• cümə, 19 Aprel, 21:13
  • Baku Bakı 24°C

Sənət adamları hüquqlarını necə müdafiə etməlidir?

29.11.17 09:30 2445
Sənət adamları hüquqlarını necə müdafiə etməlidir?
Son dönəmlər şou və incəsənət adamlarının jurnalistləri məhkəməyə verməsi halları ilə çox tez-tez rastlaşırıq. Elə bir neçə gün əvvəl adının çəkilməsini istəməyən bir aktrisa film qalalarının birində həmkarı ilə söhbət edərkən paparatsilərin böhtanına tuş gəlib. Belə ki, aktrisa həmkarı ilə şəkli çəkdirdikdən sonra bir çox saytlar "Aktrisanın sevgilisi bəlli oldu”, "Həyat yoldaşından bu şəxsə görə ayrılıb” tipli xəbərlər yayılmağa başladı. Aktrisa yayılan xəbərlərin yalan olduğunu, özəl həyatının özünün razılığı olmadan belə gündəmə gəlməsinə qarşı etiraz edərək, jurnalisti məhkəməyə verəcəyini dedi. İş o həddə çatdı ki, məsələyə aktrisanın övladları, ailəsi də qarışmalı oldu. Aktrisanın övladı bu xəbərinin onun da həyatına təsirsiz ötüşmədiyini bildirdi. Xəbəri hazırlayan jurnalist isə qarşılığında əslində paparatsiliyin jurnalistikanın bir qolu olduğunu və məşhurların özəl həyatının insanlara daha maraqlı gəldiyini, həmin yazının həddən ziyadə çox oxunduğunu bildirərək, özünə haqq qazandırdı. Qarşı tərəfin bu fikirlərini eşidən aktrisa "Bəs insan hüquqları, bəs mənim şəxsi həyatım?” suallarını verdi.

Belə bir vəziyyətdə kim haqlıdır? Jurnalist müsahibinin şəxsi həyatına hansı şəkildə müdaxilə edə bilər?
"Məsələni bu qədər bayağılaşdırmaq olmaz”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müaviniMüşfiq Ələsgərli bizimlə söhbətində bildirdi ki, yerli şou-proqramlar və şou əhlinin hərəkətlərinə həsr olunmuş verilişləri izləmir: "Əslində şou əhli haqqında mətbuatda tez-tez yazılar dərc olunur. Azərbaycanda bu, həddən artıq bayağı şəkildə həyata keçirilir. Hesab edirəm ki, nəinki şoudan yazanlar, bu kimi müxbirlər şou əhlini gözdən salırlar. Belə hallara bizim bəzi media qurumlarında tez-tez rast gəlinir və medianı gözdən salır. Təbii ki, bu, bir əyləncədir, burada bəzi maraqlar var. Bura kiminsə reklam olunması və s. daxildir. Ancaq məsələni bu qədər bayağılaşdırmaq olmaz. Bu sahənin adamları haqqında informasiyalar o qədər bayağılaşdırılıb və eybəcərləşdirilib ki... Qeyd olunan məsələdə hüquqi qanun pozuntuları var və biz bir detaldan yapışıb kimisə tənqid etmək gücündə deyilik”.

M.Ələsgərli bildirdi ki, şəxsi həyata aid məlumatların yayılmasının qanunvericilikdə bir çərçivəsi var: "Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində qeyd edilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan, izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bundan başqa, Azərbaycan qanunvericiliyində cinayət məcəlləsinin 156-cı maddəsində insanların istəyi olmadan fərdi və şəxsi məlumatların yayılmasını qadağan edən məhdudiyyətlər var. Orda qeyd edilir ki, Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının 3-cü prinsipi birmənalı şəkildə insanların şəxsi həyatlarına aid olan informasiyanın yayılmasını məhdudlaşdırır. Düzdür, burda ictimai və şəxsi məsələsi də var. Əgər bu şəxsin barəsində danışılan hissə ictimai həyata aidiyyəti varsa, bu məsələlərə müdaxilə etmək olar. Amma onun şəxsi həyatının ictimaiyyətə aidiyyəti yoxdursa, ziyan gətirmirsə, məşhur şəxs olsa belə, onun həyatına müdaxilə etməyə qadağa qoyulur. İctimai şəxsin "özəl həyat” dediyi məsələ ictimai qanunlara və prinsiplərə zidd olmasın. Cəmiyyətə zərər gətirməsin”.
M.Ələsgərli bildirdi ki, informasiyanın özü kökdən yalandırsa, artıq burda özəl həyat məsələsi deyil, şəxsə böhtan atılması məsələsi var: "Burda Cinayət Məcələssinin-147-148-ci maddələri tətbiq olunmalıdır. Həmin maddələr təhqir və böhtanı birmənalı şəkildə inkar edir. Əgər tanınmış sima qeyd edirsə ki, o insanla heç bir özəl münasibəti yoxdur, böhtan məsələsinə görə, qarşı tərəfin cəzalandırılmasına nail ola bilər”.
"Belə olan hallarda məhkəmə işi rədd etməlidir”
Tanınmışhüquqşünas, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevgüman etmir ki, hər hansı sənət adamı jurnalisti məhkəməyə versə, hansısa bir uğur qazana biləcək: "Məsələyə real yanaşsaq, Avropa məhkəməsinin ifadə azadlığı ilə bağlı tövsiyəsi sadəcə, bir mülahizə idi. Ona görə, güman etmirəm ki, işə obyektiv baxılarsa, hər hansı bir iddiası təmin ediləcəkdir. Həmin aktrisa ən yaxşı halda şərəf və ləyaqətin müdafiəsi ilə bağlı müraciət edə bilər. Orada jurnalistə münasibətdə hər hansı problem olmayacaq. Bu qənaətə gəlirik ki, burda şərəf və ləyaqətə ziyan vurulur. Ona görə də belə olan halda, məhkəmə üzr istəmək və ya təkzib etməklə bağlı bir qərar qəbul edə bilər. Bu məsələdə iddiaçı - həmin aktrisa mənəvi ziyanla bağlı məsələni də qoya bilər. Amma inanmıram ki, bunun ciddi surətdə əsaslandırsın. Çünki maddi tələblərlə bağlı məsələdə məhkəmələr hər zaman dəyərin müəyyənləşdirilməsində çətinlik çəkirlər. Düşünmürəm ki, buna görə hansısa cinayət işi qaldırıla bilər. Ən yaxşı halda, jurnalistə münasibətdə məhkəmə maddi ziyanla üzr istəməsini tələb edə bilər. Belə olan halda, məhkəmə şikayəti rədd etməlidir. Jurnalist fikir və ifadə azadlığın həyata keçirilməsinə görə, məsuliyyətə cəlb edilə bilməz. Avropa məhkəməsinin bu məsələlərlə bağlı o qədər çoxsaylı qərarları var ki... Bu qərarlar birmənalı surətdə jurnalistin maraqlarını və onun ifadə azadlığını müdafiə edir. O zaman burada ifadə azadlığı pozulur. Avropa İnsan Hüquqları ifadə azadlığında qeyd edilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir”.
"Nəinki jurnalist, hər bir insan sözünün məsuliyyətini daşımalıdır”
Psixoloq Elnur Rüstəmov deyir ki, əgər bu məsələdə hər hansı şəxsin şərəf və ləyaqətinə xələl gətirən nüanslar varsa, şübhəsiz bunun bir məsuliyyəti olmalıdır: "Bəzən sənət adamları gündəmdə qalmaq, qalmaqal yaratmaq və digər məsələlər üçün belə addımlar atırlar. Ancaq bu, çox nadir hallarda belə olur. Hərdən rast gəlirik ki, bəzi jurnalistlər məsələni araşdırmadan yazırlar. Ancaq elə jurnalistlər də var ki, əllərində sübut-dəlilləri olmasa, onu mətbuata vermirlər. Bəzən qeyri-peşəkar yanaşılır. Bütün hallarda, tanınmış simaların haqqıdır və hüququdur ki, bununla əlaqədar təkzib tələb etsinlər. Əslində məslə məşhur simadan deyil, insanlara vurulan psixoloji zərbədən ibarətdir. Məsələni birtərəfli götürməyək. Məsələyə çox istiqamətdən baxmaq olar. Bu cür hallar baş verdiyi təqdirdə, insanlar arasında inamsızlıq yaradır. İnsanlar böyük psixoloji sarsıntı keçirirlər, gərginlik yaşayırlar. İnsanların bir-birinə etibarı, inamı itir. Sonra düşünməyə başlayırıq ki, insanlar niyə bu qədər gərgin vəziyyətdədirlər”.

Bu kimi yanlış informasiyaların insanların həyatına təsirsiz ötüşmədiyini deyən psixoloqun fikrincə, cəmiyyətdə ötürülən yanlış informasiyaların zərərli nəticələri ilə üzləşirik: "Doğru oldu-olmadı, bəzən "qara piar” aparılır. Bir şəxsin timsalında onu sevən, hörmət edən yaxınlarına, doğmalarına psixoloji sarsıntı vurulur. Bu nəzərə alınmalıdır və bu istiqamətdə məsuliyyətli olmalıyıq. Nəinki jurnalist, hər bir insan sözünün məsuliyyətini daşımalıdır. Şəxsi həyat məsələsində isə xüsusilə diqqətli davranmaq lazımdır. Söhbət ondan gedir ki, haqqında xəbər yayılmış aktrisanın da bir ailəsi var. Təbii ki, yanlış xəbər onun ailəsinə və övladına da təsir edəcək. Belə olduğu halda, sabah biz cəmiyyət üçün potensial olaraq aqressiv bir insan yetişdiririk. Hər bir insanın özünün həqiqət bucağı var. Bir tərəfdən xəbəri hazırlayan jurnalist düşünür ki, o insanla gedib söhbət etməyəydi, mən də yazmayaydım, özü buna şərait yaradıb. Ancaq bu, jurnalistə ixtiyar vermir ki, tanınmış insanın mənəvi hissləri ilə oynasın. Ailə çox mənəvi sarsıntı keçirir. Həm aktrisanın özü, həm də onun yaxınları, doğmaları psixoloji sarsıntı keçirir. Fərqi yoxdur, jurnalist olmasın, kim olur-olsun bu məqamları gözləmək lazımdır”.
"Mətbuatla bağlı qanunlarımızda müəyyən boşluqlar var”
"Şərq” qəzetinin yazarı Tahirə Məmmədqızı bizimlə söhbətində bildirdi ki, məhz peşəkarlıqdan danışırıqsa, dünya jurnalistikasından tez-tez misal çəkirik. Belə bir məqamda təbii ki, Azərbaycan jurnalistikası da dünya standartlarına cavab verməyə çalışır: "Bəlkə jurnalistika aləmində müəyyən problemlərimiz var. Bu problemlər hər sahədə var. Ancaq Azərbaycan jurnalistikası bu gün öz səviyyəsini və gücünü göstərə bilən bir mətbuat qurumu kimi özünü təsdiq edə bilib. Bu gün kifayət qədər imzalar var ki, Azərbaycan xaricində də tanınır. Hesab edirəm ki, mətbuatla bağlı qanunlarımızda müəyyən boşluqlar var. Həm jurnalistin, həm də sənət adamlarının hüququnun qorunmasında bəzi boşluqlarımız var. Sənət adamları bizi məhkəməyə verərkən hansısa boşluqları görmür. Jurnalistlər xəbər verərkən çalışır ki, ən maraqlı xəbəri versin. Elektron saytların fəaliyyətində xəbərin sayta yerləşdirilməsi prosesində hətta saniyələrin belə rolu olur deyə, hər bir jurnalist çalışır ki, daha tez məlumatı oxucuya ötürə bilsin. Rəqabət də çoxaldıqca, zamanla mübarizə apardıqca, jurnalist çalışır ki, informasiyanı daha tez çatdırsın, belə məqamda məlumatın dəqiqləşdirilməsi arxa plana keçir. Yazılı mətbuatda qəzetin bir gün vaxtı var. Bir məlumatı dəqiqləşdirib, oxucuya çatdıran saytlar zaman baxımında uduzmuş olurlar. Bəzən olur ki, xəbəri 5 dəqiqə tez vermək üçün araşdırmanı tam apara bilmirlər. Amma mətbuat olaraq bizi hər sözə görə məhkəməyə vermək haradasa bizi qandallamaq deməkdir”.

Çox zaman Türk jurnalistikası ilə bizi müqayisə etdiklərini deyən T.Məmmədqızı bildirdi ki, orada da kifayət qədər paparatsilər var: "Türkiyədə tanınan insanları dənizin ortasında sevdikləri ilə əylənəndə belə onu işıqlandırırlar. Buna görə heç kim onları məhkəməyə vermir. Bu xəbərdə də onun kimi. Əgər aktrisa kiminləsə oturub söhbət edərkən paparatsiyə tuş gəlirsə, açıqlama vermək olar ki, bu xəbər səhvdir, o şəxs onun sevgilisi yox, dostudur. Sivil ölkələrində adətən belədir. Qarşı tərəfin təkzib verib aydınlıq gətirmək imkanı var. Hər yazıya görə jurnalist məhkəməyə veriləcəksə, onda biz gördüklərimizi yazmayaq, yazıya köçürməyək də. Onsuz da Azərbaycan mətbuatı mental dəyələrə önəm verir deyə, biz bəzən gördüklərimizin əksəriyyətini yazmırıq. Bəzən bildiklərimizi nələrəsə görə yazmamaq məcburiyyətində qalırıq. 18 illik fəaliyyətimdə o qədər məqamları bilib, susmuşam ki... Ona görə yox ki, qorxmuşam. Mental dəyərləri nəzərə alıb susmuşam. Yaza biləcəyim o məlumat kiminsə ailəsini dağıda bilərdi”.

Bu günə qədər bir çox sənət adamları ilə konfliktləri olan yazar deyir ki, yazıları peşəkar səviyyədə olduğu üçün heç kim onu məhkəmə salonuna apara bilməyib: "Yazılarımda heç kimi təhqir etməmişəm, onların yataqlarına girib özəl həyatlarından yazmamışam. Jurnalistin peşəsi nədir? Əldə etdiyi məlumatı yamaq, onu oxucuya çatdırmaq”.
Xəyalə Rəis
Yazı Ombudsman Aparatının 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə"Hüquqlar – hamı üçün!”mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.

banner

Oxşar Xəbərlər