• cümə axşamı, 28 mart, 13:02
  • Baku Bakı 16°C

Sendviç yeyib dünyanı gəzən qız – Səyyah

30.11.18 13:45 3057
Sendviç yeyib dünyanı gəzən qız – Səyyah
Səyahət etməyi sevir və edir də. Əslində, səyahət etməyə maraq göstərən adam çoxdur, amma maliyyə məsələsinə görə bu istəklərini reallaşdıra bilmirlər. Amma o, az maliyyə ilə də səyahət etməyin mümkün olduğunu deyir, çünki bunu edir. Və öz təcrübəsini həm də sosial şəbəkələr, saytı vasitəsilə insanlarla bölüşür. Müsahibimiz gənc xanım səyyah Jalə Ələkbərovadır.

- Əslində, söhbətə ucuz səyahətlərə necə nail olmağınızla başlamaq istəyirdim, amma səhifənizin adı diqqətimi çəkdiyi üçün birinci ondan başlayaq. Niyə "Uzaq sahillərdə”?
- Çünki bu ideya məndə uzaq sahillərdə olanda yaranıb. Həmin vaxt Bolqarıstanda yaşayırdım. Çox səyahət edirdim və bu müddətdə həm də axtarışlarım olurdu. Çünki hər hansı ölkəyə getməmişdən əvvəl "Necə gedəcəm”, "Haralara gedəcəm” və s. sualları ətrafında böyük araşdırma aparırdım. Bütün araşdırmanı rus və ingilis dilində edirdim. Axtarış etmişdim, amma səyahətlərlə bağlı müxtəlif məlumatlar olan baza tapmamışdım. Düşünürdüm ki, azərbaycan dilində insanlar bu cür məlumatları necə əldə edə bilərlər? Dedim ki, niyə də mən bunu yaratmayım? Əslində, həmişə bloq yazmaq arzusunda olmuşam, amma nədən yazacağımla bağlı qərar verə bilmirdim. Hər şeydən bir az yazmaq da istəmirdim. Fikirləşdim ki, həm gəzirəm, bu məlumatları bilirəm, həm də paylaşmağı bacarıram. Və bunu etmək qərarına gəldim. Sonra hansı ad altında bunu edəcəyim qalırdı. "Tık-tık xanım səyahətdə”, "Sənin səyahət dostun” və s. çoxlu adlar səsləndirildi, amma sonda” Uzaq sahillərdə”ni seçdim. Çünki hər dəfə bir uzaq sahildən insanları salamlayıram.


- Uzaq sahillərə getməyə maraq nə vaxtdan yaranıb?
- Həmişə marağım olub, amma əvvəllər valideynlərim bununla bağlı mənə dəstək olmurdular. Təxminən 18 yaşımı tamamladığım vaxtlarda. Sonra gördülər ki, mümkün deyil. Valideynlərim adekvat düşüncəlidirlər. Məsələn, görsələr ki, hansısa proqramın qalibi olmuşam, onların heç bir xərci filan da çıxmayacaq və bu zaman mənim qarşımda maneə kimi də durmurlar. Mən valideynimə desəm ki, 1000 manat ver, gedim gəzim. Bunu verməyə bilər, onun öhdəliyi də deyil. Onlar mənə xaricdə təhsil almağa icazə vermirdilər, amma xəbərləri olmadan təqaüd proqramı uddum, 1000 avro təqaüd alırdım. Biləndə ki qalib olmuşam, valideynlərimə zəng vurub dedim ki, Bolqarıstana təhsil almağa gedirəm, onlar da bunu normal qarşıladılar.

- İlk səfəriniz təhsillə bağlı oldu?
- Yox, mənim o vaxta qədər də səfərlərim olmuşdu. İlk dəfə Gürcüstana, çalışdığım təşkilatın layihəsi ilə bağlı getmişdim. Ümumiyyətlə, gərək övladlar valideynlərinə özlərini təsdiqləsinlər. Valideyn bilsin ki, övladı boş işlə məşğul deyil. Valideynlərim görürdü ki, təşkilatda çalışıram, layihələrlə bağlı səfərlərə gedirəm. İndiyə qədər 21 ölkədə olmuşam, bir çoxu proqramlar, layihələr, tədbirlər vasitəsilə olub. Pulumu yığıb səyahət edirəm.


- Az maliyyə ilə səyahət də budur? Yəni pul olmasa da olar, bacarmaq lazımdır...
- Əlbəttə. "Uzaq sahillərdə”ni yaratmağımın səbəblərindən biri də odur ki, bildiyim yolları insanlara izah edim. Doğrudan da səyahət etmək ucuz başa gələ bilir. Müxtəlif proqramlar vasitəsilə bunu etmək mümkündür. Bu proqramlarla (Erasmus+, EVS və s.) bağlı "İnstaqram” (@jala.alakbarova), "Facebook” səhifələrimdə ətraflı danışıram, izah edirəm ki, məlumatlı olsunlar.

- Maraqlıdır, hər kəs bu proqramlar vasitəsilə səyahət edə bilər?
- Əgər ingilis dili biliyi, istək, bacarıq varsa, olar. Proqramla gedəndə bu səfərlərə sırf gəzmək məqsədli də baxmaq olmaz, çünki layihədə Azərbaycanı təmsil etməyi istəmək lazımdır. Eyni zamanda, qatıldığınız tədbirin mövzusu sizin üçün maraqlı olmalıdır. Məsələn, gənclərin sosial aktivliyə cəlb olunması, insan alveri və s. mövzularda ola bilər. Əgər könüllülüyü mənasız iş hesab edirsinizsə, gənclərin sosial aktivliyi layihəsində iştirak edib nə danışacaqsınız? Layihənin mövzusuna maraq varsa, istəyirlərsə, layihə yazmaq qabiliyyətləri də varsa, seçilib rahatlıqla gedə bilərlər.


- Həmişə müraciət edəndə seçilirsiniz?
- Xeyir. Məsələn, bu yay iki layihəyə müraciət etmişdim. Biri Litvada idi, o biri Slovakiyada. Litvaya seçilmədim, amma Slovakiyaya qəbul aldım. 4 günlük layihə idi, 10 günə yaxın qaldım.

- Layihələrlə bağlı gedəndə vaxtı uzatmaq olur?
- Layihə vaxtı gəzməyə vaxt ayırmaq çətin olur. Məsələn, "Erasmus” proqramı ilə gedirsinizsə, o zaman imkan yaradırlar ki, layihədən 3 gün əvvəl gedəsiniz, yaxud sonra 3 gün artıq qalasınız. Çünki layihə boyu çox məşğul oluruq, hər gün 9-dan 6-ya qədər treninqlər, axşamlar hər hansı məşğuliyyətlər olur. Həftənin bir günü boş olursan. Ondan başqa heç nə olmur. Ən yaxşısı, bir neçə gün artıq qalıb, o günləri dəyərləndirməkdir.

- Necə dəyərləndirirsiniz o günləri?
- Məsələn, Slovakiyada 4 günlük layihəyə dəvət almışdım, lakin bir həftəlik getdim. O səfərdə Slovakiya ilə yanaşı, Macarıstan və Avstriyanı da gördüm. Avropaya bir dəfə çıxıramsa, vaxt varsa, çalışıram ki maksimum dərəcədə qonşu ölkələrdə də olum. O dediyim 3 ölkə bir-birinə yaxın olduğu üçün bu istəyim rahatlıqla reallaşdı. Mümkün olmayanda isə heç olmasa getdiyim ölkədə iki şəhərdə olmağa çalışıram.


- Belə səyahətlərdə nə qədər maliyyə gedir?
- Macarıstanda 7 gün qaldım, 125 avro xərclədim. Çünki biletlərimizin və 4 günümüzün xərcləri layihə çərçivəsində qarşılanırdı. Layihədən kənar günlərdə isə 10-15 avroya hostellərdə qalıram, hər gün restoranda qidalanmıram. Çalışıram ki, bir dəfə yemək 3-5 avronu keçməsin. Sendviç yeyib dünyanı gəzirəm. Düzdür, çalışıram ki getdiyim ölkənin yerli mətbəxindən də nələrinsə dadına baxım. Təbii ki, hamısına baxmaq mümkün deyil. Azərbaycana gələn turist həm aş, həm dolma, həm digər yeməkləri yemək istəsə, bu, ona baha başa gələcək. Avropada isə qiymətlər ikiqat bahadır. Getdiyim ölkənin bir yeməyini seçib dadına baxıram. Həm də ki, mən qastromon səyahəti etmirəm. Kolbasa çörək də mənim üçün möhtəşəmdir. Hətta Avstriya ilə bağlı videomda, sendviç hazırlamağı paylaşmışdım. Bir avroya doğranmış çörək alıram, bir avroya doğranmış kolbasa, bir avroya da doğranmış pendir. Kolbasanı çox sevirəm deyə belə yemək mənim üçün əladır.
- Bəzən görürsən ki, az pulla səyahət edənlər səfərlərindən daha çox zövq alırlar, nəinki əlində kifayət qədər pulla gedənlər.
- Səyahətdən zövq almaq bir bacarıqdır. Mamam deyir ki, sən bomj kimi gəzirsən. Amma mən bundan zövq alıram. 5 ulduzlu otellərdə qalmağı istəmirəm. Əgər kimsə bunu mənim üçün qarşılasa, gedərəm, gözəl. Amma qarşılamırsa, öz büdcəmlə gedirəmsə, çox dəbdəbəli yerlərdə qalmaram. Hostel, 3 ulduzlu otel də kifayət edər. Səyahətin gözəlliyi 5 ulduzlu oteldə deyil. Ab-havada, mühitdə, insanlardadır. Sərbəst turlar olur, tanımadığın insanlarla səfər edirsən, yeni insanlar tanıyırsan. Son zamanlar bu, mənə maraqlı gəlir. Səyahətləri daha əyləncəli və maraqlı etməyə çalışıram.


- Sizdə avtostopa meyillilik də hiss olunur...
- Meyillilik var, lakin təhlükəsizlik, doğulduğum mühit meyarları imkan vermir ki, Avropada rahat avtostop edim. Bolqarıstanda bu cəhətdən problem yox idi. Azərbaycanda qismən edirəm, evimizdən metroya filan. Amma rahatlıqla, burdan Tbilisiyə avtostop etdiyimi deyə bilmərəm. Yol yoldaşı olsa, bəlkə gedərəm.

- Bizdə xanımın, tanımadığı əks cinsin maşınına minməsi bir az qəbul olunmur. O maneəni artıq aşıbsınız?
- Bəli, aşmışam, artıq məni maşına götürən pis nə isə fikirləşirsə, onun problemidir. Mən avtostop məqsədilə maşına otururam, düşünürəm ki, indi minən kimi söhbət etməyə çalışacaqlar, sual filan verəcəklər. Amma avtomobilə minəndən sonra çoxunu elə bil tok vurur, şok olurlar, heç nə demirlər. "Ay da, maşınımda qız var, mən onu yoldan götürmüşəm” kimi bir ab-havada olurlar.

- Səyahətlər sizə nə verib?
- Xoşbəxtlik. Səfərlərdə ağzım qulaqlarımda olur. Layihələrə qatıldıqca, çoxlu xarici dostlar qazanmışam. Bir çox ölkəyə getdikdə rahatlıqla onlara müraciət edə, evlərində qala bilərəm. Onlar mənə dəvət göndərə bilərlər. Çoxlu mədəniyyətlər kəşf etmişəm.


- 7 ilə 21 ölkə gəzibsiniz. Azdır, ya çox?
- Nə azdır, nə də çox. Amma davam edirəm, Avropa ölkələrində daha çox olmuşam, indi Asiya, Afrika diqqətimi çəkir. Afrikada bircə Mərakeşdə olmuşam, amma Misirə getməyi çox istəyirəm. Asiyaya təyyarə bileti baha başa gəlir. Bali, Nepal, İndoneziya hələ ki, xəyaldır. Oralara getmək üçün pul toplamaq lazımdır. Çünki orda layihələr az olur.

- Səyahət edənlərin başına müxtəlif hadisələr də gəlir. Onlardan danışaq...
- Səyahətlər mənə, özündən başqa heç kimə güvənməməyi öyrətdi. İkinci səfərim Türkiyəyə olmuşdu, təşkilatla getmişdik, rəfiqəm və bir oğlan dostumuz. Layihədən sonra əlavə bir neçə gün qalmaq istəyirdik, amma hostel-filan bron etməmişdik. Oğlan dostumuz Makedoniyaya gedəsi idi, bizə söz verdi ki, sizi yerbəyer etməmiş heç yerə getməyəcəyəm. Türkiyədə oxuyan bir tələbə dostumuz var idi, dedi hosteli neynirsiniz, tələbə evində qalıram, əlavə otağımız da var, gəlib qalarsınız, heç nə lazım deyil. O oğlanın qısqanc sevgisili var idi, bizə orda qalmağa imkan vermədi. Bunu əvvəldən bilsəydik, əslində problem olmazdı. 3 qız gedəcəkdik, səhər tezdən çantaları toplayıb oğlanı gözləyirik ki, gəlib bizi aparacaq. Zəng vururuq götürmür. Makedoniyaya gedən oğlan da dedi ki, təyyarəyə gecikirəm, getməliyəm. "Taksim” meydanında bizi qoyub getdi. Mənimlə gedən rəfiqəm də çox qorxaq idi, oturub ağlayırdı ki çöldə qaldıq, nə edəcəyik? Sağa-sola baxdım ki, bizə heç kim kömək edən deyil, dedim gedək "Mcdolands”a. Orda internetə qoşulduq, özümüzə hostel bron etdik. Gedib yerləşdik, qız hələ də ağlayırdı (gülür). Bu hadisədən sonra bütün səyahətlərimi özüm planlayıram. Çox hadisə başıma gəlib, amma özümü heç vaxt itirmirəm, problemləri həll etməyi bilirəm.

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər