• cümə axşamı, 25 aprel, 09:49
  • Baku Bakı 14°C

“Sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır”

13.01.17 09:00 1596
“Sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır”
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa edəndən bir neçə il sonra ümummilli lider Heydər Əliyevin xalqın tələbə ilə siyasi hakimiyyətə gəlməsi sabitliyin bərpa olunması ilə bərabər, geniş islahatların həyata keçirilməsi ilə də yadda qalıb. Ölkə iqtisadiyyatının əsas sahələrindən hesab olunan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün torpaq islahatlarının aparılması, kəndliyə özəl pay torpaqlarının verilməsi, kəndli-fermer təsərrüfatlarının yaradılması kimi mühüm addımlar atılıb. Azərbaycan zəngin karbohidrogen sərvətlərə sahib olduğundan, elə həmin illərdə ulu öndərin rəhbərliyi ilə ölkənin gələcək inkişafına hesablanan neft strategiyası hazırlanıb. Dünyaca məşhur şirkətlər Azərbaycana dəvət olunub, "Əsrin müqaviləsi” və sair bu kimi neft-qaz kontraktları imzalanıb, ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi prosesinə başlanılıb. Bu kimi proseslərlə paralel olaraq, ümummilli lider Heydər Əliyev ölkədə sahibkarlığın inkişaf etdirilməsini də diqqət mərkəzində saxlayıb, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün möhkəm hüquqi baza yaradılıb. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə isə qara qızılın insan kapitalına çevrilməsi istiqamətində uzaqgörən, gələcəyə hesablanan mühüm tədbirlər görülüb. Qısa zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafı özünü göstərib, hər il yeni-yeni istehsal müəssisələri, zavodlar, fabriklər istifadəyə verilib, çoxsaylı infrastruktur layihələr həyata keçirilib, yüz minlərlə yeni iş yerləri yaradılıb. Beləliklə, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi zaman keçdikcə daha da artıb.
Bütün bunlar sayəsində Azərbaycan 2008-ci ildə baş verən dünya iqtisadi böhranından minimal itkilərlə çıxıb, ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülüb. 2014-cü ilin ikinci yarısından etibarən neftin qiymətinin aşağı enməsi, siyasi proseslər səbəbindən 2015-ci ildə neftin qiymətinin daha da ucuzlaşması dünyada yeni bir iqtisadi böhranın yaranmasına səbəb olub. Həmin il milli valyutamız manat iki dəfə devalvasiyaya uğrayıb. Bu, qaçılmaz bir hal olsa da, neftin qiymətinin sabit olduğu illərdə yaradılan və qurulan müəssisələr, yeni iş yerlərinin yaradılması, ümumən qeyri-neft sektorunun inkişaf etdirilməsi budəfəki böhranın da ölkə iqtisadiyyatına ağır zərbə vurmasına mane olub. Bununla belə, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən yeni iqtisadi prioritetlər elan olunub, çoxsaylı islahatların həyata keçirilməsi üçün bir sıra fərman və sərəncamlar imzalanıb. Beləliklə də, 2016-cı il ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi anlamında islahatlar ili kimi də yadda qalıb.
Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir daha bu mövzuya diqqət çəkərək bildirib ki, qeyri-neft sektorunun inkişafı, o cümlədən tikinti sektorunda həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə on minlərlə yeni iş yerləri yaradılacaq. Ölkə başçısı Bakının qanunsuz tikililərdən təmizlənəcəyini, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi çərçivəsində yeni şəhərcik, hündür mərtəbəli 29 yaşayış binası, məktəb, uşaq bağçası tikiləcəyini, yeni infrastruktur yaradılacağını, yollar çəkiləcəyini diqqətə çatdırıb. Prezident bildirib ki, bu işlər nəticəsində iki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlər veriləcək. Prezident köhnəlmiş mənzil fondunun yerində müasir binaların tikintisi prosesinə də start verildiyini vurğulayıb. Bildirib ki, bu məqsədlə Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək: "Təkcə sadalanan layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. İnşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır. Sahibkarlar bilməlidir ki, bu layihələr çərçivəsində çox böyük işlər görüləcək. Biz özümüzü hansı inşaat materialları ilə təmin edə bilmiriksə, o sahələr yaradılmalıdır. Ümumiyyətlə, bu il də Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməli, inflyasiya birrəqəmli olmalıdır”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanın valyuta ehtiyatları qorunacaq və onun artımına da nail olunacaq. Prezident keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində mühüm addımlar atıldığını, nəzarətin gücləndirildiyini, şəffaflıqla bağlı tədbirlər görüldüyünü, habelə inzibati və cəza metodlarının tətbiq edildiyini vurğulayıb. Prezident vurğulayıb ki, bank sektorunun beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq, qanunu pozan şəxslərə qarşı bundan sonra da mübarizə aparılacaq. Ölkə başçısı çıxışı zamanı qeyd edib ki, 2017-ci ildə sənaye potensialının inkişafı ilə bağlı da addımlar atılmalıdır. Prezident İlham Əliyev Sumqayıtdakı Texnologiyalar Parkı və Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesinin davam etdirildiyini xatırladıb. Bildirib ki, ora qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb: "Keçən il təməli qoyulmuş Mingəçevir Sənaye Parkında gələn aydan etibarən bütün inşaat işləri də başlanmalıdır. Birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaqdır. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. İranlı tərəfdaşlarla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyulub. Balaxanı Sənaye Parkında işlər yaxşı səviyyədə davam etdirilir. Masallı şəhərində sənaye zonası üçün yer ayrılıb və indi infrastruktur işləri gedir”.
Prezident İlham Əliyevin söylədiklərindən də aydın olduğu kimi gələcək illərdə Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Heç şübhə etmirik ki, bütün bu tədbirlər Cənubi Qafqazın lider dövləti Azərbaycanın hərtərəfli tərəqqisinə səbəb olmaqla bərabər, vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdıracaqdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər