• cümə, 29 Mart, 14:02
  • Baku Bakı 14°C

Senatda Tramp gərginliyi

10.06.17 10:00 939
Senatda Tramp gərginliyi
Trampın ABŞ prezidenti seçilməsiylə qalmaqalların artacağı barədə ehtimallar özünü doğrultmaqdadır. Prezidentliyinin ilk günündə gah onu Rusiya ilə sıx münasibətlərdə ittiham etdilər, gah da müşavirləri istefa verdi. Bu dəfə isə onun impiçmenti məsələsi gündəmə gətirilib. Qərb mətbuatının yaydığı məlumata görə, Federal Təhqiqat Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ qanunvericiləri qarşısında ifadə verib. Federal Təhqiqat Bürosunun sabiq direktoru Trampın fevral ayının 14-də Maykl Flinnin təhqiqatına dair "burax bu məsələni” deməsi barədə də danışıb. O deyib ki, Trampın bu sözlərini bir göstəriş kimi qəbul edərək, hədsiz dərəcədə narahat olub. Onun Trampla görüşünün mətbuata necə sızmasına dair sualın cavabında Komi bunu yaxın dostu ilə bölüşdüyünü və məlumatı mətbuata verməsini istədiyini bildirib. Komi prezidentə 3 dəfə onun təhqiqata alınmadığını dediyini bildirib. Lakin bəzi müxalif demokratlara görə, Trampın Komidən təhqiqatdan əl çəkməsini istəməsi 1974-cü ildə sabiq prezident Riçard Nikson kimi onun da impiçment edilməsinə əsas verir.
Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri Flinni 24-cü iş günü vitse-prezident Mayk Pensə Rusiya səfiri ilə görüşü barədə yalan məlumat verdiyinə görə işdən çıxarıb. Kominin ifadə verdiyi dinləmələr son illər Vaşinqtonda keçirilən ən böyük Konqres dinləməsi olub.
Beləliklə, bütün dünyanın həyəcanla gözlədiyi dinləmələri bir neçə aparıcı telekanal canlı yayımlayıb. Xəbər verildiyi kimi, Ceyms Komi dinləmələrdən əvvəl ifadəsini yazılı təqdim edib və bu mətn mətbuatda yayılıb. Keçmiş FTB direktoru ifadəsində prezident Donald Trampla iki təkbətək görüşü və bir neçə telefon danışığı haqda detalları çatdırıb. Trampın ona vəzifədə qalmaq üçün milli təhlükəsizlik müşaviri Maykl Flinlə bağlı təhqiqatı dayandırmağı təklif etdiyini deyib. Habelə Tramp Komiyə təzyiq göstərib ki, ictimaiyyət qarşısına çıxıb, onun Rusiya məsələsinə görə təhqiqat altında olmadığını bəyan etsin.
C.Kominin dindirilməsi 3 saata yaxın davam edib, senatorlar onu sual yağışına tutublar.C.Komi ifadəsinin əvvəlində deyib ki, onu Konqres on il müddətinə FTB direktoru vəzifəsinə təyin etmilşdi:"Lakin mən indi başa düşürəm ki, prezident məni hər hansı səbəbdən və ya səbəbsiz olaraq işdən kənarlaşdıra bilərmiş”. Suallara cavab verərkən, C.Komi Rusiyanın ABŞ-dakı seçki kampaniyasına müdaxiləsinə tam əmin olduğunu bildirib. Keçmiş direktor deyib ki, belə bir müdaxilənin mövcudluğunu ilk dəfə 2015-ci ilin yayında bilib. Komi Trampın onu guya işinin öhdəsindən yaxşı gələ bilmədiyinə görə vəzifədən çıxarmasına dair iddiasını rədd edib. Deyib ki, prezident onu işinin öhdəsindən gələ bilməməkdə ittiham edərək kollektiv qarşısında nüfuzdan salmaq istəyib. "Bu sözlər məni sarsıtdı, bunu təhqir kimi qəbul etdim”, - deyə keçmiş direktor bildirib. Komi əlavə edib ki, Tramp özü daha sonra FTB direktorunun Rusiya təhqiqatına görə işdən azad edildiyini etiraf edib. C.Komi deyib ki, əvvəllər prezident Obama ilə hər hansı danışıqlarının qeydiyyatını aparmasa da, prezident Tramp-a söhbətlərinin qeydiyyatını aparıb, çünki başa düşüb ki, Tramp bir gün bu söhbətlərin məzmunu barəsində yalan danışa bilər.
Keçmiş FTB direktorunun sözlərinə görə, prezident ona Rusiyaya dair təhqiqatın dayandırılması barədə birbaşa göstəriş verməyib. Bununla belə,prezident Maykl Flinnə dair təhqiqatın qurtarmasına ümid etdiyini bildirib. C.Komi deyib ki, o, bunu hərəkət üçün istiqamət kimi başa düşüb. Keçmiş direktorun sözlərinə görə, prezidentin onu vəzifədə saxlaması müqabilində nəsə gözlədiyini hiss edib.
Nə üçün prezidentin Rusiya təhqiqatına və Kominin ona sədaqətli olmasına dair söhbətlərinin qanunsuz olduğunu prezidentin dərhal və açıq şəkildə nəzərinə çatdırmadığına dair suallara cavab verərkən keçmiş direktor sarsıldığını, lakin qətiyyətli reaksiya vermədiyini etiraf edib. Keçmiş FTB başçısı deyib ki, vəzifədən Rusiyaya dair araşdırmanı apardığına görə çıxarıldığını düşünür. Kominin bildirdiyinə görə, vəzifədən çıxardılanadək Tramp onun işi barəsində heç bir tənqid və narazılıq bildirməyib. Komi Trampın seçki komandası ilə Rusiya rəsmiləri arasında kommunikasiyalara dair suallara açıq dinləmədə cavab verə bilməyəcəyini deyib.
Dindirmə başa çatdıqdan sonra ABŞ Senatı Kəşfiyyat Komitəsinin sədri Riçard Barr bəyan edib ki, dinləmələr az sonra bağlı qapılar arxasında davam etdiriləcək.
Ceyms Kominin ifadəsi ona görə kritik hesab olunurdu ki, Konqres keçmiş direktorun danışdıqlarına əsasən Trampın barəsində ədalətə müdaxilə ittihamı ilə impiçment prosedurunu başlada bilər. Doğrudur, Ceyms Komi dindirmə zamanı Trampın ona Rusiya ilə bağlı təhqiqatı dayandırmaq barədə birbaşa təzyiq etmədiyini deyib. Lakin onun Maykl Flinnə bağlı xahişi və FTB direktoruna vəzifədə qalmaq naminə Rusiya təhqiqatını dayandırmaq barədə eyhamlar vurması kifayət qədər ciddi məsələdir. Bu, prezident Trampın düşdüyü vəziyyəti qat-qat mürəkkəbləşdirir. Hələlik Tramp özü Kominin ifadəsini şərh etməyib, köməkçiləri onu Tvitter-dən təcrid etməyə çalışıblar. Bununla belə, Trampın vəkili Mark Kasovits bildirib ki, onlar Kominin özünə qarşı təhqiqatın başladılmasına çalışacaqlar. Çünki keçmiş FTB direktoru prezidentlə özəl söhbətinin detallarını birtərəfli qaydada mətbuata sızdırıb.
Kamran
banner

Oxşar Xəbərlər