• şənbə, 20 Aprel, 03:10
  • Baku Bakı 15°C

Sənayenin qeyri-neft sektoru sürətlə inkişaf edir

01.08.19 18:49 10514
Sənayenin qeyri-neft sektoru sürətlə inkişaf edir
Ölkəmizdə son bir neçə ildə sənayenin inkişafı üçün bir sıra mühüm addımlar atılıb. O cümlədən Sumqayıtda, Mingəçevirdə, Neftçalada və digər ərazilərdə sənaye parkları yaradılıb. Bu parkların yaradılması həm də qeyri-neft sektorunun inkişafına təkan vermiş oldu.
İyulun 31-də 2019-cu ilin 6 ayı ilə bağlı keçirilən sosial-iqtisadi sahə üzrə müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd edib ki, ilin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur: "Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Aydın Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyev müşavirədə ümumi iqtisadi uğurlardan, əldə olunan nailiyyətlərdən danışıb: "Dövlət başçısı ümumi daxili məhsulun 2,4 faiz artması və digər uğurlarımız sırasında ən böyük nailiyyətin ölkə sənayesinin qeyri-neft sektorunda böyük artım olduğunu dilə gətirdi. Bu göstərici faktiki olaraq 15,7 faizdir. Həqiqətən də bu, sevindirici haldır. Çünki qarşıda duran başlıca strategiyalardan biri qeyri-neft sektorunun, xüsusilə sənayenin inkişaf etdirilməsidir. Buna misal kimi, "SOCAR-Polymer”, karbamid zavodlarını və sənaye məhəllələrində fəaliyyət göstərən digər müəssisələri göstərmək olar. Bütövlükdə sənaye sahəsinin inkişaf etdirilməsi çox önəmlidir. Biz bilirik ki, sənaye sahələri əmək tutumluluğu, eləcə də rentabelliyi baxımından çox mühüm bir sahədir. Eyni zamanda vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi, məhz bu sahədə əmək haqlarının yüksək olması, daimi iş yerlərinin mövcudluğu baxımından sənaye sektoru çox əhəmiyyətlidir”.
A.Hüseynov əlavə etdi ki, tezliklə Azərbaycan öz sənaye məhsullarını xaricə də ixrac edəcək: "Bununla da ölkəmiz öz valyuta ehtiyatlarını zənginləşdirəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatı artıq 49 milyard dollardır. Hesab edirəm ki, valyuta ehtiyatlarımızın zənginləşməsində sənaye sektorunun da mühüm rolu var. Bütövlükdə əldə olunan nailiyyətlər sosial sahənin inkişafına, bu sahədə həyata keçirilən tədbirlərin reallaşmasına yönəldilir. Bu ilin 6 ayı ərzində 500 milyona yaxın əlavə vəsait büdcəyə daxil olub. Cənab Prezident müşavirədə vurğuladığı kimi, əldə olunan nailiyyətlərimiz, büdcəmizin gəlirləri artdıqca, sosial tədbirlərə yönələn xərclər daha da artacaq. Bütövlükdə 6 ayın göstəricilər yüksək şəkildədir. Qarşıdakı illərdə yenə də sənaye sektorunun, xüsusilə qeyri-neft sektorunun bütün sahələrinin dinamik inkişafının şahidi olacağıq”.
Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişili bildirdi ki, 2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəldən gözlənilirdi: "Bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatları, ölkədə islahatlar üçün əlverişli mühitin olmasını, uzun illər ərzində həyata keçirilən iri layihələr, inşa edilən müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar. Son 6 ayın iqtisadi yekunları bir sıra mühüm nəticələrə gəlməyə imkan verir. İlk olaraq, aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə iqtisadi subyektlər lazımı dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər. Belə ki, ötən müddət ərzində ÜDM-in 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz, kənd təsərrüfatı istehsalının 13 faiz, qeyri-neft ixracının 15 faiz, valyuta ehtiyatlarının 4 milyard dollar artması deyilənlərə sübutdur”.
T.Mirkişili əlavə etdi ki, 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv etdi və iqtisadi subyektlərin şəffaflığa və haqlı rəqabətə inamını daha da artırdı: "2019-cu ilin 6 ayının yekunlarına əsasən, dövlət büdcəsi gəlirlərinin 440 milyon manat artması, vergi yığımlarının 8,8 faiz, gömrük yığımlarının 8 faiz artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70 faizi ötməsi, 100 mindən çox yeni əmək müqaviləsinin imzalanması bu deyilənlərə sübutdur. Ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirləri 4 milyondan çox insanın sosial müdafiəsinin gücləndirilməsinə yönəltməyə imkan verib. Bütün bu artımlar fonunda inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb.
Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbər verir. Düşünürəm ki, ölkə başçısının "Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər