Sənaye müəssisələrində qənaətli istehsal üsulları təşviq olunur
İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunun və "ATEF” Şirkətlər Qrupunun təşkilatçılığı ilə "Qənaətli istehsal üsullarına əsaslanan model müəssisə” mövzusunda Konfrans keçirilib.
Azərbaycan Respublikasında ağır sənaye və
maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində müəyyən edilmiş
tədbirlərin icrasına həsr olunan Konfransda sahibkarlar və mütəxəssislər
iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin
müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu
sənayeləşmə siyasəti nəticəsində son illərdə müasir texnologiyalara əsaslanan
sənaye müəssisələrinin fəaliyyətə başladığını və ixrac potensialının
yüksəldiyini qeyd edib. Bildirilib ki, bu sahədə müvafiq tədqiqatlar aparılır, "Qənaətli
istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması”
metodologiyası hazırlanıb və sənayeyönümlü müəssisələrdə sorğu aparılıb.
Tədbirdə bu sorğuların nəticəsinə əsasən, energetika sənayesinin dəstəklənməsi
üzrə müasir texnologiya və qənaətli istehsal metodlarının tətbiqi ilə fərqlənən
"ATEF” Şirkətlər Qrupunun model müəssisə olduğu elan edilib.
N.Səfərov həmçinin, Azərbaycanda ağır sənaye və
maşınqayırmanın inkişafına, özəl investisiya
əsasında model müəssisənin yaradılmasının dəstəklənməsinə dair strateji yol xəritəsində 2017-2020-ci illər
üzrə əsas götürülmüş hədəflər üzrə görülmüş işlərdən və 2018-ci ildə bu
istiqamətdə görüləcək tədbirlərdən bəhs edib.
Konfransda
"ATEF” Şirkətlər Qrupunun İdarə
Heyətinin sədr müavini Nadir Kərimov iştirakçılara şirkətin fəaliyyəti, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun
direktoru Vilayət Vəliyev qənaətli istehsal üsulları, İnstitutun
direktor müavini Arzu Hüseynova qənaətli model müəssisə, İqtisadiyyat
Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov model müəssisənin
stimullaşdırılması mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə
sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların təklifləri
müzakirə edilib. İştirakçılara "ATEF” Şirkətlər Qrupunun fəaliyyət istiqamətlərini əks
etdirən kitabçalar təqdim olunub.
Tədbirin
sonunda iştirakçılar "ATEF”ə daxil olan
zavodların fəaliyyəti ilə tanış olublar.