyi planlaşdırır. O, faciə zamanı yaşanılan dəhşətli hadisələri klipdə nümayiş etdirmək fikrində olduğunu bildirdi: "Xocalı faciəsi zamanı soydaşlarımızın yaşadığı hadisələri düşündükcə, insan dəhşətə gəlir. Belə vəhşilikmi olar? Özüm də bir Azərbaycan vətəndaşı olaraq ifa etdiyim "Şəhidlər”, "Yaralı heykəl” mahnısını faciənin qurbanlarına həsr etmişəm. Çox istərdim ki, səsimiz həmin işğal olunan torpaqlarımızdan eşidilsin”.

Bu işdə musiqi təbliğatının çox önəmli olduğunu vurğulayan xalq artisti, Xocalı faciəsi ilə bağlı çəkilən filmlərə baxanda beynində yalnız bir sualın yarandığını deyir: "Biz onların yerində olsaydıq, görəsən nə edərdik? Faciə zamanı şəhid olanlar bizim övladlarımız, balalarımızdır. İnsan xatırladıqca, dəhşətə gəlir. Xocalı faciəsi ilə bağlı Sevinc Tofiqqızının və Coşqun Viləşin çəkdirdiyi kliplərə də baxanda çox kövrəldim. Nə etsək də, qəlbimizdəki yara sağalmır, bizi göynədir”.

Yaradıcılığında Xocalı faciəsinə aid mahnının da olduğunu, onu soyqırımında dünyasını dəyişən şəhidlərimizə həsr etdiyini deyən ifaçı, hər il həmin mahnıları səsləndirdiyini bildirir: "Mənə qəribə gələn odur ki, bizim radiolarımız xarici və yüngül musiqilərin reklamını edirlər. Mən Xalq artisti olaraq bir vətənpərvər mahnını radiolara vermək üçün gərək onlardan xahiş edim, minnət götürüm. Bütün günü radiolarda yüngül mahnılar səsləndirilir. Televiziyalarımız, radiolarımız, sosial şəbəkələr bir mahnını götürüb, başlayırlar onu reklam etməyə. O ifaçıları, mahnıları şişirdə-şişirdə başımıza çıxarıblar. Reklamlarını o qədər güclü edirlər ki, telekanallar o ifaçıları efirlərə fəxri qonaq kimi dəvət edirlər”.

Heç vaxt qalmaqal yaşamadığını və nəyisə tənqid etməyi özünə yaraşdırmadığını deyən G.Məmmədova, bu məsələdə susmayacağını qeyd etdi: "O mahnıları özümüz gündəmdə saxlayırıq. Yaxşı, keyfiyyətli mahnıları gündəmdə saxlamaq lazımdır. Bəlkə düz demirəm? Nə olar ki, bəstəkar əsərlərini gündəmdə saxlasanız? Ancaq Xocalı faciəsinə 3 gün qalmış başlayırıq bu haqda mahnılar oxumağa. Niyə məhz matəm günlərimiz yaxınlaşanda həmin mahnıları ifa edirsiniz? Xocalı faciəsi bizim ağrımızdır. Demirəm ki, ömür boyu oturub ağlamalıyıq. Bədbin olub, düşmənlərimizi sevindirməməliyik. Onlar nə etsələr də, biz yaşayırıq. Bu qədər vəhşiliklərin qarşısında sınmadıq. Xocalı faciəsi ilə bağlı mahnılar səsləndirmişəm. Onlara klip çəkdirməyin də mütləq olduğunu düşünürəm. Bu dəhşətli hadisələri klipdə də göstərəcəm. "Yaralı heykəllər” mahnıma klip çəkdirmişəm. Orada Azərbaycanın Ü.Hacıbəyli, Xurşudbanu Natəvan kimi dahilərinin heykəllərinin də güllələndiyini, nə qədər insanımızın düşmən gülləsinə tuş gəldiyini göstərdik. Ancaq bir insandan təklif almadım ki, desin, gəl bu "Xocalını talan etdilər” mahnısına klip çəkdirək. Vətənpərvərlik hissi ətrafında birləşməliyik. Mən nə yolla olur-olsun, bu klipi çəkdirəcəyəm”.
"Hisslərimi nota köçürməklə kifayətlənə bilmədim”
Fevralın 20-də Beynəlxalq Mətbuat Mərkəzində "Xocalı” klipinin təqdimatı keçirildi.Kompozisiyanın müəllifi daim vətənpərvərlik mövzusunda layihələrə imza atan bəstəkar Sevinc Tofiqızı idi. Bəstəkar bizimlə söhbətində Xocalı faciəsinin Azərbaycanın qan yaddaşı olduğunu və bəstəkar olaraq bu mövzudan yan keçə bilmədiyini dedi: "İçimdən gələn sözləri öz bəstələrimdə qeyd etdim. Bu mahnını Xocalının əziz xatirəsinə həsr etmişəm. Klipin ssenarisi çox yaxşıdır, komandamız peşəkarlardan ibarətdir. Bilirsiniz ki, mən aktrisa deyiləm, ancaq bu kompozisiyanı bəstələyəndə o hissləri yaşadım. Yaşadığım hissləri canlandırmağa çalışdım”.

Vətənpərvər ruhda yazılan mahnıların qəlbinin hayqırtısı olduğunu qeyd edən bəstəkar "Afrin marşı”, "Mübariz” kompozisiyalarının ardından "Xocalı” klipinin hazırlanmasını plan əsasında reallaşdığını bildirdi: "Dünən "ARB Günəş”lə birlikdə təqdim etdiyimiz "Xocalı” klipində Xocalı faciəsi zamanı şəhid olan ananın fəryadını canlandırdım. Əslində bu mövzu mənə çox təsir edir. Hisslərimi nota köçürməklə kifayətlənə bilmədim. Burada ana obrazını da canlandırdım. Bu klipi Türkiyədə və başqa dövlətlərdə işıqlandırmağa çalışacağam. Qoy bütün dünya bizim haqq səsimizi eşitsin. Ən böyük arzum isə "Zəfər” kompozisiyamı Qarabağda səsləndirməkdir”.
"Qarabağ mövzusu bir an belə yaddaşımızdan çıxmamalıdır”
Müğənni Səyyad Əlizadə son bir neçə ildə vətənpərvər ruhda mahnılar oxuduğunu bildirdi: "Vətənpərvər ruhda olan mahnılarımızı efirdə çox az eşidirik. Moskvada olarkən erməni televiziyasına baxmaq şansım oldu. Onlar davamlı olaraq vətənpərvərlik ruhunda kliplər, mahnılar nümayiş etdirirlər. Gənclərdə vətən sevgisi yaradırlar. Bizdə isə yalnız ilin müəyyən vaxtlarında bu tipdə kliplər göstərirlər. Bu, çox vacib məsələdir. Qarabağ mövzusu bir an belə yaddaşımızdan çıxmamalıdır. Xocalı faciəsi insanlıq tarixində ən qəddarlıqla törədilər qətliamdır. XX əsrin sonlarında, müasirləşən dünyada belə vəhşiliyin törədilməsi ağılasığmazdır”.

Xocalı faciəsi ərəfəsində İbad Hüseynov haqda "Aslan Pəncəli İbad” musiqisini ifa etdiyini deyən müğənni, bir neçə aydan sonra İbad Hüseynovla bağlı albomunun işıq üzü görəcəyini dedi: "Biz qəhrəmanlarımızı dünyasını dəyişdikdən sonra göylərə qaldırmağa öyrəşmişik. Ancaq İbad Hüseynov yaşayır. Bu gün biz qəhrəmanlarımızı efirlərdə görmürük. Hansı ki, o insanlar nümunə kimi efirlərdə olmalı, gənclərə örnək göstərilməlidirlər. Gənclər "üç badam, bir qoza” baxır, başlayırlar onu təbliğ etməyə, onlar kimi olmağa”.

Vətənpərvərlik ruhunda ifa etdiyi mahnılarını Qarabağda səsləndirməyi arzu edən ifaçı "Azərbaycan əsgəri” mahnısına klip çəkdirdiyini dedi: "Sözləri Vaqif Bəhmənliyə aid olan bu mahnıya klip çəkdirmişəm. Bundan başqa, Şuşa haqqında marş yazdırmışam. Mənim yaradıcılığımda qəhrəmanlıq marşları var. Əlimdən gələni etmək istəyirəm ki, gəncliyimiz Mübarizlər, İbadlara, Fəridlər kimi olsunlar. Söhbət milli qəhrəmanlarımızdan gedir, bizə kənardan beynimizə yeridilən xarici qəhrəmanlar lazım deyil”.
"Bir vətəndaş kimi öz üzərimə düşəni etməliyəm”
Xocalı faciəsi ilə bağlı "Qarabağ” adlı klipini təqdim edən Coşqun Viləş mövzu ilə bağlı "Kaspi”yə danışdı. Bildirdi ki, klip Xocalıda baş verən hadisələr əsasında lentə alınıb: "Klipdə erməni vandallarının əlinə keçməməsi üçün qızı Ağcanı öldürən Xoca kişi, meşədə körpəsinin ağlamasına görə qız-gəlinlər əsir düşməsin deyə, balasını sinəsinə sıxıb yaylığı ilə ağzını qapayan Müşkünaz ana və körpə Salatın baladan bəhs edilir. Hansı ki, öldüyü zənn edilən körpə Salatın dəfn edilməsi üçün yuyulmağa aparıldığı bulaq başında yenidən tərpənməyə və ağlamağa başlayıb. Klipin çəkilişləri, əsasən, Füzuli rayonu ərazisində və Bakı şəhərində aparılıb. Biz bu klipi Xocalı faciəsinin 27-ci ili üçün hazırlamışıq. Klipdə Füzuli Dram Teatrının aktyorları çəkiliblər, tarda isə respublikanın Əməkdar artisti Elçin Həşimov ifa edir. Çox təsirli bir iş ərsəyə gəldi. Bir neçə gün əvvəl klipin təqdimatı oldu. İstər media, istər mətbuat tərəfindən müsbət qarşılandı. Əslində, Xocalı faciəsi zamanı yaşanan dəhşətləri klip şəklində hazırlamaq mənim çoxdankı arzum idi. Yaradıcılığımda bu da öz əksini tapdı. Biz haqlı ola-ola, haqsız bir vəziyyətə düşmüşük. Klipdə bu mənzərəni göstərə bildik”.

C.Viləş mahnının 20 il bundan öncə yazıldığını qeyd etdi: "Hər şeyi təkcə dövlətin üzərinə atmaq olmaz. Bir vətəndaş kimi mən öz üzərimə düşəni etməliyəm, bu, mənim borcumdur. Bu vətən hamımızındır. Əlimizdən gəldiyi qədər onu müdafiə etmək hamımızın vətəndaşlıq vəzifəsidir. Biz də ifaçı olaraq belə dəstək oluruq. Mahnını ilk dəfə eşidəndə dedim ki, bu, mənimdir. Çünki o mahnını yazan, o dəhşətləri, ağrı-acını yaşamış bir insandır”.

Uzun müddətli fasilədən sonra sənətə dönən Coşqun Viləş kommersiya mahnıları ilə deyil, vətənpərvər mahnı ilə qayıtmasına da aydınlıq gətirdi: "Mən də bir vətəndaş olaraq dövlətimə, millətimə belə xidmət etməyi daha məqsədəuyğun saydım. Bir Azərbaycan övladı olaraq özümə borc bildim ki, pulumu kommersiya mahnısına deyil, məhz vətənpərvərlik ruhunda olan mahnıya yatırım. Sabah mən bu dünyadan köçəndə, kimsə haqqımda danışanda, desin ki, Coşqun Viləş belə bir mahnı da ifa edib”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər