“Sənədli filmlərin hər zaman öz tamaşaçısı olub”
Mütəxəssislər
kinonun bu növünə az tələbat olması fikri ilə razılaşmırllar
Dünya kinosunun əsası sənədli-xronikal
kadrlarla qoyulub. Belə ki, müəyyən mövzu üzrə müxtəlif araşdırmalar
nəticəsində toplanan sənədli faktların bir film formatına gətirilməsi sənədli
filmi ortaya çıxarıb. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın
lentə alınması əsasında yaranıb. Real hadisə və əhvalatların lentdə əks
etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar olmaqla, xalis
informasiya xronikalarından bəhs edir. Sənədli kinonun əhəmiyyəti təkcə həyat
hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret
faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara
malikdir. Bəs görəsən Azərbaycanda sənədli filmlər hansı səviyyədədir?
Ümumiyyətlə, sənədli filmlərin izləyicisi varmı?
Bəzən deyirlər ki, bizdə sənədli
filmlərdə balanslaşdırılma düzgün aparılmayıb. Bu film növünün auditoriyası
düzgün seçilmədiyindən, kinonun bu növü sevilmir, baxılmır və televiziyalarda
nümayiş olunduqda, reytinq toplamır.Yəni, təbiəti çəkən rejissorla tarixi
çəkən rejissor eyni cür düşünə bilməz və düşünməməlidir də. Hər əlinə kamera
alan da özünü sənədli film rejissoru kimi təqdim edir. Halbuki, sənədli film
rejissoru araşdırma qabiliyyətinə malik olmalıdır. Bəzən isə televiziya filmi
ilə sənədli film səhv salınır. Diplomlu rejissorlar telefilm çəkib, adını
sənədli film qoyurlar. Əgər rejissor bir film çəkirsə, onu hansı auditoriya üçün
çəkdiyini, nə istədiyini, nə gözlədiyini bilməlidir. Müşahidə isə sənədli
filmin əsas qoludur.Amma rejissorlar çox az hallarda bunun fərqinə
varırlar.
Ekspertlərimiz isə qeyd edir ki,
sənədli film çəkmək üçün hər şeydən öncə istək və təcrübənin olması önəmlidir.
"Televiziyada
ən çox pul aparan sahə sənədli filmlərdir”
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü Tahir
Tahiroviç bildirir ki, hazırda bizdə daha çox
televiziyalar sənədli filmlərin istehsalı ilə məşğul olur: "Sənədli kinonun
bazası son 50-60 ildə "Aztelefilm” yaradıcılıq birliyinin üzərinə düşürdü.
Təəssüflər olsun ki, "Aztelefilm” yaradıcılıq birliyi fəaliyyətini redaksiya
səviyyəsinə endirib. Bu qurum Azərbaycan Dövlət Televiziyasının binasında yerləşirdi.
2000-ci illərin əvvəllərində "Lider” televiziyası bu işlə məşğul olurdu. Bunlar
daha çox film istehsalı ilə məşğul olan
təşkilatlar idi. Mütəmadi olaraq televiziyalarda praymtime vaxtlarda həmin
sənədli filmlər göstərilirdi. Daha sonra bu işi "Carçı film” davam etdirdi. ARB
şirkətinin nəzdində olan "Aranfilm” mərkəzi son 3 ildə sənədli filmlərin
istehsalı ilə məşğuldur. Bu günün tamaşaçısı sənədli filmləri televiziyadan
izləyir. Televiziyalara gəldikdə isə, İctimai Televiziya və Mədəniyyət kanalını
çıxmaq şərti ilə heç bir telekanal xüsusi olaraq sənədli filmə yer ayırmır. Mədəniyyət
Nazirliyinin "Salnamə” kinostudiyası birbaşa bu işlə məşğuldur. Ancaq onlar da kütləvi
istehsalla məşğul deyillər. Belə ki, ildə 5-6 sənədli film istehsal edirlər. Həmin
filmlərin də nümayişi ancaq "Nizami” Kino
Mərkəzində baş tutur. Bununla da iş bitir”.
"Rejissorların
sənədli filmlərə yanaşması fərqli ola bilər”
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Müəllif proqramları
və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca bildirir
ki, sənədli filmlərin hər zaman öz tamaşaçısı olub: "Dünya kino industriyasında
da sənədli filmlər sevilərək izlənilir. Azərbaycanda da kifayət qədər sənədli
filmlər çəkilir. Hansı ki, onlar heç də faktların təqdimatına görə çəkilən
bədii filmlərdən geri qalmır. Sənədli filmlərlə bağlı müxtəlif festivallar
keçirilir, həmin filmlər kinostudiyalarda
nümayiş etdirilir. Son illər ayrı-ayrı televiziyalarda, prodakşınlarda bu işlər
görülür. Tez-tez sənədli filmlərin təqdimatları keçirilir. Bu ondan xəbər verir
ki, vacib bir məsələ ətrafında çəkilən filmlər var. Yeri gəlmişkən, Azərbaycan
televiziyasında bu yaxınlarda yubileyi qeyd olunan "Telefilm” bu işi öz üzərinə
götürüb. Burada hər il xeyli maraqlı sənədli filmlər istehsal olunur. Bu filmlər
vasitəsilə müxtəlif dövrlərdə qarşıya qoyulan məqsədlər həyata keçirilir. Son
dövrlər yüksək səviyyədə sənədli filmlər çəkilir. "Telefilm”in imkanları da
genişləndirilib. Bədii sənədli filmlərin çəkilişi də nəzərdə tutulub”.
B.Qaraca qeyd edir ki, günümüzün
hadisələri ilə bağlı sənədli filmlərin çəkilməsinə ehtiyac var: "Misal üçün, Qarabağ
hadisələri ilə bağlı kifayət qədər sənədli filmlər çəkilib. Bununla bərabər, aprel hadisələri ilə bağlı xeyli filmlər
çəkildi. Şəxsən mən özüm də bu mövzuda xeyli işlədim. Bundan başqa, ölkəmiz
üçün önəmli olan dahi şəxsiyyətlərimizlə bağlı filmlər üzərində çalışmışam. Ola
bilər ki, rejissorların sənədli filmlərə yanaşması, baxış bucaqları fərqli
olsun. Texniki imkanları güclü və zəif
olsun”.
Müsahibimiz hazırda "Aleksandr Düma
Azərbaycanda” adlı ssenarinin hazır olduğunu, yeni sənədli film üzərində
çalışdığını bildirdi: "Hava şəraitinin yaxşılaşmasını gözləyirik. "Aleksandr
Düma Azərbaycanda” filmi 3-4 hissəli nəzərdə tutulub. Canlandıra bilsək, Aleksandr
Dümanın torpaqlarımıza səfərini göstərəcəyik. Belə ki, Dərbənddən başlayaraq,
Qubadan keçərək, yolboyu gördükləri, görüşdüyü
adamlar, hadisələr, eyni zamanda Sumqayıtla bağlı xatirələrini qeyd etmək
istəyirik. Onun burada görüşdüyü azərbaycanlılar, mətbəximiz, insanlarımızla
bağlı maraqlı fikirləri olub. Bakıda olmağı, Xurşudbanu Natəvanla görüşməyi,
Xəzərlə bağlı təəssüratları bu filmdə əks olunacaq. Həmin dövrün tarixini
canlandırmaq niyyətindəyik. Mənə elə gəlir ki, bu, bədii filmdən az təsir
gücünə malik olmayacaq”.
"Seçim
düzgün olmasa, filmin baxıcısı da olmayacaq”
Sənədli
filmləri bir çox beynəlxalq festivallarda iştirak edən rejissor Rüfət Əsədov deyir ki, sənədli film çəkmək üçün ilk növbədə onun tamaşaçısının
olub-olmayacağı haqqında düşünmək və bütün bunları hesabladıqdan sonra ciddi
addım atmaq lazımdır: "Film çəkməmişdən öncə düşünmək lazımdır ki, çəkdiyin film
auditoriya üçün maraqlıdırmı? Bu çox həlledici məqamdır. Seçim düzgün olmasa,
filmin baxıcısı da olmayacaq. Ölü uşaq kimə lazımdır? Tutaq ki, sənədli film
çəkdin, sonra onu neyləyəcəksən? Mən də film çəkməmişdən öncə onun haqqında
düşünür, çəkəcəyim filmi harada, necə təqdim edəcəyim barədə götür-qoy edirəm.
Mən dağ yəhudilərini araşdırdım və onlarla bağlı film çəkdim. Sizə deyim ki, bu
tip filmlərin kifayət qədər tamaşaçısı var. "Kənddə sonuncu yəhudi” filmim
təkcə Amerikada 40 dəfə nümayiş olunub. İnternetdə 100 mindən artıq baxış sayı
var. Bu film komediya deyil ki, insanlar ona gülmək üçün baxsın. Heç şou-biznesə
də aidiyyatı yoxdur. İnternetdən filmi izləyənlərə baxdıqda, şahidi oldum ki, tamamilə
müxtəlif dinlərdən olan insanlar baxır, çünki burda insan taleyi var. Həmin
filmdə cəmi iki kəlmə yəhudi sözündən istifadə olunub, yerdə qalan hamısı insani
mövzudan bəhs edir”.
Rejissor deyir ki, noyabrın 6-dan 9-dək10-cu Bakı Beynəlxalq Qısa
Filmlər Festivalı keçirilib və münsif heyətinin üzvü kimi 150 sənədli
film izləyib. İzlədiyi filmlər onda böyük təəssüratlar doğurub: "Çox təəssüf
hissi keçirdim ki, baxdığım filmləri biz Azərbaycanda görmürük. Məsələn, festivala
Misirdən bir qız telefonla sənədli film çəkib göndərmişdi. 8-9 dəqiqəlik film
məni çox kövrəltdi. Festivalda İran, İsrail və bir çox ölkələrdən göndərilmiş
möhtəşəm sənədli filmlər var idi”.
Xəyalə Rəis