Şənbə günü Lənkərana getmək üçün 100 səbəb - Fotolar
Noyabrın
10-da Lənkəranda ikinci "Çay, çəltik,
sitrus” festivalı başlayacaq. Festival şəhərin
mərkəzində, H.Əliyev adına xatirə
parkında, "Cəngi” sədaları altında start
götürəcək. Qızılı payızda bayram ovqatı
yaşamaq , təbiətin ilahi
gözəlliklərindən zövq almaq , bəxş etdiyi naz-nemətlərdən dadmaq, zəhmət
adamları ilə üzbəüz görüşüb, sevinclərinə şərik olmaq istəyirsinizsə, bu tarixi
qaçırmayın. Yolunuzu bu şənbə Xan
Lənkərandan salın. Bəs Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və
təşkilatçılığı ilə keçirilən builki festivalda iştirakçıları hansı sürprizlər gözləyir? Təşkilat komitəsi
vəd edir -bayram ötən ilkindən də rəngarəng olacaq. Məhsul bayramında Lənkəranda istehsal olunan coxşeşidli məhsullar və təbiətin bəxş etdiyi nemətlər
nümayiş olunacaq, iştirakçılara istehsalçılarla
yaxından tanışlıq , birbaşa ünsiyyət imkanı yaradılacaq.
Yerli çay fabriklərində istehsal olunmuş, ekoloji cəhətdən tam təmiz, qatqısız Lənkəran çayını tədbir boyunca dada
bilərsiniz. Lənkəran xanımlarının bişirdiyi dadlı şirniyyatlarla, mürəbbələrlə
, bişmişlərlə, limonlu samovar çayından
içəndə, bir daha əmin olacaqsınız ki, bu diyarın məxməri çayının həqiqətən də, misli yoxdur, min bir dərdə dərmandır.
Dərman
demişkən, əgər təbiətin bu qədər möcüzəli nemətləri varsa, dərmana nə ehtiyac?
Xəstəsi də şəfa tapan, Lənkəranın limonundan, naringisindən, feyxoa, kivi,
portağalından dadın. Həm də əsil məqamıdır. İlin bu fəslində Lənkəran büsbütün
naringi qoxuyur, havadan limon ətri gəlir. Barlı-bəhərli portağal bağları ağız
sulandırır. Bu mənzərənin sözlə təsviri yox, gərək göz görsün, ürək
duyğulansın, könül sevsin. Lənkəranlılar yurdlarını çox sevirlər və inanırlar
ki, bu ilahi nemətlər saflıqlarına,
zəhmətsevərliklərinə, xoş məziyyətlərinə, yurdsevərliklərinə görə onlara, Allahın
lütfüdür.
Yeri gəlmişkən, Lənkəran təkcə çayı, sitrus meyvələri ilə deyil, ta qədimlərdən həm də ətirli düyüsü, bu düyüdən bişirilən
növbənöv plovları ilə məşhurdur.
"Akulə”, "Sədri”, "Haşımi” düyülərindən bişirilmiş plovların dadına baxmaq
istəyinizi festival günü reallaşdıra
bilərsiniz. Ən yaxşısı, gəlin, görün, dadın, qiymət verin. Necə deyərlər, həm
ziyarət, həm ticarət!
Məhsul bayramı əmək adamlarının qiymətləndirilməsi ilə də yaddaqalan olacaq. Festivalda Rayon İcra Hakimiyyəti əlinin zəhməti ilə tanınıb seçilən bir qrup
əmək adamını fəxri-fərman və
qiymətli hədiyyələrlə mükafatlandıracaq.
...Lənkəranın payızı
bir özgə aləmdir, təbiətin qızıl vaxtıdır. İlin bu çağında ilahi gözəllikdən zövq almaq, qızılı-qırmızı
donlu dəmirağaclarının möhtəşəm mənzərəsini görmək istəyirsinizsə, vaxt
itirməyin, bu şənbə qonağımız olun!
Cənub hərarətli
festivalda təkcə Lənkəranın zəngin
mətbəxi ilə deyil, zəngin mədəniyyəti ilə də tanış olmaq imkanınız olacaq. Burada
dinləyəcəyiniz, bu yerlərin ab-havası hopmuş qədim nəğmələri çətin ki, bir ayrı
məkanda eşitmək imkanınız ola. Bu nəğmələri sizə üzü nurlu "Nənələr”imiz oxuyacaq, " Halay” ansamblı unudulmaqda olan "Şalı-şalı " rəqsini ifa
edəcək, yerli musiqiçilər cənub folklorunun ən yaxşı nümunələrini səsləndirəcəklər.
Qol götürüb süzməyi öz ixtiyarınıza buraxırıq.
Festivalın təşkilatçıları iştirakçıların ötənilki
təkliflərini də nəzərə alıblar. Lənkəranda yetişdirilən və istehsal olunan
məhsulların satış yarmarkası da təşkil olunacaq. Məhsul bayramı axşam şəhər mədəniyyət
mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında
bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.
Esmira İsmayılova