• cümə, 19 Aprel, 19:08
  • Baku Bakı 24°C

Sənayenin inkişafında mühüm addım

07.01.15 09:51 1320
Sənayenin inkişafında mühüm addım
Azərbaycanda sənayenin inkişafı ilə bağlı daha bir mühüm addım atıldı. Ötən ilin son günlərində ölkə başçısı “Sənayenin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nı təsdiqlədi. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir.
Dünyada ilk dəfə Bakıda 1848-ci ildə neftin sənaye üsulu ilə hasilatı Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. XIX əsrin ikinci yarısında neft hasilatının əhəmiyyətli dərəcədə artması sənayeləşmə prosesinə təkan verib, bu da öz növbəsində respublikada neftlə əlaqəli infrastrukturun və sənaye sahələrinin yaranması ilə nəticələnib. XX əsrin ortalarından etibarən sənayeləşmə prosesi regionlara nüfuz edib və yeni sənaye şəhərlərinin əsası qoyulub.
Azərbaycanda ötən əsrin 70-80-ci illərində sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilib, ittifaqmiqyaslı bir sıra iri sənaye müəssisələri qurulub, ölkə üçün ənənəvi olmayan yeni sənaye sahələri yaradılıb, sənayenin diversifikasiyası sürətlənib. Bununla yanaşı, sənayenin kadr potensialının gücləndirilməsi məqsədi ilə Sovet İttifaqının qabaqcıl ali təhsil müəssisələrinə kütləvi şəkildə tələbələrin göndərilməsi praktikası geniş vüsət alıb.
Sovet İttifaqının süqutu ilə başlayan və müstəqilliyin ilk illərində davam edən böhran şəraitində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayedə də tənəzzül yaşandı. Bir tərəfdən planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, digər tərəfdən Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində sənaye istehsalının həcmi və çeşidi kəskin azaldı.
Ölkədə siyasi-iqtisadi sabitliyin bərqərar olması ilə 1997-ci ildən başlayaraq sənaye istehsalında artım müşahidə edilir. Müstəqillik dövründə sənayenin inkişafında ilk növbədə neft-qaz sektoruna cəlb edilən xarici investisiyalar həlledici rol oynasa da, bu sahənin inkişafı istər birbaşa, istərsə də dolayısı ilə sənayenin digər sahələrinin yenidən canlanmasına təkan verdi. Həmin dövrdə həmçinin sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirildi və bazar iqtisadiyyatı institutlarının əsası qoyuldu. 2004-cü ildən etibarən isə Azərbaycanda sənayeləşmə templəri yüksəlməyə başladı. Sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olundu, sənaye istehsalı üçün həyati əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Nəticədə respublika təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı, dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə yönəldilib, ölkədə əlverişli biznes investisiya mühiti yaradılıb, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə dövlət tərəfindən maliyyələşdirilməsi və zərurət yarandığı halda dövlətin bu layihələrdə pay iştirakı təmin edilib.
Bütün bu işlərin də nəticəsində sənaye yeni inkişaf mərhələsinə qədəm qoydu, bu mərhələnin başlanğıcı olaraq Azərbaycan Respublikasında 2014-cü il “Sənaye ili” elan edildi. Sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan daha səmərəli istifadə etməklə Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş fəaliyyət istiqamətləri nəzərə alınmaqla, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması bu sahəyə xüsusi diqqətin daha bir nümunəsidir.
Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı da təsdiqlənib. Tədbirlər planında bir sıra mühüm işlərin reallaşdırılması aidiyyatı dövlət qurumları qarşısında vəzifə kimi qoyulub. Belə ki, sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi istiqamətində reallaşdırılacaq tədbirlər sırasında sənayenin müxtəlif sahələrində rəqabət qabiliyyətinin artırılması və yeni istehsal güclərinin, o cümlədən yerli xammal və təbii ehtiyatlar əsasında yeni müəssisələrin yaradılması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Nazirlik Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Sənaye müəssisələrinin yenidən qurulması və yeni emal sənayesi müəssisələrinin yaradılması işlərinin dəstəklənməsi məsələlərini həyata keçirəcək. Sənaye məhsullarının ixracının stimullaşdırılması, bu sahədə rəqabəti təmin etmək üçün beynəlxalq standartlar əsasında milli standartların hazırlanması, sənaye müəssisələrinin avadanlıqlarla təminatının asanlaşdırılması, sənaye müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması, yerli istehsalın dəstəklənməsi, sənaye müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsi tədbirlər planı ilə müxtəlif dövlət qurumlarının üzərinə qoyulan vəzifələrdir.
Sənəddə əksini tapan mühüm göstərişlərdən biri də neft maşınqayırma sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanıb aidiyyəti üzrə təqdim olunması, həmçinin müdafiə, kənd təsərrüfatı təyinatlı maşın, mexanizm, texnika və avadanlıqların istehsalının genişləndirilməsi ilə bağlıdır. Tədbirlər planında eyni zamanda sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı da mühüm vəzifələr qoyulub. Sənaye zonaları və klasterlərinin qurulması bəndi üzrə sənəddə 7 mühüm istiqamət müəyyənləşdirilib.
Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi bəndində də müxtəlif dövlət qurumları qarşısında ciddi öhdəliklər qoyulub. Nəhayət qanunvericiliklə bağlı bənddə sənaye sahəsində fəaliyyəti tənzimləyən qanunvericiliyin təhlil edilməsi və təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması, investisiyaların təşviqi ilə bağlı mexanizmin və müvafiq normativ hüquqi aktın layihəsinin hazırlanması, sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq normativ hüquqi aktın layihəsinin hazırlanması kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Ekspertlərin qənaətincə, Dövlət Proqramının həyata keçirilməsi sənayenin inkişafı üçün mühümdür. Belə bir sənədin hazırlanması artıq Azərbaycanın böyük sənaye ölkəsi olmaq niyyətindən xəbər verir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər