• cümə, 19 Aprel, 13:38
  • Baku Bakı 25°C

Sənət əhli ictimai məsələlərdə niyə aktiv deyil?

07.05.19 09:00 632
Sənət əhli ictimai məsələlərdə niyə aktiv deyil?
Dünyanın məşhur sənət adamlarının bəzən yaşadıqları cəmiyyətdə gördükləri, üzləşdikləri problemlərə, haqsızlıqlara etiraz edərək, bir vətəndaş kimi fikirlərini səsləndirdiklərinin şahidi oluruq. Elə qonşu ölkə Türkiyədə tanınan sənət adamlarının cəmiyyətdə müşahidə olunan çatışmazlıqlara öz yanaşma tərzləri var və problemlərin həlli üçün müxtəlif fikirlər səsləndirməkdən çəkinmirlər. Biz isə ölkəmiz üçün əhəmiyyətli olan bir çox taleyüklü məsələlərdə tanınmış sənət adamlarımızın fikirlərini görə bilmirik.Adətən sənət əhli gündəmə çıxardığı ucuz, şou xarakterli qalmaqallar, bir-birilərinə ünvanladıqları atmacalarla yadda qalmağa səy göstərir. Sosial şəbəkələrdə açdıqları səhifələrdə yazdıqları şərhlərdə də kimlərəsə söz atmaq kimi bir missiyaları var. Yalnız barmaqla sayılası sənətkarlar var ki, onlar cəmiyyətdə baş verən məsələlərdə öz vətəndaş mövqeyini sərgiləyirlər.Mövzu ilə bağlı sənət adamlarına müraciət etdik. İncəsənət nümayəndələri əslində belə məsələlərdə susmaq lazım olmadığının fərqində olduqlarını, ancaq tək əldən səs çıxmadığını dedilər.
Zamanı və məqamı gələndə...
Xalq artisti Mənsum İbrahimov sənətindən, peşəsindən asılı olmayaraq, hər bir vətəndaşın ölkəsində gedən ictimai proseslərlə bağlı mövqeyini bildirməsinin vacibliyini qeyd etdi: "Tanınmış sənətçilər cəmiyyətdə baş verən proseslərə öz mövqeyini bildirməlidirlər. Zamanı və məqamı gələndə, mən də nəinki bir sənətçi, həm də azad ölkənin vətəndaşı olaraq öz mövqeyimi bildirir, cəmiyyətdəki problemlərin həlli üçün fikirlərimi səsləndirirəm. Efirlərdə, mətbuatda bu mövzularla bağlı mənə sual ünvanlananda rahat şəkildə öz mövqeyimi bildirirəm. Biz hamımız eyni cəmiyyətdə yaşayırıq və burda bizim övladlarımız yaşayır. Biz sənət adamları xalq arasında azdan-çoxdan tanınırıqsa, bizim sözümüzə daha çox inanırlarsa, niyə də yaşanan problemlərə susaq? Bu mənim şəxsi mövqeyimdir”.
"Hamıdan ideal olmağı tələb etmək olmaz”
Xalq artisti Faiq Ağayev isə dünyada çox az sayda tanınmış sənət adamlarının ictimai məsələlərə münasibət bildirdiyini dedi: "Dünyanın ən çox inkişaf etmiş ölkələrində belə, hər bir müğənni ictimai məsələlərə münasibət bildirmir. Bizdə də ictimai məsələlərə münasibət bildirən sənətçilərimiz elə dünyadakı qədərdir. ABŞ-ın ümumi əhalisini nəzərə alsaq və ictimai məsələlərə münasibət bildirən sənət adamlarını götürsək, onlarla eyni nisbətdəyik. ABŞ-da ona görə çox görünür ki, əhalisinin sayı, ərazisi çox böyükdür. Bizdə də ictimai məsələlərə münasibət bildirən sənətçilər kifayət qədərdir və hamı ideal ola bilməz. Hamıdan ideal olmağı da tələb etmək olmaz. Sənət adamlarını hər bir məsələnin ön sırasına salmaq da bir az qərəzlidir. 10 milyon üçün kifayət qədər sənətçilərimiz var ki, onlar ictimai məsələlərdə münasibət bildirirlər. Onlardan say artırmaq üçün istifadə etməyin. Siz sənətçilərdən ideal olmağı tələb edirsiniz, bu da düzgün deyil”.
"Hamımız özümüzü çəkib kənara qoyduq”
Bəstəkar, aparıcı Murad Arifin "Youtube” üzərindən hazırladığı "Popumuz var” verilişində ictimai məsələlərə məşhurların nə üçün müraciət etmədiklərini, yaşanan məsələlərə heç bir reaksiya vermədiklərini soruşanda, verilişin qonağı xalq artisti Zülfiyyə Xanbabayeva əvvəllər rastlaşdığı problemlərlə bağlı çox tez-tez açıqlamalar verdiyini, sonra tək əldə səs çıxmadığını görərək danışmaqdan imtina etdiyini deyib: "Deyinmək istəmirəm. Qoy bu barədə başqaları danışsın. Mən nəyə görə boşboğazlıq edib çənəmi yormalıyam? Faktiki olaraq efirlərə çıxmıram, heç kəsdən qorxum da yoxdur ki, kimsə nəyəsə görə mənə nəsə desin. Yəqin ictimai məsələlərə münasibət bildirmək xasiyyətdən də irəli gəlir. Hamımız özümüzü çəkib kənara qoyduq, mübarizə aparmadıq. Bir ara çox danışdım, sonra gördüm fikir verən də yoxdur. Bu mənim işim deyil, bununla bağlı müxtəlif təşkilatlar, qurumlar fəaliyyət göstərir. Mənim işim konsert vermək, keyfiyyətli musiqi təqdim etmək, ifaçı kimi yaradıcı proseslə məşğul olmaqdır”.
"Səsimizi çıxarmalıyıq ki, sözümüzü hər kəs duysun”
Tanınmış ifaçı Eldar Qasımov bizimlə söhbətində ölkədə baş verən ictimai proseslərə çox böyük önəm verdiyini və bu məsələdə məşhurların rəylərinin böyük önəm kəsb etdiyini dedi: "İctimai məsələlərin bizim məşhurların, sənət adamlarının köməkliyi ilə həll yolunu tapmağını çox istərdim. Buradan həmkarlarıma səslənirəm ki, cəmiyyətimizin üzləşdiyi problemlərə biganə qalmasınlar. Hərdən cəmiyyətdə baş verən hər hansı haqsızlığı, ədalətsizliyi görəndə səsinizi çıxarın, susmayın. İnanın ki, bizim səsimiz çox vacibdir. Çünki biz hamımız eyni cəmiyyətdə yaşayırıq. Şəxsən mən ictimai və sosial məsələlərə biganə qalmıram. Çalışıram ki, ətrafımda olan insanlara, izləyicilərimə səslənərək öz mövqeyimi bildirim. Şərt deyil ki, hər kəs mənimlə razılaşsın. Sosial şəbəkə vasitəsi ilə insanların nədənsə narazı olduqlarını görürəm və mən də iradımı bildirirəm. Əlimdən gəldiyi qədər onlara kömək etməyə çalışıram. Çox istərdim ki, həmkarlarım da ictimai funksiyalarını, sadəcə toylara gedib pul kisəsini doldurmaqla deyil, həm də ictimai məsələlərə münasibət bildirməklə yerinə yetirsinlər. Biz çox mərd xalqıq. Hər bir haqsızlığı, yolunda getməyən bir məsələni ictimailəşdirib onun çözüm yollarını tapa biləcək gücdəyik”.
İfaçı bu məsələdə mətbuat nümayəndələrinin sənətçilərə dəstəyini əsirgədiyini deyir: "Bizim səsimizə media nümayəndələri də səs verməlidirlər. Təəssüf hissi ilə qeyd edim ki, bəzi bayağı media nümayəndələri qalmaqal yazaraq, şou adamlarını gözdən salmağa çalışırlar. Ancaq düşünmürlər ki, onlar sənət adamlarının qalmaqallarını, neqativ tərəflərini işıqlandırmaqla yetişən gənclərimizin, evdə böyüyən uşaqlarımızın zövqünü korlayırlar. O saytlar insanlarımıza mənəvi soyqırımı edirlər, fərqində deyillər. Bu mənə çox toxunan bir mövzudur. Çox istəyərdim ki, bizim sözləri keçən, insanların örnək kimi baxdığı nəinki müğənnilərimiz, ictimai xadimlərimiz də bu məsələni dərk etsinlər. Əgər biz bu peşəni seçmişiksə, demək onun hər xüsusiyyətini qəbul etmişik. Sənətçi xalqa məxsus olmalıdır. Missiyamız xalqa xidmət etməkdir və bu cür məsələlərdə özümüzü kənara çəkə bilmərik. Biz səsimizi çıxarmalıyıq ki, sözümüzü hər kəsə çatdıra bilək. Yetər ki, içimizdə istək olsun”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər